Dəli Nazimin ata sevgisi - Nihat Pir

Dəli Nazimin ata sevgisi - Nihat Pir
26 sentyabr 2023
# 12:00

Kulis.az Nihat Pirin "Dəli Nazimin ata sevgisi" adlı yeni yazısını təqdim edir.

Bizim kənddə Nazim adında bir nəfər var. O ki kənddə xeyir-şər olanda birinci axtarılan, ora-bura qaçan, özünə əl qatan adam olur ha, bax bizim kənddə o adam Nazim idi.

Kənd toylarında Nazim "xolodnu"nun doğranması, bölünməsi və paylanması işinə baxırdı. Toy sahibi "kaptyorka" deyilən yerin açarını bir gün qabaqdan ona verər, bir də toydan sonra təhvil alardı. Bu müddət içrə Nazim obyektin ağası olurdu.

Yaslarda da eyni qayda ilə gətir-götür işlərinə o baxırdı.

İraq olsun, kiminsə hüzrü düşən kimi birinci Nazim xəbər tuturdu.

İl ötdü, ay dolandı, bizim bu Nazim havalandı, yəni dəli oldu. Səbəbini bilmirəm; biri dedi, elədiklərinin bədəlidir, biri dedi, Allah yaxşı bəndəsini sınağa çəkir.

Amma bunların heç biri Nazimin dəli olması həqiqətini dəyişmədi.

Nazim dönüb oldu "Dəli Nazim".

Bir də görürdün, günün günorta vaxtı səsini atıb başına qışqırır. Ya yoldan keçən məktəbli uşaqları söyür, ya həyətinə keçən mal-qaranı qovur.

Onda Nazimdən böyüklü-kiçikli hamı qorxurdu.

Elə mən də.

Nazim dəli olandan sonra çox qəribə bir vərdiş yaranmışdı onda. Qapı bir qonşuluğunda yaşayan atasını hər gün yoxlamağa gedirdi.

Normal vaxtlarında, bəlkə də, on gündən bir, ya ayda bir dəfə atasını görər, ya görməz, amma dəli olandan sonra hər gün günorta atasını yoluxurdu.

Yay-qış demədən, təqribi, saat 3-də qışqıra-qışqıra atasının qapısına gələr, var gücü ilə onu çağırar, atasının hay verməyi ilə: "Öydəsən?", - deyib cavab alandan sonra: "Hə, elə onu soruşurdum", - deyə-deyə qayıdardı daxmasına.

Nazimin hər gün atasını gəlib yoxlaması yavaş-yavaş atasını, ailəsini, qohum-qonşuları narahat edir, bəzilərinə isə gülməli gəlirdi.

Elə mənə də.

Hətta elə olurdu ki, bilərəkdən həyət darvazasını kilidləyirdilər ki, həyətə keçə bilməsin. O da məcbur yoldan qışqırırdıdı ki, ay dədə, ay dədə, öydəsən?

Dədəsi də pəncərədən çıxıb deyirdi ki, hə, öydəyəm.

Nazim də: "Hə, elə onu soruşurdum", - deyib yenə də qayıdardı daxmasına.

Xülasə, günün birində Nazimin atası öldü.

Nazimə atasının öldüyünü heç cür başa sala bilmədilər. Nə mollası, nə üç qardaşı, nə də ki bir kimsə.

Nazim "Öldü" sözünü başa düşmürdü. Nazimin lüğətində "Öldü" sözünün izahı yox idi.

Elə hər gün yas mərasiminə gəlib dəli kimi o yan-bu yana var-gəl edir, dədəsini axtarırdı.

Biri dedi, cənnətə getdi, biri dedi, babanın yanına. Amma heç biri Nazim üçün aydın olmadı.

Ta ki kiminsə ağlına: "Dədən öydə yoxdur", - demək gəldi.

Nazim "Öydə yoxdur"u eşidəndən sonra: "Hə, elə onu soruşurdum", - deyib getdi.

Ondan sonra bir də atasıgilə gəlmədi.

# 1870 dəfə oxunub

Müəllifin son yazıları

# # #