Kulis.az tanınmış alman filosof Vilhelm Diltheyin əsərlərindən diqqətçəkən sitatları təqdim edir.
Daxildən yaşanan təcrübə hissiyyatın xarici dünyası üçün formalaşdırılmış anlayışlarla təsnif edilə bilməz.
***
Biz təbiəti izah edirik, insanı isə anlamağa borcluyuq.
***
Yaşanan təcrübədə qavranılan obyektlə onu qavrayan göz arasında fərq yoxdur.
***
Paradoks həqiqətin xüsusiyyətidir.
***
Biz sırf əqli proseslər vasitəsilə izah edirik, lakin qavrayışda zehnin bütün qüvvələrinin birgə fəaliyyəti vasitəsilə anlayırıq.
***
Cəmiyyəti idarə edən qüvvələrin, onun sarsıntılarını doğuran səbəblərin və sağlam tərəqqini dəstəkləyən ictimai resursların dərki sivilizasiyamız üçün həyati əhəmiyyət kəsb edən məsələyə çevrilib.
***
Rasional psixologiyanın substansiya təlimində adekvat elmi ifadəsini tapa bilməyən yaşanan təcrübələr yeni və daha yaxşı metodların işığında təsdiqini tapdı.
***
Bütün metafizikanı və dini parçalayan tarixi relyativizmin bıçağı sağalmanı da gətirməlidir.
***
Əgər fiziki dünyadakı bütün dəyişiklikləri atomların hərəkətinə - həmin atomların sabit nüvə qüvvələri vasitəsilə yaranan hərəkətlərə müncər edə bilsək, bütün dünyanı təbiət elmləri vasitəsilə dərk etmək olardı.
***
Real həyat prosesində iradə, hiss və düşüncə sadəcə müxtəlif cəhətlərdir.
Türk dilindən tərcümə etdi: Aydan Ağayeva