"Yazıçılıq kişi işi deyil!" - Amerikalı zibilyığan

"Yazıçılıq kişi işi deyil!" - Amerikalı zibilyığan
27 fevral 2024
# 09:00

Bu gün Con Steynbekin doğum günüdür. Kitabları bütün dünyada oxunur, adı Folkner və Heminqueylə yanaşı çəkilir. Ancaq Kaliforniyada doğulan yazıçı ədəbi şöhrət qazanmaq üçün bir çox məhrumiyyətlər yaşamalı olmuşdu; fəhləlik etmişdi, keşikçi, zibilyığan işləmişdi.

Kulis.az Nobel mükafatı laureatı, yazıçı Con Steynbekin həyatı haqqında yazını təqdim edir.

Qeyri-kişi sənəti

Uşaq vaxtı Steynbekin sevimli məşğuliyyəti iş görməmək idi: o, otağındakı pəncərənin qabağında oturub saatlarla xəyallara dalırdı. Oğlunu belə görən anası yaman narahat idi: “Bilmirəm Con haqqında nə deyim: O, ya dahi, ya da bivec adam olacaq.”

Artıq yuxarı siniflərdə Cek Londonu oxuyan yeniyetmə öz hekayələrini yazmağa başlayır. O, hekayələrini başqa imza ilə jurnallara göndərir və möcüzə baş verməsini gözləyirdi. Məsələ burasındadır ki, o, məktublara ünvanını yazmırdı: “Əlbəttə redaksiyalar mənimlə əlaqə yarada bilmədikləri üçün hekayələri çap etmirdilər... Maraqlıdır, o günlərdə mən nə haqda düşünürdüm? Mən ölümdən çox, jurnallardan rədd cavabı almaqdan qorxurdum. Amma daha çox bu hekayələrdən birinin çap olunmasından qorxurdum” – sonralar yazıçı xatırlayırdı.

Məktəbi bitirəndə Steynbekin ədəbiyyat eşqi hər şeyi üstələyir. Buna görə də məşhur yazıçı olmaq qərarına gəlir. Ancaq valideynləri yazıçılığı kişi işi hesab etmədikləri üçün onun bu fantaziyalarını qəbul etmirlər, oğullarını normal təhsil almağa vadar edirlər: "Yazıçılıq kişi işi deyil, xəyal qurma, təhsil al!"

Anasının təkidi ilə Steynbek 1919-cu ildə Stenford universitetinə qəbul olur. Ancaq orda təhsil almaq böyük vəsait tələb etdiyi üçün ailənin imkanları buna yetmirdi. “Böyük ambisiyalarım, kiçik imkanlarım vardı” - həyatının bu dövrünü yazıçı belə xatırlayırdı. Təhsilini davam etdirmək üçün Steynbek yerli kafedə qabyuyan işləməyə məcbur olur.

Gənc Steynbek 6 il universitetdə əziyyət çəksə də kursu bitirməmiş təhsili atır. Valideynlərinin qorxusuna baxmayaraq o, “böyük yazıçı olmaq” arzusuna sadiq qalır.

Amerika arzusu

Arzusunu həyata keçirmək üçün Steynbek Nyu-Yorka yollanır. Ancaq şəhər gənc romantikin düşündüyü qədər füsunkar deyildi. Adətən olduğu kimi bu ambisiyalı gənci də heç kəs diqqətə almırdı. O, sürücü, xarrat, qarovulçu, hətta zibilyığan işləyir. Bununla belə heç vaxt xəyallarına xəyanət eləmir və mütəmadi olaraq müxtəlif nəşriyyatlara əlyazmalarını göndərir.

Yalnız 1929-cu ildə onun zəhməti bəhrəsini verir. Romanı yolladığı yeddi nəşriyyatdan yalnız biri “Qızıl piyalə”ni çap etməyə razılıq verir. Steynbek xoşbəxtlikdən göyün yeddinci qatında uçurdu: hesab edirdi ki, bu, ona təkcə professional planda dirçəlməyə kömək etməyəcək, həm də şəxsi həyatını qurmağa yardımçı olacaq (Kerol Henninq adlı qıza aşiq olmuşdu, evlənmək istəyirdi).

Ancaq naşirlər təcrübəsiz yazıçını aldadırlar, hətta ona çap olunan kitabın bircə nüsxəsini belə göndərmirlər. “Qızıl piyalə”nin çap olunduğunu o, təsadüfən köşklərdən birinin rəfində kitabı görərək öyrənir. Üstəlik naşirlər “Qızıl piyalə”ni tənqidçilərə göndərməyi də unudurlar, buna görə Steynbekin kitabı maraq oyatmır.

İlk uğur müəllifə altı il sonra “Tortil-Flet kvartalı” povestinin çapından sonra gəlir. Bundan sonra “Adamlar və siçanlar haqqında” çap olunur və tənqidçilər onun haqqında böyük yazıçı kimi danışmağa başladılar. “Qəzəb salxımları” isə cəmiyyətdə böyük rezonans yaratdı.

Böyük depressiya illərindən bəhs edən roman iki il bestseller siyahısına liderlik edir. Kitabın uğuru Hollivudu da cəlb etdi, 1940-cı ildə rejissor Con Ford onu ekranlaşdırdı. “Qəzəb salxımları”na görə həmən il Steynbekə ABŞ-ın ən yüksək ədəbiyyat mükafatı Pulitser verildi.

“Müasir Amerika ədəbiyyatının ustalarından biri”

İkinci Dünya Müharibəsi illərində Steynbek hərbi müxbir kimi çalışır və bir çox əməliyyatlarda iştirak edir. Amma bir romantik kimi ədəbiyyat onu həyatdan çox maraqlandırırdı: 1944-cü ildə müharibədən yorulan yazıçı istefa verərək geri qayıdır. Yeni təəssüratlar üçün Steynbek ancaq üç il sonra səfərə yollanır.

Yazıçı 1947-ci ildə SSRİ-yə səfər edir. Bu səfərin təəssüratı əsasında o, “Rus gündəliyi”ni yazır. Orada kommunist ölkəsi və onun insanları haqqında bir çox obyektiv fikirlər yer almışdı.

Steynbekin məşhur yazıçı olmaq arzusu artıq həyata keçmişdi, onu “Müasir Amerika ədəbiyyatının ustalarından biri” hesab edirdilər. Ancaq hər şey belə rahat deyildi: 1948-ci ildə avtomobil qəzasında ən yaxın dostu Ed Rikkets vəfat edir, bir neçə ay sonra isə həyat yoldaşı ondan ayrılır.

Nyu-Yorkda yaşamaq daha ona maraqlı gəlmir, depressiyaya düşən yazıçı Kaliforniyaya, valideynlərinin evinə qayıdır. Bir neçə aydan sonra yaşadığı itkilərin ağrısı keçən Steynbek yenidən yazı masasının arxasına keçir. 1962-ci ildə isə o, “kəskin sosial müşahidələri və incə yumoru realist-poetik istedadı ilə birləşdirdiyinə görə” ədəbiyyat üzrə Nobel mükafatı qazanır.

Daha altı il sonra, 1968-ci ildə “Nyu-York Tayms”da belə yazılacaqdı: “Steynbekin Nobel mükafatına ehtiyacı yox idi, Nobel komitəsinin ona ehtiyacı vardı. O, bizim ədəbiyyatımızda əsaslı yer tutur. Steynbelin təsiri bir çox yazıçıların əsərlərində yaşayır. Ondan unudulmuş adamı unudulmaz etmək bacarığını öyrəniblər.”

Lakin Steynbek bu məqaləni oxuya bilmədi, çünki yazı onun ölümünə həsr olunmuşdu. 66 yaşlı yazıçı 20 dekabr 1968-ci ildə Nyu-Yorkda ürək çatışmazlığından vəfat etdi.

# 1358 dəfə oxunub

Müəllifin son yazıları

# # #