Kulis.az Sayman Aruzun şeirlərini təqdim edir.
Mənim kimi adamlar kimsəsiz olur qardaş,
Nə sağında solunda adam olmur, qadası.
Heç bir qoyun cəkənməz bir canavar çəkdiyin,
Mənim kimi dərdlərin ağır olur yarası.
Bu beş günlük dünyada min illərin həsrətin,
Dörd fəsiliik təqvimin mahiyyətin, niyyətin,
İki ay ömrü olan ağcaqanad duyarmı?!
Min illərin ağrısın bircə yağış yuyarmı?
Burunları leşlərin iylərilə dolanlar,
Qızıl gülün ətrini duya bilməz qadası.
Altın qəfəsdən ötrü azadlığın satanlar,
Azad çölün ətrini duya bilməz qadası.
Ömrünü ləyaqətlə başa vurmaq bahadır,
Ömrünü vecsizliyə qurban etmək havayı.
Bizlərə nə çatır ki, bu pay-bölüş süfrədən,
Masanın üstündəki siqaretdən savayı…
Əllərində telefon, başları boş adamlar,
Soydaşları kədərli, özləri xoş adamlar…
Sevdikləri balaca, divləri böyüklərin…
Məktəbləri balaca evləri böyüklərin…
Şadlıq evində ancaq şadlığını tapanlar,
Bir yarpağın rənginə baxıb dilşad olarmı?
Özünə daşla, qumla özəl vətən quranlar,
Sərçə qədər də olsa, söylə, azad olarmı?...
Ruzisini dostların ciblərindən yeyənlər,
Vətənin torpağında, söylə, ağac əkərmi?
Vətəni dən görənlər, evə vətən deyənlər,
Heç öz soyu-kökünün ağrısını çəkərmi?
Bal arının zəhməti şəmə görədi, qardaş,
Elə pulla aldığın bala görə deyil ki!
İnsanın gözəlliyi fəhmə görədi yoldaş,
Bu paltara, o evə, yala görə deyil ki...
Qarışqa da yığdığı buğdaları bülbülə,
Qış ayında pay verir ki, yazda gəlsin dilə.
Biz amma insan kimi nə vermişik dünyaya,
Adamların əlindən dəlmədeşik dünyaya...
Adamlığı Adəmlə göndərdi Tanrı, zinhar!
Biz qədrini bilmədik, elə bildik adamlar,
İki əli, ayağı, qaşı, gözü olandı,
Yaltaqlığı, imkanı, iki üzü olandı...
Bircə dəfə, bir dəfə oturub düşünmədik,
Ədalətin yolunda danışmadıq, dinmədik...
Tərəzimiz pozulmuş, ölçümüz yanlış idi,
Qarğışımız duaydı, duamız qarğış idi...
Dostum, kütlə həmişə həqiqəti rədd edir,
Bədəninin, cisminin qoyduğu yolnan gedir,
Ali dəyərlər amma cismə, cana sığışmır,
Nə məscidə, nə elmə, nə imana sığışmır.
Bunların azadlığı tikdiyi ev qədərdir,
Bizi necə anlasın cismi divar olanlar?...
Nə danışşaq, nə desək, nə yazsaq da hədərdir,
Bizi anlamayacaq ruhu bimar olanlar...
Bizim kimilər, dostum, elə olub həmişə,
Nə gileyim, nə sözüm, nə də şikayətim var.
Dünyanın quruluşu belə olub həmişə,
Qoyun gəzər sürüylə, tənha gəzər canavar...
***
Sən hardan biləsən tənhalıq nədir?
Hamının içində tənha dolaşmaq.
Sürüdən ayrılıb bir bozqurd kimi,
Gedib dağ başında tənha ulaşmaq...
Böyründə-başında dostların, yadın,
Hörmətin, izzətin, evin, övladın...
Özünsə sahili sevməyən qayıq,
Qədəhlər içində yaşayan ayıq...
Hamının içində tənha bir adam,
Mən öz vətənində qərib bir zadam...
Sən hardan biləsən tənhalıq nədir?
Tənhalıq qürbəti daşımaq deyil,
Atasız, anasız yaşamaq deyil,
Hamının, hər kəsin gözü önündə,
Gedib yaşamaqdır itin günündə...
Tüpürüb hər şeyə, atıb hər şeyi,
Gözünün yaşına qatıb hər şeyi,
Küçənin tinində büzüşüb, qalıb,
Bir yoldan keçəndən siqaret alıb,
Sonuncu kibritlə yandırmaq nədir...
Kimsə anlamayan bir məfhum kimi,
Varlığın ibhama, şübhəyə dolsun.
Edamın gözləyən bir məhkum kimi,
Sonuncu öpdüyün siqaret olsun…
Sən yanlış anlama, yanlış düşünmə,
Mənim tənhalığım təkliyimi deyil,
Mənim tənhalığım azadlıqdır, bil.
Qohumdan, qardaşdan azadlığımdır.
Bu damdan, o daşdan azadlığımdır.
Məni tənha görüb qəti üşünmə...
Mən səndən qaçmıram, ondan qaçmıram,
Sadəcə bu boyda insan yığını,
Dünyanın, vətənin qurulmağını,
Sonra da elə o insan əliylə,
Dağıdılmağını dərk edəmmirəm,
Doğrusun deyim ki, hec baş açmıram...
Sən elə bilmə ki, səndən qaçıram,
Nə də çalışma ki, tutasan məni.
Ya çalış dərindən məni dərk elə,
Biləsən əslində nədən qaçıram.
Ya çalış ömürlük atasan məni....
Tənhalıq dünyada bir söz olsa da,
Hamıda bir ağız, cüt göz olsa da.
Hərə bir cür gülür, bir cür darıxır...
Sevincin, kədərin öz dadı vardır...
Bircə çalışginən duyasan məni,
Həllacın üzündə quruyan güləm,
Çalış göz yaşınla yuyasan məni...
Dünyada milyardlar insan olsa da,
Eyni cür darıxan çətin tapılar.
Hər şeyin açarı vicdan olsa da,
Eyni cür açılmır bütün qapılar...
Sevgi bircə sözdür, deyilir amma,
Hərə bir cür sevir, bir cür vurulur.
Dünya sevgi dolu dəniz olsa da,
Hər kəs bu dənizdən yaradılsa da,
Başqa cür bulanır, fərqli durulur.
Mənim təkliyimi anla, ya da ki,
Tərk elə getginən, qoy tənhalaşım.
Özümü atım mən elə oda ki,
İçimdə, çölümdə daşıdıqlarım,
Bax, bu kağız üstə qaşıdıqlarım,
Məni bu şəhərdən azdıra bilsin...
Səndən uzaqlaşım, həm də vətəndən,
Bu candan, bu cismdən, həm də bədəndən,
Sonunda özümlə əlvidalaşım…
***
Necə ki, sevgi şərab içrə fəğan etmədədir,
Yoxluğun qəlbim içində elə qan etmədədir.
Hiyləgər usta kimi hicran əliylə yapışıb,
İnsanın ox bədənin, sevgi kaman etmədədir.
Günəşin dərya ilə kinəsi yoxdur, ama ki,
Bir ömürdür dənizi dağda duman etmədədir.
İnsanın qüdrəti yox Allahı dərk eyləməyə,
Allahı tapmaq üçün hədsü-güman etmədədir.
Qəlbimin baş köşəsi məscidə bənzər kimidir,
Yüzlər ildir ki, Bilal orda azan etmədədir.
İnsana neynəsə də faydası yoxdur həyatın,
Sonu ölməkdi deyə cismi ziyan etmədədir.
Mərdi namərd eləyən indi də Fərhadı qovur,
Görünür Fərhadı da Nuşirəvan etmədədir.
Söylədim Cəbrayılın ünvanı harda? Dedilər,
Hərada dərdlərini indi Quran etmədədir.
Nalə etdim Quranı, dərk eləyən yoxdu daha,
Hərə bir cür cahanı indi talan etmədədir.
Söylədi səbr elə ki, səbr eləyənlərdi udan,
Yusifin səbri onu öndə duran etmədədir...
Südü qandan yaradan, vəsli də qəmdən yaradar,
Suyu da yandırıb o, insana can etmədədir.
Söylədim mən qayığam, neynəyə billəm dənizə,
Sahili yoxdu görən, dərya tufan etmədədir.
Söylədi: dünyadaki hamı günahkardı, əziz,
Hər bir cür burada Allah-aman etmədədir.
Saymanın çarəsi yox, çünki qəribdir, qadası,
Ya elə, ya da belə, qəm cərəyan etmədədir...
***
Bakıdan Təbrizəcən sənsizəm ey can, necəsən?
Ey mənim nisgilim, ey Azərbaycan, necəsən?
Nalə etdim “qəribəm, bir soruşan yoxdu məni”!
Söylədi həsrət ilə kimsə o taydan; “necəsən”?
Dururam hər gecə mən Təbrizə doğru küçədə,
Hər yanımdan keçənə söyləyirəm: “can, necəsən”?
Mən o qoç ki, vətəni düşmən əlində görürəm,
Qaçıram yardıma ki, “mən sənə qurban, necəsən”?
Çox dedin tərk elə get öz vətənindən uzağa,
Sözünə baxmayacam, ey dəli şeytan, necəsən?
Bizi xəlq etdiyinə sən də qəribsən, bilirəm.
Ah, Tanrım, ürəyim, de, səni Quran necəsən!?
Söyləyərdim sənə ki, meraca qalxsaydım əgər,
“Dünyanı həsrət ilə, qəmlə yaradan, necəsən”?
Sən inan dirçələrəm, hər nə qəmim var silinər,
Əlini çiynimə qoysan və soruşsan necəsən?
İstəyərdim yapışım yar yaxasından və deyəm;
Ey özü kafir ama dini müsəlman, necəsən?
Gərək hər kəs özünə güzgüdə baxdıqca desin:
Ey içi iblis ama surəti insan, necəsən?
Sən çox axtardın ama tapmadın insan burada,
Bu yarayla de görüm, dünyada Sayman, necəsən?