Ölümdən güclü - Alpay Azərin hekayəsi

Ölümdən güclü - Alpay Azərin hekayəsi
22 aprel 2026
# 12:00

Kulis.az "Hekayə müzakirəsi" layihəsində Alpay Azərin "Ölümdən güclü" hekayəsini təqdim edir.


Sənətşünas Ziyadxan Əliyevə həsr olunur.

V.İ.Surikov adına Moskva Rəssamlıq İnstitutuna qəbul olan Arif Muradovun ağlına gəlməzdi ki, cəmi bir ay sonra antik incəsənətdən dərs deyən professor Nikolay Serqeyeviç Savçenko göy gözlərini ona zilləyib deyəcək: “Sən burda ən azından bir rusun yerini tutmusan. Üstəlik, qəbul imtahanları vermədən, siyahıyla qəbul olmusan. Ona görə elə bilmə ki, bizdə oxumaq sənə rahat olacaq”. Bunları eşidəcəyini ağlının ucundan belə keçirməyən, hələ aşağı siniflərdə SSRİ-nin beynəlmiləlçilik, xalqlar dostluğu dərsini keçmiş Arif heyrətlə professorun üzünə baxıb susmuşdu. İçindəki qəzəbi göstərməkçün ayaqlarını bərk-bərk yerə vura-vura ondan uzaqlaşanda, Savçenkonun ardınca istehzayla dediyi “Çto, sabirayeşsya zarezat menya?” (Nədi, məni doğramaq istəyirsən?) sözlər qulağına gəlib çatmışdı.

Arif sonralar bilmişdi ki, “Zarezat” rusların qafqazlıların bir növ, qəddarlığına işarə vuraraq yarızarafatla dedikləri sözdür. Özünə söz vermişdi, qovulsa, Bakıya bilet alacaq, Moskvanı tərk edəcəyi gün instituta dəyəcək, Savçenkonu tapıb üzünə tüpürəcək, ordan qaça-qaça yataqxanaya fitilləyib, çamadanını götürüb taksiylə vağzala gedəcək.

İlk kurs işi üçün həftələr sərf etdiyi “Beş alan tələbə” əsərini yaratdı, bilirdi ki, birinci kurs tələbələrinin ilk işlərinə adətən, rektor Vladimir Fomski gəlib baxır. Rektor Arifin işinin qarşısında xeyli dayanandan sonra Savçenkonu çağırıb soruşmuşdu: “Nikolay Serqeyiç, bu işi necə qiymətləndirirsiz?” – “Məncə, işıq rakursu düzgün seçilməyib”. – “İşıq obrazın içindən gəlir. Sadəcə, siz onu görmürsüz. Tələbənin baxışlarından bilinir ki, layiq olduğu beşi alıb, buna görə xoşbəxdir”. Savçenko tutulmuşdu, Fomski ikinci zərbəni vurmuşdu: “Eşitmişəm, siz Arifi sıxışdırırsız, onu burdan qovmaq istəyirsiz. Bilin ki, o, bu institutda axıra qədər oxuyacaq”. Savçenko bu zərbədən “nokaut” olmuşdu, rəngi ağarmışdı, nəsə demək istəyəndə, Fomski əlini yelləyib ondan aralanmışdı. Yeri gəlmişkən, Arifin “Beş alan tələbə” əsərini yaratmaqda məqsədi həm də Savçenkonu rəhmə gətirmək idi.

Həftələr, aylar keçirdi, Arif onunla dəhlizdə salamlaşanda, üz cizgilərindən müəyyən edə bilmirdi, Savçenkonun ona münasibəti dəyişib, yoxsa gizli nifrət öz yerindədir.
SSRİ-nin dörd-beş heykəltəraşından biri olan Vladimir Savelyeviç Fomski mərd, paxıllıqdan uzaq, səxavətli, istedadı dəyərləndirən rektor idi. Bəzən intriqalarda iştirak etsə də, əsas seçim anında ədalətli olurdu. Onun Arifə münasibəti də elə prinsipiallığından, ədalətli olmağından gəlirdi. Arifin “Xosrov və Şirin” əsəriylə tanış olandan sonra, Fomski Nizami Gəncəvinin eyniadlı poemasını Rüstəm Əliyevin rus dilinə tərcüməsində tapıb oxumuşdu. “Əvvəllər elə bilirdim, orta əsrlər müsəlman Şərqinin ən böyük şairləri Ömər Xəyyamdı, bir də Nəvai. Açığı, sizdə belə nəhəng şairin olmasından xəbərsiz idim, sənin sayəndə Nizami Gəncəviylə tanış oldum,” – Arifə demişdi, “Xəmsə”dəki poemaların qalan dördünü də oxuyacağına söz vermişdi.

Arifin yaratdığı əsərdə Xosrov əlini Şirinə tərəf uzadırdı, Şirinsə üzünü yana çevirmişdi, Şirinin gözlərində şeytani təbəssüm varıydı. Fomski əlini çənəsinə qoyub bir xeyli əsərə baxmışdı. “Səndə hər iki obraz yaxşı alınıb. Mən diqqətlə hər ikisinin gözlərinə baxıram, məncə, Xosrov Şirinin üzünü görməsə də, onun baxışlarını oxuya bilir. Düz tapmışam?” – “Elədir ki, var, Vladimir Savelyeviç”. – “Məmnuniyyətlə bu əsəri Tretyakovkaya(1) göndərərdim. Yaxşı olardı ki, bu poemanın motivləri üzrə yeni işlər yaradasan. Tutaq ki, Şirinin çönüb Xosrova baxmasını bir əsərdə, onların bir-birinin əlini tutmasını başqa bir əsərdə verəsən. Amma sonrakı əsərlərin bayağı alınmamalıdır, təkrardan qaçmalısan. Nəsə yenilik olmalıdır, Arifçik”.

Həmin kompozisiyanın qarşısında dayanan Fomski bir neçə sevimli tələbəsinə poemanın qısa məzmununu danışa-danışa demişdi: “Fikir verin, bizim Arif hər iki obrazın psixoloji durumuna, daxili aləmlərinə yetərincə vara bilib. Heç kim deyə bilməz ki, hansısa obrazda əskiklik var. Bax, buna sənətdə mükəmməllik deyirlər”.

“Arif, səndəki bu istedad hardandı? – Fomski bir dəfə ondan soruşmuşdu. – Mən bilən, sən Bakıda yox, kənddə doğulub böyümüsən”. – “Anam öyrədib”. – “Anan? Maraqlıdı. Necə öyrədib?” Məlum olmuşdu ki, anası kəndin ən bacarıqlı dulusçusudur, gildən gözəl kasalar, kuzələr, qablar düzəldir. O, uşaq olanda, saatlarla anasının səbirlə, həvəslə işlədiyinə tamaşa edirmiş. Yay günlərinin birində ailəlikcə – atası, anası, on dörd yaşlı Arif və bacısı Bakıya gedirlər, şəhərdə gəzə-gəzə gəlib Füzulinin heykəlinin qarşısında dayanırlar. Heykələ bir xeyli baxan Arif çönüb anasına deyir: “Mən heykəltəraş olacam”. Beləcə, arzusu onu gətirib Moskvaya çıxartmışdı.

Bir dəfə Fomski Arifi kabinetinə çağırıb soruşdu: “Sən həmişə Şərq motivlərindən istifadə edirsən. Bəlkə bir dəfə də Rusiya motivlərinə müraciət edəsən? Artıq üç ildən çoxdur Moskvadasan, Rusiya səni cəlb etmir?” – “Cəlb edir, əlbəttə cəlb edir.” – “Dostoyevskiylə aran necədir?” – “Cinayət və cəza” romanını oxumuşam”. – “Əla. Sənə tapşırıq verirəm. Bir dəyqə, – kitab rəfinə tərəf getdi, oradan bir kitab götürüb geri qayıtdı. – “İdiot” romanıdı, bir həftəyə, uzağı, on günə oxuyub yanıma gəlirsən. Səliqəli oxu, heç karandaşla da qeydlər etmə. Yeri gəlmişkən, mən Kutuzovun heykəlini işləməyə başlamazdan əvvəl “Hərb və sülhü” ikinci dəfə, bu dəfə heykəltəraş gözüylə oxumuşdum və şişirtmədən sənə deyirəm, Tolstoy bu işin yaranmasında mənim ən yaxın məsləhətçim olmuşdu”.

Arif romanı dörd günə oxuyub rektorun görüşünə getdi. İçəri girən kimi Fomski əlində qəlyan ona salam vermədən soruşdu: “Roqojkinin Nastasya Filippovanı öldürməsi səhnəsi dəhşətli detaldır, hə?” – “Hə, o yeri mənə də çox təsir etdi, hətta kitabı götürüb divara çırpdım. Ayy, üzr istəyirəm, sadəcə...” – “Səni başa düşürəm, Arif, – rektor kitabı götürüb vərəqlədi, o tərəf, bu tərəfinə baxdı. – Görürsən, kitaba heç nə olmayıb, deməli, Dostoyevski zərbəyə dözüb. Hə, harda qaldıq? Əsərin sən dediyin o yeri hər dəfə yadıma düşəndə, elə bilirəm, bıçağı Nastyanın yox, mənim ürəyimə saplayırlar, hərçənd Nastasya obrazı o qədər də... Nə isə... Sən bəlkə belə bir əsər yaradasan? Nastasya Filippovna yerə yıxılıb, bıçaq onun ürəyinə sancılıb, Roqojkin dəhşətlə ona baxır, knyaz Mışkin qıraqda dayanıb hər ikisinə baxır. Sənin yaradacağın əsərə tamaşa edən adamsa özüçün müəyyən edə bilmir ki, Mışkin kimə baxır. Bacararsan?” Arif bir qədər fikirləşəndən sonra dilləndi: “Mən hazır”. – “Əla!” – Fomski minibara tərəf bir-iki addım atıb dayandı. “Hə, sən içmirsən axı. Mən bu razılığının şərəfinə səninlə Brendi toqquşdurub içmək istədim. Arif, sabahdan başla dediklərimin eskizini hazırlamağa. İşin səksən faizi hazır olanda, mənə xəbər edərsən. Emalatxanaya gələcəm, hansısa obraz xoşuma gəlməsə, bax, bu əlimlə sındıracam, – yekə əlini onun gözü qarşısında yumruq halına gətirdi, – və sən yenidən onu işləməli olacaqsan. Razılaşdıq?” böyük məsuliyyətin altına girdiyini anlayan Arif qorxa-qorxa başıyla razılaşdığını bildirdi.

Arif iki ay idi “Nastasiyanın qətli” əsərini işləyirdi. Gilə bulaşmış əliylə çənəsini qaşıya-qaşıya yaratdığı obrazlara baxırdı, gah Roqojkini, gah Mışkini, – heç birinin baxışı onu qane etmirdi, – gah da Fomskini, axırda özünü söyürdü. Yerə uzanan Nastasya Fillipovnaya isə baxıb deyirdi: “Nə vecinə? Sən ölmüsən, amma sənə görə mən burda zülüm çəkirəm. Gərək yalandan deyəydim, əsər xoşuma gəlməyib”. Bunu desə də, anladı ki, rektorun təklifindən imtina etmək elə də asan iş deyildi, institutda güvəndiyi tək adam o idi. Əsəri işləyən vaxt bir dəfə az qaldı Mışkinin başını qopartsın. “Fərsizsən sən, Mışkin. Nastasiyanı götürüb başqa bir ölkəyə qaçmalıydın”. Mışkıni başsız təsəvvürünə gətirdi, “Fomski soruşsa başı hanı, deyərəm postmodernist metoddan istifadə etmişəm. Başa düşər məni... Yox, kaprizni adamdı, söyüş söyməyə bəhanə axtarır”. Həm də Arifə elə gəlirdi ki, rektorla arası dəysə və Savçenkonun bundan xəbəri olsa, diplom işinin müdafiəsində hər ikisi birləşib ona mane olacaqlar.

Arif artıq Mışkinin saçlarını ağartmışdı, sinəsindəki tozu təmizləyən vaxt çiyninə dəyən əl zərbəsindən dik atıldı. Geri çevriləndə sevincdən gözləri parıldayan Fomski dedi: “Sən mahiyyətə vara bilmisən, əziz dostum. – Arifi qucaqlayıb əlavə etdi: – Mən dediyimə nail olmusan. Sən həm qəhbə Nastyanın ölümdən sonrakı sakitliyini, həm də Mışkinlə Roqojkinin əzablarını verə bilmisən. Polifonik əsər yaratmısan sonda. Təbrik edirəm səni. Ola bilsin, “İdiot” mənim ən sevdiyim əsərlərdən biridir deyə, elə bilirəm, bu roman “Karamazov qardaşları”ndan üstündür. Bu əsərin beşinci kursda yaradacağın diplom işindən də o yana gedir. Sən mənə dostum heykəltəraş mərhum Vasili Semyonıç Boqatıryovu xatırlatdın. O, “Ağlayan adam” heykəlini yaratmazdan öncə obrazın içinə o dərəcədə girmişdi ki, özü axırda ağlamışdı. Elə bilirəm, sən də “İdiot”un son yerlərində o hissləri keçirmisən”. Arif razılıq əlaməti olaraq başını tərpətdi, başa düşdü ki, emalatxananın qapısı açıq olduğundan, rektor ayaqlarını asta-asta yerə basaraq ondan xəbərsiz içəri girib. “Mən səni heç yerə buraxan deyiləm. Sən diplom alandan sonra qalıb burda müəllim işləyəcəksən,” – Fomski dedi. Arifin üzündəki çaşqınlığı görüb “Burda istəməsən, Bakıda rəssamlıq akademiyanızda işləyərsən. Sənin iş karyeran üçün lazım gəlsə, mən Leonid İliçə zəng edərəm. Bilirsən, onunla yaxşı münasibətlərim var. Böyük Vətən müharibəsində eyni cəbhədə vuruşmuşuq”. Bir dəfə Arif rektorun otağında olanda, Fomski dövlət qurumlarına çıxışı olan telefon vasitəsilə SSRİ-nin rəhbəri Leonid Brejnevlə şirin-şirin söhbət etmişdi və Arifə ən təəccüblü gələn rektorun ona tay-tuşu kimi “Lyonya” deyə müraciət etməsi olmuşdu.

Bir gün sessiya imtahanlarına az qalmış dekan müavini tənəffüsdə Arifə yaxınlaşıb dedi ki, rektor səni otağında gözləyir, təcili get yanına. Qaça-qaça “Görən, nə məsələdi?” sualına cavab axtara-axtara cürbəcür bəd ehtimallar Arifin ağlından keçdi: yəqin kimsə mənim adımdan ona nəsə pis bir şey çatdırıb. Allah şahiddi ki, elə şey olmuyub. Ya da evdə kiməsə nəsə olub, ancaq o, boyun olub xəbəri mənə çatdırsın. Nəhayət, təngnəfəs özünü rektorun qəbul otağına çatdırdı.

“Arif, sənə də bilet almışam. Axşam qatarla Leninqrada gedirik, esveylə. İndiyə qədər esveylə harayasa getmisən?” – “Yox, o nədi?” – “Qatara minəndə biləcəksən. Axşam saat yeddidə burda olarsan, maşınla vağzala gedəcəyik”.

Arif ilk dəfəydi əl-üz yuyanı, iki qırmızı rəngli divanı olan ikinəfərlik kupedə yol gedirdi. Məlum oldu ki, onlar Vladimir Savelyeviçin Leninqradda İ.Y.Repin adına rəssamlıq, heykəltəraşlıq və memarlıq institutunda dərs deyən professor dostunun oğlu İqorun diplom işinə baxmağa gedirlər. “Vladimir Savelyeviç, nə əsərdi?” – “Təsəvvürüm yoxdu, mən atasından soruşdum, heç nə demədi, daha doğrusu, demək istəmədi. O istəyir ki, mən oğlunun işinə baxıb qiymət verəm. Səni isə özümlə aparıram, baxıb öz qiymətini verəsən”. – “Axı mən hələ...” – “Hələsiz. Nə olsun tələbəsən? Sən istedad və savadına görə bizim bəzi müəllimlərdən irəlidəsən”.

Sonra onlar restoran-vaqona keçdilər, salatlar, yeməklər, limonadlar sifariş verdilər. Fomski portfelini açıb ordan yarımlitrlik tekilla çıxartdı. Tez-tez özünə bu içkidən süzüb cürbəcür yeməklərdən yeyə-yeyə içdi, ağır keçən uşaqlığından, tələbəlik həyatından, Böyük Vətən müharibəsində vuruşmağından, Kutuzovun heykəlinin gec qoyulmasıyla bağlı üzləşdiyi bürokratik əngəllərə görə uzun zaman stress keçirməyindən, istənilən obrazın heykəlini yaradana qədər, onun bioqrafiyasını dərindən öyrənməsindən danışdı. Altıncı qədəhdən sonra katibəsi Yuliya ilə sevgili olduğunu etiraf etdi, birdən səhv bir iş tutubmuş ki, şəhadət barmağını tələbəsinin gözləri qarşısında tərpədib əlavə etdi: “Amma bu, öz aramızda qalsın ha”. Moskvaya çatanda Fomski bərk-bərk tapşırdı: “Təkrar edirəm, əsər haqqında nəyi düşünsən, onu da deyəcəksən. Yalançı tərifdən uzaq ol”. Arif başını tərpədərək razı olduğunu bildirdi.

Onlar atasının dərs dediyi institutun sonuncu kurs tələbəsi İqor Solovyovun yaratdığı ikinci dünya müharibəsi mövzusuna həsr olunmuş “Mübarizə” adlı heykəlin qarşısında dayanmışdı. Bir əsgər əlində süngülü avtomat hücuma keçirdi, onun qarşısında isə dəbilqəli, əllərində avtomat, aralarında böyük məsafə olmaqla üç alman əsgəri dayanmışdı, başqa bir alman əsgəri yerə sərilmişdi. Heykələ ötəri gözlə baxan istənilən adam anlayardı ki, Sovet əsgəri ölümə məhkumdur, yəni, çatdırıb əli avtomatlı üç alman əsgərini öldürə bilməzdi, ikisini öldürsə, biri onu güllələyəcəkdi.
Onlar hələ emalatxanaya girməmiş Fomski dostunun qulağına pıçıldamışdı ki, ilk sözü azərbaycanlı tələbəsi deyəcək, ata-bala bununla razılaşmışdı.

Arif beş dəqiqə kompozisiyaya baxandan sonra dilləndi: “Əsərdə orijinallıq var. Amma Sovet əsgərinin gözlərində heç bir hiss görmürəm. Siz nəsə görürsüz, Vladimir Salevelyeviç?” – “Arif, sən davam elə, mən axırda fikrimi deyəcəm”. – “Oldu. Sovet əsgəri əgər təkbaşına üç alman faşistinin üstünə gedirsə, onun gözlərində ya qəzəbli olmalıdır, ya da soyuqqanlı. O, ölümdən qorxmamalıdır. O... hmm, necə deyim... ölümün özündən güclü olmalıdır. Hətta əsərə “ölümdən güclü” adı vermək olar”. Öz dediklərindən ruhlanırmış kimi Arif havada barmaqlarıyla çırtıq çaldı. Bu sözlərdən sonra İqorun atası və Fomski əl çalmağa başladı, Fomski “Bravo!” qışqırdı. İqor azca qızardı, çalışdı pərt olduğu bilinməsin. Arif üzünü Fomskiyə tərəf tutdu, baxışlarında “Bəlkə nəsə əlavəniz var dediklərimə?” yazılmışdı. Rektor bu baxışları anlayıb İqora dedi: “İqoryok, buyur, söz sənindir”. – “Mən... Hmm... Əgər sizin kimi ustad bu məsələdə öz tələbəsiylə razıdırsa, mənim nəsə deməyim artıqdır”. – “İqoryok, sən Deynekanın “Sevastopolun müdafiəsi” əsərindəki səhvdən qaça bilmisən, alman faşistləri və Sovet əsgərlərinin bədən ölçüləri arasında simmetriyayanı qorumağını nəzərdə tuturam”, Fomski bu komplimenti dedi ki, dostunun oğlu ruhdan düşməsin, sonda ona müharibəylə bağlı bir neçə rəsm əsərlərinə və heykəllərə baxmağı tövsiyə etdi.

Bir dəfə Arif eşitdi ki, SSRİ xalq rəssamı, dünyada tanınan rəssam Mahir Tələtov onların institutuna gəlib çıxış edəcək. Bu rəssam Arif tələbə olana qədər on il həmin institutda dərs demişdi, sonra SSRİ Rəssamlar İttifaqında işləməyə başlamışdı. Arif əminiydi ki, Mahir Tələtov burda işləməyə davam etsəydi, Savçenkonun onu incitməyə cəsarəti çatmazdı.

Mahir Tələtovun akt zalında mühazirə oxuyacağı xəbərini eşidən gündən Arifin sevincinin həddi-hüdudu yox idi. Əminiydi ki, yaxınlaşıb özünü təqdim edəndə, böyük sənətkar öz doğması kimi onun əlini sıxacaq, kefini-halını soruşacaq, dərsləriylə maraqlanıb mütləq deyəcək “Vladimir Savelyeviç sənin haqqında çox yüksək fikirdədir”, əsərləriylə tanış olmaq istəyəcək və axşam vaxt tapıb onun emalatxanasına baş çəkəcək, sonda ev telefonunu verib, “Çəkinmə, bir problemin olsa mənimlə əlaqə saxlayarsan” deyəcək.

Mahir Tələtov akt zalının yanında “İncəsənət tarixi və nəzəriyyəsi” kafedrasının müdiri professor Dmitri Pankinlə söhbət edirdi. Arifsə qıraqdan onlara baxırdı, yerlisi nəsə deyirdi, Pankin qəşş edib gülürdü, sonra Pankin onu güldürürdü. Arif heç cürə bilmirdi, nə vaxt ona yaxınlaşsın, tərəddüdlülüyü, cəsarətsizliyi onu əsəbiləşdirirdi. Tərslikdən söhbət edənlər fasilə vermədən danışırdılar. Bir azdan Mahir Tələtov zalda tələbələrçün mühazirə oxuyacaqdı, onunla görüşüb tanış olmaqçün yeganə şans əldən çıxmaqdaydı. Axırı, Arif özünü məcbur edib yerlisinə yaxınlaşıb doğma dildə “Mən azərbaycanlıyam, dörd ildir burda oxuyuram” dedi. “Lap yaxşı, sənə uğurlar arzu edirəm,” – Mahir Tələtov acı təbəssümlə rusca bunları deyib, üzünü professor Pankinə tərəf çevirib söhbətinə davam etdi.

Arif heç nə demədən pərt halda onlardan aralanıb zala tərəf ayaqlarını sürüdü, qulaqları uğuldayırdı, birinci kursda professor Savçenkodan eşitdiyi “Sən burda bir rusun yerini tutmusan” sözlərdən sonra ikinci dəfə idi bu cür zərbə alırdı. “Savçenko üçün mən yadam, bunu başa düşdük. Bəs bu adam azərbaycanlı ola-ola niyə belə eliyir?” sualına cavab tapmayan, heyrət və nifrət hissləri keçirən Arif bilmirdi, zala girib beş-altı dəqiqəyə başlayacaq yerlisinin “Rəssamlıqda müasir cərəyanlar” mühazirəsinə qulaq assın, yoxsa aradan çıxsın. Bilirdi ki, çıxıb getsə, onun yoxluğunu ən azından, rektor hiss edəcəkdi, sonra onu görəndə “Səni yerlinin mühazirəsində görmədim, hardaydın?” soruşacaqdı. Mahir Tələtov sənətinin vurğunu Arif o illər Rəssamlıq institutunda oxuyan yeganə azərbaycanlıydı. Amma sənətkarın saymamazlığını heç cürə sinirə bilmirdi. “Bəs neyniyim?” sualı beynini girinc edə-edə zala daxil olanda, qəfil çıxış yolu tapdı: tədbir başlayandan iki-üç dəqiqə sonra sakitcə aradan çıxmaq.

Fomski tədbiri açdı, Mahir Tələtovun yaradıcılığı haqqında bir az danışdı, elə sözü ona verəndə, Arif çönüb ayaqlarını asta-asta yerə basıb çıxışa tərəf addımlamağa başladı. “Arif, hara gedirsən?! Qayıt gəl!” Fomskinin tribunadan gur səslə dediyi bu sözlərdən sonra zaldakıların az qala yarısı çönüb çıxışa tərəf baxdı. Bir neçə sırada gülüşmə səsi eşidildi. Arifin içində 6,5 ballıq zəlzələ baş verdi, hərçənd, anladı ki, Fomski ərk etdiyindən, xətrini çox istədiyindən onu bu cür nümayişkaranə geri çağırdı. Geri dönüb addımlayanda Arifə elə gəlirdi, bütün dünya ona baxır. Yavaş-yavaş içinə qürur dolurdu, artıq fəhmən hiss edirdi ki, yerlisinin ona münasibəti dəyişəcək, onun Mahir Tələtova olan az öncəki nifrətindən əsər-əlamət qalmamışdı. Fomski danlaq qarışıq təbəssümlə Arifə baxıb başını yellədi.

Axşam Fomski, dəvət etdiyi Mahir Tələtov, Arif daxil bir neçə incəsənət adamı Metropol mehmanxanasının restoranına şam yeməyinə yığışmışdı. Arifin diqqəti masanın üzərinə düzülmüş çoxdan dadmadığı ləzzətli yeməklərdən çox, yerlisinə yönəlmişdi. Çəngəl, qaşıq səsləri, adamların bir-biriylə uca səslə danışması, canlı musiqinin, barabanın gur səsi ona mane olduğundan, tez-tez başını qabağa uzadırdı ki, Mahir Tələtovun Fomski və başqalarıyla söhbətinə qulaq asa bilsin.

Fomski altıncı badəni “Günəşli Azərbaycandan gəlmiş, öz istedadıyla institutumuzda ad qazanmış Arif Muradovun sağlığına” qaldırdı və bu vaxt Arif Mahir Tələtovun ona yönəlmiş “Afərin, yerlim” yazılmış baxışlarını tutdu.

Məclis bitənə yaxın Mahir Tələtovun masadan qırmızı kürü yaxılmış iki çörək dilimini götürüb salfetə bükərək sakitcə pencəyinin yan cibinə qoyduğunu görən Arif tez başını aşağı saldı ki, sənətkar pərt olmasın. Sonra başını qaldırıb gözaltı ona baxdı. Araqla konyakı qarışdıran rəssamın ona tuşlanan süzgün, təbəssümlü baxışlarında “Bilirəm, gördün, amma narahat olma, vecimə deyil” ifadəsi var idi.

Artıq çölə çıxmışdılar, Mahir Tələtov səndirləyə-səndirləyə yeridiyindən bir əlini Arifin çiyninə qoymuşdu. “Əzizim, – Arifin qulağına deyirdi. – Bayaq gördüm sən başını aşağı saldın. Mən belə şeyləri qətiyyən vecimə almıram. İstəyirlər, lap bunu “İzvestiya” qəzetində yazsınlar, lap “Fitil” kinojurnalında məni prototip kimi götürüb hansısa obraz yaradaraq biabır etsinlər məni. Vecimə deyil. Mən Böyük Vətən müharibəsində günlərlə çörək yeməmişəm. Günlərlə Bakının küçələrində gəzəndə künc-bucağa diqqətlə baxırdım görüm nə tapa bilərəm ki, ağzıma atım. O zaman gecələr yerimə girəndə ən çox nifrət etdiyim şey bilirsən nə idi? Qarnımın quruldamağı. Bax, o səsi eşitməyim deyə, nəsə tapıb yemək istəyirdim. Unutmuşam hansı əsərdədi, müharibə vaxtı ac uşaq yerdə, ağzında çörək qırıntısı aparan qarışqa görür, qarışqanı çörək qırıntısıyla bir yerdə yeyir. Bəlkə də bu, yazıçı fantaziyası olub. O vaxtlar həmin uşağın yerinə olsaydım, mən də eyni şeyi edərdim. İndi restoranlarda görəndə ki, masanın üstündə o cür ləziz yeməklərdən artıq qalır, o dövrü xatırlayıram, əlim mexaniki yeməklərə doğru gedir. Qaldı qırmızı kürü yaxılmış buterbrodlara, mənə nədənsə elə gəldi ki, heç ofisiantlar da onları yeməyəcək, çünki hər gün görürlər, yetərincə yeyiblər deyə beziblər, hətta ola bilsin, iyrəniblər qırmızı kürüdən. Ona görə götürüb cibimə qoydum. Yaşım əllini keçib, ayda iki-üç dəfə Bakıdan mənə litrlik bankalarla qara kürü göndərirlər. Amma masanın üstündəki kürü yaxılmış çörək görəndə... Nə isə,” – Mahir Tələtov əlini yellədi. Arif indi iki şeyə görə özünü dünyanın ən xoşbəxt adamı hesab edirdi: sənətkara yıxılmamaq üçün dayaq idi, həm də aralarında səmimi münasibət yaranmışdı.

Komissiya Arifin diplom işi olan “Bulaq başında” əsərinə baxırdı. Fomski hələ heykələ yaxınlaşmamış komissiya üzvlərinə demişdi: “Hörmətli həmkarlarım, bəziləriniz bilir, Arifi necə çox istəyirəm. Aydın məsələdi, istedadına görə. Amma sizdən bir xahişim var, onun diplom işi haqda nə düşünsəniz, onu da deyərsiz. Bu məsələdə mənim rektor olmağımı unudun”... “Möhtəşəmdi”, “Əladı”, “Çox gözəldi” pıçıltıları ətrafa yayılmışdı. Diplom işini tərifləyənlərdən biri də Arifi birinci kursda akademiyadan qovmaq istəyən Savçenko idi. Fomski onu qırağa çəkib dedi: “Nikolay Serqeyiç, siz Arifi burdan qovmaq istəyirdiz, yadınızdadı?” Savçenko günahkarcasına gülümsəyib dedi: “Hə, belə bir balaca günah işlətməyim yadımdadı”. – “Balaca günah? Elə deməzdim,” – deyib rektor qəhqəhəylə güldü.

Az sonra Savçenko Arifi qırağa çəkib dedi: “Arif, əzizim, mən səndən üzr istəyirəm”. – “Yox, Nikolay Serqeyeviç, nə danışırsız?” – “Mən hər şeyi yaxşı xatırlayıram, birinci kursda olanları deyirəm. Bilirəm, rektorumuz sənin burda qalıb işləməyəni istəyir. İnan mənə, əgər bu məsələ elmi şurada səsverməyə çıxarılsa, mən lehinə səs verəcəm, elə bilirəm, bununla da günahımı yumuş olacam”. Hər ikisi əməlli-başlı kövrəlmişdi, bu qəddar adamın yumşalması Arifə qəribə gəlirdi. “Səni bu bazar günü evimizə dəvət edirəm. Yoldaşım Marya Petrovna səni dadlı blinlərə qonaq edəcək”. – “Nikolay Serqeyeviç, düzü, heç bilmirəm nə deyim...” – “Heç nə demə, Arifçik”. – cibindən kağız parçası, qələm çıxarıb tələsik nəsə yazdı, kağızı ona uzatdı: “Bu, qaldığımız evin ünvanıdı, Odintsovo metrosuna çox yaxındı, tez tapacaqsan. Gəlməsən, səni qoymayacam burda işləyəsən, – güldü. – Bu zarafatdı. Səni qızım Nataşayla da tanış etmək istərdim, mühasibat üzrə oxusa da, sənətdən başı çıxır”. “Yəqin qızını mənə sırımaq istəyir. Görən, qəşəngdi?” – Arif fikirləşdi. “Gələcəksən?” – “Hə, əlbəttə gələcəm,” – Arif əminliklə dedi. “Hə, bax bu, başqa məsələ. Təsəvvür edirsən, Nataşa Alberto Ciakomettinin əsərlərini sevir. O gün mənə deyir ki, son on ildə Sovet heykəltəraşları incəsənətə yeni nəsə gətirməyiblər. Üstəlik, deyir...” Arif üzündə təbəssüm mexaniki başını tərpədirdi, deyəsən, daha ona qulaq asmırdı.


29 aprel – 30 dekabr, 2023
Beşeru (Lənkəran) – Bakı – Qalaltı – Bakı

(1) Moskvada incəsənət əsərlərinin saxlandığı Tretyakovka qalereyası

# 121 dəfə oxunub

Oxşar xəbərlər

Çarın monoloqu - Mark Tvenin essesi

Çarın monoloqu - Mark Tvenin essesi

21:00 21 aprel 2026
Yoxluq - Sülhiyyə Şirinovanın hekayəsi

Yoxluq - Sülhiyyə Şirinovanın hekayəsi

15:25 21 aprel 2026
"Onda məni verin tribunala!" - Döyüş bayrağı kölgəsində baş verənlər

"Onda məni verin tribunala!" - Döyüş bayrağı kölgəsində baş verənlər

10:00 18 aprel 2026
Üçrəng pişik balası - Kamal Abdullanın hekayəsi

Üçrəng pişik balası - Kamal Abdullanın hekayəsi

17:00 17 aprel 2026
"İnsanın daxili imkanlarını şәraitdәn gözәl açıb ortaya çıxaran şey yoxdur..." - Sabir Əhmədli

"İnsanın daxili imkanlarını şәraitdәn gözәl açıb ortaya çıxaran şey yoxdur..." - Sabir Əhmədli

11:15 17 aprel 2026
Elvira - İlham Əzizin hekayəsi

Elvira - İlham Əzizin hekayəsi

12:35 16 aprel 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər