Yaxşı əsərlə pis əsərin fərqi - Kitabı necə seçməli, necə oxumalı?

Yaxşı əsərlə pis əsərin fərqi - Kitabı necə seçməli, necə oxumalı?
1 aprel 2024
# 09:00

Nəşriyyatlar, yaxud ədəbi dərnəklər tərəfindən şedevr elan edilən və altı ay keçməmiş unudulan nə qədər əsərlər, nə qədər kitablar var! Yaxud rəflərdə tozlanan neçə vacib kitab... Yaxşı, bəs kitabları necə seçməli? Seçdiyimiz kitabları necə oxumalıyıq?


Kulis.az Andre Moruanın "Kitab seçimi haqqında" essesini təqdim edir.

...Soruşursunuz ki, nəyi, hansı kitabları oxumaq lazımdır.

Yəqin, məsləhətlərim sizi təəccübləndirəcək. Mənim müdrik müəllimim Alen deyirdi ki, bizə heç də çox kitab oxumaq lazım deyil və bu prinsipin üstünlüyünü öz şəxsi nümunəsində təsdiq edirdi.

Onun kitabxanası bir neçə görkəmli müəllifin – Homerin, Horatsinin, Tatsitin, Sen-Simonun, Russonun, Stendalın, Balzakın, Jorj Sandın, Viktor Hüqonun və əlbəttə ki, filosofların: Platonun, Aristotelin, Dekartın, Spinozanın, Kantın, Hegelin, Ogüst Kontun əsərlərindən ibarət idi. Sonrakı illərdə bura Rollanın, Valerinin, Klodelin, Prustun, Kiplinqin əsərlərini də əlavə etmişdi. Seçim son dərəcə təvazökar idi, lakin bu dahiyanə əsərlərin hamısını o çox əla mənimsəmişdi. Onları daim, təkrar-təkrar oxuyaraq, hər dəfə özü üçün yeni cizgilər kəşf edirdi.

Alen belə fikirləşirdi ki, kitabı açan kimi lazımi səhifəni tapa bilməyən adam müəllifi tanımır. Sadəcə, tanımır! Votrenlə Rübamprenin ilk görüşü Balzakın hansı romanında təsvir olunub? Hansı romanda oxucu Feliks de Vandeneslə yenidən, artıq onun evli vaxtında görüşür? Yaxud, Venteylin septeti barədə birinci dəfə Prustun hansı romanında söhbət açılır? Bu cür suallara cavab verə bilməyən adamı həqiqi oxucu adlandırmaq olmaz.

“Tapmaq yox, tapdığını öz qənimətinə çevirmək vacibdir”, – Valeri belə deyirdi. Bir neçə həqiqi əsəri diqqətlə oxuyub mənimsəmiş qadın arxayın ola bilər ki, gün ərzində üç təzə kitabı tələsik gözdən keçirən qadından daha savadlıdır.

Buradan belə bir nəticə çıxırmı ki, müasir müəlliflərə diqqət yetirmək lazım deyil? Əlbəttə ki, yox. Üstəlik də, yaddan çıxarmayın ki, həmin müəlliflərdən bəziləri sabah məşhur ismə, məşhur imzaya çevriləcək. Amma həddən artıq pərakəndəliyə də lüzum yoxdur.

Bəs necə hərəkət etməli?

Hər şeydən əvvəl, ilin ədəbi məhsuluna özünü “tutmaq” üçün bir az vaxt vermək lazımdır. Nəşriyyatlar, yaxud ədəbi dərnəklər tərəfindən şedevr elan edilən və altı ay keçməmiş büsbütün unudulan nə qədər əsərlər, nə qədər kitablar var!

Yaddaşımızı hədər yerə yükləməyək. Bir az gözləyək. Dünyada tüğyan edən kitab bolluğunu diqqətlə izləyib, onların arasından özümüzə dost seçməyə çalışaq. Bizim istənilən birimizin çağdaş müəlliflər arasında öz sevimlilərimiz var. Qoy hər kəs onların yaradıcılığını izləsin! Mən qələminə ümid bəslədiyim, istedadına inandığım bir neçə cavan yazıçının dərc etdirdiyi yazıların hamısını oxuyuram. Amma belə müəlliflərin həddən çox olmasını istəmirəm. Yoxsa boğularam.

Elə ki kitabın mənəvi, yaxud bədii dəyərinə əmin olduq – həmin kitabı əldə etmək lazımdır. Yalnız hər zaman əlimizin altında saxladığımız əsərlərlə yaxından və hərtərəfli tanış olmaq olar.

Bəs necə oxumaq lazımdır?

Əgər kitab bizi “tutursa”, birinci dəfə onu tez, sürətlə və maraqla oxuyuruq. Biz, sadəcə, səhifələri gözümüzə təpir, birnəfəsə uduruq. Amma onu sonradan oxuyarkən (yaxşı kitabı dəfələrlə, təkrar-təkrar oxuyurlar) əlində karandaş, yaxud qələm olmalıdır. Xoşagələn parçaları, yaxud dərin fikirləri qeyd etməkdən yaxşı vərdiş yoxdur – zövqü və mühakimə düzgünlüyünü başqa heç nə bu cür forma­laşdıra bilməz. Özünə söz verməlisən ki, ürəkdən qiymətləndirdiyin yazıçı­ların əsərlərini oxuyarkən heç nəyi ötürməyəcəksən. Balzakın əsərlərində küçələrin, yaxud evlərin uzun təsvirlərini buraxan oxucu – onun həqiqi sərrafı sayıla bilməz.

Ən səmərəli mütaliə üsulu – “ulduzşəkilli” oxudur: oxucu əsas süjetdən başlayaraq müxtəlif istiqamətlərdə (sanki ulduzların şüaları üzrə) hərəkət etməklə öz maraq dairəsini genişləndirir. Misal üçün: mən Prustu oxuyur və ona heyran qalıram. Onun kitablarına dərindən baş vurmaqla, öyrənirəm ki, Prust özü Reskinin, Jorj Sandın vurğunu olub. Reskini və Jorj Sandı oxumağa girişirəm: Prust kimi bir yazıçının yaxşı hesab etdiyinə mənim biganə qalmağım mümkün deyil.

Şatobrianın sayəsində mən Juberlə tanış oldum. Şarl Dyu Bo isə məni “İki dəfə itirilmiş Evridik”ə yönləndirdi. Vaxtilə Moris Barinq məni Çexovla, Qoqolla qovuşdurmuşdu. Mənəvi dostluq telləri məhz bu şəkildə yaranır.

# 1255 dəfə oxunub

Müəllifin son yazıları

# # #