Kilsədə nə üçün muğam oxuyurlar?

Kilsədə nə üçün muğam oxuyurlar?
23 aprel 2022
# 14:00

Kulis.az Nihat Pirin ""Pasxa"da oxunan muğam və ya qulaq gündə bir söz eşitməsə..." adlı yazısını təqdim edir.


Ramiz Rövşənlə görüşdən çıxmışdım ki, saat 17:00-da Bakının mərkəzindəki kilsələrdən birində "Pasxa" bayramının qeyd olunduğu xəbərini aldım. Yanımdakı xanım dostumun da gözündə oxuduğum sevinci vurub qoltuğuma üz tutdum kilsəyə.

Bu mənim kilsə ilə ilk tanışlığım olacaqdı. Düzü, həyəcan hiss eləməsəm də, qəribə, tamam qəribə hisslər içrə rahatlıq tapdığımı, xüsusilə, qeyd eləməkdə fayda görürəm. Bu rahatlıq yanımdakı xanımdan dolayı da ola bilər – yəni bir az mübahisəli məsələdir: qadın böyük qüvvədir!

Kilsənin qapısından içəri girəndə isə artıq bir az həyəcan keçirdiyimi boynuma alıram. Qəribə geyimli adamlar, vəhşicəsinə sevdiyim, amma bir kəlmə belə danışa bilmədiyim rus dilində dini mahnılar, şamlar, dini dekorasiya və yalnız və yalnız filmlərdə gördüyüm “kilsə mənzərəsi” – qarşı-qarşıya düzülmüş qara oturacaqlar, tam mərkəzdə isə həmin o xaç.

İçəridəki ab-havanın dinamikliyinə öyrəşməkdə ikən xanım dostum böyrümdən bir dürtmək aldı: o qadını tanıyırsan?

– Hə... – dedim. Və istəmədən göz-gözə gəldik, qeyri-ixtiyari salamlaşdıq. Tanınmış aktrisalardan biri idi.

– Deməli, xristiandır, – xanım dostum qulağıma pıçıldayır.

İkimiz də bir-birimizə baxıb gülümsəyirik. Dini seçim azaddır misalı. “Məgər biz xristianıq ki?” sualını isə özümdə saxlayıram.

Hə, azad demiş, elə bu vaxt bayramın bədii hissəsi yavaş-yavaş başlayır. Və kim idisə məhz bizim baxışımız və gülüşümüzə qüvvət Azərbaycanda dini seçimin sərbəst olmasından dəm vururdu.

Xanım dostumla tez-bazar münasib yerlərdən birində əyləşdik ki, bir rus qadını bizə yaxınlaşıb rus dilində nəsə deməyə başlayır. Ümidli şəkildə xanım dostuma dönürəm ki, bəlkə, o nəsə bilə. Amma səd əfsus. O deyir, biz baxırıq, o deyir, biz baxırıq, o deyir, biz baxırıq… Bir qəfil ön sıralardan birində əyləşmiş biri arxaya baxmadan:

– Deyir, eynəyimin üstündə oturubsan.

"Görəsən, kilsədə gülmək olar?" düşüncəsi ilə pərt şəkildə ayağa qalxıram, amma, şükür ki, eynək-zad yoxdur.

Xülasə.

Az keçir ki, kilsədə çalıb oxuyan kim, qucaqlaşan kim, bir-birini təbrik edən kim, İsaya təşəkkür edən kim – aləm dəyib bir-birinə.

Elə bunu fürsət bilibən xanım dostuma "Bəlkə, biz də qucaqlaşaq" demişdim ki, qızılı rəngdə bir qutunu təmtəraqlı şəkildə içəri gətirdilər.

– Lap toylarda aş gətirmə mərasiminə oxşayır, – deyib səsimin tonunu azaldıram. Bizim bu məclisdə yad, çox yad olduğumuz artıq çoxdan sezilirdi. Yanlayıb irəlidəki sıradakılardan birindən soruşuram:

– O nədir?

Qadın bilgisizliyimizi fürsət bilibən geniş izaha başlayır:

– Tanrıdan vəhy gəlibmiş ki, ey Musa, belə bir sandıqca düzəlt və dini kitabları onun içində gizlət. Hər il bir dənə qurban kəsib onun qanı ilə o sandıqcanı yu.

– Musa, ya İsa? – sualım havada qalır. Təzədən məclisə qayıdıram. Budur, çarmıxda İsanı gətirirlər.

İnsafən, hər şey çox yaxşı hazırlanıb. Adamlar arasında bu tamaşaya ağlayanlar da var nə bilim, gülənlər də, reaksiya verməyənlər də. Mənə gəldikdə isə, əməlli başlı dolmuşam.

Gözümüzün qabağındaca İsanı çarmıxa mismarlaya-mismarlaya fonda mahnı sədaları yüksəlir: sən yenidən doğuldun! Sən yenidən doğuldun!

Xanım dostum astadan pıçıldayır:

– Mən bilirəm, onlar niyə elə oxuyur.

– Sən artıq buralara bələd olmusan, deyəsən, – deyirəm. Gülümsəyir xanım dostum və mən kilsənin ortasındaca bir daha Tanrının varlığını, qüdrətini öz gözlərimə görürəm.

“Şükür yaratdığına!”

– Yenidən doğuldun, yəni qəlbimizdə doğuldun, – deyir xanım dostum və yenə də gülümsünür.

Məclisin irəliləyən dəqiqələrində artıq bizi təəccübləndirən nəsə olmur. Mahnılar, rəqslər, dualar, sevinc, sədaqət, kədər – biz də onlardan biriyik kimi hər şeyi normal qəbul edirik.

Ta ki o səs gələnə qədər…

Edilən rəqs və dualar, oxunan mahnının ortasında qəfildən “Əzizinəm, ay aman” – deyə zəngulə eşidirəm. Əvvəl elə bildim ki, bu səs qeybdən gəldi – kimliyimizi unutmayaq deyə. Amma yox!.. Fikirlərini ifadə eləməkdə çətinlik çəkən xanım dostum “Oh, my Gad!” deyib əlini üzünə tutur. Mən isə süstəm.

Kilsənin düz göbəyindəcə “Pasxa” qutlamasında muğam eşitmək mənim qismətimdə niyə var ki?

Sualı ritorik sual kimi qəbul edin, əvəzində isə, kilsənin səhnəsində bildiyiniz muğamlardan birinin oxunduğunu təsəvvürünüzə sığdırmağa çalışın.

Alındısa, davam edək.

Gözüm kilsənin hündür pəncərələrini gəzir, qorxuram ki, bu dəqiqə Alim xalçanın üstündə zala daxil olacaq, o yandan da Natiq ritm qrupu qaval daşını sürüyə-sürüyə İsanın doğulduğu ağacın yanına gətirəcək. Natiq çalacaq, Alim oxuyacaq, Natiq çalacaq, Alim oxuyacaq… Amma bu gözləntiləri qarşılamağa nə vaxtımız qalmışdı, nə də ki, mənəvi gücümüz.

Başımızı götürüb zalı tərk edirik.

Bir azdan özümüzü kilsənin çıxışındakı dəmir qapıdan çıxan yerdə tapırıq. Səmaya baxıram, tərtəmizdir. Amma bu təmizlikdə nədirsə boşluq hiss edirəm – günəş! Mənim günəşə ehtiyacım var. Çox keçmir ki, onu da tapıram: fikirləşin görüm, harada?

# 2687 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #