Əllərdə tutulan tər qərənfil, həlak olmuş uşaqların xatirəsi, oyuncaqlar... - Reportaj

Əllərdə tutulan tər qərənfil, həlak olmuş uşaqların xatirəsi, oyuncaqlar... - Reportaj
8 fevral 2023
# 20:50

Kulis.az Nihat Pirin Türkiyədə baş verən zəlzələdən zərərçəkənlərə yardım məqsədi ilə Heydər Əliyev adına İdman Konsert Kompleksində yaradılan yardım aksiyasından APA üçün hazırladığı reportajı təqdim edir.

Soyuqdur. Türkiyə səfirliyinin qarşısındayıq. Səfirliyin önündə Türkiyədə zəlzələ nəticəsində həlak olmuş adamların xatirəsi üçün lövhə quraşdırılıb. Lövhənin yanında isə müxtəlif idarə, orqan və təşkilatların, universitetlərin adına əklillər... Adamların ardı-arası kəsilmir. Əllərində tər qərənfil, yaxud həlak olmuş uşaqların xatirəsi üçün müxtəlif oyuncaqlar lövhənin qarşısında dayanıb dua edirlər. Ətrafda qəribə bir hüzn hökm sürür. Heç kəs danışmır. Heç kəs nəsə bir söz demir. Bu sükutun səbəbini bir də maşına oturub Heydər Əliyev adına İdman Konsert Kompleksinə gedəndə başa düşürəm.

Türkiyədə zəlzələdə həlak olanların, yaralananların son statistikasına nəzər saldım. Ölüm sayı 8 mini keçib. Və rəqəmlər hər dəqiqə artır. İllər öncə qəzetlərin birində İkinci Dünya müharibəsindən sonra ən çox itki vermiş Sovet bölgələrinin birində müharibə qurbanlarının xatirəsinə həsr olunmuş tədbirdə orta məktəb şagirdi olan bir qızın maraqlı çıxışı barədə oxumuşdum. Qız bir xeyli danışdıqdan sonra fikrini bu cür tamamlamışdı: Əgər dünyada müharibə qurbanlarının hər birini bir dəqiqəlik sükutla yad etsək, onda bəşəriyyət əbədiyyən susmalıdır...

Təəssüf ki, Türkiyədəki zəlzələdən sonrakı situasiya da eynilədir: adamlar zəlzələ qurbanları üçün də hələ bundan sonra çox susmalıdır. Lap çox...

Heydər Əliyev adına İdman Konsert Kompleksinin qarşısındayıq. Yenə də soyuqdur. Burada səfirliyin qarşısındakı mənzərədən fərqli olaraq səs-küydür. Polislər, hərbçilər, böyüklər, kiçiklər... Hamı əlində hansısa bir əşya – geyim, döşək, yorğan, ərzaq, isidici qurğu kompleksə doğru tələsir.

Kompleksin düz girişində yük maşını dayanıb. Polislərin köməyi ilə yük maşını kompleksə daha da yaxınlaşır. Maşının yük hissəsi açılan kimi adamlar sistemli şəkildə yükü boşaltmağa başlayırlar. Burada bir insana lazım olacaq hər şey var: xalçadan tutmuş coraba qədər. Yaxınlaşıb yükü boşaldan polislərdən biri ilə həmsöhbət oluram.

– Yorulmayasınız, rəis.

Əvvəl bir az təəccüblənir, işini davam edə-edə qarşılıq verir:

– Sağ olun, çox sağ olun.

– Bu maşın haradan gəlir?

– Vallah, mən də dəqiq bilmirəm. Belə maşından çox gəlir. Kimsə təşəbbüs edir, hansısa məhəllədən, ya rayondan köməklik etmək istəyən adamların verdiyi əşyaları maşınlara yükləyib gətirirlər, – polis serjantı bunu deyib maşından düşürdüyü böyük bir qutunu başına alıb kompleksə sarı gedən adamların içində yox olur.

Fotoqrafımız Orxanla bərabər kompleksə giririk. Düz kompleksin girişində iki xanım dayanıb və növbəli formada içəri yük gətirən adamlara istiqamət verirlər: ərzaq gətirənlər sol tərəfə, geyim gətirənlər sağa, yorğan-döşək gətirənlər mərkəzə. Xanımların səsindən hiss olunur ki, bu səs, ən azı, 5 saatdır ki, eyni sözü eyni formada təkrarlayır. Yaxınlaşıb həmsöhbət oluram. Məlum olur ki, onlar könüllüdürlər. Dünən gecə saatlarına kimi bundan əvvəlki toplanma məntəqəsində olublar. Səhərdən isə buradadırlar. Xanımın biri deyir ki, yardım kampaniyasının son gününə qədər burada olacaqlar: “Hər dəfə dağıntılar altından kimlərinsə xilas olduğunu eşidəndə daha böyük ruhla, canfəşanlıqla işləyirik. Sağ olsunlar, həqiqətən, Azərbaycan xalqı canla-başla kömək etməyə hazırdır. Burada bizdən başqa da xeyli könüllü var, hələ yenə gələcəklər”.

Kompleksin içərisi dörd yerə bölünüb. Girişdəki xanımların da dediyi kimi, ərzaqlar sol tərəfdə, geyimlər sağa, yorğan-döşək mərkəzə toplanıb. Kompleksin çıxış hissəsində isə artıq tam paketlənmiş məhsullar yığılıb.

Əlimdə mikrofonu görən bir xanım yaxınlaşır:

– Sizdən bir rica etsəm, olurmu? – deyir xanım. Türkiyəlidir.

– Buyurun, deyirəm, – başımız sağ olsun.

– Sağ olun, öncəliklə bütün Türkiyə adından, türk vətəndaşları adından azərbaycanlı qardaş-bacılarımıza təşəkkür edirəm. Amma bir şeyi deyim, bizim dünəndən bəri dediyimiz fikir düzgün başa düşülməyib, – xanım danışdıqca əli ilə yük gətirən adamlara istiqamət verir, – biz ikinci əl əşya gətirənləri qınamamışıq, sadəcə dediyimiz odur ki, geyilə biləcək, ən əsası isə, qış üçün geyilə biləcək paltarlar olsun. Lütfən, mənim bu sözlərimi yanlış başa düşməsinlər. Biz hər bir azərbaycanlıya çox-çox minnətdarıq, – xanımın səsi bir az tutulur. Sual verirəm:

– Siz Bakıda yaşayırsınız?

– Hə, mən artıq 8 ildir, Bakıda yaşayıram. Mən də burada könüllüyəm. Hadisədən bu yana gözümə yuxu getmir. Sağ olsun azərbaycanlı bacı-qardaşlarımız bizi tək qoymadı..., – xanım bunu deyər-deməz növbəti yük maşını kompleksin girişinə yaxınlaşır və xanım bizimlə sağollaşıb girişə doğru gedir: geyim gətirənlər, lütfən, sağa...

Bu vaxt kompleksin çıxış hissəsindən bir Türkiyə vətəndaşının səsi gəlir: bizə 15 nəfər könüllü lazımdır. Çağırışı eşidər-eşitməz könüllülər hazır olur. Növbəti yola düşəcək maşını yükləməkdən ötrü hazır olan qutular kompleksin çıxışına doğru daşınır. Hamı həvəslə, canla-başla yükləri daşıdığı vaxt qutuların arxasında namaz qılan bir nəfər görürəm. Dayanıb sakitcə onu izləyirəm. Pıçıldayan dodaqları arasından təkcə “Allah, Allah” sözlərini sezə bilirəm. Bu gün, bu saat, bu dəqiqə bütün türk dünyasının gecə-gündüz dayanmadan adını çəkdiyi Allah.

Namazını qılır, dizlərinin altına qoyduğu balaca döşəkcəni qutulardan birinə qoyub onu da paketləyir. Elə bu vaxt kimsə çiynimə toxunur:

– Bağışlayın, mən tələsirəm, burada bir az şirniyyat var, bunu hara verməliyəm?

Paketi alıb deyirəm:

– Siz narahat olmayın, mən yerləşdirərəm.

Ağsaqqal tələsə-tələsə deyir:

– Allah haqqı, maşında müştəri var, taksi sürücüsüyəm, bildim, yolum buradan keçəcək, gücüm çatandan aldım, – təşəkkür edib sürətlə kompleksi tərk edir.

Telefonuma mesaj gəldiyini eşidib ekrana nəzər salıram. Aktrisa Kəmalə Müzəffərdir. Canlı yayımda məni görüb və hazırda daha çox nəyə ehtiyac olduğunu soruşur. Mən də lazımi məsləhətləri verirəm: “Çox sağ olun, canımız, qardaşımız Türkiyə üçün biz də əlimizdən gələni edəcəyik”. Sağollaşırıq.

Kompleksdə jurnalist həmkarlarımız çoxdur. Hamı iş başındadır. Jalə Həsənli isə bu gün tamam başqa vəzifədədir: çeşidləyicidir. Gətirilən malları seçib çeşidləməkdə və paketləməkdə könüllülərə kömək edir. Yaxınlaşıb Jalə xanımla da həmsöhbət oluruq. Jalə xanım 44 günlük Vətən müharibəsində Türkiyənin bizə dövlət səviyyəsində dəstəyinin əhəmiyyətindən danışıb bu gün Azərbaycanın Türkiyəyə dəstək olmasının vacibliyi qeyd edir: “Türk qardaş-bacılarımızın başına gələn bu faciənin ilk günündən maksimum dəstək göstərməyə çalışırıq. Öz qardaşlığımızı, birliyimizi, dostluğumu necə lazımdırsa, o şəkildə göstərəcəyik. Allah özü bizlərə kömək olsun”.

Yavaş-yavaş çıxışa doğru yaxınlaşıram. Bayaqkı iki xanım yenə də eyni ardıcıllıqla adamlara istiqamət verir. Çıxışda fotoqrafımız Orxanın Azərbaycan və Türkiyə bayraqlarını əllərində tutmuş adamla söhbət etdiyini görürəm.

Orxan deyir:

– Mehdiabaddan piyada gəlib.

Yaxınlaşıram, orta yaşlı bir adamdır:

– Vallah, təzə aldığım kurtkam vardı, heç geyinməmişdim. Qismət oradakı hansısa türk qardaşımızın imiş. Bir də döşəyim var idi. İkisini gətirmişəm. Amma türk qardaşlarımız üçün hər şey etməyə hazıram. And ola Allaha, oradan yayılan videolara baxıram, özümü saxlaya bilmirəm, dözə bilmirəm. Adicə övladının gecə üstü açılanda durub tez örtürük, amma indi düşünəndə ki, oradakı valideynlər, körpələr nələr çəkir, dəhşətə gəlirəm. Kaş əlimizdə ola, gedib daha yaxından köməklik edə bilək...

Biz Kompleksin həyətindən çıxdıqca gələn adamların sayı durmadan artır. Adamlar əllərindəki, bellərindəki, hətta başlarındakı yüklə kompleksə doğru tələsirlər. Böyüklü-kiçikli hamı zamana qarşı vuruşduğumuzun fərqindədir. Kompleksə doğru tələsən adamlara baxdıqca içimdən bircə cümlə keçir: insanlar ölür, amma insanlıq yox.

# 1679 dəfə oxunub

Müəllifin son yazıları

# # #