"Xalq düşmənlərini" xilas edən prokurorun həbsindəki erməni izi - Ruhulla Axundovun ölümə yolladığı şuşalı bəy oğlu kimdir?

"Xalq düşmənlərini" xilas edən prokurorun həbsindəki erməni izi - Ruhulla Axundovun ölümə yolladığı şuşalı bəy oğlu kimdir?
29 aprel 2026
# 10:00

Kulis.az "Tarixin Kulisi" layihəsi çərçivəsində Eynal Əliyevin Azərbaycan-sovet partiya və dövlət xadimi, Azərbaycan SSR prokuroru Bahadur Əliyev haqqında məqaləsini təqdim edir.

Tariximizin "qara ləkələri" adlandırdığımız 30-cu illərdə millətimiz elə ağır, məşəqqətli günlərə düçar edilmişdir ki, çoxları indi də o illəri ürək ağrısıyla, həyəcanla xatırlayır. Məhz həmin illərdə daşnak yuvası olan "NKVD" tərəfindən Azərbaycan xalqının qeyrətli oğulları "xalq düşməni" damğasıyla repressiyaya məruz qalmışdır. Onlardan biri də Azərbaycan Respublikasının ilk Baş prokuroru Bahadur Qasım oğlu Vəlibəyovdur.

B.Vəlibəyov 1894-cü ildə Şuşa mahalının Çəmənli kəndində bəy ailəsində anadan olmuşdur. 1912-ci ildə Bakı gimnaziyasını bitirdikdən sonra o, Kiyev Universitetinin hüquq fakültəsinə daxil olmuş, 1913-cü ildə inqilabi hərəkata qoşulduğu üçün universitetdən qovulmuş, sonradan 3-cü Dumanın tələbinə əsasən hüquq fakültəsinə bərpa edilmişdir.

1920-ci ildə B.Vəlibəyov Bakıya qayıtmış, məsul partiya vəzifələrində çalışmışdır. O, 1921-ci ildə Xalq Təhsili nazirinin müavini, 1922-29-cu illərdə Xalq Ədliyyə komissarı, eyni zamanda Azərbaycanın Baş prokuroru olmuşdur. 1930-36-cı illər ərzində müxtəlif vəzifələrdə işləmiş və 1936-cı ildə yenidən Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə təyin edilmişdir.

21 iyul 1937-ci ildə B.Vəlibəyov Azərbaycan SSR Xalq Daxili İşlər komissarının müavini Dövlət Təhlükəsizlik mayoru Gerasimovun və Dövlət Təhlükəsizlik İdarəsi 4-cü şöbəsinin rəisi, DT baş leytenantı Qriqoryanın imzaladığı qərarla həbs olunmuşdur. Onun həbs olunmasına səbəb Azərbaycan XDİK DTİ-nin 4-cü şöbəsinin arayışı olmuşdur. Arayışda o da göstərilmişdir ki, Vəlibəyovun əksinqilabi təşkilata aid olması bu təşkilatın fəal iştirakçısı Böyükağa Talıblının izahatı ilə təsdiq edilmişdir.

B.Talıblı 14 iyul 1937-ci ildə barəsindəki iş üzrə dindirilmə zamanı göstərmişdir ki, T.Vəlibəyov əksinqilabi təşkilata onun tərəfindən cəlb olunmuşdur.

B.Talıblının 415212 nömrəli arxiv istintaq işində göstərilir ki, o, 9 yanvar 1937-ci ildə həbs olunaraq istintaqa cəlb edilmiş və 13 iyul 1937-ci ilədək özünün Azərbaycan milli əksinqilabi təşkilata aid olması faktına qəti etiraz etmişdir.

Müttəhim Lavrent İosifoviç Lavrentyev 14 iyul 1937-ci ildə istintaq zamanı göstərmişdir ki, 1931-ci ildə G.Mqaloblişvili ilə qatarda Bakıya gələrkən B.Vəlibəyovun əksinqilabi təşkilata rəhbərlik etməsini ondan xahiş etmişdir. Sonralar L.Lavrentyev B.Vəlibəyova qarşı başqa izahatlar verməmişdir. G.A.Mqaloblişvili barəsindəki iş üzrə 14 iyul 1937-ci il tarixli istintaqda Qəzənfər Musabəyovu Azərbaycan mərkəzi əksinqilabi təşkilatın üzvü kimi göstərərək Vəlibəyovun da adını çəkmişdir. Bununla belə, 27216 saylı arxiv işinin materiallarından görünür ki, o, Vəlibəyovun əksinqilabi fəaliyyəti haqqında heç bir izahat verməmişdir.

Müttəhim Əsgər Məmməd oğlu Fərəczadə 1937-ci il 23 iyul, 7 avqust, 29 avqust tarixli dindirmələrdə göstərmişdir ki, Vəlibəyov əksinqilabi təşkilatın üzvü olub və Azərbaycan Dövlət Təhlükəsizlik İdarəsinin ona bəlli olan istintaq materiallarından məlumat vermək yolu ilə təşkilata köməklik göstərib. Fərəczadə öz izahatını məhkəmədə də təsdiq etmişdir.

Müttəhim Həsən Qulam oğlu Səfərov 27 iyul 1937-ci il tarixdə dindirilərkən göstərmişdi ki, gizli komitənin dağılması baş verərsə, ehtiyat gizli komitənin yaradılması nəzərdə tutulurdu ki, onun da tərkibinə Vəlibəyov daxil olmalı idi.

Fərəczadə təcridxana kamerasında olarkən məhbusların arasında söhbət apararaq söyləmişdir ki, XDİK orqanları günahsız insanları həbs edir. Sonra isə əslində heç bir günahı olmayan, amma özünü təqsirkar bilən məhbuslara nifrətini bildirib yeni tutulmuşlara inzibati orqanlara qarşı inamsızlıq əhval-ruhiyyəsi yaradaraq onları istintaqa inanmamağa çağırmışdır.

Müttəhim Ruhulla Axundov 27 iyul 1937-ci il tarixli dindirilmə zamanı göstərmişdir ki, Azərbaycan Respublikasının keçmiş Baş prokuroru B.Vəlibəyov əksinqilabi təşkilata Həmid Sultanov tərəfindən cəlb olunmuşdur. Baş Hərbi Prokurorluğun məlumatına əsasən (8 mart 1955-ci il, 26-16 S nömrəli) Ruhulla Axundovun ittihamı üzrə 962195 nömrəli işin yoxlanılması zamanı aşkar edilmişdir ki, 27 iyul 1937-ci il istintaqın protokolu R.Axundov tərəfindən imzalanmış, 29 iyul 1937-ci ildə isə o, istintaqa bildirmişdir ki, "24 və 27 iyul tarixli izahatlarım real faktlara deyil, fərziyyələrə əsaslanmışdır".

Müttəhim Dadaş Xocabəy oğlu Bünyadzadə 27 avqust 1937-ci il tarixdə dindirilmə zamanı Bahadur Vəlibəyovun fəaliyyəti haqqında danışarkən göstərmişdi ki, İbrahimovu əksinqilabi təşkilata Vəlibəyov hazırlayıb, D.Bünyadzadə isə cəlb edib. 31 avqust 1937-ci il tarixli dindirmə zamanı isə D.Bünyadzadə demişdir ki, B.Vəlibəyov əksinqilabi təşkilata Musabəyov tərəfindən cəlb olunmuşdur. 14 sentyabr 1937-ci ildə isə o göstərmişdir ki, Vəlibəyovun özü Cəmil Məmmədzadəni (o illərdə rəhmətə gedib) cəlb etmişdir. 29 oktyabr 1937-ci ildə üzləşmə zamanı D.Bünyadzadə öz izahatını təsdiq edərək demişdir ki, B.Vəlibəyov həmişə ona qarşı qərəzli çıxışlar etmişdir. D.Bünyadzadənin 362212 nömrəli arxiv istintaq işindən göründüyü kimi, SSRİ Ali Məhkəməsi Kollegiyasının 21 aprel 1938-ci il iclasında o, özünü təqsirkar bilməmiş və göstərmişdir ki, istintaqı tezləşdirmək üçün əvvəlki izahatlarını vermişdir.

B.Vəlibəyova qarşı eyni ittihamla bağlı müttəhimlər İ.Tağıyev, M.Hüseynov, Ə.Rzayev, Ə.Xudatov dindirilmişlər. Onların cavabları da eyni ilə əvvəl dindirilənlərin izahatları kimi təkzib olunur.

B.Vəlibəyovun istintaq işindən görünür ki, ibtidai istintaq müddətində o, cəmi 4 dəfə dindirilmiş və 3 nəfərlə üzləşdirmə keçirilmişdir (Talıblı, Səfərov, Bünyadzadə). Lakin dindirmələrin heç birində, eləcə də üzləşdirmə zamanı Vəlibəyov özünü təqsirkar hesab etməmiş, şahidlərin ifadəsini rədd etmişdir. 8 dekabr 1938-ci ildə istintaqın sona çatması elan edilərkən o, yenə də təkidlə bildirmişdir ki, özünü günahkar hiss etmir.

Belə olan halda B.Vəlibəyovun işi 25 dekabr 1938-ci ildə sona çatmış, Atakişiyev və Markaryan tərəfindən imzalanmış ittihamla və Azərbaycan SSR prokurorunun müavini Seliverstovun qərarı ilə SSRİ XDİK-nin nəzdindəki xüsusi müşavirəyə göndərilmişdir. 21 iyun 1938-ci ildə SSRİ XDİK xüsusi müşavirəsi onun işinə baxıb qərara almışdır: "B.Vəlibəyovun işi müzakirədən çıxarılıb əlavə istintaqa verilsin. Məhbus Vəlibəyov SSRİ XDİK istintaq hissəsinin sərəncamına göndərilsin".

Bu qərar Azərbaycan SSR Daxili İşlər komissarının müavini, DT mayoru Markaryan və Azərbaycan SSR XDİK xüsusi şöbəsinin rəisi Savçenkonun imzası ilə icra olunmuşdur.

B.Vəlibəyovun işi əlavə istintaqa qaytarıldıqdan sonra SSRİ XDİK-ya aparılmış, burada da təkrar istintaq zamanı Vəlibəyov əksinqilabi təşkilatın üzvü olması haqda ittihamı rədd etmişdir.

1939-cu ildə şahid sifətində dindirilmiş Y.A.Brakin, N.V.Lidovskaya, Ş.Ş.Vəliyev B.Vəlibəyovun əksinqilabi fəaliyyəti haqqında heç bir əsaslı dəlil təqdim etməmişlər.

Əlavə istintaqa dair Vəlibəyovun xahişi lazımi sənədlərlə birgə istintaq zamanı əsassız olaraq təxirə salınmışdır.

Bu minvalla 19 noyabr 1939-cu ilədək istintaq işi təkrar sona çatmış və SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasına göndərilmişdir. Hərbi prokuror Rijkov Vəlibəyovun işinin yenidən Azərbaycana göndərilməsi barədə qərar çıxarmışdır. Lakin SSRİ XDİK DTBİ müstəntiqi, DT kiçik leytenantı Rıbakov bu qərara etirazını bildirərək protest vermişdir. Protestdə deyilir: "Mən B.Vəlibəyovun ittihamı üzrə istintaq işini 16 oktyabr 1939-cu ildə qurtarmışam. Sonra isə iş əlavə istintaq üçün hərbi prokuror Postnikova verilmişdir. Əlavə istintaqdan sonra Vəlibəyovun işi 16 noyabr 1939-cu ildə (1 ay sonra) hərbi prokuror Rijkovun çıxardığı qərar ilə geri qaytarılmışdır. Prokuror Rijkovun B.Vəlibəyovun işində bir-birini təkzib edən izahatların olması, faktların aydınlaşdırılması ilə əlaqədar əlavə istintaq üçün yenidən Azərbaycana göndərilməsi ilə aşağıdakı səbəblərə görə razılaşa bilmirəm:

Əvvəla, B.Vəlibəyov 39-cu ilin iyul ayına qədər 2 il ərzində Azərbaycanda istintaq altında olmuşdur. Onu təqib edən bütün şəxslər birinci dərəcə ilə həbs olunduqları üçün Vəlibəyovun işi SSRİ XDİK nəzdində xüsusi müşavirəyə göndərilmişdir. Sonra Vəlibəyovun işi xüsusi müşavirədən çıxarılıb SSRİ XDİK-nın istintaq hissəsinə əlavə istintaqa göndərilmişdir.

Bir də Rijkovun başqa tələblərinə qarşı bildirirəm ki, bizim tərəfimizdən Azərbaycana dəfələrlə sorğu göndərilmişdir. Cavabı isə ondan ibarət olub ki, Azərbaycanda bu işlə bağlı əllərindən gələni etmişlər. Lakin bəzi suallara cavab vermək qeyri-mümkündür. Çünki Vəlibəyovu tanıyan şəxslər cinayət məsuliyyətinə cəlb olunmuşlar. Ona görə də hazırda Vəlibəyovun işinə dair tutarlı sübutlar yox dərəcəsindədir.

Yuxarıda deyilənlərdən göründüyü kimi, Vəlibəyovun işinin yenidən Azərbaycana qaytarılması və orada əlavə istintaq aparılması məqsədəuyğun deyil. O zaman iki il ərzində istintaq aparılarkən Vəlibəyovu ittiham edən şəxslər hazırda güllələniblər".

16 fevral 1940-cı ildə SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının qapalı iclasında Vəlibəyov ona qarşı irəli sürülən ittihamı qəbul etməmişdir. Bundan başqa, məhkəmədə B.Vəlibəyovun ifadəsinə əhəmiyyət verilməmiş, ona yaxın olan və iş üzrə ifadələri mühüm əhəmiyyət kəsb edə biləcək şəxslər dindirilməmişlər. Nəticədə isə B.Vəlibəyov ən ağır cəzaya - ölüm cəzasına məhkum edilmiş və hökm Moskva şəhərində dərhal icra edilmişdir.

Beləcə, Azərbaycan Respublikasının Baş prokuroru, SSRİ EA-nın Azərbaycan filialı Rəyasət Heyətinin sədr müavini olmuş Bahadur Vəlibəyovun həyatına son qoyulmuşdur. Kim bilir, bu ədalətsiz hökm neçə illər onun ailəsini gözükölgəli gəzməyə məcbur etmiş, camaatın arasına çıxmaqdan çəkindirmişdir.

Vəlibəyovun izahatlarından birində göstərilir ki, o, 1936-cı ildə Azərbaycan SSR Xalq Ədliyyə komissarı işləyərkən "xalq düşməni" adı ilə həbs olunmuşlara obyektiv köməklik göstərilmişdir".

Bütün bunlar göstərir ki, B.Vəlibəyov xalq düşməni deyildi. O, xalqın əsl düşmənlərinin qənimi olduğu üçün aradan götürülmüşdür.

Gec də olsa haqq-ədalət öz yerini tapdı. 1956-cı ildə B.Vəlibəyovun işinə yenidən baxılaraq 1937-40-cı illərin istintaq sənədləri, arxiv materialları yoxlanılmış, o illər Vəlibəyovla birgə işləmiş adamlar yenidən dindirilmiş və 1 iyun 1957-ci ildə Bahadur Vəlibəyova bəraət verilmişdir.

# 95 dəfə oxunub

Oxşar xəbərlər

Bəstəkarlıq təhsili almış ilk azərbaycanlı qadın - O, Üzeyir bəyin sinfinə necə qəbul olunmuşdu?

Bəstəkarlıq təhsili almış ilk azərbaycanlı qadın - O, Üzeyir bəyin sinfinə necə qəbul olunmuşdu?

10:45 29 aprel 2026
Sabir Rüstəmxanlının 80 illik yubileyi qeyd edildi

Sabir Rüstəmxanlının 80 illik yubileyi qeyd edildi

18:18 28 aprel 2026
"Beş qızdan yalnız birində olurdu..." – Hamının gizlətdiyi o dəftərdə nə yazılırdı?

"Beş qızdan yalnız birində olurdu..." – Hamının gizlətdiyi o dəftərdə nə yazılırdı?

17:18 28 aprel 2026
Azərbaycanın ilk xanım deputatının kitabı hərraca çıxarıldı

Azərbaycanın ilk xanım deputatının kitabı hərraca çıxarıldı

17:07 28 aprel 2026
Siçovul dərisi geyinmisən, dalana dirənib gözlərin - Cavid Fərzəli

Siçovul dərisi geyinmisən, dalana dirənib gözlərin - Cavid Fərzəli

15:59 28 aprel 2026
Naxçıvanda Əcəmi Naxçıvaninin abidəsi ucaldılır

Naxçıvanda Əcəmi Naxçıvaninin abidəsi ucaldılır

15:52 28 aprel 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər