İnsan mənliyi - Yaroslav Haşekin hekayəsi

İnsan mənliyi - Yaroslav Haşekin hekayəsi
30 aprel 2026
# 10:00

Bu gün tanınmış çex yazıçı Yaroslav Haşekin doğum günüdür.

Kulis.az onun "İnsan mənliyi" hekayəsini təqdim edir.

Yerli qəzetin müxbiri işləyərkən mən insanın şöhrətpərəstliyinə dəfələrlə təəccüblənməli olurdum. Bir dəfə yazdım ki, Smixovdan Vatslav Stranski adlı şəxs Kinski prospektindəki pivəxanada o qədər içdi ki, şlyapasını qulaqlarınadək başına keçirdilər və camaatın gözü qabağında qapıdan bayıra atdılar.

Ertəsi gün cənab Vatslav Stranski redaksiyaya gəlib əsəbi halda məndən tələb etdi ki, məqaləmə düzəliş verim və yazım ki, onun başına adi bir şlyapa yox, silindr keçirmişlər. Bir neçə gündən sonra cənab Slabının kolbasa sexində yanğın törənməsi haqqındakı qəzet xəbəri ilə yeni əhvalat baş verdi. Yazırdım ki, doğrudan da böyük təhlükə yaranmışdı, çünki kolbasadakı un öz-özünə alışmışdı. Bu sözləri xoş niyyətlə yazmışdım.

Oxucuları əyləndirmək istəyirdim, çünki məqalələrimin quru olmamasına çalışmağı özümə müqəddəs borc sayırdım. Ertəsi gün redaksiyaya üç nəfər gəldi: kolbasa ustası cənab Slabı, onun atası, bir də babası. Baba xüsusilə davakar idi, o, oğlu ilə nəvəsini dilə tuturdu ki, məni əməlli-başlı kötəkləsinlər. Nəvə var gücü ilə çığırırdı: "Siz bişirdiyimiz kolbasanın dadına baxın!" Ata isə bağırırdı ki, mən onun alverinə ziyan vururam.

Vəziyyət lap gərginləşəndə məsul redaktor otağa girdi və mən taktiki mülahizələri əsas götürüb aradan çıxmağı lazım bildim, onlara dedim ki, hər şey barədə redaktorla danışsınlar. "Məsul" sözü ağzımdan çıxan kimi otaqdakılar məndən əl çəkib onun yaxasından yapışdılar. Bu söz onların xoşuna gəlmişdi. Onu - uşaqlar küçüyün üstünə cuman kimi - dövrəyə aldılar. Məsul redaktor qaçıb canını qurtarandan sonra da otaqları bir-birinə vurub onu xeyli axtardılar, hətta mətbəəyə soxuldular. Axırda məsul redaktor özünü əlçatmaz yerə salıb qapını qıfılladı, lakin şikayətçilər qapını döyəcləməyə başladılar. Sındırıb içəri girmək istədilər. Elə bil vəba xəstəliyinə tutulmuşdular. Baba yenə də hamıdan qabaqda idi. Dəli kimi qapını ayağı ilə döyəcləyib, dil boğaza qoymurdu:

- Biz kolbasada un olduğunu sənə göstərərik!

Məsul redaktor isə zarıldayırdı:

- Cənablar, məndə təqsir yoxdur. Məlumat polis idarəsindən alınıb. Nömrəyə də mənim xəbərim olmadan düşüb!

Zənnimcə hər bir oxucu bilir ki, xalq hakimləri redaksiya sayıqlığını itirmələri üstündə məsul redaktorları tez-tez məhkum edirlər. Amma bu üç nəfər Meksikanın andlı iclasçılarından daha sərt idi. Redaksiyanın kuryerləri səsə axışıb gəldilər, yalnız bundan sonra kolbasaçılar ailəsi otaqdan qovuldu və polis idarəsinə şikayət etməyə getdi. Bir azdan mən sındırılan ayaqlar, intihar edən adamlar, vəhşiliklə yük vuranlar, yaxud tramvay toqquşması, oğurluq barəsində məlumat almaq üçün polis idarəsinə gələndə baş komissar xahiş etdi ki, unu alışan kolbasa ustalarını bir də onun yanına göndərməyim.

Bütün bunlar az imiş kimi, kolbasa ustaları ailəsini kömək almaq üçün müraciət etdiyi rəqib partiyanın gündəlik qəzeti həmin hadisəni aləmə yaydı; bu qəzetdə bizim orqanın əleyhinə kəskin məqalə dərc olundu. Məqalədə yazılırdı ki, bizim partiya xırda tacirlərin mənafeyini müdafiə etmir. Məqalədə iri kapitala satıldığımız və onun xeyrinə çalışaraq xırda sənətkarların və tacirlərin menafeyini tapdaladığımız haqda qırmızı xətlə məlumat verilirdi. Axırda müəllif yazırdı ki, vaxt gələcək partiyamız yer üzündən silinib yox olacaq, ondan əsər-əlamət qalmayacaq.

Bundan sonra qət etdim ki, öz məqaləmdə əyləncəyə bir daha fikir verməyib faktları aydın və quru şəkildə şərh edəcəyəm. Belə bir xəbər yazdım: "Dünən gündüz saat 5-də xarrat Yan Kısela öz emalatxanasında (Jijkovskaya, 612) qız familiyası Foxtova olan arvadı Mariya ilə dalaşmış və dəmir dəyənəyi onun başına vurmuşdur, bundan sonra qadın "təcili yardım" maşını ilə xəstəxanaya aparılmışdır. Hadisə yerinə xeyli adam toplaşmışdı".

Ertəsi gün redaksiyaya gələndə hələ pilləkəndə kuryerimiz qayğılı görkəmlə bildirdi ki, iki nəfər məni gözləyir. Doğrudan da onlar otaqda oturub mənim gəlişimi gözləyirdilər. Birinin əlində uzun və yoğun taxta dəyənək vardı. Dəyənəkli kişi müqəddiməsiz-zadsız həyəcanla dedi:

- Cənab jurnalist, məgər bu dəyənək dəmirdəndir?

Etiraz edə bilmədim: dedim ki, yox, dəmirdən deyil.

O, məmnun halda dilləndi:

- Bilin ki, arvadımı bu dəyənəklə vurmuşam.

O, çılğınlıqla inandırmağa çalışırdı ki, belə bir qəddarlığı heç vaxt özünə rəva bilməz, arvadını dəmir dəyənəklə döyməz. Üstəlik, əgər xarratdırsa, onun əlində dəmir dəyənək ola bilərdimi? Axtarıb dəmir dəyənək tapanadək hirsi soyuyardı. Hadisə yerindən verdiyim xəbəri ədalət naminə dəyişmək mənim fərəhli borcum idi.

Yazdım: "Jijkovskaya küçəsində yaşayan xarrat Yan Kıselanın öz arvadını dəmir dəyənəklə vurması haqqında məlumat yalan çıxmışdır. Dünən cənab Kısela redaksiyamıza gəlmiş, özü ilə iki metr qırx santimetr uzunluğunda böyük taxta dəyənək gətirib demişdir ki, arvadının başını dəmir dəyənəklə yox, məhz, bu taxta ilə yanıb".

Heç vaxt güman eləməzdim ki, ictimaiyyət qarşısında bu cür parlaq şəkildə təmizə çıxardığımız şəxs yenə də həmin taxtanı götürüb redaksiyaya gələcək və mənim başıma vuracaq. O öz hərəkətini izah edərək dedi ki, bu hadisəni qəzetdə heç bir ehtiyac olmadan şişirtmişəm.

Bəli, dünyada mənliyini qoruyan bu cür adamlar varmış!

Bir dəfə cırtdan Alfons öz impressariosu Massarinin müşayiəti ilə redaksiyamıza gəldi. Bu cırtdan Praqada adambaşına qırx gellere özünü başqalarına göstərirdi.

Maraqlı bir məqalə yazıb orada cırtdanı dünyanın ən bədheybət məxluqu kimi təsvir etdim, bildirdim ki, ona tamaşa eləmək hamıya ləzzət verir. İmpressario Massarinin, yazılanları dərindən başa düşmədiyinə görə, ağlına gəldi ki, mən onun özünü bədheybət məxluq adlandırmışam.

O, tapançadan mənə üç dəfə atəş açdı, öz gözəlliyini bu qədər həyasızlıqla sübut etmək imkanı qazanmasından həzz alırdı. Güllələrdən biri çiynimdə ilişib qaldı. O vaxtdan bəri məqalə yaza bilmirəm, İndiki şəraitdə hər oxucu yaza bilməməyimdən əlbəttə razı qalacaq.

# 119 dəfə oxunub

Oxşar xəbərlər

Cümə gününə hazırlıq - Mübariz Örənin yeni hekayəsi

Cümə gününə hazırlıq - Mübariz Örənin yeni hekayəsi

10:00 28 aprel 2026
Vətən yaraları - Mir Cəlalın hekayəsi

Vətən yaraları - Mir Cəlalın hekayəsi

15:00 26 aprel 2026
"Sənin qıyıb öpmədiyin dodaqları o murdarladı" - Toy gecəsi üstü açılan dəhşətli sirr

"Sənin qıyıb öpmədiyin dodaqları o murdarladı" - Toy gecəsi üstü açılan dəhşətli sirr

10:00 25 aprel 2026
Bir çamadanlıq ömür - Kəmalə Mirzəyevanın essesi

Bir çamadanlıq ömür - Kəmalə Mirzəyevanın essesi

11:30 23 aprel 2026
Qəbiristanlıqda – Seymur Baycanın hekayəsi

Qəbiristanlıqda – Seymur Baycanın hekayəsi

15:00 22 aprel 2026
Məkanın fövqündə - Orxan İsmayılovun hekayəsi

Məkanın fövqündə - Orxan İsmayılovun hekayəsi

14:20 22 aprel 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər