Cənub şəhərində yeni gün - Aliyə Kərimzadənin hekayəsi

Cənub şəhərində yeni gün - Aliyə Kərimzadənin hekayəsi
8 dekabr 2025
# 12:30

Kulis.az Aliyə Kərimzadənin "Cənub şəhərində bir gecə" silsiləsinin davamı olan "Cənub şəhərində yeni gün" hekayəsini təqdim edir.

Hər kəsin qəlbinin dərinliklərində üzəri əsla qaysaq bağlamayan, hər kiçik meh əsintisində belə qanayan bir yarası vardır. Hər kəsdən saxladığı, kimsəyə göstərmədiyi, bəlkə də varlığını özünün belə unutduğu, ya da unutmaq istədiyi bir yara. Həqiqətən unutmaq mümkündürmü yaraları? Elə isə qəlbimizin başında durmadan sızıldayan ağrılar nə üçün? Bəs qəlbimizdən ruhumuza sızan o qanlar? Hər kəs yaralandığı yerdən qanayar deyirlər. Elə isə qanayan yaranı görmək mütləqdirmi? Yaxud bütün yaralar qanayırmı? Bəs bıcaq kəsməyən, mərmi dəlməyən, necə deyərlər qurşunsuz, xəncərsiz, qansız yaralar necə? Axı insanları yarasını görmədən çəkdiyi acılardan, iztirablardan da tanımaq mümkündür.


Güzgünün qarşısında dayanıb ona zillənən bir cüt qara gözləri başqasına baxırmış kimi süzürdü. Ümumiyyətlə güzgüyə baxmağı sevmirdi. Çünki hər güzgüyə baxanda orda gördüyü onun görmək istədiyi, olmaq istədiyi insan deyildi. Amma qılıqdan-qılığa girərkən də işini güzgüsüz aşırmağı mümkün deyildi. Bu səbəbdən son bir neçə ayı demək olar ki, mütəmadi güzgü qarşısında idi.

Qaldığı sınıq-salxaq moteldə kondisioner yox idi. İlin bu vaxtında Zərəncdə istidən nəfəs almaq mümkün deyildi. Keçib otağın kiçik pəncərələrindən küçəyə boylandı.
İki mərtəbəli qonaqlama şəhərin kənar məhlələrindən birində, gözdəniraq yerdə idi. Küçə bomboş görünürdü. Motelin heç kim tərəfindən izlənilmədiyinə əmin olduqdan sonra pəncərənin önündəki köhnə pərdələri üst-üstə çəkib bir müddət də pərdənin arxasından küçəni süzdü. Nəhayət keçib narazı üz ifadəsi ilə təkrar güzgünün qarşısında dayandı.

Başındakı papağı çıxarıb əlini hələ bir neçə gün əvvəl qırxılmış başında gəzdirdi. Güzgüdən ona baxan yorğun və acıqlı gözlər - “O qara, şəvə kimi saçlara necə qıydın? Nə üçün kəsdin?- deyirdi. Boynunun göyərmiş yerlərini, yaralarını gizləmək üçün boğazına doladığı nimdaş kətan şərfi açıb köhnə çarpayının üstünə atdı. Üç gündür əynində gəzdirdiyi tər qoxan köynəyin düymələrini tələsik açıb sinəsinə sarıdığı rezin korseti çıxarmaq üçün tələsdi.

Sinəsini o qədər bərk sıxmışdı ki, döşləri az qala belinə yapışmışdı. Sol döşünün üstündəki yara qanamış, qan axıb bədənində qurumuşdu. Qollarını havaya qaldırıb gərnəşdi, üç gündür üzərindən çıxarmadığı korsetdə nəfəs aldıqca qabırğasına batan sancılar bir anda yox oldu. Dərindən nəfəs alıb bütün ciyərlərinə havanı doldurdu. Sanki kürəklərindən bir dağ götürmüşdülər, birdən-birə quş kimi xəfiflədi. İki-üç metrlik otaqda bir neçə dəfə o baş-bu başa gedib əzilmiş qabırğalarını dikəltməyə çalışdı.

Təkrar güzgünün qarşısında dayanıb acı-acı keçəl başına, sol gözünün altından çənəsinə kimi enən çapıq yarasına, sallanmış döşlərinə, ətində yer etmiş korsetin izlərinə baxdı. Elə bu vaxt gözü hələ də dodaqlarının üstündə qalan taxma bığına sataşdı. Üzünə səbəbini özünün də bilmədiyi qeyri-iradi acı bir təbəssüm qondu. Ehmalca bığı çıxarıb səliqə ilə çarpayının baş ucundakı masanın üstünə qoydu.
İndi güzgüdən ona boylanan onun yaratdığı xəyali kişi yox, həyatı əlindən alınmış o qadının kölgəsi idi.

Əlini keçəl başından çəkib ehmalca üzündəki çapıqda, boğazındakı dırnaq izlərində gəzdirdi. “Bədənimdəki izlər tezliklə sağalar yəqin ki, bəs ruhumdakılar? Bu cəmiyyətdə qadın olmağın yazılmamış, amma silinməsi də mümkün olmayan izləri..” Əlinin tərsi ilə gözündən yanağındakı çapığa tərəf gilələnmiş göz yaşını silib güzgünün önündən ayrıldı.
Masanın qarşısındakı stulu qapının arxasına dirəyib açılmayacağından əmin olduqdan sonra özünü köhnə, tozlu çarpayıya atıb gözlərini yumdu.

Üç gündür gözlərinə yuxu getməmişdi Gecənin, sabah onu daha vacib işlər gözləyirdi. Ona verilən növbəti tapşırığın öhdəsindən gəlmək üçün sabahki gün olduqca önəmli idi. İndi qaranlıq sularda üzmək, acılar dənizində boğulmaq vaxtı deyildi. Yatmalı, sabah iş başında olmalı idi. Tapşırıq bitənə kimi gecənin qaranlıq tərəfini özünə yaxın buraxmamaqda qərarlı idi.

***

2002-ci ilin isti yay ayları idi. Təbrizdə GAMOH milli hərəkatının güclənməsi ilə bərabər, hərəkat üzvlərinə qarşı təzyiqlər də artmış, hərəkatın gizli mərkəzləri və müridləri də durmadan təqiblərə məruz qalırdılar.
Tehranın mərkəzi küçələrindən birində, karton qutu sexinin həyətində oturan Hosef sexin aylıq hesabat sənədlərinin içində az qala başını itirmişdi. Əslində isə o Tehranda 7-8 aydır gizli fəaliyyət göstərən “Yeni gün” qazetinin sabahkı buraxılışının şifrələnmiş mətnini oxumaq və redaktə etməklə məşğul idi.
İki həftə öncə qazetin Təbrizdə yerləşən nümayəndəliyinə edilmiş ani basqından sonra Hosef ehtiyat tədbirlərini xeyli artırmışdı. Hər kəs onun gizli qərargahının izində dolaşarkən o şəhərin ən mərkəzi yerində, heç kimin ağlına belə gəlməyəcək qədər göz önündə işinə davam edirdi.

Karton qutu sexi adı altında fəaliyyəti gizlədilmiş çap qərargahı üzərinə heç bir şübhə çəkməli deyildi. Sex gün ərzində normal fəaliyyət göstərir, gələn sifarişlər qəbul olunur, bir sözlə həyat olduğu kimi davam edirdi. Gecələr isə Hosef etibar etdiyi bir necə müridi ilə birlikdə sexin altındakı zirzəmidə gizlədilmiş nəşriyyatda qazetin növbəti buraxılışını çap edib gün ağarmadan köşklərə çatdırmaq üçün dəridən-qabıqdan çıxırdı.

Təbrizdəki nəşriyyata basqın edilib çap avadanlıqları yandırıldıqdan, fəadilər isə güllələndikdən sonra Hosef həm çəkilən əziyyətlərin hədər getməməsi, həm də fədailərdən kiminsə canına xələl gəlməməsi üçün yazılan mətnlərin yazarlardan əlbəəl yığılması, redaktəsi və çapı işinə şəxsən özü nəzarət edirdi. O qurduğu sistemin təhlükəsizlik baxımından çox etibarlı olduğuna əmin idi. İndi onların hansısa qərargahı ifşa olunmuşdursa demək ki, içəridə kimsə xainlik edirdi və onun əsas vəzifəsi xaini tapmaq olmalı idi. Bu səbəbdən də artıq bir neçə gün idi ki, Tehrandakı nəşriyyatın yerini dəyişmiş və çap işi ilə də özü məşğul olurdu. Yanında sadəcə bir neçə çox inandığı müridi var idi ki, onlardan da əsla şübhə etmirdi.

Süleyman kənarda dayanıb Hosefin fikirli halını süzürdü. O artıq günlərdir Hosefin dalğın və qayğılı baxışlarının fərqində idi. Amma ustadına artıq nəsə sual verməyə də cəsarət etmirdi. Hər dəfə onun belə fikirli görəndə gah nəşriyyata olan basqına görə olduğuna özünü inandırmağa çalışırdı, gah da bir neçə gündür xəbər almadıqları Gecədən hələ də bir səs-sorağın olmamağına yozurdu. Gah da Hosefin oğlunun işlərin bu qarışıq vaxtı hər şeydən əl-ayağını çəkdiyi üçün qocanın belə bikef olduğunu düşünürdü.

Elə bu vaxt sexin içərisindən telefon səsi gəldi. Süleyman dik atılıb tez saatına baxdı. Tələsik Hosefə tərəf qaçdı:
-Ustad, telefon zəngi var.
Hosef tələsik qarşısındakı kağız-kuğuzu büzüşdürüb qoltuğunun altına basdı. Qocalmış, bükülmüş qamətini şax tutmağa çalışaraq iti addımlarla sexə doğru irəlilədi. Qısa tərəddüddən sonra telefonu qulağına yaxınlaşdırdı.
Bəli, özüdür ki var. Telefonun o başında aldığı nəfəsdən tanıdı Gecəni. Onun ən dəyərlisi, ən etibarlı, sadiq fədayisi idi zəng edən.
Gecə getdiyi hər tapşırıqda əvvəlcədən təyin edilmiş günlərdə və saatda zəng edib sexə sifariş verərdi. Bununla da hər şeyin qaydasında olduğunu, işlərin planlaşdırıldığı kimi irəlilədiyini Hosefə bildirərdi.
Son tapşırıqda artıq ikinci planlanmış zəng geridə qalırdı, amma Gecədən bir xəbər gəlməməyi Hosefi olduqca nigaran qoymuşdu. Son yaşananlardan sonra ürəyində pis bir his var idi. Hər nə qədər Gecənin sədaqətinə şübhəsi olmasa da ağlına yüz fikir gəlir, sanki qızın başına bir iş gələcəkmiş kimi his edirdi. Gecənin bu tapşırığa getməsinə narazı olsa da o çox yaxşı bilirdi ki, bunu Gecədən başqası bacara bilməz. Amma Gecənin tapşırığa gedən zamankı ruh halını bildiyindən artıq istədiyi tək şey tapşırığın uğurlu sonlanmağı yox Gecənin bir an öncə sağ-salamat onun qanadları altına geri qayıtması idi. Lakin qoca Hosef çox əmin idi ki, Gecə bir daha o qanadların altına qayıtmayacaq.
-Üç gün sonraya 100 ədəd karton qutu sifarişimizi qəbul edərdiniz zəhmət olmasa.
Hosef Gecənin verdiyi ünvanı kağıza cızmaqara edib şifrənin çözülməsi üçün Süleymana uzatdı.
-Necəsən, bala?
Dəstəyi asmağa hazırlaşan Gecə Hosefin sualına təəccübləndi. Onun məlumat üçün zəng elədiyi zamanlarda səslərin dinlənməsi ehtimalına qarşı son dərəcə ehtiyatlı olan Hosefdən gözlənilən hərəkət deyil bu.
-Gecə...
-Eşidirəm - Gecənin qırıq-qırıq səsi eşidildi- eşidirəm sizi.
-Hər şey yaxşıdır?
-...
-Səninlə danışmaq istəyirəm Gecə, gərək ki getməzdən mənimlə danışaydın.
-İndi bunun zamanı deyil özünüz də bilirsiz ki...
-Gecə, bilirsən ki hər şeyin öhdəsindən gələ bilərik, mən bilirəm ki,...
-Getməliyəm ustad, vaxtım azdır, bunu qayıdanda danışarıq.
-Gecə...
-....
Bayaqdan qapının kəndarında əlində şifrəli vərəqlə dayanmış Süleyman Hosefin gizlicə yaşarmış gözlərini sildiyini gördüyünə əmin idi.

***


Hosef toplanma yerinə çatanda bütün fədailər artıq yığışmışdılar. Hər kəs eşitdiyi xəbərdən təşvişə düşmüş, hərə bir söz danışır, ağız deyəni qulaq eşitmirdi.
Hosefin yaxınlaşdığını görəndə hamı susdu, sual dolu gözlər ona dikildi. Süleyman fədayilərdən ayrılıb Hosefə yaxınlaşdı.
-Ustad, deyilənlər düzdür? - səsi titrədi - Həqiqətən basqın olub nəşriyyata?
-Hə, Süleyman,- Hosef dərin nəfəs aldı- qansızlar hazırlıqsız yaxalıyıblar bizimkiləri.
-Sağ qurtulan yoxdurmu?
-Bir neçə nəfər itkindir, öldü-qaldısı bilinmir, qalan hamını gülləyiblər...Elə yerindəcə... Nəşriyyatı tamam yandırıblar, çap avadanlıqları filan hamısı məhv olub.
Süleyman yumruqlarını sıxdı.
-Bəs indi nə olacaq ustad, neyləyəcəyik?
-Bu birinci dəfə deyil Süleyman, bizi məhv etmək istəyənlərə, susdurmaq istəyənlərə əlbəttə təslim olmayacağıq. Biz xalqın səsiyik, bizi susdura bilməzlər!
Üzünü ona dikmiş fədayilərinə çevirdi:
- Balalar, biz bu xalqın səsini, sözünü yaymağa, danışa bilməyənlərin dili olmağa, səsi çıxmayanın səsi olmağa and içmişik. Bizim gözümüzü bu şəkildə qorxutmalarına icazə verməməliyik. Bəli, Təbrizdə bizimkiləri susdurublar. Amma indi biz onlar üçün də çalışacağıq, onların da susmuş səsi olacağıq və hər tərəfə yayılacağıq.
Daha sonra Süleymanı çağırıb lazımı göstərişləri verdikdən sonra bayaqdan kənarda, hər kəsdən uzaqda oturub sakitcə onu dinləyən Gecəyə yaxınlaşdı.
-Sən nə fikirləşirsən, qızım? Bayaqdan heç səsin çıxmır.
-Ustad, yerimizi dəyişməliyik. Əgər Təbrizi ifşa eliyiblərsə neçə əmin ola bilərik ki, sabah da bura basqın olmayacaq. Tədbirli davranmalıyıq.
-Nə demək istəyirsən,Gecə? Yoxsa şübhələndiyin bir şey var?
-Yox ustad, amma bilirsiz ki, Ziya Təbrizdə bütün təhlükəsizlik tədbirlərini almışdı. Hər kəsin tədbirsiz şəkildə basqına məruz qalması, təkcə nəşriyyatdakıların yox onlarla əlaqəsi olan hər kəsin bir-bir təyin edilib güllələnməsi təsadüfi ola bilməz.
-Haqlısan qızım, bu mənim də ağlıma yatmır, kimsə içəridən ətraflı məlumat ötürməsə bu dediklərin mümkün deyil.
Əli ilə işarə edib Süleymanı yanına çağırdı:
-Süleyman, ehtiyat zirzəmilərdən birini hazır edin, nəşdiyyatın yerini dəyişəcəyik. Uşaqlara da məlumat ver toplanma yerimiz də həftədə bir dəfə dəyişiləcək, hər dəfə də görüşdən bir neçə saat öncə yer bildirilməsinə şəxsən özün nəzarət et.
Gün ağarırdı, hər kəs üzərinə düşən tapşırığı yerinə yetirmək üçün tək-tək diqqət çəkmədən qərargahı tərk edirdi. Hosef üzünü fikrə getmiş Gecəyə tutdu:
-Gəl səni ötürüm evə, bu aralar gərək biraz diqqətli olaq. Axşamlar tək çıxma küçəyə, Mədədə deyərəm sənə yoldaşlıq edər.
-Ustad - Gecə narazı baxışlarla Hosefi süzdü - Mənim adım Gecədir, mən zülmətin elə özüyəm, axşamlar mənə hecnə olmaz.
-Ata sözü eşit Gecə- Hosef hiddətləndi- Ehtiyatlı olmaq lazımdır, sən deyəsən hələ təhlükəni anlamırsan! Hamısını güllələyibləreee, hamısını. Adını da qoyublar ki, guya silahlı müqavimət göstəriblər. Hec silaha əl atan da olmayıb, eşidirsən, heç fürsətləri də olmayıb. İçəridən kim məlumat ötürübsə əli ilə silahın qabağına qoyub bizimkiləri.
Gecə artıq sözün heç nəyi dəyişməyəcəyinə əmin idi. Sakitcə başını yelləyib Hoseflə razılaşdı. Onsuzda olanlar yetərincə üzmüşdü qocanı, bir də o qəzəbləndirmək istəmədi.

***

Motelin olduğu məhlədən ayrılıb yolun kənarındakı kafedə oturdu. Mükəmməl danışdığı əfqan ləhcəsi ilə çay sifariş etdikdən sonra əlində tutduğu qazeti oxuyurmuş kimi gözaltı ətrafı süzdü. Bir gözü qazetdə, bir gözü məhləyə kimi uzanan yolda heç kimin onu izləmədiyinə əmin olduqdan sonra tələsik çayı içib kafedən ayrıldı.
Zərəncdə bazara daxil olan kimi gözü Rəsulu axtardı. Rəsul elə bazarın girişində onu gözləyirdi. Dinməzcə keçib qızın arxasıyca yeriməyə başladı.
-Harda görüşəcəyik? Dəqiq gələcək?
-Əlbəttə gələcək. Baburu çox yaxşı tanıyıram. Bir şeyin ki, sonunda pul var ola bilməz ki gəlməsin.
-Gecə, bəs biz ona niyə etibar edirik, hə? Ustad həmişə dini, imanı pul olanlardan uzaq durmaq lazımdır deyir.
-Başqa çarəmiz yoxdur,Rəsul dayı. Baburun əli çox uzundur. Ondan başqası bizə lazım olan çap avadanlıqlarını belə qısa zamanda Çin gömrüyündən keçirib təhvil verə bilməzdi.
-Haqlısan bala, amma ehtiyatım bizi güdaza verməsidir.
-Buna ehtimal vermirəm Rəsul dayı. Ortada Cəlaləddinin xətri var. Özün bilirsənki , heç Cəlaləddin olmasa Babura kimi gedib çıxa bilməzdik. Əlbəttə ehtiyatı da əldən vermək olmaz. Danışıb razılaşmışıq, avadanlıq bizim sərhəddə çatmamış Babura ödəniş etməyəcəyik.
-Sənin belə təhlükəli insanları tanımağın məni təəccübləndirir, Gecə.
-Təəccübləndirir yoxsa qorxudur, Rəsul dayı? - Gecə dodaqaltı qımışdı.
-Həm təəccübləndirir, həm də qorxudur, bala.
-Mən qaranlıq tərəfləri necəsə özümə çəkirəm Rəsul dayı, yəqin bu adımla bağlıdı.
-Mən də elə bundan qorxuram, Gecə.
-Qorxmalı heçnə yoxdur Rəsul dayı, Cəlaləddinin mənə can borcu var. İki il əvvəl onun oğlu Tehranda güllələnəndə cənazənin sərhəddən gizlin keçirilməsi üçün əlimdən gələni etmişəm. Bilirsən Rəsul dayı, əfqanların pis cəhətləri olsa da mərd tərəfləri də var. İnanıram kı, Babur Cəlaləddini əzib bir yanlış etmək istəməz bizə. Qarşısında Cəlaləddin kimi bir düşmən olmağı onun bütün işlərini alt-üst edər.
-Təki sən deyən olsun bala, bu qansız Baburla harda görüşəcəyik?
-Demək olar ki, çatdıq – Gecə tinin başında addımlarını yavaşlayıb 50-60 metr irəlidəki qəssab dükanına girib-çıxanları izləməyə başladı.
50-55 yaşlı sifəti qırışmış, iri burunlu, üz-gözündən zəhrimar yağan Babur qəssab dükanında pəncərə kənarına qoyulmuş kiçik stolda əyləşmişdi. Gecə özü bilərəkdən camaatın ən izdihamlı olduğu Zərənc bazarını görüş üçün seçmişdi ki , kütlənin içərisində gözdən itmək, kölgə olub diqqət çəkməmək onun üçün rahat olsun.
Keçib dükanda Babur ilə üzbəüz oturdu. Rəsul kişi dükandan 10 metr aralıda ədviyyat satan kişini söhbətə tutub bir gözü qəssab dükanında keşik çəkirdi.
-Cəlaləddinin salamı var.
Babur başını qaldırıb tərs-tərs Gecəyə baxdı. Deyəsən qarşısında arıq, cansız, cavan oğlanı görməyi təxmin etməmişdi.
-Cəlaləddin nə vaxtdan uşaq-muşaqla iş tutur hə? - dodaqaltı mırıldanıb uzunqol köynəyinin qolundan bir dəstə kağız çıxarıb Gecənin önünə qoydu.
-Avadanlığın şəkilləridir – başı ilə kağızların arasındakı şəkilləri işarə elədi. Sabah axşamüstü Zabol sərhəddinə 1 km məsafədə sizə təhvil verilməyə hazır olacaq. Vaxtında görüş yerində olsaz yaxşı olar. Adamlarım sadəcə malların sərhəddə çatdırılmasına cavabdehdir, sərhəddən keçirmək isə sizin öz işinizdir.
Gecə şəkil və kağızları diqqətli analiz etdikdən sonra cibindən kağıza bükülmüş biraz pul çıxardıb masanın altından Babura uzatdı.
-Razılaşdığımız məbləğin dörddə biridir, qalanı danışdığımız kimi malları sizdən təhvil götürəndə verəcəm.
Babur tələsik pulu götürüb cibinə basdı:
-Avadanlıqlar sökülüb, mexaniki hissələrə ayrılıb ki, sərhəddən keçirmək həm asan olsun, həm də nə olduğu anlaşılmasın. Onu da biləsən ki, arada Cəlaləddinin xətri olmasa bu qədər əziyyətə heç girməzdim.
Cibindən CD disk çıxarıb Gecəyə göstərdi:
- Sökülmüş malların yenidən sazlanması və işlədilməsinin təlimat diskidir. Bu disk olmadan aldığınız malların zibildən fərqi yoxdur. Sabah siz pulu verəndə bizimkilər sizə təhvil verəcək.

***

Artıq iki gün idi ki, gecə qaranlıq düşən kimi nəşriyyatdakı hər şeyi yeni ünvana daşıyır, gizlincə yeni qərargaha yerləşmək üçün tələsirdilər. Əsas avadanlıqlar artıq yeni qərargaha yerləşdirilmiş, çap üçün lazımi tədbirlər görülmüşdü. Sabahdan etibarən “Yeni gün” qazeti son dərəcə ehtiyatlı və sürətləndirilmiş çap rejiminə keçəcəkdi. Hosefin tapşırığı ilə Təbriz nəşriyyatı yeni çap avadanlıqları ilə təmin olunana kimi qəzet həm Təbriz, həm də Tehran oxuyucuları üçün çap olunacaqdı.

Gecə tələsik özünü köhnə binaya salıb qapıdan xeyli boş küçəyə boylandı. Qaranlıq zülmət pəncəsini bütün kücənin üzərinə yaymışdı. Ətraf sakit bir nigarançılıq qoxurdu.
Gecə qaranlıq dalğaları yarıb binanın zirzəmisinə endi. Bu qaranlıq və tənhalıq içində, çürük taxta qoxusunun yayıldığı boş zirzəmidə o qədər azad və özü idi ki, saatlarda bu rütubətli havanı ciyərlərinə doldurmağa hazır idi. Amma bunun üçün kifayət qədər vaxt yox idi. Zirzəmidə Hosefin onun üçün ayırdığı kiçik otaqdan kitablarını, əlyazmalarını, gizli tapşırıqlara aid nə vardısa götürüb gün ağarmadan aşina olduğu qaranlığı tərk etməli idi.

Getdiyi hər tapşırıqdan, hər şəhərdən əlində kitablarla dönən Gecə hər vərəqini təkrar-təkrar oxuduğu, qoxusunda məst olduğu kitabları zirzəminin nəmli künclərində bir ayıb və günah kimi saxladığı üçün bu dünyaya o qədər qəzəbli və küskün idi ki. Çünki bir tək bu kitablar əlindəykən hər cümləsində, hər kəliməsində itdiyi həyatların qəhrəmanı ola bilir, bu dünyadan qopan ruhu bir tək bu səhifələrdə rahatlıq tapırdı.
Bu miskin zirzəmidə bir xəzinə kimi qoruduğu kitabları əlindəki çantasına yığdıqca bir yandan da səhər yeni qərargahın həyətində Mədədlə olan söhbət yadına düşdü.
Qızın dizini yerə qoyub tökülən kitab vərəqlərini ehtima ilə yığdığını görən Mədəd sonunda dayana bilməyib dilləndi:

-Sənin bu tozlu kağızlarda nə axtardığını heç anlamıram, Gecə.
-Bu mənim dünyamdır, Mədəd. Kiminsə məni anlamağını gözləmirəm, açıqcası buna ehtiyacım da yoxdur.
- Yenə həmişəki kibirin, inadın... Səninlə danışmaq mümkün deyil, Gecə. Hər kəsi özündən uzaqlaşdırmağı çox yaxşı bacarırsan.
-Axı mən Gecəyəm, soyuq və ayaz mənim ruhumda var, Mədəd.
-Sən getdikcə atama bənzəyirsən, Gecə. Sən də onun kimi insanlara və insanlığa qarşı kin dolub-daşırsan.
-Anlamırsan Mədəd, kin duyduğumuz insanlar deyil, insanlığın gəldiyi vəziyyətdir. Ustadın yolu mənim yolumdur, bilirsən ki, mən o yolda ölməyi belə gözə almışam.
-Mən də elə bunu anlamıram, Gecə. Axı nə üçün? Ətrafına bir bax , bu xaraba binalar, rütubət, çirk qoxan məhzənlər, bu tozlu və mənasız kağızlar... Axı sən bu dünyada nə tapmısan,hə? Səni burda tutan, buna məcbur edən nədir anlamıram.
-Mən bütün çarəsizlər üçün, bütün qadınlar və uşaqlar üçün mücadilə edirəm, Mədəd. Axı sən yaşananları yaxşı bilirsən.
-Sonu olmayan, qazanılması mümkünsüz bir mücadilə - Mədəd hiddətlə bağırdı - sən anlamırsan, bu yolun sonu yoxdur, səni ən sonda atamın vəd etdiyi o işiqlı sabahlar gözləmir. Bu sadəcə atamın özünü və səni inandırdığı çarəsiz bir xülyadan başqa şey deyil. Sən nə istəyirsən axı? Bu qaranlıq, soyuq küçələrin birində sahibsiz it kimi can verməyi?
-Sən çarəsizlik nədir bilmirsən Mədəd. Çünki heç vaxt yaşamamısan. Sən özünsən, istədiyin hər yerdə, hər kəsin içində Mədəd olaraq varsan. Mənə bir bax – hiddətlə üst başını, əynindəki kişi paltarlarını göstərdi - mən varam, amma yoxam. Sən anlamırsan ki, mən bu qaranlıqda özümü tapmaq, özüm olmaq üçün varam. Bu həyatı yaşayan bir çoxuna ümid olmaq üçün varam. Sənin dəyərsiz gördüyün bu yolun sonundakı kiçik bir qığılcım belə mənə bu ümidə sarılmaq üçün kifayətdir.
-Sən buna məcbur deyilsən, Gecə. İstəsən var ola bilərsən – Gecənin hiddətləndiyini görüb indi səs tonunu aşağı sasldı, sanki qızı qılıqlarmışcasına mülayim səslə davam etdi- Mənimlə, mənim yanımda… - Gecənin sərt baxışları qarşısında cümləni tamamlamağa ürək etmədi, illərdir ürəyində yığılmış sözlər yenə düyün-düyün oldu qaldı boğazında – sən hər kəs üçün savaşmaq məcburiyyətində deyilsən- titrəyən səsi xırıldamağa başladı.
- Sən məni anlamırsan, mən başqasından nə umum axı, Mədəd. Anlamırsan ki, mən var olmaq üçün bir kişiyə möhtac olduğum həyatı istəsəydim bu paltarların içində yaşamamış, nəfəs almamış, heç var olmamış birinə çevrilməzdir.
-Gecə, bax hər şey indikindən çox daha yaxşı…
-Artıq səni dinləmək istəmirəm, Mədəd! – Gecə Mədədin sözünün ağzında qoyub əlindəki cırıq-sökük kitabı sinəsinə sıxdı - bizim həyata baxışımız həmişə fərqli idi, indi daha yaxşı anlayıram ki, yolumuz da fərqlidir. Sən atana qarşı gələ bilmədiyin üçün ustadın yanındasan, mən isə dünyaya qarşı gəlmək üçün onun yolundan irəliləyirəm.
-Gecə… yenə tərslik…
-O biri məsələni – utanıb başını yerə əydi, cümləni tamamlamağa həya edib güc-bəla dilləndi - birdə açma bu söhbəti. Mənə qadın olduğumu unutduran bu dünyada heç bir kişiyə yar olmaq fikrim yoxdur!
İti addımlarla həyəti tərk edib, karton qutu sexinin dəzgahları arasında gözdən itdi. Mədəd gözəlliyinə aşiq olub, inadına, tərsliyinə nifrət etdiyi, atasına sədaqətini isə dəli kimi qısqandığı Gecənin arxasınca uzun-uzadı baxa qaldı.

***

İkisi də Hosefin qanadları altında böyüsə də Gecə Mədədlə aralarına həmişə məsafə qoymuş, Mədədin bütün çabalarına baxmayaraq oğlanı birmənalı şəkildə özünə yaxın buraxmamışdı. Mədəd isə elə ilk qarşılaşmalarında Gecəyə tutulmuş, bu narazı baxışlı, soyuq bənizli qız heç özü də bilmədən onun ürəyində yer eləmişdi.

Mədəd hər nə qədər Hosefin istəyi və təkidi ilə bu işlərin içində olsa da əslində atasının savaşı onu çox da cəlb eləmirdi. O gözünü bu savaşın icinə açmış, özünü bildim-biləli atasının yedəyində bu çətin qaçaq və səfil həyata məcbur olmuşdu. Həyat ona seçim şansı verməmişdi, o Hosefin oğlu idi və onun yolunda, onun yanında addımlamalı idi. Amma Gecənin bu yolu, bu qaçdı-qovdu həyatı sevərək qəbul etməsi, bu yol uğruna həyatını, canını qoyması onu çox təəccübləndirirdi.

Mədəd bütün bu illəri qızın bir kəliməsinə möhtac halda gözlərinin içinə baxmış, bəlkə bir gün o bu yoldan əl çəkər ümüdi ilə gözləmişdi.
İndi istədiyi sadəcə bir şey idi. Gecə o tapşırığa getməməli idi. Onu necəsə razı salmalı, Əfqanıstan tapşırığına Gecənin yerinə bir başqasını göndərməli idi. Amma Gecənin inadını, Hosefin də Gecəyə etimadını yaxşı bilirdi.

***

Qəfil arxasında eşitdiyi səsdən diksinib geri çevrildi. Otağın qapısında Mədədi görüb əli ilə qaranlıqda başından çıxardığı papağını axtardı. Köhnə rəfdə əlinə ilişən tozlu yaylığı götürüb tələsik saçlarını ötrməyə çalışdı. Bu saatda qərargahda kiminsə olmağını gözləmirdi.
-Qorxutdun məni, Mədəd... burada olduğunu bilmirdim.
Mədəd qapıya söykənib gülümsədi.
-Nə? Ölümə belə meydan oxuyan, rejimə qan udduran Gecə məndən qorxdu yəni?
-Qorxu yaxşı şeydir Mədəd, insanı diri tutur.
-Sən danışanda bəzən atam danışır sanıram. Hər sözün, hər kəlimən sanki onun təxəyyülünün məhsuludur.
- Unudursan ki, mən özüm onun təxəyyülünün məhsuluyam – kinayə ilə Mədədi süzdü.
-Sən buna məcbur deyilsən.
-Bu məcburiyyət deyil, seçimdir. Bu mənim seçimimdir.
-Anlamırsan Gecə... həyat bundan ibarət deyil. Başqa seçimlər də var.
-Mədəd, başlama yenə.
-Axı nə üçün,Gecə.. Niyə anlamırsan? Bütün bu illər mən çox çalışdım...amma sənin qəlbində özümə yer edə bilmədim. Sən isə səbəbini özüm də anlamadan ürəyimin ən dərin yerlərində...
-Sus, Mədəd! Duymaq istəmirəm bunları!
-Susmayacam, Gecə! Artıq susmayacam! İstəmirəm! Mən susmayacam və sən məni dinləyəcəksən!
-Mən buna məcbur deyiləm - hirslə otaqdan çıxmaq istədi.
Mədəd kiçik otağın dəmir qapısını örtüb düz qapının qarşısında dayandı, enli kürəyi ilə yolu kəsib qızı qolundan tutub özünə doğru çəkdi. Gecənin yaylığı saclarından sürüşüb yerə düşdü, qara buruq saçları üzünə səpələndi.
-Saçlarının qoxusu ağlımı başımdan alır, Gecə...
-Mədəd, burax qolumu, burax deyirəm sənə! - oğlanı itələyib özündən uzaqlaşdırdı.
Amma Mədəd həsrətində olduğu o qoxunu almışdı, artıq dayanmaq fikri yox idi. Gecə gözləri parıldayan Mədədi hələ belə görməmişdi.
-Mədəd, aç qapını, dəlilik eləmə.
-Artıq çox gecdir,Gecə. Anlamırsan, artıq neçənci dəfədir parçalayırsan bu qəlbimi.
-Mədəd, ustad məni gözləyir, getməliyəm, aç qapını - Gecə hiddətlə qışqırmağa başladı.
-Bu saatda artıq heç kim gəlməz buraya sən də yaxşı bilirsən. Burda ikimizdən başqa heç kim yoxdur bu gecə.

Mədəd qıza yaxınlaşdıqca Gecə qeyri –iradi otağın küncünə sıxılırdı. Elə bu anda qərargahın həyətindən polis maşınlarının səsi eşidildi. Bir neçə maşın dalbadal həyətə daxil oldu. Polislər həyətə tökülüşdülər.
İndi Gecə və Mədədin olduğu zirzəmi otağının yuxarısındakı çirkli, kiçik pəncərədən həyətdə gəzişən polislərin ayaqları görünürdü. Gecə və Mədəd nəfəs almadan sakitcə dayanmışdılar. Deyəsən kimsə qərargahı ifşa eləmişdi, bəlkə də kimisə təqib etmişdilər. Polislər qərargahın gizlədildiyi binanın ətrafında dolaşır, bağlı qapının kənarında işiq salıb içəriyə boylanırdılar.

Gecə fürsətdən istifadə edib sakitcə otaqdan sıyrılıb çıxmağa cəhd etdi. Mədəd cəld qızın belindən yapışdı, bədənini qızın bədəninə yapışdırıb divara sıxdı. Gecə qışqırmamaq üçün əli ilə öz ağzını tutdu.
Qızın etdiyi bu qeyri-iradi hərəkət qarşısında Mədədin gözləri parıldadı. Nəhayət ki, o Gecənin uğruna öləcək olduğu məqsədləri əlində tutduğunu his etdi. Bir anda oğlanın ağlı qarışdı, qollarında his etdiyi arzusunda olduğu, hər dəfəsində onu rəd edən qadın idi. Heç düşünmədən qızın dodaqlarına yapışdı.

Gecə çabalayıb Mədədi bir təhər özündən uzaqlaşdırdı. Amma Mədədin artıq durmaq fikri yox idi. O dodaqların dadını, o saçların qoxusunu almışdı bir dəfə, geri addım atmaq onun üçün asan deyildi. Həsrətində olduğu gecəni bu gün yaşamaqda qərarlı idi. Gecə qorxu ilə ətrafa göz gəzdirdi. Vəziyyət başqa olsaydı indi burda Mədədin cəzasını kəsmək elə də çətin olmazdı Gecə üçün. Amma binanın həyətində əli silahlı polislər, rejim tərəfdaşları varkən Gecənin əli-qolu kimi dili də bağlanmışdı. Artıq hər hansı bir hərəkət, bir kiçik səs bütün fədailəri təhlükəyə atmaq demək idi. Kiçik bir səs belə təşkialtı ifşa edə bilərdi.
Amma bir tərəfdə də gözü dönmüş Mədəd dayanırdı. Gecə anlayırdı ki, Mədədin içindəki həsrət artıq sərhədlərini aşıb. Amma Gecənin də təslim olmaq fikri yox idi. Əlini atıb kiçik, köhnə rəfdəki qayçını əlinə keçirdi. Əvvəl qayçını Mədədə doğru dikəltdi, özünü müdafiə üçün hazırlaşdı. Amma Mədədin canı şirin idi, o fədailər üçün özünü qurban verəcəkdimi? Tez fikrindən vaz keçib, qayçını özünün sinəsinə dirədi.
Mədəd üçün artıq geri dönüş yox idi. O illərdir Gecənin gözlərində ümid axtarmış, bir işıq gözləmişdi. Amma indi qızı tanıdığı ilk gündən bu yana ilk dəfə idi ki, kibirdən və özgüvəndən başqa yeni bir şey görürdü o gözlərdə. Qorxu... O qorxunu qızın gözlərinə salan özünün olmadığını əlbəttə bilirdi. Gecəni qorxudan Hosefin ona olan inamını, etiqadını sarsma, atasını satma, fədailəri çıxılmaz bir yola sürükləmə qorxusu idi. Amma Mədəd üçün artıq bunların heç bir önəmi qalmamışdı. Savaşda hər şey mübahdır, o istədiyini almağa ilk dəfə bu qədər yaxın idi.

Addım-addım irəliləyib qızla burun-buruna dayandı. İndi onun irəli atdığı hər hərəkətdə ikisinin arasında qalan qayçı Gecənin ətinə batır, Gecə isə damlayan hər damla qanında Mədədi boğmağı arzulayırdı.
Qayçını çəkib qızın əlindən aldı, indi ikisinin arasında sakit bir əlbəyaxa döyüş gedirdi. Gecə bir gözü pəncərənin qırıq şüşəsindən bayıra boylanır, bir an öncə polislər həyəti tərk etsin deyə dualar edirdi.
Mədəd qızı bərk-bərk özünə sıxıb qızın nifrət və qəzəb damlayan dodaqlarına sarıldı.

Mədədin nəfəsi Gecənin bütün ruhunda idi, onun qəzəbində illərin həsrəti var idi. Gecə isə daş kəsilmişdi. Səsi çıxsa hər şey bitəcəkdi. Artıq gecənin sonu idi.
Mədəd istədiyinə nail olub zövqdən buludlarda gəzərkən, Gecə parçalanmış mənliyinə sarılıb gözü həyətdən zirzəmiyə yayılan qırmızı-mavi polis işıqlarında saniyələr, dəqiqələr tez keçsin deyə yalvarırdı. O bu gecə illərdir ilmik-ilmik hörülən planlar, əziyyətlər hədər getməsin, fədailər təhlükəyə düşməsin deyə özünü fəda etmişdi. Bütün ruhu var gücü ilə qışqırıb fəryad edərkən o sadəcə iki əli ilə ağzını möhkəm-möhkəm qapadıb səs çıxarmadan, polislər həyəti tərk edənə kimi Mədədin istədiyinə nail olmasına icazə vermişdi. Qüruru və mənliyi sınıb ayaqlar altına tökülərkən o daş kəsilmiş, rejim ilə fədailər arasında sağlam bir divar kimi hər kəsi qoruyurdu.

Həyətdə təkrar maşın səsləri eşidildi və pəncərədən zirzəmiyə düşən işıqlar yavaş-yavaş zəifləyib yox oldu. Gecə həmin an dəli bir qiyyə çəkib Mədədi üstündən kənara atdı. Zirzəminin küncündən tapıb bayaqdan əlində hazır saxladığı daşla Mədədin başına zərbə endirdi. Mədəd inildəyib tappıltı ilə yerə sərildi.
Elə bu an zirzəminin dəmir qapısı cırrıltı ilə açıldı, bayaqdan küçənin başında dayanıb uzaqdan polislərin getməsini gözləyən Hosef zirzəmiyə daxil oldu.
Yerdə huşsuz uzanmış yarıçılpaq Mədədi, pişik balası kimi zirzəminin küncünə sığınmış, zarıyan Gecəni görən Hosefin əli-ayağı əsdi, yer göy başına fırlandı qocanın.


***

Kəndin toz basmış küçələri ilə ağır-ağır irəliləyirdi. Çiyinlərində böyük bir yük varmışcasına sanki bədəni yeriyir, ruhunu da arxasıyca sürüyürdü.
Təbrizdən kəndə qayıdıb burada məktəb tədris edəli artıq iki il olurdu. Təəssüf ki, onun bu çabası kəntdə xoş qarşılanmamış, qızlara təhsil vermək istəyini öyrənəndən sonra bütün kənd gənc Hosefə düşmən kəsilmişdi.
Gözü kor, vicdanı lal olmuş insanlara özünü heç cürə anlada bilməyən Hosef artıq təslim olmağın astanasına gəlmişdi. Kəndə qayıdanda min arzu-istəklə xəyallar quran Hosef dəyişimə, inkişafa elə öz kəndlərindən başlaya biləcəyinə inanmaq istəmişdi. Amma bu iki ildə onun bütün xəyalları suya düşmüş, bütün israrlı çabaları aşılması mümkün olmayan divarlara dəyib parça-parça olmuşdu.

Sonuncu dəfə kənd caamatı evinə hücum edib, qapı-pəncərəni daş-qalaq etdikdən sonra həyat yoldaşı Samirənin də təkidi ilə Hosef məğlubiyyəti qəbul edib geriyə, Təbrizə qayıtmaq fikrində idi.
İndi kəndin köhnə məhlələrindən keçdikcə ayağına dəyən hər daşın puç olmuş xəyallarını deşib keçdiyini his edirdi. Və hər addımda bir xəyalı, bir ümüdi ilə vidalaşırdı sanki.
Həyətlərinə elə yenicə ayaq basmışdı ki, təəccüblə hasardan onların həyətinə boylanan qonşu qadınların arasında pıçhapıç düşdü. Sonra qurbağa gölünə atılan daş sonrası sakitlik kimi ətrafa sakitlik çökdü. Qonşu qadınlar könülsüz də olsalar yaxınlaşan kişidən həya edib çəpərdən uzaqlaşdılar.

Evlərinə son hücumdan sonra Hosef tikan üstündə idi. Nəsə pis bir şey baş vermişdi, anlamaq elə də çətin deyildi. Hövlanq özünü həyətdən evə salmağa tələsdi. Qapının girişində onu anası qarşıladı. Arvada bıçaq vursan qanı çıxmazdı. Hosefin qolundan yapışıb həyətə çıxardı. Sanki kənardan kimsə onu eşidəcəkmiş kimi ehtiyatla və sakit səslə pıçıldamağa başladı:
-Sənə neçə dəfə dedim, bu dövlətlə dövlətçilik eləmə. Ağa deyir sür dərəyə, sən də sür dərəyə. Millətin günü, güzəranı niyə sənə dərd olub axı?
-Nə olub, ana, bir de görək...
-Namussuzlar yenə evə hücum ediblər.
-Kim, kim edib?
-Əşşi nə fərqi var kim...- arvad başladı için-için ağlamağa.
-Ana, fikir eləmə. Bu birinci dəfə deyil ki.
Arvad başını yelləyib, daha möhkəm hönkürməyə başladı. Sanki Hosefin üzünə baxa bilməyən, yerə zillənmiş çarəsiz gözləri bir şeylər deməyə çalışırdı. Amma sözlər arvadın boğazında düyümlənir, tikanli məftil kimi ilişib qalırdı.
-Mədəd yaman qorxub, uşağın az qala bağrı yarıla...
-İndi mən onu sakitləşdirərəm. Bəs Samirə? Yəqin indi o da qəzəblidir mənə- Hosef qapıdan içəri boylandı.
Ətraf qarışıq və dağınıq görünürdü. Arxa otaqdan hıçqırıq səsi gəlirdi. Amma bu Mədədin səsi deyildi. Hosefin dalağı sancdı, indi başa düşdü ki, bu hücum keçən dəfəki hücumdan deyil.
Anası içəri girmək istəyən Hosefi qolundan tutub saxladı, başını elə yerdən qaldırmadan:
-Namussuz köpək uşağı qızı yaman hala qoyublar... Hamilə qadına necə...- sözünün arxasını gətirə bilmədi.
Yer-göy Hosefin başına fırlandı. Ruhunda bir şeylər böyük bir çatırtı ilə sınıb ayaqlarının altına töküldü. Amma bu dəfə sınan parçalanan onun xəyallarından, arzularından fərqli bir şey idi. Daha dərin, daha anlamlı bir şey...
İçəri girməyə ürək eləmədi, ayaqları əsə-əsə özünü bir təhər həyətdəki stula çatdırdı. Elə bu vaxt həyət qapısından atası, yanında həkimlə həyətə daxil oldu. Atası heç nə demədən qəzəbli baxışlarla Hosefi süzüb lal baxışları ilə sanki “Bu nə iş idi başımıza gətirdin?” dedi.

Sonra xəbəri eşidən bir neçə qonşu arvad pıçıldaşa-pıçıldaşa həyətdən evə daxil oldu. Daha sonra nə baş verdiyini, kimin nə dediyini, nə etdiyini Hosef xatırlamadı. Sanki o bir neçı saat onun yaddaşından silinmişdi, ya da Hosef silinsin, daha doğrusu heç yaşanmamış olsun istəyirdi.
Xatırladığı sadəcə anasının ona yaxınlaşıb kövrək və zəif səslə Samirənin bətnindəki uşağın artıq yaşamadığını, uşağın ananın bətnindən çıxarılması üçün sabah xəsdəxanaya aparılması gərəkdiyini söyləməsi idi. Sonra anası körpə Mədədi yatızdırıb, biçarə öz evlərinə yollandı. Hosef bağrına köz kimi yapışmış acı ilə həyətdə təkbaşına qaldı.

Səhərə kimi gözünə yuxu getmədi. Amma addım atıb qapıdan evin içinə keçə bilmədi. Dəfələrlə qapının astanasından boylandı. Samirənin ağlama səsini eşidib səhərə kimi başına-gözünə döydü. Amma irəli durub Samirəyə yaxınlaşa bilmədi.
Hosef qapının astansında diz çöküb yaşananlara ağlayarkən həyatının sonuna kimi bu qapıdan içəri girmədiyinə, sevdiyi qadının gözlərinə baxıb “Sənin günahın yoxdur, hamısı mənə görə oldu” deyə bilmədiyinə və ən əsası Samirənin yaralanmış, parçalanmış ruhuna məlhəm olmadığı üçün hər gecə vicdan əzabı çəkəcəyini, hər gecə bu acı ilə ölüb, səhərləri təkrar yaşamağa məhkum olacağını bilə bilməzdi.
Səhərə yaxın həyətdə oturduğu stulda yuxuya gedən Hosef Mədədin ağlama səsi ilə gözlərini açdı. Uşaq durmadan ağlayır, narazılıqla zarıyırdı. Qapının kənarında dayanıb bir müddət Samirənin ayılıb uşağı sakitləşdirməsini gözlədi. Axırda naəlac böyük tərəddüdlə də olsa dəhlizdən keçib yataq otağına yaxınlaşdı.

Samirənin bədəni çarpayıdan döşəməyə sallanmışdı. Ağzından köpüklər çıxırdı. Mədəd Samirənin açıq qalmış yaxasından bayıra çıxan döşünü dodaqlarının arasında salıb var gücü ilə əmir, süd gəlmir deyə ağlayıb üsyan edirdi. Gördüyü mənzərə qarşısında qanı çəkilən Hosef acı həqiqətlərlə üz-üzə qalmışdı. Və artıq çox yaxşı bilirdi ki, bundan sonra ana südünə, ana qoxusuna doymayan iki yaşlı Mədəd onun vicdan yüküdür.
Samirənin tarla böcəkləri üçün olan dərman içib intihar etməsindən bir həftə sonra Hosef Mədədi də yanına alıb kəndi birdə dönməmək üzərə tərk etdi. Bir zamanlar min bir ümidlə gəldiyi bu kəntdən dönərkən ürəyində ağır bir nisgil, dözülməz vicdan sızısı və əllərində puç olmuş həyatlardan başqa bir şey yox idi.

***

İndi bu yaşananlardan tam iyirmi beş il keçirdi. Acı həqiqət o idi ki, onun bir zamanlar anasının ölüm qoxan döşlərindən süd əmən iki yaşlı Mədədi başqa bir qadının mənliyinə toxunmuş, başqa bir qadının ruhunu parçalamışdı. Həm də Gecənin... Hosefin Gecəsinin...Bu həyatda heç kimə inanmayan, güvənməyən, bir tək ona etibar edən Gesəninin. Divardan, daşdan başqa heçnəyə kürəyini dönməyən, bir tək ona yaslanan Gecəsinin...
İndi bu tənha, insanlardan uzaq meşədə əli-qolu, ağzı bağlı halda gözləri ilə ona yalvaran, peşimanam deyə səssizcə göz yaşları axıdan necə onun iki yaşlı Mədədi ola bilərdi axı. Hosef ona zillənən, o yalvaran baxışlara baxır, amma orada artıq oğlu Mədədi görmürdü. Bunlar bir zamanlar sevdiyi qadını ondan alan, indi də Gecəsini almağa gələn amansız düşməndən başqası ola bilməzdi. Onun Mədədi artıq ölmüşdü. Onun illərlə içində cücərtdiyi, böyütdüyü ümidləri də özü ilə aparmışdı.

Hava aydınlanmağa başlayırdı. Bir gecə daha beləcə bitirdi. Günəş öz şüaları ilə onun ayıblarını, günahlarını aydınlatmazdan əvvəl yaşananların üzərinə öz sehirli, zülmət pərdəsini çəkirdi.
Şəhərdən lap kənarda yerləşən meşədən ətrafa iki dəfə atəş səsi yüksəldi.

Meşədən ayrılıb şəhərə enən yolda sürət ilə uzaqlaşan maşında Hosef əli ilə sancan ürəyini ovuşdurdu. Ürəyi döyünürdü. O ölməmişdi, yaşayırdı. Amma artıq nəfəs almadığına and içə bilərdi.

***

Gözünü açanda ağır-ağır ətrafa boylandı. Rütubət və dərman qoxan qaranlıq otağın Rüstəm kişinin məhzəni olduğunu o dəqiqə anladı. Rejim tərəfdarları ilə qarşıdurmalarda, silahlı atışmalarda yaralananları dəfələrlə bu məhzənə gizli-gizli daşımış, sağalana kimi qapısında keşik çəkmişdilər. İndi isə hər küncü qanla yoğrulmuş, yüzlərlə vətən igidinin son nəfəsini eşitmiş bu otaq onun ağrısına şahid idi.
Yaraları sarılmış, təmizlənmişdi. Amma qəlbinin başına qamlayan qanın tamı dodaqlarında idi. Ətrafa göz gəzdirdi. Çarpayının baş tərəfində qoyulmuş stulda bir dəst paltar qoyulmuşdu.

Hər tərəfi sızıldayan ruhunu arxasıyca sürüyüb bir təhər çarpayıdan dikəldi. Stulda onun üçün qoyulmuş paltarlara təkrar nəzər saldı. Ona hazır edilmiş qadın paltarları sızlayan ruhunu əzib keçdi, acı-acı gülümsəyib paltarları geri itələdi. Gözü Rüstəm həkimin divara vurulmuş mıxdan asılı gödəkcəsinə sataşdı. Tələsik gödəkcəni əyninə keçirib, saçlarını papağın altında gizlətdi. Məhzəndən çıxıb gecənin qaranlığında kölgə kimi sakitcə küçəyə süzüldü.
İndi onun ayaqlar altına alınmış mənliyi ilə baş-başa qalmağa ehtiyacı var idi. Kiməsə görünməyin, kiminləsə danışmğın ruhunda yer edən yaraları daha da qanadacağını yaxşı bilirdi. Hazırda tək istəyi gecənin qaranlığında gözdən itmək, yox olub qaranlığa qarışmaq, bəlkə də elə qaranlığın özü olmaq idi.

Ayaqları ruhunun tərk etdiyi bədənini evin həyətinə gətirib çıxardı. İçəri keçmədən elə qapıdan otağa boylandı. Körpə Həcər Nigar nənəsinin qoynunda şirin yuxuya getmişdi. Biraz uşağı seyr edib evin yuxarısına – çardağa çıxan pilləkəndə oturdu. Nə his edəcəyini, nə düşünəcəyini belə bilmirdi. Çoxdandır ürəyində belə sıxıntı, belə boşluq yox idi. Daha doğrusu kəndi tərk edəndən bəri... O Həcəri də götürüb özünə yeni həyat yolu seçəndən ürəyindəki boşluqlar elə bil birdən-birə dolmuş, Gecə yaşamaq üçün, davam etmək üçün yeni yollar,məqsədlər tapmışdı özünə. Onun ürəyinə tanımadığı ümidlər, sevinclər kök salmışdı. Bir yandan Hosefin onları yerləşdirdiyi ailədə, Nigar nənə və Abbas babayla birlikdə Həcəri böyüdür, onun böyüdüyünü gördüyü hər an ürəyindəki ümidlər də elə bil uşaqla bərabər böyüyür, Gecənin qəlbində aşıb-daşırdı. Bir yandan da o, Hosefin sadiq fədaisi olaraq onun yürüdüyü yolda ən vəfalı yol yoldaşı olmağı bacarmışdı. Hosef ona yaşamaq, mücadilə etmək üçün bir səbəb vermişdi və Gecə Hosefin yolu ilə irəliləyərkən özünü lazımlı, vaz keçilməz və əvəzolunmaz bir tələbə kimi hesab edirdi.

İndi isə bu yaşananlar onun içində böyütdüyü bütün ümidləri parçalamışdı. O bu həyatı, bu mücadiləni Həcər kimi yüzlərlə, minlərlə uşaq onun kimi kişi paltarı geymədən, kimliyini, varlığını gizlətmədən bu həyatda, bu cəmiyyətdə var olsun deyə davam etdirərkən yaşadıqlarından sonra işıqlı bir gələcəyə, sabaha artıq necə ümid edə bilərdi . Hosef ona yeni bir həyat çizərkən onu belə bir sabahın varlığına inandırmışdı. Amma indi Gecə o qaranlıqda çıraqsız qaldığını, hətta qaranlıqda sovrulub itdiyini his edirdi. Ürəyinə oranı əsla tərk etməyəcək böyük bir boşluğun gəlib yerləşdiyini bütün varlığı ilə dərk edirdi.

Ayaqlarını sürüyüb bir təhər çardağa qalxdı. Otağına keçib qapını arxadan bağladı. Elə qapının arxasında dizləri üstə çöküb heç kim duymasın deyə əlləri ilə ağzını qapadıb hönkürməyə başladı.
Ağlaya-ağlaya nə vaxt yuxuya getdiyini özü də bilmədi. Həyətdən eşitdiyi taqqıltı səsinə gözlərini açdı. Ağrıyan belini güclə dikəldib çardağın kiçik pəncərəsindən həyətə boylandı. Həyətdə yığılmış taxıl kisələrinin yanından darvazaya tərəf gedən kölgə onu təşvişə saldı. Tələsik döşəmədəki taxtanın altına gizlətdiyi silahı çıxarıb özünü həyətə saldı. Darvazaya tərəf qaçdı. Həyət sakit idi, heç kim gözə dəymirdi. Darvazadan küçəyə boylandı, iki- üç ev irəlidə məhlənin başından tini dönüb gedən Hosefi elə kölgəsindən tanıdı Gecə.
Qayıdıb başını Həcər yatan otağa saldı. Hamı şirin yuxusunda idi. Ağır addımlarla pilləkəni qalxıb çardağın qapısına çatanda qapının kənarına asılmış qanlı köynəyi görəndə hər şey Gecəyə aydın oldu.


***

İki –üç gün çardaqdan aşağıya enmədi, heç yemək üçün də otaqdan çıxmadı. Birlikdə keçirdikləri bu illər ərzində onu tanıyan Nigar arvadla Abbas kişi xoşagəlməz bir şeylərin baş verdiyini anlasalar da Gecəyə dəyib-dolaşmırdılar.
Artıq tapşırıq gününə saatlar qalmışdı. Hələ iki həftə əvvəl qərar verildiyi kimi Gecə Rəsulla birlikdə Təbrizdə yandırılan çap maşınlarının əvəzinə Çindən Əfqanıstana, oradan da İrana gizli yollarla keçirilməli olan maşınları sağ-salamat Tehrana çatdırmalı idi. Bütün plan hər kiçik detayına kimi fikirləşilmiş, addım-addım hörülmüşdü.

Keçən bu günlər ərzində Hosef bir dəfə olsun zəng etməmiş, nə Gecə haqqında , nə plan barəsində bir kəlimə belə kəsməmişdi.
Mədədin artıq atasının işlərindən əl üzüb Tehrana yerləşdiyini söyləyən Hosef Süleyman, Rəsul Gecənin nəşriyyata nə üçün gəlmir suallarına hər dəfə bir bəhanə uydurur, təhlükəsizlik səbəbindən yəqin ki, tapşırığın təxirə salınacağını söyləyirdi.
Gecə ilə qarşılaşmağa cəsarəti olmasa da hər gecə Abbas kişinin evinin önündə keşik çəkir, beləcə sanki Gecənin ağrı-acısına ortaq olurmuş kimi özünə təsəlli verirdi.
Gecə saat 4 olardı. Gecə çardağın pəncərəsindən boylananda darvazadan küçəyə uzanan kölgəni gördü. Hosef yenə orada idi.
Əslində qanlı köynəyi gördükdən sonra qocaya ürəyi yanırdı. Yaşananlarda əsla onu günahlandırmayan Gecə yenə də Hoseflə üzləşmək istəmirdi.

O anlayırdi ki, ürəyini əsir etmiş o ağrını ya qəlbinin dərinliklərinə gömüb yoluna davam etməli, o acı ilə yaşamağı öyrənməlidir, ya da o ağrı nəinki onu hətta ətrafındakı hər şeyi hər kəsi yox edəcək.
Hosefi qırmaq, incitmək istəmirdi. Amma onunla üzləşmək də çox ağır, çox da utancverici gəlirdi ona. “Onun günahı yoxdur, o bu imtahanda öz qurbanını verdi. İndi növbə mənimdir” – deyə düşündü.
Həyətdə ağacdan asılmış əl-üz yuyana yaxınlaşdı. Kənarları sınmış, köhnə güzgüdə özünə baxdı. Əllərini uzun qara saçlarında gəzdirdi. Mədədin səsi qulaqlarında əks-səda verdi: ”Saçlarının qoxusu ağlımı başımdan alır, Gecə”. Gözlərindən yaş gilələndi yanaqlarına. Əl-üz yuyanın kənarına qoyulmuş Abbas kişinin təraş alətlərinə gözü sataşdı. Ülgücü götürüb ehmalca saçlarına çəkdi. Hər saç teli başından ayrılıb ayaqlarının yanına tökülərkən içindəki nifrəti, zəhəri də artırdı sanki.

Onun təslim olmaq fikri yox idi. Artıq tutduğu yolda irəliləmək üçün daha keçərli səbəbləri var idi. Axı o bu yolu seçərkən ölməyi də gözə almışdı. İndi onu öldürdülər deyə təslim olmaq nə üçün. Qaldığı yerdən daha güclü davam etməyin vaxtıdır. Əlbəttə qələbə üçün qurbanlar da verilməlidir.

Keçəl, tüksüz başı köhnə güzgüdə parıldayırdı. İndi artıq gözlərində yaş yox idi. Onun gözləri sadəcə intiqam atəşi ilə yanırdı. Yenə qulaqlarına Mədədin səsi gəldi: ”Bütün gözəlliyini bu kişi paltarlarının içində yox edirsən”. Qəzəblə aynadakı əksinə baxdı. Heç düşünmədən ülgücü yaxınlaşdırıb sol gözünün altından dodaqlarına kimi çapıq açdı. Ülgücün yanağında açdığı yara sızıldamağa, köynəyinin yaxasına qan damlamağa başladı. Amma Gecənin ürəyindən ruhuna damlayan qan bütün fiziki ağrıları, acıları unutdurmuşdu ona.

Gün ağarmağa yaxın kəsib yerə tökdüyü saçlarını Mədədin qanlı köynəyinə büküb həyətin ortasında od vurub yandırdı. Keçib içəri otaqda yatan Həcəri öpdü, qoxladı. Sanki onu uzun müddət görə bilməyəcəyini his etmişdi. Həyətdə onu yola salmaq üçün əlində su nimçəsi ilə gözləyən Abbas kişi ilə sağollaşmadan öncə əlində büzüşdürdüyü pulu sakitcə kişinin cibinə basışdırdı. Gözucu evi süzüb, Abbas kişinin əllərini öpdü. Qaranlıqda tini burulub küçədə gözdən itdi. Abbas kişi nimçədəki suyu qızın arxasınca qaranlığa səpib uzun müddət boş küçəni seyr etdi. O bu gedişin əvvəlki gedişlərdən fərqli olduğunu anlayırdı.


***

Hosef karton qutu sexinin həyətində oturub fikrə getmişdi. Bütün bu olanlar yaşlı qartala çox ağır gəlirdi. Ürəyi tez-tez sancırdı. Ovcu ilə sancan ürəyini ovuşdurub ”İndi yox... hələ yox...İndi zamanı deyil” – deyə pıçıldayırdı. Sanki yorğun düşən ürəyini dilə tutmağa çalışırdı.

Tapşırığın planlanmış vaxtından üç gün keçirdi. Hələ də Gecədən bir xəbər yox idi. Hosef hər nə qədər ürəyinə pis fikirlər gətirmək istəməsə də narahatlıq içində idi. O tapşırığı təxirə salmağı düşündüyü bir vaxtda Gecənin ona tək kəlimə etmədən Rəsulla birlikdə tapşırığa yollanması qocanı yaman sarsmışdı. Süleymanın dedikləri hələ də qulaqlarında idi: ”Saçlarını oğlan kimi kəsib, üzü-gözü yara içində”
O gecəni Rüstəm kişinin gizli xəstəxanasına aparanda üzündə çapıq olmadığına əmin idi. “Gör bədəninə belə fiziki yaralar qoyubsa, indi onun ruhu nə haldadır” – deyə düşündü. Yenə Samirənin başına gələnlər yadına düşdü, vicdanının susmayan o səsi yenə dilə gəldi. “O vaxt Samirəyə yaxın durmadığım kimi indi də qıza dərman olmadım. Nə gözündən axan yaşı silə bildim, nə də yaslanıb ağlaması üçün bir çiyin olmadım elə ikisi üçün də”. Bütün yaşananlardan çox peşiman idi. Həm Samirənin başına gələnlərdə, həm də Gecənin yaşadıqlarında özünü günahkar sayırdı. Samirə ona görə ölmüşdü, Gecə də onun oğlundan səbəb ölümün astanasına gəlmişdi. Ölməsə də yaşadığını da demək olmazdı. Onun oğluna görə...Mədədə görə... Mədəd... Axx Mədəd... İndi ürəyi lap pis sancmağa başladı.

Bir iki gün əvvəl axır ki, özündə güc tapıb onun sexdəki otağını toparlarkən şkafın lap arxasında, taxta ilə divar arasına sıxışdırılmış bir xeyli kağız-kuğuz diqqətini çəkmişdi. Kağızlara baxanda kişi çaşıb qaldı. Təbrizdəki nəşriyyatın yeri, yerləşmə planı, orda işləyənlərin adı, şəkli – hər şeyi var idi. Orada hələ Gecənin getdiyi tapşırığın məlumatlarını , hansı gün harada olacağını, hansı gün sərhəddi keçəcəyi yazılan kağızları görəndə Hosef bir daha xəyanət bıçağının zərbəsini kürəyində his etmişdi.
Elə bu səbəbdən idi ki, artıq günlərdir Süleyman bir dəstə etibar etdiyi fədailərlə sərhəddə pusuya yatmışdı. Hosef Gecənin planından, onun sərhəddi gizli keçmə məqsədindən xəbərdar olan rejimin əli-qolu bağlı dayanmayacağını yaxşı bilirdi. İndi onun üçün önəmli olan tək şey Gecənin o sərhəddən sağ-salamat keçməsi idi. Hətta Sülymana verdiyi tapşırıqda da dönə-dönə “Avadanlıq filan önəmli deyil, içimizdəki xainlər bizi satıb. Gecənin bütün planından xəbərdardırlar. Vəzifəniz Gecəni və Rəsulu sağ-salamat geri gətirməkdir” – deyə tənbehləmişdi.

Gecənin planlanmış gündə gəlməməsi bir az da olsa Hosefi sevindirirdi. Beləcə onları gözləyən xain plandan özü də xəbəri olmadan yan keçmişdi Gecə. Amma bu qədər gün gecikməsi özlüyündə xeyirə əlamət deyildi. Gecə dəqiq biri idi. Plan qurmadan yüz dəfə əyirib, bir toxuyanlardan idi. Hələ indiyə kimi belə gecikdiyi olmamışdı.
Şər qarışır, yavaş-yavaş havaya qaranlıq çökürdü. Hosef nigaran baxışlarını yoldan üzüb nəşriyyata enməyə hazırlaşırdı ki, qəfil həyətin darvazası cırıltı ilə açıldı.Süleyman sol ayağını sürüyə-sürüyə tənginəfəs halda özünü sexin həyətinə saldı. Bir anlıq dayanıb küçəyə boylandı, izlənilmədiyinə əmin olandan sonra ağır addımlarla sexin binasına daxil oldu.

Hosef onun solğun, toz içindəki simasını görəndə təşvişə düşdü. Sonra tələsik Süleymanın arxasınca özünü içəri saldı. Sexin içindəkilər isə vəziyyətin ciddi olduğunu anlayıb dərhal həyətə dağıldılar, keşik çəkməyə başladılar.
Hosef özünü yaralı Süleymanın üstünə saldı.
-Süleyman, necəsən, bala?
-Yaxşıyam, ustad... –Süleyman nəfəsini düzəltməyə çalışdı- Narahat olma, maşınlar bizdədir. Avadanlıqlar salamatdır.
Hosef tələsik həyətdə keşik çəkənlərdən birini səslədi:
-Sirac, tez Rüstəmə xəbər sal, gəlsin yaraya baxsın.
Sonra nigaran baxışları Süleymana zilləndi:
-Bəs bizimkilərə nə oldu? Uşaqlar necədir?
-Uşaqlar maşınları razılaşdırdığımız yerdə gizləmək üçün qaldılar. Mən onları ləngitməmək üçün getmədim – başı ilə ayağındakı yarasını işarə elədi.
-Bəs...
-Rəsul dayı yaralandı... –səsi tirtədi- çox ağır yaralandı. Biz tərəfə keçməyə macal tapmadı. Ələ keçirdilər onu... Amma gördüm onu, yarası dərin idi. Çətin ki, yaşaya... – Süleyman günahkarcasına gözlərini Hosefdən qaçırdı.
Hosefin ürəyi sanki sinəsində buruldu. Əlləri əsdi, divara söykənməsə yıxılacaqdı.
-Bəs... Bəs Gecə? – qoca Hosefin səsi titrədi.
-Yerə yıxıldığını gördüm, deyəsən o da atışmada yaralandı. Amma ələ keçirildi ya yox bilmirəm, ustad.
Süleyman susdu. Sexin içində bir anlıq səssizlik çökdü. Həyətin o üzündən küləyin səsi, uzaqdan isə azan eşidilirdi. Hosef başını qaldırıb qaranlıq pəncərədən bayıra baxdı. Haradasa uzaqlarda, Gecənin getdiyi istiqamətdə sanki bir işıq parıldadı, sonra yenə sönüb qaranlığa qarışdı. Hosef ürəyindəki sancının bütün bədəninə yayıldığını his etdi.

***
On gündür Hosefin ürəyindəki ağrı səngimirdi. Süleymanın o gün gətirdiyi xəbərdən sonra sonra içindəki hər şey qopub dağılmışdı. Gecənin taleyini düşünməkdən gah sinəsi bərk-bərk sıxılır, gah da nəfəsi daralırdı. Hər kəs Hosefin sonunun gəldiyini düşünsə də o hələ də qoca və yorğun ruhu ilə dirənirdi.

İndi on gün sonra o yenə ayaq üsdə idi. Əyilmiş qamətini güc-bəla dikəldərək, yanında əl dəyənəyinə yaslanaraq yeriyən Sülymanla birlikdə gömrük keçid məntəqəsinə olduqca yaxın məsafədə özlərinə yer edib oturdular. Süleyman narahat baxışlarla qocanı süzürdü. Onun bütün təkidlərinə baxmayaraq Hosef Rüstəm kişinin gizli xəsdəxanasını tərk edib özünü yollara vurmuşdu.
Hosef bütün diqqətini gömrük nəzarətindən keçib gələnləri izləməyə çalışsa da, Süleyman dodaqlatı deyinmələri onun fikrini yayındırırdı:

-Ustad, heç zəng edən Gecə idimi onu da bilmirik, Gecə sağdırmı, harda nə vəziyyətdədir hələ öyrənə bilməmişik, bu israr nə üçün?
-Şifrələnmiş məlumatı ki, sən özün gördün Süleyman, onu burda gözləməyimizi istəyib. Videotəlimat diskini bilən təkcə üçümüz idik.
-Bəlkə də onu ələ keçiriblər hə Ustad, bəlkə bu tələdir?
-Ağzından çıxanı qulaqların duymur deyəsən –Hosef Süleymana hiddətləndi- söhbət Gecədən gedir, bizi əsla satmaz,əsla... Belə bir ehtimal yoxdur.
-Bəlkə də izlənilir ustad. Sizin burda olmağınız düzgün deyil. Mən tək də gələ bilərdim.
-Mən onu his edəcəm. Əgər burdadırsa mütləq his edəcəyəm.
-Ustad, heç yaralıdırmı onu da bilmirik. Sən də heçnə soruşmadın. Heç olmasa hansı qılıqda gələcəyini soruşardın.
-Anlamırsan, Süleyman, artıq sual verməyə imkan olmadı. Hər addım izlənilir, hər nəfəs dinlənilir. İndi bir yanlış söz, bir yanlış baxış bəs edər ki, illərin əziyyəti puça çıxsın. Bütün gözlər üstümüzdədir, hər şeyi dinləmə ehtimalları var unutma. Amma bilirəm, zəng edən o idi, telefonun o tayında duyduğum o nəfəs onun idi əminəm.
-Mən səni anlayıram, ustad. Anlamadığım bu qədər insanın içində onu necə tanıyacağıq.
-Mən onu hər halından tanıyaram Süleyman. Sən narahat olma, əsas odur ki, o gəlsin. İnsan bəzən gözündən, üzündən yox , nəfəsindən tanınar – dodaqaltı mırıldandı.
Süleyman narazılıqla başını yellədi.
-Elə danışırsan elə bil ruhu görürsən, ustad.
-Ruh bəzənən aydın işıqdan da parlaq olur, Süleyman. Baxarsan, amma görməzsən - Hələ toysan Süleyman, bala, unutma birini tanımaq üçün üzünü, gözünü görmək şərt deyil. Əsas odur baxdığın o insanın ruhunu görəsən. Bəzən qarşındakını çiynindəki yüklərdən, bəzən gözündəki acılardan, bəzən isə sınmış xəyallarından tanıya bilərsən.
Elə bu əsnada Hosefin diqqətini gömrüyü keçən izdihamdan ayrılıb onlara tərəf gələn qoca və onun iki addım arxasınca itaətkarcasına irəliləyən qara çadralı qadın çəkdi. Göz ucu ətrafdakılara baxdı. Gömrükdən keçən cütlüklər yanaşı yeridiyi yolda qocanın arxasınca gələn qadın qoca ilə yanaşı olmamaq üçün sanki xüsusi səy görsədir, addımlarını bilərəkdən arxasınca sürüyürdü.

Amma o qadın Gecə deyildi. Buna əmin idi. Bu mövzuda yanıla bilməzdi. Qadın asta addımlarla Hosef və Süleymanın önündən keçərkən əlindəki dəmir pulu Hosefin önündə yerə atdı. Hosef çaş-baş qalmışdı. Əyilib yerdən pulu götürdü. Elə bu vaxt Hosefin düz qarşısında gözü kor, misgin bir qoca dilənçi peyda oldu. Yaşlı dilənçi əlindəki dəmir nimçəni irəli uzadıb az qala Hosefin gözünə soxdu. Hosef qeyri-iradi əlindəki dəmir pulu nimçəyə uzatdı. Nimçənin içində CD Hosefin üzünə parıldayırdı. Tələsik diski götürüb ayağa qalxdı. Ətrafa boylanmağa başladı. Artıq əmin idi ki, Gecə buradadır.

Onlardan iyirimi- iyirmi beş metr məsafədə su köşkünün kənarında başı keşəl, öz-gözü yaralı cavan oğlan ona baxıb gülümsəyirdi. Baxışları yorğun, amma qürurlu və vəfalı idi.
Hosef qaçıb oğlanı sinəsinə sıxmaq istədi. Oğlan ehmalca başın yelləyib etiraz etdi. Bu olduqca diqqət çəkici olardı. Sadəcə Hosefin gözlərinə uzun-uzun baxıb əlini tərsinə çevirdi. Hosef tələsik əlindəki diski o biri üzünə çevirdi. Diskin üzərinə kiçik kağız parçası bərkidilmişdi:


Gecə seçdim özümə ad, gizlədim qəlbimi səssizliyə
İçimdə tufan var, bir də sabahı gözləyən alov
Bilmirəm qaranlıqda qalım, ya da parçalayım zülməti
Amma içimdə bir səs var:”Davam et, hələ bitmədi”

Sətirlər bitəndə Hosefin gözləri doldu. Üzündə ağrı ilə qarışıq bir təbəssüm vardı. “Demək, sağsan...” –deyə pıçıldadı.
Süleyman başını qaldırdı nə baş verdiyini anlamadan Hosefə baxdı.
-Ustad, nə oldu?
Hosef dərin nəfəs aldı, baxışlarını izdigamda itən Gecənin arxasınca dikdi:
-Heç nə bala... amma artıq bilirik - oyun hələ bitməyib.


# 105 dəfə oxunub

Oxşar xəbərlər

Təhlükəli elçilik - Byörnstyerne Byörnsonun hekayəsi

Təhlükəli elçilik - Byörnstyerne Byörnsonun hekayəsi

11:05 8 dekabr 2025
Ağır daş - Əkrəm Əylislinin hekayəsi

Ağır daş - Əkrəm Əylislinin hekayəsi

12:00 6 dekabr 2025
Lazımsızlar - Xanım Əliyevanın hekayəsi

Lazımsızlar - Xanım Əliyevanın hekayəsi

11:30 5 dekabr 2025
G.M. - Qustav Mayrinkin hekayəsi

G.M. - Qustav Mayrinkin hekayəsi

10:30 4 dekabr 2025
Entropiya - Əli Zərbəlinin yeni hekayəsi

Entropiya - Əli Zərbəlinin yeni hekayəsi

10:00 2 dekabr 2025
"Satıcı oğlan xəyalındakı qadını soyundururmuş kimi..." - Fəridə

"Satıcı oğlan xəyalındakı qadını soyundururmuş kimi..." - Fəridə

14:00 1 dekabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər