Cənub şəhərində bir gecə - Aliyə Kərimzadənin hekayəsi

Cənub şəhərində bir gecə - Aliyə Kərimzadənin hekayəsi
14 aprel 2025
# 16:34

Kulis.az Aliyə Kərimzadənin "Cənub şəhərində bir gecə" adlı yeni hekayəsini təqdim edir.

Çünki əzəldən belədir kainat...
Hər hekayənin sonu qaranlıq bir gecəyə təsadüf edər.
Bəs, həqiqətən, sondurmu o qoyulan nöqtə?
Yoxsa yeni bir sabaha pəncərəmi....


Dan yeri təzəcə ağarırdı. Zəncan şəhərindən Çişabad kəndinə gedən yol atları yaman yormuşdu. Arabacı ayazdan donmuş əllərinə bərk-bərk sıxdığı şallaqla atları amansızca vurur, bir an öncə mənzil başına çatmağa çalışırdı. At arabasının arxasında oturan 14-15 yaşlı, sivri burunlu, arıq, ağbəniz oğlan uşağı soyuqdan donan əllərini nəfəsi ilə isidib, əynindəki nimdaş gödəkçənin ətəyi ilə ayaqlarını örtməyə çalışdı, büzüşüb arabanın içindəki qoyunlara qısıldı. Səhərə kimi gözünü uzanan yollara dikib, arabaçının verdiyi suallara qısa-qısa cavab verərək beynindəki suallardan qaçmağa, içində qopan fırtınanı susdurmağa çalışmışdı. İllərin yorğunluğu çökən gözləri tez-tez dolur, yumruğunu sıxmaqdan barmaqları keyiyirdi.
Soyuğun can aldığı dekabr sabahında başını arabanın taxtasına söykəmiş, qeyri-iradi gözlərinə təzəcə yuxu getmişdi ki, arabacının boğuq səsiylə diksinib ayıldı.
- Yol ayrıcına çatdıq bala, harda enəcəksən?
Başını ağır-ağır qaldırıb ətrafına baxdı. Araba kəndlərinə gedən əsas yolun kənarında dayanmışdı. Külək üzünə-üzünə vurur, sanki iki il burnunun həsrət qaldığı o kənd qoxusunu ciyərlərinə doldururdu.
- Mən elə burda düşüm, əmi – deyib ayağa durdu. Gödəkcənin önünü əli ilə qapayıb büzüşdü. Biri əli papağını başına sıxıb ehtiyatla arabadan endi.
- Evin hansıdı, bala? Soyuqdur, ora kimi ötürüm səni.
- Evim elə buradır, əmi - əli ilə kəndin girişindəki evlərdən birini göstərdi. Çox sağ ol, sənə yaxşı yol.
- Adın nədir, bala, heç onu da demədin, nəsə heç danışan oğlan deyilsən - kişi ərkyana gülümsədi. Sənə də yaxşı yol.
Qeyri-ixtiyari gözləri doldu yenə, dodaqlarını dişi ilə sıxıb özünü toparladı
- Adım Hüseyndir, əmi. Çox sağ ol.

İti addımlarla oradan uzaqlaşdı. Arabanın uzaqlaşdığına əmin olduqdan sonra getdiyi yolu geri qayıdıb kəndin içi ilə yox, yol kənarıyla gedən yolda getməyə başladı. Artıq hava ağarmışdı. Uzaqdan hürüşən itlərin, mal-qaranın səsi gəlirdi, indi yerimir, var gücüylə qaçırdı. Tələsik özünü köhnə qarğıdalı sahəsinə salıb, gözdən itdi. İndi onun üçün ən qorxulu şey kiminsə onu görüb tanımağı olardı. Ayaqüstə qurumuş sınıq-salxaq qarğıdalı qamışı indi onun tək sığınacağı idi.
Sahənin içindən çıxıb özünü arxın kənarındakı moruq kollarının içinə verdi. Niyəti köhnə saxlancını tapıb, günü kolluğun içindəki oyuqda keçirmək, gecə hava qaralanda heç kimə görünmədən Hüseyini görməyə getmək idi. İki il ərzində moruq kollarının içində özünə açdığı oyuq qapanmış, kol-kos basmışdı. Birtəhər sürünə-sürünə özünü kolun içinə basdı. Əl-ayağı cızıldı, papağı kollara ilişib başından düşdü, şəvə kimi qara buruq saçları kollara dolandı.

Budur, o artıq kolun içindəki o köhnə, doğma oyuqdadır. Cızılmış əlləri ilə saçlarını toplayıb yeri eşməyə başladı. Anasından qalan yanmış xalça parçasına bükdüyü boxçanı açıb qarşısına qoydu. Üst-başı cırılmış, onsuzda nimdaş olan paltarları, az qala, üstündən tökülürdü. Belindən qurşağını açıb sinəsinə doladı, var gücüylə sıxıb sinəsini düm-düz etdi. Əvvəllər ona oğlan paltarında gizlənmək daha asan idi. İllər keçdikcə böyüyən sinəsi, allanan yanaqları, dodaqları işini qəlizləşdirirdi. Boxçasında çıxardığı papağı kənara qoyub, saçlarını ovucladı. Boxçanın altında gizlətdiyi taxtaya bağlanmış oraq ucunu çıxardıb saçlarını kəsməyə başladı.

Köynəyini əyninə keçirib, üstdən gödəkçəsini geyindi. Əvvəllər içində itib- batdığı paltarlar indi sanki əyninə biçilmiş kimi idi. İşini bitirib qan tər içində oyuğun içində büzüşdü.
Dərədən axan su şırıltısı sankı ona lay-lay deyirdi. Artıq yorğunluğa tab gətirə bilməyən Qəmər oyuğun içində gözlərini yumdu. Üzündə təbəssüm görünürdü. Deyəsən, yuxusuna bacısı Həcər gəlmişdi.

Gündüzü mülayim olduğu qədər gecəsi də şaxtalı olar Zəncanın. Soyuqdan donan əllərinin ağrısına gözlərini açdı, oyuqdan dikəlib ətrafa boylandı. Şər qarışmış, əl-ayaq küçələrdən yığılmışdı. Sakitcə kolluqdan sivrilib, yenə qarğıdalı sahəsinə keçdi. İrəliləyib balaca təpənin üstünə çıxdi. Kəndin evlərindən ara-sıra işiq görünürdü. Qəmər gözlərini kəndin qurtaracağında bütün evlərdən seçilən ikimərtəbəli o evə zilləmişdi. “Doğma ev”
... Onun üçün nə qədər də yad idi bu kəlimə.. Axı bu onun “doğma evi” idi. Amma doğma evi deyildi.. Aradan keçən iki il ərzində kəndin meşəsi, suyu, çiçəyi üçün də darıxmışdı Qəmər. Amma bu ev üçün qətiyyən darıxmamışdı.
Yanından keçən araba səsindən diksinib başını qaldırdı. Ayaqları onu evinin kəndarına gətirmişdi. O bu evin yolunu, ümumiyyətlə varlığını belə unutmaq istərkən bütün ruhu ilə addım-addım “doğma ev”inə doğru irəliləmişdi.
Bağın çəpərindən aşıb arxa həyətdəki anbara yaxınlaşdı. Nənəsi anbarın yuxarı pəncərəsini həmişə açıq qoyardı. Ümidi yenə o pəncərə idi. Budur pəncərə açıqdır, tullanıb pəncərədən içəri sivrildi, oradan da gizlicə evə girdi. Dəhlizdən irəliləyib evin küncündəki xırda otağa girdi. Mal qaranın sağım vaxtı idi, evdə hamı bir işlə məşğul olduğundan dəhlizdən süzülüb Hüseyinin otağına girən kölgəni heç kim görmədi.

1995-ci ilin payızı idi. Ölkədə siyasi vəziyyət qarışıq olaraq qalırdı. Elə həmin vaxtlarda GAMOH ən ağır təzyiqlər, həbslər və işgəncələrə dirənərək Çöhrəqanlı və onun silahdaşlarının tərəfindən gizli şəraitdə, çeşidli kod adları altında yaradılmışdır. Hərəkat Güney Azərbaycanda baş verən kütləvi aksiyalara, etirazlara, marifçilik hərəkatına, milli şüurun yüksəldilməsi və milli oyanış davasına başçılıq etməyə hədəflənmişdi. GAMOH – türkçülüyə, müasirliyə ve milli inam azadlığına söykənən, yüzə qədər elmi- ədəbi, milli-mədəni, ictimai-siyasi qurumu ətrafında birləşdirən və milyonlarla tərərfdarı olan böyük demokratik, siyasi-ictimai hərəkat olaraq geniş vüsət almışdı.
Hərəkat yarandığı gündən bir qisim əhali arasında böyük rəğbət görmüş və dəstəklənmiş, özünə yüzlərlə fədailər qazanmış, bir çoxları bu yola baş qoymuşdu. Əslində, Təbrizdən idarə olunan hərəkatın bir çox şəhərlərdə gizli nümayəndəlikləri fəaliyyət göstərir, hərəkatı təbliğ edir və daha geniş vüsət alması üçün dəridən-qabıqdan çıxırdılar. Hərəkatın onlarla üzvü, rejimin qurbanı olmuşdur. Minlərlə üzvü və tərəfdarı rejimin təzyiqləri altında, yüzlərlə üzvü və tərəfdarı isə həbsxanalarda idi.

Babası Abbas kişi “molla rejimi”-nin tərəfdarlarından idi və bu düşüncə onun üçün cəfəngiyatdan ibarət idi. Kəntdə zalımlığı ilə ad çıxarmış Abbas kişi evdə də at oynadardı. Abbas kişinin zəhmindən nəinki ev əhli, həm də kənddəki hər kəs ehtiyat edər, sözünün üstünə söz deməzdi. Nənəsi Zöhrə arvad illərdir Abbasın zülmü, təzyiqi altında əzilmiş, əzildikcə də öz çarəsiz, səssiz həyatına qapılıb illəri beləcə yola salmışdı.
Evdə hər kəs, xüsusilə, qadınlar Abbas kişinin qəzəbinə tuş gəlməmək üçün mümkün qədər az gözə görünməyə çalışardılar. Evə girən kimi Zöhrə arvad yeməyini, çayını hazır edər sakitcə qapının kənarında başqa istəyi olacaqmı deyə gözləyərdi. Digər qadınlar, gəlinlər iki mərtəbəli bu böyük evdə kölgə kimi yaşayar, günü qəzasız-bəlasız, Abbas kişinin qəzəbinə tuş gəlmədən başa vurduqları üçün şükürlər edərdilər.
Atası Həsən hərəkata qoşulub daha sonra rejim tərəfindən güllələndikdən iki ay sonra anası da həyətdəki əncir ağacının altında kəlağayısı ilə özünü asıb canına qıymışdı. Beləcə, Qəmər sözün həqiqi mənasında yetim qalmış, bacısı Həcər ilə birlikdə nənəsi Zöhrənin çarəsiz çiyinlərinə böyük bir yük olmuşdu.
Həcər - yumrusifət balaca boy bu qız sakit təbiəti ilə Qəmərdən çox fərqlənərdi. Gününü nənəsinin ətəyindən tutaraq keçirən bu uşaq sankı əlini nənəsindən üzsə onun da həyatından silinib gedəcəyinə inanırdı. Nənəsinin mətbəxdə verdiyi göstərişlərə “baş üstə, nənə” cavabından başqa gün ərzində başqa söz çıxmazdı dilindən.

Qəmər, ruhu kiçik bədəninə sığmayan o körpə.. Ata-anasının vəfatından sonra üsyankar ruhu daha da ərköyünləşmiş, artıq babasının bu köhnə divarları onu sıxmağa başlamışdı. Babasının bütün qadağalarına rəğmən bu divarları aşıb, özünü azad quş kimi çöllərə vurmaq istəyirdi. Xəyallarında həmişə kitablar canlanır,məktəb mədrəsələr oxuyur,həkim olub çarəsiz xəsdələrə ümid olurdu. Amma nə yazıq ki ,onun xəyalları hər dəfəsində nənəsinin “ay küçük, yenə nədir saç başını açmısan? Get özünə çəki-düzən ver” sözləri ilə alt-üst olur, qanadı qırılmış quş kimi yerə çırpılırdı. Axı onun xəyallarının qarşısında yüzlərlə, minlərlə Abbas kişilər dayanmışdı.

Hələ 9 yaşındaykən qonşuları Zahidə arvadla nənəsinin danışanda eşitmişdi. Qonşu kəntdə Abdulla adlı bir həkim qadınlara xalça hörmə sexi adı altında gizlicə oxumaq yazmaq öyrədirdi, savad verirdi. Yəni Qəmərin Abbas kişinin zəncirlərini qırıb, bu uca çöp hasarlı evdən azadlığa çıxması 9 yaşında başlamışdı. Əmisioğlu Hüseyinin paltarlarını geyinib, atasının atı Gecənin qanadlarında özünü küləklərə yoldaş etməsi elə bu səbəbdən idi.
“Qızıl iplik”-də xalça toxuyan qadınlar uşaqları həyətdə gözcü qoyur, bir gözləri qapıda, bir gözləri Adulla kişinin zövcəsi Sitarənin üzündə yazmaq, oxumaq üçün dəridən qabıqdan çıxırdılar. Sitarə Qəmərin çabalarını görür, onun bu təhlükəli yolda yol göstəricisi olurdu. İmkan tapan kimi xalça ipliklərinin arasında Qəmərə kitablar ötürür, oxuması üçün onu sövq edirdi.

Qəmər hər gün günortadan sonra ,günün ən qızmar vaxtında babası Abbas kişi həyətdəki tut ağacının altında mürgü döyən vaxt əynində Hüseyinin paltarları nənəsinin açıq qoyduğu anbarın pəncərəsindən ilan kimi qıvrılar, hasarı aşıb otlaqda bağlı olan Gecənin belinə aşırardı özünü. Külək kimi əsər, Abdulla kişinin evinə yetişərdi. Axşam mal-qara örüşdən qayıdıb həyətdə işlər qızışan ərəfədə yenidən anbardan özünü içəri salardı. Təkcə Hüseyn bilərdi Qəmərin getdiyi yolları.

Hüseyn Abbas kişinin tək oğlan nəvəsi idi. Anadangəlmə qüsurlu doğulan bu uşaq babasının gözündə ona olan ümidləri doğrultmamış, kişinin üzünü qara etmişdi. Uşaq vaxtdan sevgisiz böyüyən Hüseyinin tək sirdaşı Qəmər idi. Yerimə əngəlli Hüseyinin illərdir gözü olmuşdu Qəmər. Hüseyinin paltarlarında bu hasarları aşdığı gündən bayırda gördüyü hər şeyi Hüseyinə danışar, Hüseyin də Qəmərin gördüyü, gəzdiyi meşələri, çəmənləri gəzirmiş kimi gözündə canlandırardı. Qəmərin gözü göz, ayaqları ayaq, qanad olardı Hüseyinə.

Yağışlı aprel ayı idi, iki-üç gündür fasiləsiz yağan yağış kəntdə həyatı söndürmüşdü. Babası səhər gün ağarandan sel basmış əkin sahəsinə deyinə-deyinə üz tutmuşdu. Babasının yoxluğunu fürsət bilən Qəmər yenə Gecənin qanadlarında çamurları yara-yara Abdulla ustanın evinə üz tutmuşdu. At çamırda çətinlik çəkir, yağış göydən su kimi tökürdü.
Maşının siqnal səsinə başını qaldırdı, əlinin tərsi ilə gözünə tökülən yağış damcılarını silib gözünü maşına zillədi
- Ay oğlan, hara belə bu yağışda?- ilk dəfə idi bu qədər yaxından maşın görürdü,təpədən dırnağa bu “dəmir atı” süzüb yenə gözünü zillədi maşından əlini çıxaran kişiyə
Çal saqqalı, nürani üzlü, 55-60 yaşlarındakı Hosef palçığa bələnmiş ata, suda siçana dönmüş Qəmərə baxıb əli ilə “gəl” işarəsi elədi.
- İslanmısan oğlan, gəl ötürüm, hara gedirsən?
Tanımadığı insanlarla kəlmə kəsə bilmirdi. Bu illərdir böyüdüyü evin, babasının vahiməsi idi üzərində qalmışdı. Nə qədər çalışsa da dili söz tuta bilmədi. Dili sanki daşa dönmüşdü, tərpənmədi, dodaqları aralanmadı. Əlini qaldırıb qonşu kəndə uzanan ensiz, gölməcəli yolu göstərdi
- Gəl aparım ay oğul, tamam islanmısan ki sən- kişi yenə əl çəkmədi
Qəmər əli ilə yüyəni qamarlayıb atın başını yana çevirdi. Atı mahmızlayıb tələsiz oradan uzaqlaşdı. Maşındakı kişi o gözdən itənə kimi arxasınca balaqları bir necə dəfə qatlanmış şalvarının altından görünən qirmizi corablarına, ayağına ən az iki razmer böyük gələn qaloşlarına baxa qaldı...
Elə təzəcə Abdulla ustanın həyətinə girib, atı çardağın altına salmışdı ki, Sitarə özünü Qəmərin üstünə saldı.
- Vay, Allah məni öldürsün, tamam su içindəsən ki, gəl görüm tez ol qurulan.
Qızı qolundan dartıb içəri saldı. Arxa otaqda beş-altı qadın sakit səslə yazıb oxuyurdu. 5-6 yaşlı oğlan uşağı qapıda gözcü qoyulmuşdu. Sitarə dəsmal gətirib Qəmərə verdi:
- Papağı çıxart, saçlarını qurula, sonra xəsdə olarsan dərsdən geri qalarsan
Qapıda Abdulla kişi göründü:
- Sitarə, Qəməri göndər yanıma sözüm var.
- Bu dəqiqə gəlirəm usta- Qəmər Sitarəyə ağız açmağa imkan vermədi. Saçını papağın içinə basıb başına keçirtdi. Abdulla kişinin otağının qapısında addımlarını yavaşladı,içəridən kişi səsi gəlirdi.
- Gəl bala, gəl içəri
Qəmər asta-asta içəri daxil olub qapının kənarında dayandı. Taxtın üstündə 60 yaşlarında gur saqqallı qoca oturmuşdu. Özüdür ki var,bu Qəmərin maşında gördüyü o kişi idi. Otağın kiçik pəncərəsindən sızan gün işığında üzü parıldayırdı.
- Bu mənim dostum Hosefdir, o da mənim kimi Çöhrəqanlının fədayilərindəndir. Onun Təbrizdə mədrəsəsi var, elmə irfana həvəsi olan gəncləri orda oxudur, iş güc sahibi edir. Özünü bu xalqın, bu millətin gələcəyinə həsr etmiş yüzlərlə Bizlərdən biridir. Ona sənin haqqında danışmışam, sənin də o mədrəsədə oxumağını çox istəyir və səni Təbrizə aparmaq niyyətindədir.
Qəmər çaşıb qalmışdı, qarşısında heç tanımadığı bir kişi və illərdir xəyalını qurduğu gələcək...Bir andaca həyat onu seçim kənarına gətirmişdi. O hər nə qədər illərlə bu əsarətdən qurtulmağı xəyal etsə də,nə vaxtsa bunun ola biləcəyinə heç inanmamışdı. İndi gah Abdulla ustaya, gah da tanımadığı bu nur üzlü simaya baxırdı.
Araya çox uzun süküt çökdü.
- Adın nədir bala? – kişi onu şalvarının bir neçə dəfə qatlanmış balağından, ayağına geydiyi qırmızı corabından tanımışdı
Bir təhər özünü toparlayıb - Hüseyn - zəif səslə cavab verdi
- Qəmər - Abdulla kişi mülayim səslə qıza gülümsədi. Adını başqa birinin ağzından eşitmək onu vahiməyə salırdı, axı illərdir onun yaşadığı evdə, cəmiyyətdə soruşulsa belə adını dilə gətirmək yasaq, başqasının onun adını ağzına almağı isə ayıb və günah idi.
- Qızım, - Abdulla kişi aram-aram davam edi- Hosef etibarlı biridir və sənin Hüseyn yox Qəmər olduğunu da bilir, ona etibar edə bilərsən.
- Adın nədir, de görüm - Hosef yenə dilləndi. Hosef bunun o körpə qız üçün necə çətin olduğunu çox yaxşı bilirdi. Lakin qızın cəsarəti onu heyran etmişdi, indi də onun ağzında adını eşitməyə qərarlı idi.
- De görək, adın nədir hə? Qəmərsən, yoxsa Hüseyin?
- Adım Hüseyindir, mən Hüseyinəm - Qəmər ağlamsınıb cavab verdi və güllə kimi götürüldü.
Yağış kəsilmişdi, Qəmər Gecənin qanadlarında gölməçələri şappıldada-şappıldada üzü evə şütüyürdü.

Qəmər artıq iki gün idi Abdulla ustanın evinə getmirdi. Hər gün fürsət düşən kimi anbardan özünü arxa həyətə salar, çəpərin üstündən tullanıb dərəyə kimi qaçardı. Moruq kollarının arasındakı oyuqda saatlarla uzanar, kitablara dalardı. Mümkün qədər Abdulla kişinin təklifi haqqında düşünməməyə çalışırdı. Hər nə qədər bu evdən çıxıb getməyi xəyal etsə də tanımadığı birinin himayəsində tanımadığı şəhərdə bilinməzə doğru getmək heç ağıllı addım kimi görünmürdü ona. Amma indi getməzsə də bir daha belə bir şansı olmayacağına , ömrünün sonuna kimi bu kəntdə, bu palçıq evlərin birində həyatının sonlanmağını gözləyəcəyini bilirdi.

Hava qaralırdı, Hüseyinin paltarlarını çıxarıb oyuqdakı kitabların yanında gizlətdi. Çarşafı başına keçirib, kələğayını başında düzəltdi. Pişik kimi barmaqların ucunda moruq kolundan ayrılıb çəpərlərinə yaxınlaşdı. Anbarın pəncərəsindən yenicə içəri tullanıb üst-başını səhmanlamışdı ki, nənəsi kölgə kimi yanında peyda oldu
- Ay küçük, a ciyəri yanmış, hardasan sən? Hara girmisən baxmadığım yer qalmadı
- Nənə, mən..
- Kəs səsini, gəl görüm bura - nənəsi darta-darta Qəməri mətbəxə saldı. Kül elə mənim başıma ki, anan öldü canını qurtardı, sizi də başıma qoydu getdi
- Nənə, mən neylədim ki, yenə?
- Daha neyləyəcəksən, hə? Səni harda axtarsam orda tapmalıyam ,bala. Neçə dəfə demişəm sənə gözümün qabağında ol. Kül elə mənim başıma – Zöhrə arvad sakitləşmək bilmirdi. Daha bəsdi, gedərsən ər evinə, görüm, orda neyniyəcəksən hə..
- Nə ər, nə evi, nənə? Nə deyirsən..
Nənəsi danışmağa Qəmərə macal vermədi, qızın kəlağıyısını düzəldib, tələsik üst-başına əl gəzdirdi. Arxasınca az qala qızı sürüdü
- Mədinə arvad səni görmək istəyir, tez ol gəl arxamca.
Qəmər nə olduğunu anlamağa çalışırdı. Mədinə arvad qonşu otaqda taxtın üstündə bardaş qurub oturmuşdu. Qəməri təpədən dırnağa süzüb əli ilə “gəl” işarə etdi. Qəməri elə bil yerə mıxlamışdılar. Nənəsi qızı itələyib Mədinənin önünə atdı. Donqar burunlu, əyri dişli bu qadın Qəmərin gözünü xeyli qorxutmuşdu. Mədinə arvad qabar tutmuş əlləri ilə qızın belini, qarnını, sağrısını, saçının ucundan tutmuş dırnağadək əl gəzdirib üz-gözünü turşutdu
- Bunun döşü-başı, heç nəyi yoxdu, a Zöhrə, bu nə doğacaq, nə arvad olacaq Həmidimə?

Qəmər hələ də nə olduğunu anlamırdı, gah nənəsinə, gah əyri burunlu bu arvada baxırdı. Nənəsi gözü ilə Qəmərə “çıx” dedi, qız tələsik özünü otaqdan bayıra atdı. Sonra nənəsi Mədinə arvadla qısıq səslə nələrsə danışdı, amma o yenə də hec nə anlamırdı.
- Axır ki, canın qurtarır bu evdən, indi razısan? - Arxadan Həcərin küskün səsi gəldi
- Nə deyirsən, Həcər? Nə qurtarır?
- Həmişə bu evdən getmək istəyən sən deyildinmi bəyəm? Səni Həmidlə evləndirəcəklər, bu evdən gedəcəksən.

Qəmərin beynində ildırımlar çaxdı. Evlilik? Evlilik haqqında nə bilirdiki bu körpə? Evlilik haqqında bildiyi tək şey hələ keçən il əmisi qızı Humayı bu evdən yola salmaları idi. Nənəsi onun artıq öz evi olduğunu, bundan sonra həyat yoldaşı ilə yaşayacağını və hər şeyin onun üçün yaxşı olacağını demişdi. Amma qızı evdən atasının necə sürüyüb çıxardığını, Humayın hönkür-hönkür ağlamağını Qəmər unutmamışdı.

İki aydan sonra yaşlı bir qadının səhərin gözü açılmamış Humayı əli-ayağı yalın həyətlərinin ortasına fırladıb atdığı, “ küçüyünüzə sahib çıxın oğluma arvadlıq edə bilmir” deyib çıxıb getməsi Qəmərin yaddaşında hələ də qalırdı. Sonra Humayın atasının, babasının günlərlə onu döyməsi, ac-susuz saxlaması, qızın necə bihal düşməsini necə unuda bilərdi axı. Nəhayət, bir axşam nənəsi Humayı otaqdan çıxarıb elə əli-ayağı yalın qonşu kəntdən yaşlı bir kişinin yedəyinə verib taleyi ilə başbaşa bilinməzə göndərmişdi. Ondan sonra bu evdə Humayın adını dilə gətirmək, aqibəti ilə maraqlanmaq qadağan olunmuşdu.
Qəmər haldan düşənə kimi ağladı, qışqırdı, üsyan etdi, nənəsinə nə qədər yalvardısa, arvadın ağzında kəlmə çıxmadı. Əlini hər yerdən üzən Qəmər taxtda üzü tavan uzanıb fikrini cəmləməyə çalışırdı. Yanında büzüşən Həcər mışıl-mışıl yatırdı, üzündə yaranan təbəssüm Qəməri əsəbləşdirirdi. O hər nə qədər bütün bu yaşananlara üsyan etsə də, Həcər yaşadığı bu həyatdan yaxşısını, fərqlisini heç vaxt xəyal etməmişdi. Onun hər şeyi belə asanlıqla qəbul edişi Qəmərdə həmişə qıza qarşı həm əsəb, həm də həsəd oyatmışdı.

Qapı cırıltı ilə açıldı, nənəsi əlində çıraq barmağının ucunda otağa girdi. Qəmər gözünü yumub, yatmış kimi görünməyə çalışdı. Nənəsi qızın qolundan yapışıb sirkələdi:
- Dur, üstünü geyin, al bunu da başına sal - özü ilə gətirdiyi toyluq kələğayını Qəmərin önünə qoydu. Tez geyin, arxamca gəl
Qəmər bu gəlişin xeyir olmadığını anlamışdı. Amma itaətkarcasına kələğayını tələsik başına örtüb, nənəsinin arxasınca otaqdan çıxdı. Saat səhərə yaxın 4-5 arası olardı. Gecə səhərin işığına təslim olmadan öncə bütün zülmətiylə ətrafı sarmışdı. Dəhlizin başına çatanda Zöhrə arvad kiçik otağın önündə dayandı. Qızın üzünü görə bilmək üçün çırağı əlində yuxarı qaldırıb ətrafı işiqlandırdı. Qəmərin bərəlmiş gözləri qadının üzünə dikilmişdi.
- Burda gözlə, üstümə bir şey alım, gəlirəm. Səkinə nənən xəsdədir gedirik ora - tələsik qızın sual verməyini önləyib, əlindəki çırağı söndürüb dəhlizdə yox oldu.
Səkinə Zöhrə arvadın bacısı idi, kəndin o biri başında tənha yaşayan Səkinə arvada ayda bir-iki dəfə Abbas kişidən gizlicə baş çəkirdi.
Qəmər nə başverdiyini anlamadan dəhlizdə nənəsini gözləyirdi. Fikirləşdi ki, yəqin, Səkinə nənə xəsdədi. Bəlkə də, ölüb. Yoxsa nənəsi niyə belə təlaşlıdı , niyə səhəri gözləmədən getsin ki.. Bu vaxt kiçik otağın qapısı açıldı, qaranlıqdan uzanan bir əl qızı qolundan tutub otağa çəkdi. Qəmər qışqırmağa macal tapmadan bu güclü, cüssəli əl onu otağın içinə fırladıb atdı, cəld qapınıb cəftəsini arxadan bağladı.
- Səsini çıxartma, küçük, yoxsa indi bağırsaqlarını çölə tökərəm
Qəmər tələsik ayağa durub, üst-başını düzəltdi, gözlərini tez-tez qırpıb qaranlıqda qarşısında dayanan kölgəni tanımağa çalışdı. İki metr boyunda, enli kürək, üzündən zəhər yağan Həmidi qarşısında görən Qəmərin rəngi ağappaq oldu. Həmid ona yaxınlaşdıqca qızın ürəyi yerindən çıxacaqmış kimi atır, addım-addım geriye gedirdi. Qız otağın divarına qısılıb qaldı. Gecənin qaranlığında iyrən-iyrənc gülən Həmid irəliləyib qızı belindən qavrayıb özünə tərəf sıxdı, Qəmər Həmidlə burun buruna dayandı. Gecənin səssizliyini Qəmərin ürək çırpıntısı pozurdu.
- Əməlli-başlı böyümüsən ki. Bəs anam niyə səni bəyənməyib hə? - Əlini qızın belində gəzdirməyə başladı.
Qəmər var gücüylə qışqırmaq istəyirdi, amma sanki dili lal olmuşdu, səsi çıxmırdı. Ordan qaçmaq, uzaqlaşmaq istəyirdi, amma ayaqları daşa dönmüş, sankı mıx kimi yerə bərkidilmişdi. Həmidin tütün qoxan nəfəsi qıza dəydikcə elə ordaca ölmək istəyən Qəmər yer aralansın içində gizlənsin istədi. Hər şey o qədər anı baş verdi ki , Qəmər buz kəsdi dondu qaldı.
- Qəmər. Ay Qəmər, sənsən? Su istəyirəm, su ver də...

Dəhlizin başından Hüseyinin səsi eşidildi. Həmid cəld geri çevrildi, tələsik iti addımlarla qapıya yaxınlaşdı, başını çıxarıb astaca dəhlizə boylandı sonra sivrilib qapıdan ayrıldı. Qəmər vahimə içində Həmidin arxasınca baxdı. Otağın açıq qapısından Həmidin arxasınca gedən, əlində çıraq qadın kölgəsi uzanırdı..
Qəmər saatlarla yerindən tərpənə bilmədi, elə ayaq üstdə dondu qaldı. Sanki ayaqları yox idi, tərpənə bilmirdi, beyni buz kəsilmişdi, bir boşluğun içində itib qalmışdı. Səhər açılıb, obaşdan ev canlananda Qəmər ayaqlarını sürüyə-sürüyə otağa geri qayıtdı.Taxtın ayağına qısılıb qaranlığa qərq oldu. Axşama kimi otağından bayıra çıxmadı. Hərdən qapının astanasında nənəsinin ayaq səsini eşidib dik atılırdı, gözünü qapıya zilləyib onu gözləyən növbəti imtahanı düşünürdü. Artıq əmin idi, Zöhrə arvad artıq yüklərindən azad olmaq qərarında qəti idi.

O, vaxtı ilə ona biçilən həyatı indi də günahsız körpələrə rəva görəcəkdi.
Gecə hər kəs yatana kimi gözlədi, sonra anbar pəncərəsindən həyətə, çəpərin üstündən də Abdulla kişinin evinə ayaqyalın, başıaçıq iki saat yol qaçdı Qəmər. Ertəsi gün gün ağarıb kənddə həyat oyananda hər kəs Abbas kişinin evindən bir zənən xəylağının dəli olub havalandığını, gecə kəndin içi ilə başı açıq çöllərə düşdüyünü danışırdı. Elə həmin saatlarda Zəncan şəhərindən Təbrizə əyri yollar ilə bir maşın irəliləyirdi...

Və indi bütün bu yaşananlardan iki il sonra Qəmər bacısı Həcərin məzarı başında qəhərə boğulur, bacısının torpaq məzarına baxıb göz yaşları sel olurdu. Axı o həyatın ona qurduğu tələdən qurtulub uzaq dənizlərə yelkən alanda arxasında buraxdığı qara suların onun dilsiz-ağızsız bacısını udacağını təxmin etməmişdi. İndi gözlərini yerə dikib sanki qarısındakı məzar deyil də Həcərmiş kimi başını qaldırıb ona baxa bilmirdi. Onun kiçik, qorunmasız bacısını qara torpaqlar udmuş, Qəmər öz canını əzraildən qurtarıb öz əlləriylə bacısını onun ağuşuna atmışdı.

Keçən iki il ərzində Qəmər kənddən, ailəsindən heç bir xəbər almamışdı. Hosefin ona qoyduğu yeganə şərt bu idi. Onun evi artıq təhsil aldığı məktəb, ailəsi bu xalq idi. Sadəcə, xalqın rifahı, gələcəyi naminə çalışmalı, bu amalda həm özünu həm ailəsini heç çəkinmədən qurban verməyə hazır olmalı idi. 2 gün öncə məktəbdə Hoseflə axund Pənahın söhbətinə şahid olan Qəmər Həcərin öldüyünü də onlardan eşitmişdi. Həcərin Həmidlə evləndirildiyindən xəbərsiz olan Qəmər bu xəbərlə sarsılmış, quş kimi çırpınan ürəyi ələ-ovuca sığmamış, hər kəsdən xəbərsiz yollara düşmüşdü. Yol boyu beynində çaxnaşan sualları, nəhayət ki, Hüseyn dindirmiş, hər şeyi illər sonra qarşısında gördüyü tək dostuna hönkürə-hönkürə anlatmışdı.

Həmid dəfələrlə həbsə girib çıxmış , hər kəsin gözünü qorxudan zorbanın biri idi. Molla rejimi hakimiyyətə gəldikdən sonra bu rejimi dəstəkləyən atasının adı-sanı daha da artmış, bunun nəticəsidir ki, Həmid istədiyi kimi at oynadırdı. 35-40 yaşlarındakı hündürboy, eybəcər bu bədheybət dəfələrlə evlənmişdi, lakin oğul eşqiylə yanıb tutuşurdu. Xanımlarına qurduğu basqıdan kimi intihar etmiş, kimisi doğuş üstə ölmüş, kimisi də qız övlad dünyaya gətirdiyinə görə atası evinə atılmışdı. Qorxudan səs çıxarmayan kənd əhli Həmidin əsirinə, Həmid də kədt qızlarının qəniminə çevrilmişdir.

Qəmər evdən baş götürüb getdikdən, kənd camaatının Abbas kişinin nəvəsinin havalanıb çöllərə düşdüyünü bütün kəndə yayandan sonra Qəmər Abbas kişinin hökmranlıq etdiyi krallıqda vətən xaini elan edilmiş, evdəki bütün zənən xəylaqları Abbas kişinin qamçısından keçirildikdən sonra Həcər hələ kürəyindəki yara yerləri qaysaq tutmadan Həmidin evinə xanım olmuşdu. Və nəhayət, iki gün öncə Həcər Həmidin onu son döyməsindən sonra sancılar içində qıvrılaraq məsum körpəsini dünyaya gətirmiş və hələ bu dünyadan doymayan, uşaq olmadan ana olan ruhunu təslim edərək, körpə gözlərini bu dünyaya yummuşdu.
İndi Qəmər Həcərin məzari başında diz çöküb körpə bacısından necə üzr istəsin bilmirdi. Axı Həcər bağışlasa o özü-özünü bağışlaya bilməzdi.
Gün batana kimi səssiz-sədasız məzarın başında oturdu. İçində yüz dəfə üzr istədi, yalvardı, bağışlanmaq dilədi Həcərdən. Amma irəli durub məzara sarıla bilmədi, səsini çıxarıb doya-doya hönkürə bilmədi. Göz yaşını içinə axıtmağı çox yaxşı bacarır Zəncanın qadınları.
Gün qaralanda ağır-ağır qalxıb kəndin içi ilə irəlilədi. Artıq kiminsə onu tanımağından ehtiyat etmirdi. Axı o ehtiyat etdiyi son dəyərlisini az öncə torpağın altında tək qoyub ayrılmışdı məzarlıqdan. Kəndin əyri-üyrü yollarıyla irəliləyib dörd tərəfi iydə ağacları ilə hasarlanmış həyətin önündə dayandı. Çəpərə yaxınlaşıb həyətə boylandı. Həmid eyvanda stol arxasında mürgüləyirdi. Onun iri cüssəsi, zəhimli üzü Qəməri həmişə qorxutmuş, kəntdə onun haqqında danışılanlar ondan çəkinməyinə səbəb olmuşdu.

Amma indi iydə ağaclarının quru, yarpaqsız budaqları arasından həyətə boylanan Qəməri Həmid zərrə qədər qorxutmurdu. Bu həyətə nə üçün gəldiyini, niyə ağacların arasından üzündən zəhrimar tökülən bu bədheybətə baxdığını özü də bilmirdi.
Elə addım atıb həyətə keçmək istəyirdi ki, içəridən Mədinə arvad deyinə-deyinə bayıra çıxdı. Qəmər barmaqlarının ucunda həyətə keçib ot tayasının yamacında sindi. Eyvana yaxın olduğundan indi Mədinə arvadın dediklərini eşidirdi.

- Birazdan dədən gələr, mən gedim evə, oğul – səndə fikir eləmə hər şey yaxşı olacaq. Bunu da yuxudan ayılsın, verərsən o küçüyün ağzına - başı ilə içərini işarə edib başını əmzik keçirilmiş butulkanı stolun üstünə qoydu.
Həmid tərpənmədən oturmuş, gözlərini uzaqlara zilləmişdi.
- Sabah aparıb atacam Zöhrə arvadın üstünə! - yenə başı ilə içərini işarə etdi, - qoy, küçüyünə sahib çıxsın.
Mədinə arvad gedə-gedə deyinməyindən də qalmırdı.

Arvad uzaqlaşana kimi gözü ilə onu izlədi, gözdən itən kimi ot tayasının yanından ayrılıb eyvanın altına qısıldı. İndi dayandığı yerdən Həmidin fısıltısını eşidirdi. Ürəyi bərk döyünməyə başladı, etmək istədiyi şey onun özünü qorxudurdu. Amma Qəmər qərarlı idi. Astaca eyvanın altından sıyrılıb pilləkənlə yuxarı qalxdı. Qalxdığı 4-5 pilləli bu pilləkənin hər addımı ona bir ömür kimi uzandı. Qəmər Həmidin düz arxasında dayanmışdı. Qorxusunu nə qədər dizginləməyə çalışsa da, ürəyi sanki ağzından çıxacaqmış kimi atır, əli-ayağı keyiməyə başlayırdı. Uşaqlıqdan qorxan kimi hıçqırıq tutardı onu, beləcə, özünü ələ verərdi. İndi hıçqırıq səsini Həmidə duyurmamaq üçün iki əli ilə ağzını qapayıb gözlərini Həmidə zilləmişdi. Qəfil içəridən uşaq ağladı, səsi gecənin zülmətində əks-səda verdi. Həmid səsə geri çevrilib qarşısında donub qalmış Qəməri görəndə artıq qacmaq üçün çox gec idi.

- Hey sən kimsən oğlan?- qəzəbli səslə soruşdu.
Qəmər iki il öncə Həmidin qarşısında necə lal olmuşdusa, indi də səsi çıxmadı. Çevrilib qaçmaq istədi, məhəccərə çırpılıb səndələdi, başındakı papaq yerə düşdü. Həmid yerdən ona zillənən, nifrətlə baxan bir cüt qara gözləri həmin dəqiqə tanıdı:
- Sən, həə... demək, sən... dəli nərə çəkib qızın üstünə atıldı.

Qəmər cəld yerdən fırlayıb ayağa qalxdı. Həmidi itələyib özündən uzaqlaşdırmaq istədi. Həmidin şərab qoxan nəfəsi üzünə dəydikcə Qəmər çırpınır, onun əlindən qurtulmağa çalışırdı. Bir təhər qolunu Həmidin əlindən qurtarıb qaçmaq üçün geri çevrildi. Həmid əlini atıb qızın saçlarından yapışdı, var gücüylə geri çəkib, - indi burda sənin qanını tökəcəm, sən nə cəsarətlə bu evə gələrsən, hə küçük, – deyə bağırdı.
Qəmər əlini atıb divara paltar asmaq üçün vurulmuş böyük mıxdan yapışdı, saçları qopacaqmış kimi his edirdi. Amma divardakı mıx bərkidildiyi yerdən çıxıb qızın əlində qaldı. Qəmər heç düşünmədən geri çevrilib əlindəki mıxı Həmidin çənəsinin altından üzü yuxarı var gücüylə başına sapladı.

Həmid səndələyib geri-geri getdi. Əli ilə divardan tutub yerə çökdü. Boğazından, ağzından qan fışqırırıdı, əlləri ilə boğazının yarasını tutub nə isə demək istədi, səsi xırıldadı. Hər şey bir neçə saniyədə baş verdi, Qəmər hələ də nə olduğunu anlamaqda çətinlik çəkirdi. Bir neçə dəqiqə, beləcə, keçdi, içəridə körpə dayanmadan ağlayırdı. Qəmər yaxınlaşıb yerdə döşəkçənin üstünə qoyulmuş iki günlük bu körpə məxluqa baxdı. Uşaq ağlamaqdan göyərmişdi, əyilib uşağı qoxladı, sanki burnuna Həcərin qoxusu gəlirdi. Uşağı bağrına basıb iydə ağaclarının arasında gözdən itdi.

Kəndin içi ilə qucağında uşaq getmək dəlilik olardı, papağı da Həmidin evində qalmış, qısa saçları üz-gözünə tökülmüşdü. Kəndin çöl yolu ilə körpəni sinəsinə basıb qaçırdı, niyyəti uşağı nənəsinə çatdırıb yenə kölgə olmaq idi. Uşaq durmadan ağlayırdı,indi uşaqla bərabər Qəmər də hönkürürdü. İçində illərdi yığılan nisgili uşağın səsinə qoşulmuş, sankı öz səsini uşağın səsində itirsin deyə hönkürürdü.

Qəmər gecənin zülmətində evlərinin yaxınlığındakı o oyuğa çatıb özünü oyuğa saldı. Uşaq ağlamaqdan bihal düşmüş indi artıq ağlamır zarıyır, rahatlıq tapa bilmirdi. Qəmər oyuqdan köhnə paltarlar çıxarıb körpəni bükdü, saçını toplayıb yaylığın altında gizlətdi. Uşaq sakitləşmək bilmirdi, Qəmər uşağı sinəsinə sıxıb oyuqdan çıxdı, dərənin kənarına gəldi, dərədən ovucuyla su götürüb uşağa vermək niyyətində idi.

Dərənin buz kimi suyu qızın əllərini dondurdu, Qəmər suyu yerə töküb çarəsiz gözlərlə körpəyə baxdı. Elə bu vaxt yanında hənirti duydu, tez kolların arasına sinib əli ilə körpənin ağzını qapadı. Ay işığında Gecənin kölgəsi dərənin üzərinə əks olunurdu. Vəfalı Gecə qəməri oyuğun yanında gözləmişdi.

Qəmər qoca gecənin axsayan ayağını, yara tökmüş yalmanını hələ Hüseyini görməyə gedəndə görmüşdü. Uşaqlıqdan babasının qocalan, ayağı yara tökən xəsdə atları necə güllə ilə vurduğunu görmüş, nənəsinin babanın bu üsulla atın acısını dindirir fikirlərinə inanmışdı. Hüseyindən Gecənin acılarının niyə dindirilmədiyini soruşmuş, Hüseyn isə cavabında Gecənin Qəmərin atı olduğu üçün babası tərəfindən cəzalandırıldığını, ölümü belə bu biçarə heyvana çox gördüyünü söyləmişdi.

Uşağı yerə qoyub ata yaxınlaşdı, Gecə Qəməri qoxlayıb başını qızın üzünə dayadı. Qəmər atına sarılıb hönkürdü. Gecə güclə nəfəs alırdı, acı çəkən gözlərini onu buraxıb gedən sahibinə dikib sanki kömək istəyirdi.
- Hə, köhnə dostum, deyəsən, bu gün hesablaşma günüdür. İndi sənin də acılarını dindirmə vaxtı çatıb.
Uşağı da götürüb təkrar oyuğun yanına qayıtdı, Gecə itaətkarcasına sahibinin arxasınca gedirdi. Oyuğun içində sınmış oraq ucuna bərkidilmiş taxtanı götürdü, keçib atla üzbəüz dayandı. Gecə sahibinin yaşlı gözlərinə baxıb başını yellədi. Sanki bununla Qəmərə edəcəklərinə razılıq verirdi. At gedib dərənin yanında ayaqlarını büküb uzandı.

Qəmər gözü yaşlı əyilib atı öpdü, qoxladı, bir əli ilə atın gözlərini bağlayıb, oraq parçasını atın boğazına çəkdi, Gecə çapalayıb xırıldadı. Qəmər atın başını tutub tərpənməyə qoymadı, xırıltı kəsənə kimi gözlədi. Qan fışqırııb hər tərəfi bələdi, qızın üstü-başı, əlləri al qan oldu. Qəmər artıq ağlamırdı, Gecənin qan fışqıran boynuna, özünün qırmızı əllərinə baxır, sakitcə oturmuşdu.

Uşaq yenə ağlamağa başladı, bəlli ki, acmışdı. Qəmər əlini fışqıran qanın altına tutdu, sonra tərəddüdlə uşağın ağzına saldı. Körpə Qəmərin qanlı barmağını iştahla sorub dodaqlarını yaladı. Qəmərin ürəyi ağzına gəldi, dayana bilməyib düz iki gündür loxma atmadığı mədəsi qanayana kimi öyüdü.
Durub əlini üzünü yudu, Gecənin qanı dərəyə axmışdı, dərənin suyu al-qırmızı axırdı. Uşağı alıb təkrar oyuğa götürdü. Köhnə paltarları çıxarıb uşağın qan olan örtüyünü dəyişmək və yola düşmək idi niyyəti. Uşağın örtüyünü açanda gözləmədiyi mənzərə ilə qarşı-qarşıya qalmışdı.
Körpə oğlan yox qız idi...

İlahi indi Qəmər neyləməli idi, körpəni nənəsinə versin? .. Yox, axı o bu körpənin nə onun, nə də Həcərin taleyini yaşamağını istəmirdi. Nənəsinin ətəyində o körpənin fərqli bir həyat yaşayacağına da əmin deyildi. Dan yeri ağarırdı, birazdan kənDdə həyat canlanacaq... Qəmər bir qərar verməli idi..
Budur o artıq o təkrar iydə ağaclarının arasında göründü. Körpəni oyuqda gizlədib geri dönmüşdü. Ağlındakı planı bir an öncə həyata keçirib, örüşə gedənlər körpənin səsini duymadan kəddən çıxmalı idi.

Tələsik eyvana daxil olub barmaqlarının ucundə içəri keçdi. Həmid hələ də xırıldayırdı. Gözləri bərəlmiş, rəngi ağappaq olmuşdu. Amma hələ nəfəsi gedib gəlirdi. Qanı axmış, eyvanın ortasında gölməçə əmələ gəlmişdi. Qəmər şığıyıb stolun üstündəki lampanı götürdü, açıb içindəki nefti ətrafa səpələdi. Eyvana od vurub lampanın yanan başını da ot tayasına atdı. Stolun üstünə Mədinə arvadın uşaq üçün qoyduğu süd dolu butulkanı da götürüb xoruzların ilk banlaması ilə kəndi tərk etdi...

Qəmərin yoxluğunu eşidən Hosef bütün gün boyu qızın hara gedəcəyini fikirləşmış, axund Pənahın nəvəsi Mənsurun papaq və çəkmələrinin də itdiyini eşidəndən sonra daşlar yerinə oturmuşdu. Qəmər yenə Hüseyn olub köhnə qaranlığında yox olmağa getmişdi.
Həyatda tək qayəsi bu millət, bu xalq olan Hosefin Qəmərə özü də başa düşmədiyi bir heyranlığı, bir zəifliyi var idi. O həm Qəmərin cəsarətinə aşıq olurdu, həm də bu üsyankar, qorxusuz qız onu çox qorxudurdu. Hosef əmin idi ki, Qəmər işıqlı gələcəyin bir parçası olacaq. Amma Qəmər Hosefə onun qəlbinə yol tapmağa imkan vermir, üsyankar ədasi ilə ipə-sapa yatmırdı. Bütün asiliyinə baxmayaraq qızın sədaqəti və qorxusuzluğu Hosefin ürəyində ümudinin itməsinə imkan vermirdi.

Axund Pənahla söhbətlərində axundun bütün şikayətlərinə sakitcə başını yelləyər- səbirli ol Pənah, o hələ də özünü buraya aid his etmir, ona vaxt lazımdır deyərdi. Gün gələcək o bu məqsədə, bu qayəyə bağlanacaq. Hələki onu gələcəyə inandıracaq bir səbəb yoxdur,hər şeyin öz vaxtı var, mən Qəmərdən çox ümidliyəm- deyərdi.
İndi Qəmər bir gecədə Hosefin bütün ümidlərini də özüylə almış və gecənin zülmətində yox olmuşdu. Hosef yol boyu Qəməri asıb-kəsir, deyinir,bir an öncə özünü Abdulla kişinin evinə çatdırıb Qəməri tapmaq niyyətində idi. “Yox, Qəmər, yox” - dodaqaltı deyinirdi: Sən bu xalqın gələcəyisən, səndən belə asanlıqla vaz keçmərəm.İcazə vermərəm özünü bu qaranlıqda yox edəsən.

Sən sənin kim yüzlərlə gənclə birlikdə işiqli sabahlar üçün mübarizə aparacaqsan..
Artıq iki gün idi rol arxasında idi Hosef. Bütün yol boyu Qəmər tapdıqda verəcəyi cəzaları sıralayır, ürəyinin dərinliyində isə qızı heç tapa bilməməkdən ölümünə qorxurdu.
Maşın Abdulla kişinin darvazasına çatdı. Dalbadal qapının açılması üçün siqnal versə də, səbri çatmadı. Tez maşından enib darvazanın açıq balaca qapısından özünü həyətə atdı. İçəridə kitab oxuyan qadınlar maşın səsini eçidib hay-həşir salmışdılar. Çaxnaşma düşən həyətə addım atan kimi səs-küyə həyətə çıxmış Abdulla kişi ilə burun-buruna gəldi. Abdulla kişi ona ağzını acmağa macal vermədən başı ilə içərini işarə elədi. Dəhlizdən iti addımlarla keçib Abdulla kişinin otağına daxil oldu.

Ayaq səslərini eşidib ayağa duran Qəmər qarşısında Hosefi görüncə sevincdən gözləri parıldadı. Hosef yol boyu Qəmərin arxasınca deyinsə də, bircə səni tapım gör necə cəzalandıracam desə də, qarşısında üst-başı çirk içində, saçları kəsilmiş, üz-gözü yara-bərə içində olan, bu iki gündə arıq canı daha da üzülmüş, yorğun amma bir o qədər də məğrur və dik duruşla qıza heyranlıqla baxmaya bilməzdi. Bir ata nəvazişi ilə yaxınlaşıb qıza sarılmaq istədi, amma Qəmər əli ilə “dur”işarəsi etdi. Qarşısında dayandığı taxtdan uzaqlarşıb arxasında, taxtın üstündə adyala bükülmüş körpəni başı ilə Hosefə işarə etdi.
- Həmidi öldürdüm, ustad... - xırıltılı səslə zarıdı. İndi əllərim qanlıdı... - nəsə demək istədi, amma ... - Sanki qəbul edəcəksən belə et deyirmiş kimi susub sual dolu gözlərini Hosəfə zillədi.

Hosef heç tərəddüd etmədən şığıyıb qızı sinəsinə basdı. O illərdi Qəmərin gözündə axtardığı ümid işığını axır ki, görmüşdü.
Gecə qaranlıq kölgəsini kəndin üzərində yenicə qaldırmışdı ki, kənd Mədinə arvadın ağı səsiylə inlədi. Həmidin ölüm xəbəri bütün kəndə yayıldı, hər kəs yas evinə axışıb gəldi. Hamı yas evinə baş sağlığı versə də, içdən-içə Həmidin sonunun belə bitməsinə sevinmişdi.

Elə həmin saatlarda Hosef rul arxasında Təbriz yoluna üz tutmuşdu. Arxa oturacaqda oturmuş Qəmər gah pəncərədən uzaqlardan görünən kənd evlərinə, gah da bərk-bərk sinəsinə sıxdığı körpəyə baxırdı. Maşının ön güzgüsündən Qəməri izləyən Hosef qızın gözlərində gördüyü parıltıya baxır, xəyallara dalırdı.
Kəndin çıxışındakı qayalıqlardan keçəndə Qəmər hələ iki il əvvəl bu maşının elə indiki kimi arxa oturacağında büzüşüb oturduğu, ürkək baxışlarla ətrafa baxdığı o günü xatırladı. Həmin gün çarəsiz qaldığı üçün məcbur Hoseflə getməyə razılaşmışdı, qorxudan heç tanımadığı birinə sığınmış və həyatın ona nə gətirəcəyini bilmədən, görmədən qəbul etmişdi. Elə bu qayalığın dibinə çatanda Hosef onu maşından endirmişdi.

Nə baş verdiyini anlamadan ona verilən əmrlərə itaət edən Qəmər Hosef neçə dəfə “Adın nədir?” deyə soruşsa da, hər birinə “Hüseyn” deyə cavab vermişdi. Hosef onu qayanın üstünə çıxarıb “adım Qəmərdir” deyə bağırmağa məcbur etmişdi. Yerə endikdə isə: İndi Qəməri də, Hüseyini də bu qayanın dibinə qoy, artıq heç biri deyilsən, sən bu xalqın fədaisisən, özünə yeni ad seç, demişdi. Ötən iki il ərzində Hosefin bütün təkidlərinə baxmayaraq Qəmər özünə ad seçməmiş, hər dəfə Hosefə qarşı gəlmişdi.

Qayanın yanından ötəndə Qəmər acı-acı gülümsəyib başını yellədi:
- Ustad...
Hosef ön güzgüdən gözlərini ona zillədi:
- Hə, qızım.
- Mən özümə ad seçmişəm...
Hosef qulaqlarına inana bilmədi, maşını yolun kənarına çəkib saxladı. Qanrılıb arxa qoltuqda oturan qızın parıldayan gözlərinə baxdı
- Bundan sonra adım Gecə olacaq, artıq mənə Gecə de.
- Gecə... Gecə... - Hosef dodaqaltı mırıldandı..
Zülmət kimi qaranlıq, amma bir o qədər də ümid dolu sabahın xəbərçisi gecə... Hər şeyin sonu, bütün sonların başlanğıcı gecə...

# 659 dəfə oxunub

Oxşar xəbərlər

"Noa" qəbiləsinin qadınları - Fəridənin hekayəsi

"Noa" qəbiləsinin qadınları - Fəridənin hekayəsi

12:00 14 aprel 2025
Yüz dollarlıq öpüşlər – Kurt Vonnequtun hekayəsi

Yüz dollarlıq öpüşlər – Kurt Vonnequtun hekayəsi

13:00 11 aprel 2025
Şlyapalı Mauqli - Salam Qədirzadənin hekayəsi

Şlyapalı Mauqli - Salam Qədirzadənin hekayəsi

11:30 10 aprel 2025
Qafqaz rəqqası - Həmid Piriyevin yeni hekayəsi

Qafqaz rəqqası - Həmid Piriyevin yeni hekayəsi

09:00 9 aprel 2025
“Mənə Şəhrizadın nağılın danış”  adlı kitab çap olunub

“Mənə Şəhrizadın nağılın danış” adlı kitab çap olunub

12:32 7 aprel 2025
Körpə və kürən pişik balası - Çingiz Abdullayevin hekayəsi

Körpə və kürən pişik balası - Çingiz Abdullayevin hekayəsi

10:51 7 aprel 2025
# # #