Süni intellekt əsrindəki soyuqluq... - “Azəristiliktəchizat” nə vaxtacan sovetdənqalma təqvimlə işləyəcək?

Süni intellekt əsrindəki soyuqluq... - “Azəristiliktəchizat” nə vaxtacan sovetdənqalma təqvimlə işləyəcək?
19 noyabr 2026
# 12:00

Kulis.az Rəna Nevzatın yeni yazısını təqdim edir.

2026-cı ili oktyabr ayının sonlarından etibarən hava qəfil və hiss olunacaq dərəcədə soyudu. Amma şəhərin aidiyyəti qurumları XXI əsrin üçüncü onilliyində, rəqəmsal transformasiyadan, ağıllı şəhərlərdən və süni intellektin gündəlik həyatımıza sürətli müdaxiləsindən danışdığımız bir vaxtda, mənzillərimizə istiliyin verilməsi hələ də köhnə sovet təqvimlə verirlər.

Sovet dövründən bəri noyabrın 15-i olmamış “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti istilik vermək haqqında düşünmür.

Şəxsən mənə maraqlıdır: biz nə vaxt təqvim rəqəmlərindən deyil, real hava şəraitindən, iqtisadi səmərəlilikdən və insan rahatlığından çıxış edəcəyik?

Müstəqilliyimizin bərpasından bəri onilliklər keçib. Tarix baxımından artıq yetkinlik yaşına yaxınlaşan, dövlət institutlarını möhkəmləndirən, böyük infrastruktur layihələri həyata keçirən bir dövr yaşamışıq. Lakin məişət səviyyəsində, xüsusilə də kommunal xidmətlərin, o cümlədən istilik təchizatının idarə olunmasında sovet dövründən qalma vərdişlər və yanaşmalar hələ də öz mövqeyini qoruyub saxlayır.

Sovet İttifaqında mərkəzləşdirilmiş istilik sistemi vahid planlı iqtisadiyyatın məhsulu idi. Böyük qazanxanalar, uzun magistral xətlər, standartlaşdırılmış normativlər və sərt təqvim qrafikləri müəyyən bir dövr üçün - yanacağın mərkəzləşdirilmiş bölüşdürüldüyü, binaların layihələndirilməsinin vahid norma ilə aparıldığı və fərdi istehlakçı seçiminin demək olar ki, mövcud olmadığı şəraitdə öz məntiqinə uyğun qurulmuşdu. Həmin sistemdə əsas məqsəd fərdi enerji qənaəti və ya çevik temperatur tənzimlənməsi deyil, dövlət planı üzrə müəyyən edilmiş müddətdə şəhər təsərrüfatını işlək saxlamaq idi.

Ancaq o sistemin özü də dövrünün reallıqlarına uyğun şəkildə tətbiq olunurdu - problem ondadır ki, sovet rejimi və planlı iqtisadiyyat tarixin arxivinə gömülsə də, həmin dövrün inzibati-qrafik yanaşması bəzi sahələrə sanki yapışıb olunub. Müstəqil Azərbaycanda bazar iqtisadiyyatı elementləri, özəl mülkiyyət, müasir tikinti standartları və fərdi kommunal ödəniş mədəniyyəti formalaşıb. İnsanlar yaşadıqları mənzilin kvadratmetrinə görə və ya müvafiq tariflərlə xidmət haqqı ödəyirlər, lakin xidmətin nə vaxt başlanması və nə vaxt bitməsi meteoroloji reallıqla deyil, əvvəlcədən cızılmış inzibati çərçivə ilə müəyyənləşir.

Bir çox ölkələrdə istilik mövsümü anlayışı sərt, dəyişməz tarix qrafiki ilə deyil, orta sutkalıq temperaturun müəyyən həddən aşağı düşməsi (məsələn, ardıcıl bir neçə gün orta temperaturun +8°C və ya +10°C civarında qalması) əsasında tənzimlənir. Bizdə isə 15 noyabr – 15 aprel aralığı sanki təbiətin özü ilə bağlanmış toxunulmaz müqavilə kimi qəbul edilir. Sanki termometr oktyabrın sonunda 6-8 dərəcəni göstərəndə hava səhv edir, təqvim isə həmişə haqlıdır.

Bu ilin oktyabr ayının sonlarında yaşanan kəskin soyuqlaşma mövcud sistemin ən zəif nöqtəsini bir daha çılpaqlığı ilə ortaya qoydu. Bakı və Abşeron yarımadası, eləcə də bölgələrin bir hissəsi oktyabrın son ongünlüyündə hava kütlələrinin dəyişməsi nəticəsində rütubət və soyuq külək evlərin içərisindəki komfort səviyyəsini kəskin aşağı saldı.

Bu vəziyyətdə vətəndaşın qarşısında iki seçim qalır: ya soyuq divarlar arasında qalın geyimdə oturmaq, ya da alternativ enerji mənbələrinə - elektrik radiatorlarına, kondisionerlərə, kombi sistemlərinə üz tutmaq. Lakin mərkəzləşdirilmiş istilik sisteminə bağlı olan, lakin hələ də istilik almayan mənzillərdə vəziyyət xüsusilə ziddiyyətlidir. Vətəndaş bir tərəfdən “Azəristiliktəşkil” ASC-nin xidmət zonasında yaşayır, digər tərəfdən isə noyabrın ortasına qədər gözləməyə məcbur edilir.

Burada daha bir mühüm məqam var: istilik sisteminin işə salınması sadəcə bir düyməni basmaq deyil. Magistral borularda suyun dövriyyəsinin bərpa olunması, qazanxanaların tam rejimə çıxarılması, hidravlik tarazlığın tənzimlənməsi, sızmaların və qəza nöqtələrinin aşkarlanıb aradan qaldırılması vaxt tələb edir. Əgər hazırlıq işləri vaxtında, çevik və proaktiv şəkildə aparılmırsa, mövsüm başlayanda da ilk günlər sistemin tam gücü ilə işləməməsi halları yaşanır. Nəticədə, həm payızın erkən soyuqlarında, həm də mövsümün ilk həftələrində istehlakçı gözlədiyi istiliyi lazımi səviyyədə vaxtında ala bilmir.

Digər tərəfdən, yaz aylarında da əks mənzərə müşahidə olunur. Aprelin əvvəlində və ya ortasında hava artıq xeyli isinmiş, günorta saatlarında temperatur 20 dərəcəni keçmiş olsa belə, təqvimdə 15 aprel tarixi tamamlanmayana qədər sistemin işləməsi və ya tənzimlənməsindəki gecikmələr enerji resurslarının qeyri-səmərəli istifadəsinə yol açır. Hər iki halda - payızda gecikəndə və yazda ləngiyəndə - uduzan yenə istehlakçı və ümumi enerji balansı olur.

Müasir dünyada enerji idarəçiliyi artıq statik cədvəllərdən dinamik, məlumat əsaslı idarəetməyə keçib. Bu gün süni intellekt (AI) və Əşyaların İnterneti (IoT) texnologiyaları sadəcə iri texnologiya şirkətlərinin laboratoriyalarında deyil, şəhər infrastrukturunda, enerji şəbəkələrində, su təchizatında və bina idarəetməsində real nəticələr verir.

Bəs bu texnologiyalar istilik təchizatına tətbiq edilsə, nə dəyişə bilər?

Süni intellekt modelləri meteoroloji stansiyaların real vaxt göstəricilərini, peyk məlumatlarını, rütubət səviyyəsini, küləyin sürətini və binaların istilik itkisi əmsallarını təhlil edərək istilik ehtiyacını saatbasaat və günbəgün hesablaya bilər. Əgər oktyabrın sonunda hava kəskin soyuyursa və proqnozlar bunun davamlı olacağını göstərirsə, sistem təqvim gününü gözləmədən xəbərdarlıq və işəsalma ssenarisini işə sala bilər.

Bütün şəhəri və ya bütün binaları eyni standartla, eyni saatda və eyni temperaturda qızdırmaq həm texniki, həm də iqtisadi baxımdan köhnəlmiş yanaşmadır. Köhnə, izolyasiyası zəif olan binalarla müasir, istilik izolyasiyalı binaların enerji tələbatı eyni deyil. Gündüz günəş düşən cənub fasadlı mənzillərlə, daim kölgədə və külək tutan şimal fasadlı mənzillərin istilik itkisi fərqlidir. Gecə saatlarında temperatur düşəndə istiliyin artırılması, gündüz mülayim saatlarda isə avtomatik azaldılması avtomatik adaptiv tənzimləmə sayəsində mümkündür. Bu, həm mənzildə sabit komfort yaradır, həm də yanacaq və elektrik enerjisinə qənaət edir.

İstilik şəbəkələrində ən böyük problemlərdən biri qəfil qəzalar və boru partlayışlarıdır. Sensorlar vasitəsilə təzyiq, temperatur və axın sürətindəki mikroskopik dəyişiklikləri izləyən alqoritmlər nasazlığın hələ böyük qəzaya çevrilməmiş aşkarlanmasına imkan verir. Bu, “qəza baş versin, sonra təmir edək” məntiqindən “problem yaranmamış qarşısını alaq” məntiqinə keçiddir.

Əlbəttə, heç kim demir ki, bu keçid bir gecədə, heç bir xərc və hazırlıq olmadan baş verəcək. Magistral xətlərin aşınması, bəzi qazanxanaların köhnəlməsi, mənzildaxili sistemlərin vəziyyəti real problemlərdir. Lakin məhz bu problemlər olduğuna görə rəqəmsallaşma və avtomatlaşdırma təxirə salınmamalı, əksinə, modernləşdirmə strategiyasının mərkəzində dayanmalıdır. Əgər biz boruları dəyişdirib yenə də eyni qrafikə və eyni əl ilə idarəetməyə qayıtsaq, yenilənmiş infrastruktur da köhnə məntiqin içində sıxışıb qalacaq.

Məsələnin təkcə texniki və ya meteoroloji tərəfi yoxdur, burada iqtisadi məntiq və ictimai etibar məsələsi də dayanır. İstehlakçı xidmət haqqı ödəyəndə qarşılığında proqnozlaşdırıla bilən, vaxtında verilən və keyfiyyətli xidmət gözləyir. İstilik mövsümünün başlanması ilə bağlı hər il cəmiyyətdə yaranan narazılıq, sosial şəbəkələrdəki müzakirələr, mənzillərin niyə hələ də soyuq olması ilə bağlı suallar xidmət sektorunda etimad boşluğunu göstərir.

Bəzən mövsümün başlama tarixi açıqlananda belə, bütün binaların eyni vaxtda istiliklə təmin olunmaması vətəndaşlarda çaşqınlıq yaradır. Biri deyir ki, binasına istilik verilib, digəri deyir ki, hələ də radiatorlar soyuqdur. Şəffaf, real vaxt rejimində yenilənən xəritələrin, bina üzrə status məlumatlarının və aydın izahatların olmaması bu narazılığı daha da dərinləşdirir. Müasir dövrdə vətəndaş öz mənzilinə istiliyin nə vaxt və hansı səbəbdən veriləcəyini aydın şəkildə bilməlidir.

Bundan əlavə, enerji səmərəliliyi məsələsi dövlət siyasətinin və iqtisadi dayanıqlılığın mühüm tərkib hissəsidir. Qış aylarında elektrik şəbəkələrinə düşən əlavə yük - məhz mərkəzi istiliyin gecikdiyi və ya yetərli olmadığı vaxtlarda əhalinin elektrik qızdırıcılarından kütləvi istifadəsi - başqa bir infrastruktur sahəsində gərginlik yaradır. Deməli, istilik təchizatındakı gecikmə və ya qeyri-səmərəlilik təcrid olunmuş problem deyil - o, enerji istehlakının ümumi tarazlığına təsir göstərir.

Sonda bir həqiqəti qəbul etməliyik: texnologiya insanın rahatlığına xidmət etmək üçündür, insan texnologiyanın və ya köhnə təqvimin qarşısında aciz qalmamalıdır. Müstəqil, inkişaf edən, rəqəmsal gələcəyə iddialı bir ölkədə payızın soyuğunda vətəndaşların mənzillərdə “15 noyabr hələ gəlməyib” arqumenti ilə soyuqdan titrəməsi absurddur.

Artıq bir neçə gündür istilik verilməyinə verilib, amma ümid edirik ki, “Azəristiliktəchizat” gələn istilik mövsümündə bu deyilənləri nəzərə alıb süni intellektin, ağıllı şəbəkələrin və çevik idarəetmənin mümkün olduğu bir dövrdə istiliyi təqvimə deyil, həyata - insanın real ehtiyacına uyğunlaşdıraraq verəcək...

# 44 dəfə oxunub

Oxşar xəbərlər

Fuad Əbdürrəhmanov “Xalq Əmanəti”  layihəsinin 27-ci nəşrində

Fuad Əbdürrəhmanov “Xalq Əmanəti” layihəsinin 27-ci nəşrində

12:00 19 noyabr 2026
ABŞ-da ilin ən yaxşı kitabları seçildi – Viza ala bilməyən yazıçının çıxışını nümayəndəsi oxudu

ABŞ-da ilin ən yaxşı kitabları seçildi – Viza ala bilməyən yazıçının çıxışını nümayəndəsi oxudu

11:43 19 noyabr 2026
Dardenn qardaşlar "Ömürboyu nailiyyət mükafatı"  ilə təltif olunacaq

Dardenn qardaşlar "Ömürboyu nailiyyət mükafatı" ilə təltif olunacaq

11:16 19 noyabr 2026
Məşhur rəssamın əsəri 15,1 milyon dollara satıldı

Məşhur rəssamın əsəri 15,1 milyon dollara satıldı

10:48 19 noyabr 2026
Cim Kerrinin yeni layihəsinin detalları açıqlandı

Cim Kerrinin yeni layihəsinin detalları açıqlandı

10:23 19 noyabr 2026
Ömrün Naxçıvan aşırımları - Xalq yazıçısı Mirzə İbrahimovun muxtar respublikada fəaliyyəti nədən ibarət idi?

Ömrün Naxçıvan aşırımları - Xalq yazıçısı Mirzə İbrahimovun muxtar respublikada fəaliyyəti nədən ibarət idi?

10:00 19 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər