Kulis.az sənətşünas Nazlı Əmirovanın “Sənət cərəyanları” silsiləsindən “Postmodernizmin tarixinə və mahiyyətinə bir nəzər ” haqda yazısını təqdim edir
İncəsənətdə mövcud olan cərəyanlar ya bir-birinin davamı, ya da inkarı kimi meydana çıxır. Yeni fikirlər və ideyalar, adətən özündən əvvəl yaranan və ömrünü başa vurmaqda olan sənət cərəyanının zəminində formalaşır. Antik dövrdən müasir dövrə qədər bu ənənə əsasən qorunub saxlanılıb. Estetikasına, mahiyyətinə görə hər nə qədər bir-birindən fərqlənsələr də, əksər cərəyanların müəyyən mənada biri-biri ilə əlaqəsi olub. Haqqında söhbət açacağımız postmodernizm cərəyanı da modernizmin törəməsi və ya inkarı kimi meydana çıxıb.
Almancadan tərcümədə postmodernizm sözünün hərfi mənası modernizmdən sonra gələn deməkdir. Mahiyyəti modernizmin irəli sürdüyü qayda və qanunları, normaları, ideya və baxışları inkar etmək, ümumiyyətlə, tarixin bizə verdiyi bütün dəyərlərə, qəbul olunmuş ənənələrə yenidən nəzər yetirməkdir. Bu cərəyanın məğzini bir neçə cümlə ilə qavramaq olduqca çətindir. Bunun üçün postmodernizmin tarixi köklərini araşdırmaq və onu yaradan amilləri ətraflı nəzərdən keçirmək məqsədəuyğundur.
İncəsənətin inkişaf yolu məlum olduğu kimi heç də həmişə hamar olmamış, müxtəlif ideya və cərəyanların təsiri ilə fərqli trayektoriyalar cızmışdır. Hər növbəti mərhələ özünəməxsus ruh, baxış və yanaşmalarla əlamətdar olmuş, yeni fikirlərin meydana çıxması üçün münbit zəmin yaranmışdır.
Antik dövr klassik yanaşma, İntibah dövrü maarifçiliklə əvəz olunmuş, sonra modern dövr yaranmış, onun yerini isə postmodern dövr tutmuşdur. Modern dövr XIX əsrdə meydana çıxmış və modernizmi yaratmışdır. Modernizm öz zamanında mövcud olan ənənələri, qayda və qanunları inkar etmiş, həyatın bütün sahələrinə daxil olacaq yeniliyi qəbul etmişdir. Bu, incəsənətin əksər növlərində - ədəbiyyat, rəssamlıq, musiqi, memarlıq və digər sahələrdə təzahürünü tapmışdır. Yarandığı ilk illərində tənqidlərlə qarşılansa da, sonralar mədəniyyətin aparıcı istiqamətlərindən birinə çevrilmişdir.
Elmin inkişafı, şəhərlərin böyüməsi, texnologiyanın əldə etdikləri, sənayeləşmə və digər amillər sənətdə yeni dünyagörüşünü formalaşdırmışdır. İnsanlar hər sahədə yeniliyə can atmışlar, keçmiş ənənələrə şübhə ilə yanaşma, fərdiyyətçilik, dəyişən dünyaya uyğunlaşma modernizmin tərkib hissələridir. Təsviri sənətdə modernizm impressionizm, kubizm, fovizm, futurizm, sürrealizm, avanqardizm, abstraksionizm kimi kiçik cərəyanlara ayrılır. Onların hər birinin öz xüsusiyyətləri olsa da, yeni dünyagörüşünü, həyata yeni baxışı ifadə edirlər. Postmodernizm isə modernizmdən fərqli olaraq hansısa bir qayda qanuna, yaxud forma xüsusiyyətlərinə önəm vermir, keçmişdən gələn adət-ənənələri, baxışları bir də nəzərdən keçirir. Onlara başqa tərəfdən baxmağı təklif edir.
Alimlər modernizmlə postmodernizmi fərqləndirən cəhətləri ayırırlar. Modernizm ciddi anlayışdır, reallığa söykənir. Tərəqqiyə inanır, köhnə dünya ilə müasir dünyanı bir-birindən ayırır. Burada ağıllı insan reallığa məna qatır, onu öz məqsədləri naminə dəyişdirir. Postmodernizm isə ciddiliyə olan inamı itirir. Yerdə ayrı-ayrı kəlmələrin istehzalı şəkildə birləşdirilməsi, hər şeyə sirli yumor nöqteyi-nəzərindən yanaşılma qalır. Burada yeni və ciddi bir fikir deyilə bilməz. Çünki bunlar - “yeni” və “ciddi” yalnız quru sözlərdir. Postmodernizmə görə məna işarələrin oyunundan savayı bir şey deyil. Fikir birbaşa yox, dolayı yolla deyilir.
Umberto Ekonun sözlərinə istinad etsək, məsələn, müasir dövrdə gənclər bir-birinə sevgi etiraflarını açıq şəkildə etmirlər. Bu, bir qədər yersiz görünür. Onun əvəzinə “gərək ki, şair belə deyib, mən sizi sevirəm” deyirlər. Ərəb mənşəli Amerika nəzəriyyəçisi İhab Habib Hassan, Valeri Brayn cədvəl tərtib edərək modernizmlə postmodernizmin xüsusiyyətlərini qarşılaşdırıb. Həmin cədvələ görə modernizmdə mühüm olan formanı postmodernizmdə formasızlıq, qarşıya qoyulmuş məqsədin əvəzinə oyun üsulu, planın yerinə təsadüf, janrın əvəzinə mətn və digər anlayışlar verilmişdir.
Postmodernizm terminini ilk dəfə alman filosofu Rudolf Panvitsa 1914-cü ildə qələmə aldığı “Avropa mədəniyyətinin böhranı” əsərində işlədib. Burada söhbət mədəni tənəzzülün qarşısını almağa yönələn yeni insan tipindən gedirdi.
1934-cü ildə ədəbiyyatşünas F.De Onis özünün “İspaniya və Latın Amerikasının poeziya antologiyası” kitabında bu termini modernizmə qarşı qoyur. Lakin həmin dövrdə postmodernizm möhkəmlənə bilmir. XX əsrin 40-cı illərində isə ingilis tarixçisi Arnold Toynbi “Tarixin dərki” kitabında postmodernizm anlayışına kulturoloji aspektdən yanaşaraq, yeni dövrdən sonrakı Avropa mədəniyyəti mənasını verib. Toynbinin əsərində postmodernizm mədəniyyət və din üzərində Qərb hökmranlığının sona çatdığının simvolu kimi təqdim olunub.
Ədəbiyyatda isə ilk dəfə postmodernizm terminini amerikalı alim İhab Hassan 1971-ci ildə işlədib. Onun əsərində postmodernizm özünün dolğun ifadəsini tapmayıb. Ondan bir qədər sonra 1979-cu ildə fransız alimi J.F.Liotar isə “Postmodernist vəziyyət” yazısında terminin fəlsəfi ifadəsini, başlıca xüsusiyyətlərini və yaranma səbəblərini əhatəli şəkildə verə bilib.
Postmodernizmə dair fikirlər modernizmə marağın azaldığı bir vaxtda formalaşdı. Cəmiyyətdə dünyagörüşünün və dünyaya baxışın dəyişməsi ilə əlaqədar meydana gələn və XX əsrdən çox əvvəl ortaya çıxan dəyişikliklər özünü yalnız XIX əsrin sonlarına doğru büruzə verməyə başladı. İnsanların dünyagörüşündəki dəyişikliklərin ən həssas indiqatoru olan dil bu prosesləri qeydə aldı. Bu, əksər filosofları ekstrapolyasiya - yəni hər hansı hadisənin müəyyən qisminin müşahidələri yekununda əldə edilmiş nəticənin, hadisənin digər qisminə, yaxud hamısına şamil edilməsini nəzərdə tutan elmi tədqiqat üsuluna müraciət edərək, XX əsrin fərdinin portretini yaratmağa həvəsləndirdi.
XIX əsrin sonunda rus ədibi, filosofu K.N.Leontiyev Avropada başlanan eqalitarizasiya - bərabərlik və liberallaşma meyllərinin güclənməsinə qiymət verərkən qeyd etmişdi ki, bunlar cəmiyyətdə hər vəchlə bərabərlik təmayüllərinin artmasına, azadfikirliliyə gətirib çıxaracaq, həmçinin özündənrazı və zəhlətökən xüsusi vətəndaş tipinin meydana çıxmasına zəmin yaradacaq.
Həyat tərzinin və şüurların bu cür demokratikləşməsi həmin mütəfəkkirin fikrincə son nəticədə orta sinfin hökmranlığına səbəb olacaq. Bu, eyni cür düşünən, o qədər də zəhmətə qatlaşmayan, lakin öz bərabərliyinə görə xoşbəxt olan insan toplusudur. Alim deyirdi ki, gündəlik tələbatlara köklənmiş, öz azadlığı və hüququ uğrunda daim müdafiəyə qalxacaq, təbiəti və mahiyyəti bəlli olmayan orta sinif yaranacaq.
Bu insan tipi bütün dini və mistik düşüncələrdən azad olan, özünün etikasını formalaşdıracaq və əmin olacaq ki, öz ləyaqətinin kəşf olunması dəbdəbə və zənginlik əldə etməyə yardım göstərəcək. Alimin fikrincə tərəqqinin nişanələri olan - rasionalizm, individualizm, demokratiya, şəhərləşmə, bazarlar, şəxsi biznes, komfort və başqaları ayrı-ayrı xalqların dünyagörüşünün dəyişilməsinə və antixristian meyllərin güclənməsinə gətirib çıxardı. Bu cür inkişafla Avropa məhvə doğru gedir, ondan mümkün qədər uzaqlaşmaq lazımdır. Leontyevin bu fikirləri o zaman alimlərin çoxunda təəccüb doğurmuşdu. Lakin illər keçdikdə onun söydəkiləri özünü qismən doğrultmağa başladı. Məhz Leontyev hələ XIX əsrdə ilk dəfə postmodern insan tipinin xarakteristikasını düzgün təsvir edə bilmişdi.
Postmodernizmin yaranmasına dair iki baxış var. Əksəriyyət belə düşünür ki, bu, XX əsrin ortalarında mədəniyyətlərin və sivilizasiyaların böhranı zəminində yaranmış tarixi hadisədir. Digər alimlərin fikrincə isə postmodernizm transtarixi anlayışdır. Yəni hər dəfə istənilən böhran zamanı ortalığa çıxır (bu halda postmodernizmin səciyyəvi cəhətlərinə malik mədəniyyət meydana gəlir ki, o da böhranın həllində universal faktor qismində çıxış edir). Görkəmli yazıçı Umberto Eko “Qızılgülün adı əsərinin səhifələrindəki qeydlər”də yazır ki, hər bir epoxanın öz postmodernizmi var. Hər bir dövr, məsələn realizm, romantizm, simvolizm və başqaları inkişaf edib, çiçəklənmə dövrü yaşadıqdan sonra böhranın astanasında dayanır. Xaosla, qarışıqlıqla müşayiət olunan həmin tənəzzül dövrü elə postmodernizmdir. Lakin müstəqil cərəyan kimi postmodernizm yalnız XX əsrin ortalarında təşəkkül tapdı.
Postmodernizmin mahiyyətini və gətirdiyi fərqli yanaşmanı daha dəqiq anlamaq üçün onun təşəkkül tapmağa başladığı tarixi fonu, həmin dövrün ictimai-siyasi reallıqlarını nəzərə almaq mütləq lazımdır.
Gəlin insanların həyatını müəyyənləşdirən, XX əsrin ikinci yarısında baş vermiş qlobal hadisələri nəzərdən keçirək. XX əsrin II yarısı bütün dünyada şəhərsalma və postsənaye cəmiyyətinin təşəkkülü gedişində müşahidə edilən ənənəvi fəaliyyət növlərinin və mədəni məişət mühitinin dəyişməsinə gətirib çıxaran sosial-mədəni təmayüllərlə xarakterizə olunur. Bu, fəaliyyət sürətinin və informasiya miqyasının artmasında, məişət texnikası, telekommunikasiya və kompüter texnologiyasından, sənayedə süni materiallardan intensiv istifadədə, eləcə də müasir cəmiyyətdə insanlar arasında münasibətlərin tədricən zəifləməsində özünü göstərdi. Şəhərləşmənin intensivliyi, sənayeləşmə, medianın inkişafı, kosmosun öyrənilməsi və sair həmin prosesi daha da sürətləndirdi.
Bir tərəfdən texniki tərəqqi, digər tərəfdən böhran vəziyyəti, intibahın və maarifçiliyin dəyərlərinə, ideyalarına bəslənən ümidlərin puç olması ilə müşayiət edilən qarışıq bir mərhələ yaranmışdı. İnsanlar nəyə inanacaqlarını bilmir, həyəcan keçirirdilər. Belə bir məqamda yeni dəyərlərin yaranması labüd idi. Cəmiyyətdə getdikcə dəyişilmə, köhnə qaydalara özgələşmə meylləri üzə çıxırdı. Bu, demək olar ki, həyatın bütün sahələrini, həmçinin mənəvi dəyərləri əhatə edirdi.
Postmodernizmdə bütün sərhədlər ortadan qaldırılır, elmlər, incəsənətin ayrı-ayrı sahələri bir-birinə qarışır, sinkretik anlayışlar yaranır. Var olan heç bir şeyin mahiyyəti önəm daşımır, həyatdakı bütün nəsnələrin dərinliklərinə varılmadan mənimsənilir. Gerçəklik olduğu kimi qəbul edilir. Ciddilikdən uzaqlaşma meylləri meydana çıxır. Həyata kinayə ilə baxış, həqiqət aramağın mənasız olduğu, ümumiyyətlə, həqiqət anlayışının olmadığı, mütləqliyin aradan qalxdığı, dünyada insana nə lazımdırsa onu da götürməsi prinsipi ortalığa çıxır.
Postmodernizm mürəkkəb bir anlayış olduğundan onun birmənalı şəkildə qavranılması qeyri-mümkündür. Xüsusilə tarixə dair müəyyən bilikləri, geniş dünyagörüşü, incəsənət, ədəbiyyat, eləcə də dünyada baş verən hadisələr barədə məlumatı olmayan, intellektual səviyyəsi aşağı olanlar üçün bu cərəyanın mahiyyətini dərk etmək çətinlik törədir. Bu baxımdan, postmodernizm bütün təbəqələrə ünvanlansa da, onu hər kəs qavraya bilmir. Postmodernizmdə intellektuallıq olduqca vacib amildir.
Postmodernist müəlliflər “Don Kixot”, “Min bir gecə”, “Dekameron”, “Kandid” kimi klassik əsərlərə işarə edərək, quruluşuna və nağılvariliyinə görə həmin nümunələrin onların eksperimentlərinə təsir etdiyini bildirirlər. Hələ 1759-cu ildə yazılmış, parodiya və eksperiment prinsipinin güclü vurğulandığı, ingilisdilli ədəbiyyata məxsus Lorensa Sternin “Centlmen Tristan Şendinin həyatı və fikirləri” romanı postmodern ədəbiyyatın sələflərindən sayılır. XIX əsr ədəbiyyatında maarifçilik ideyalarına təzyiqlər, oyun fəndləri, parodiyalar, ironiyalar, satirik gülüş və digər xüsusiyyətlər müşahidə olundu. Məsələn, Bayronun “Don Juan”, eləcə də Tomas Karleyl, Alfred Jarri, Lüis Keroll, Oskar Uayld və başqalarının əsərləri həmin cərəyanın müəyyən xüsusiyyətlərini büruzə verməyə başladı. XIX əsrin dramaturqları içində Avqust Strindberq, Luidji Pirandello və Bertold Brext artıq postmodernizm estetikasına yaxın yazırdılar. Bunlar hələ yeni ədəbiyyata hazırlıq idi.
XX əsrin əvvəllərində dadaist rəssamlar təsadüfilik, parodiya və zarafatı daha çox vurğulamağa başladılar. Tristan Tsara “Dadaist şeiri” məqaləsində “şeir yazmaq üçün təsadüfi şözləri ard-arda düzmək kifayətdir” demişdi. Rəssam Maks Ernst öz işlərində məşhur romanların illüstrasiyalarından və reklam şəkillərinin kəsiklərindən istifadə etmişdi. Sürrealist rəssamlar, dadaizmin varisləri şüuraltı fəaliyyəti mədh edərək, parodiya və təsadüfə dair eksperimentlərini davam etdirdilər. Sürrealizmin banisi Andre Breton məktub və yuxuların təsvirinin ədəbi əsərlərin yaranmasında böyük rol oynadığını iddia edirdi. O, “Nadya” əsərində söz yığını hesab etdiyi bəzi əsərləri ironiya ilə yada salaraq, təsvirin əvəzinə məktub və şəkillərdən istifadə etmişdir.
İlk postmodernist əsərin hansı olduğun dair tədqiqatçılar arasında yekdil rəy yoxdur. Çünki hələ modernizm dövründən də əvvəl bəzi əsərlərdə postmodernizmə xas əlamətlərə rast gəlmək olar. Lakin XX əsrin ortalarından artıq modernizmə meyllərin azaldığı ərəfədə meydana çıxan, yeni dünyagörüşünü tərənnüm edən ilk əsərlərdən biri Con Xouksun “Kannibal”, Samuel Bekketin “Qodo həsrətində” əsərləridir. Jak Derrida, Mişel Fuko, İhab Hassan kimi filosofların mühazirələri, mətbuatdakı yazıları da postmodernizm ədəbiyyatının yaranmasına təkan verdi.
İkinci dünya müharibəsindən sonra yaranan bütün əsərləri və yeni dünyagörüşünü təmsil edən fikirləri postmodernizmə aid etmək düzgün deyil. Lakin magik realizm, absurd teatrı, bit cərəyanını bu sahədə atılmış ilk addımlar hesab etmək olar. Həmin istiqamətlərin nümayəndələri Samuel Bekket, Uilyam Berrouz, Xorxe Luis Borxes, Xulio Kortasar və Qabriel Qarsia Markes postmodernizm estetikasına böyük töhfələr vermiş sənətkarlardır.
Postmodernizm cərəyanına mənsub ən tanınmış və böyük maraq oyadan əsərlər sırasına Con Xouksun “Hannibal”, Uilyam Qeddisin “Etiraf”, Uilyam Berrouzun “Lüt səhər yeməyi”, Kurt Vonnequtun “Qaranlıq ana”, “Çempionlar üçün səhər yeməyi”, Vladimir Nabokovun “Sönmüş alov”, “Ada”, Filip Dikin “Hündür qəsrin adamı”, Yan Martelin “Pinin həyatı”, Bret Ellisin “Amerikalı psixopat” və digərləri daxildir.
Postmodernizmin ayrı-ayrı xüsusiyyətlərini təhlil edərək, cərəyanın əsas mahiyyətini ifadə etməyə çalışaq. Əksər alimlərin gəldiyi qənaətə görə postmodernizmin başlıca xüsusiyyətləri - intertekstuallıq, pastiş, ironiya, keçmişin mədəni ünsürlərinin yenidən gözdən keçirilməsi, oyun fəndi, oxucunun, yaxud tamaşaçının həmmüəllif olma prinsipi, qeyri-müəyyənlik, qeyri-dəqiqlik, janr və üslub sinkretikliyi, yəni müxtəlif üslubların və janrların bir-birinə qarışması, teatrallıq, müəllifin əsərdə özünü yox etmək cəhdi, bundan irəli gələn “müəllif maskası” və ya “müəllifin ölümü”, çoxmənalılıq və ziddiyyət, yoxluğun varlığı, dünyanı dərk yox, olduğu kimi qəbul etmək, onun qeyri-mütənasib qanunlarına kinayə ilə yanaşmaqdır. Bütün bu xüsusiyyətləri diqqətə alaraq, bəzi mühüm tərəflərinə nəzər yetirək.
İntertekstuallıq postmodernizm estetikasının başlıca xüsusiyyətlərindən biridir. İlk dəfə bu termini poststrukturalizm nəzəriyyəçisi Yuri Kristevoy 1967-ci ildə elmə gətirib. İntertekstuallıq - ədəbi prosesə mütləq şəkildə bağlı olan mətnlərarası əlaqə mənasını verir. Postmodernist ədəbiyyatda mərkəzi ideya yoxdur, ideyalar var. Onlar pərakəndə olsalar da, hamısı bir yerdə postmodernizm ədəbiyyatını əmələ gətirir. Postmodernizmdə mətn hər hansısa bir ədəbi əsərə yönələ, onunla müqayisə edilə bilər, yaxud həmin əsərin geniş müzakirəsinə təşviq ola bilər və ya onun üslubunu özünə götürə bilər. Burada mifologiyaya və nağıllara meyl başlıca rol oynayır. Belə əsərlər əsasən elmi fantastik və detektiv janrda olur. Mətnlərarası mübadilədə Servantesin “Don Kixot” əsəri bəzi müəlliflər tərəfindən tez-tez xatırlanır. Məsələn, Borxesin “Don Kixotun müəllifi Pyer Menar”, Keti Akerin “Arzuya çevrilmiş Don Kixot” əsrini misal çəkmək olar. İntertekstuallığa nümunə kimi Umberto Ekonun “Qızılgülün adı” əsərini də göstərə bilərik. Burada müəllif Aristotelin, Artur Konan Doylun, Borxesin yazılarına mətnaltı eyham vurur. Sözsüz ki, bunu tam mənası ilə anlamaq üçün həmin əsərləri oxumaq lazımdır.
Postmodern ədəbiyyatın xüsusiyyətlərindən biri də pastişdir. Əgər intertekstuallıq müxtəlif mətnlər arasında əlaqə mənasını verirsə, pastiş məqsədyönlü şəkildə həmin mətnlərin bir-birinə birləşdirilməsi, qaynaq edilməsi anlamına gəlir. Bu iki cəhət sıx şəkildə bağlı olub, postmodern ədəbiyyatın ayrılmaz tərkib hissəsini təşkil edir.
Kanadalı alim Linda Xatçeon postmodernist nəsri qara yumora, ironiyaya bənzədir. Jak Derrida və Rolan Bart kimi o da həmin vasitələrdən oyun forması kimi istifadə olunduğunu vurğulayır. Düzdür, bu xüsusiyyətlər hələ modernizmdə formalaşmışdı, lakin postmodernizmdə daha da inkişaf edərək cərəyanın əsas prinsiplərinə çevrildi. Amerika yazıçılarından Con Bart, Cozef Xeller, Uilyam Qeddis, Kurt Vonnequt və başqalarını qara gülüşün ustadları adlandırırlar. Postmodernist yazıçılar ciddi mövzulara, məsələn, İkinci dünya müharibəsinə lağ-lağı ilə, ironiya ilə yanaşırlar.
Metanəsr anlayışı da cərəyanın başqa bir səciyyəvi cəhətlərindən biridir. Bu, mətn haqqında mətndir. İncəsənətin süniliyini, təxəyyülün uydurmalığını oxucuya agah edir. Metanəsr çox vaxt müəllifin sərt keçidlərinin, nəql zamanı yol verilən qəfil mövzu dəyişikliklərinin, süjetin qeyri-adi inkişafının, nəqlin emosional şərhinin və ondan kənarlaşmanın qarşısını almaq üçün istifadə edilir. Məsələn, İtalo Kalvino 1979-cu ildə yazdığı “Bir qış gecəsində bir yolçu” romanı eyni adlı əsəri oxuyan oxucu haqqındadır. Bu metoddan yararlanan Kurt Vonnequtun “Beş nömrəli qırğın” romanının birinci hissəsi elə həmin əsərin yazılmasından bəhs edir, qalan hissələrdə isə müəllif özü də iştirakçı kimi süjetə daxil olur və əsəri yazmağa davam edir. Burada Vonnequtun Drezdenin bombalanmasından duyduğu məyusluğu, keçirdiyi həyəcanları da görmək mümkündür.
Postmodernizm ədəbiyyatına xas olan cəhətlərdən biri də paranoyadır. Bu, dünyəvi xaosun arxasında müəyyən qaydalar sisteminin olduğuna inamdır. Həmin qəbildən olan əsərlərə bariz nümunə Cozef Xellerin “Hilə-22” əsəridir. Postmodernizm üçün düşünülmüş qaydalar sistemi yoxdur, buna görə də burada qayda qanun axtarmaq mənasızdır. Kurt Vonnequtun “Çempionlar üçün səhər yeməyi” romanının qəhərmanı Dveyn Quverə “dünyanın bütün insanları robotdur, yeganə insan onun özüdür” deyiləndən sonra qəhrəman əzabdan ağlını itirir və psixoloji boşluğun içinə düşür. Həyatın mənasızlığı, puçluğu, qarışıqlığı ideyası onun mənliyini sarsıdır.
Hər hansı postmodernist əsəri mütaliə edərkən, yaxud tamaşaya, kinoya baxarkən istər istəməz onun iştirakçısına və həmmüəllifinə çevrilirsən. Obrazlar, icraçı aktyorlar olduqca sərbəstdir. Həyatda olduğu kimi davranırlar. İzləyiciyə, oxucuya elə gəlir ki, təsvir olunan hadisə real həyatda cərəyan edir, hansısa bir əsərin parçası deyil. Əgər filmdirsə, kadrlar təsadüfi çəkilmiş təsiri bağışlayır, sanki bunu hansısa həvəskar rejissor çəkib. Bədii əsərlərin sonluğu naməlum qalır. Hər bir oxucu hekayənin sonluğunu istədiyi kimi təsəvvür edib, bu həqiqətə özünü inandırır. Müəllif əsərin istənilən yerində peyda olub, oxucu ilə, eyni zamanda obrazlarla ünsiyyət saxlaya bilər. Hadisələr qarışıq, bir-birinin içində təqdim olunur. Lakin bununla belə ədəbi əsər səviyyəsinə yüksələ bilir. Mətnin dili olduqca sadədir, danışıq dilinə yaxındır, hətta bəzən jarqonlardan, vulqar sözlərdən də istifadə olunur. Tamaşada aktyorlar olduqca sərbəst davranırlar. Adama elə gəlir ki, bu, hansısa teatrın səhnəsi yox, ona tanış bir məkandır. Aktyorların hərəkəti səmimidir, tamaşa sanki elə səhnədə qurulur. Bu cür interpretasiyalar postmodernizm üçün səciyyəvidir.
Ədəbiyyatdan, kino və teatrdan fərqli olaraq təsviri sənətdə postmodernizmin estetikasını çatdırmaq o qədər də asan deyil. Vizual sənət sözsüz, sadəcə təsvirin vasitəsilə ideyanın çatdırılmasıdır. Postmodernizmdə heç bir qayda-qanun olmadığına görə rəssamlar olduqca sərbəst şəkildə öz fikirlərini istədikləri formada ifadə etməkdə azaddırlar. İdeyaları hələ modernizm epoxasında meydana gələn postmodernizm yeni dünyagörüşünün, həyata yeni baxışın təmsilçisidir. Getdikcə daha da dərinləşən cərəyanın görkəmli nümayəndələri kimi Yozef Boys, Ubaldo Bartolini, Françesko Klemente, A. Melamid, Nikola de Mariya, M. Merts, Sandro Kia, Omar Qalliani, Karlo Mariya Mariani və başqalarıdır.
Mədəniyyətin digər sahələrində olduğu kimi memarlıqda da, postmodernizm eyni fəlsəfi ideyalara, eyni estetikaya söykənirdi. XX əsrin 50-ci illərində memarlığa yol tapan cərəyan, XX əsrin 80-ci illərindən etibarən çiçəklənməyə başladı. İlk olaraq modernist kanonların sıxışdırılıb çıxarılması ilə vüsət tapdı. Forma və qaydalar aradan qaldırıldı.
Binaların tikilməsində memarlar hər şeydən əvvəl sakinlərin fikirlərini önəmsəyirdilər. Cərəyanın görkəmli nəzəriyyəçilərindən olan Umberto Ekoya görə memar layihəni hazırlayarkən həmin ərazinin insanları ilə yaxın ünsiyyət saxlamalı, buradakı insanların yaşayış tərzi, nəyə diqqət etdiklərini öyrənməli, ətrafdakı mağazalarda sıxlığın nə dərəcədə olduğuna, insanların hərəkət istiqaməti və digər cəhətlərə diqqət etməlidir.
Ən məşhur postmodern binalar Sopotdakı “Əyri ev”, Pekindəki “Milli stadion”, Banqkokdakı “Robot bina”, Rotterdamdakı “Kub evlər”, Nyu-Yorkdakı “Sony” binası, “Las Vegas Strip”dir.
Sənətdə baş verən bütün mühüm hadisələr kimi postmodernizm də tənqidsiz ötüşmədi. Günü bu gün də cərəyan ətrafında mübahisəli müzakirələr aparılır. Bəzi tənqidçilər postmodernizmi mədəniyyətin təhlükəli törəməsi adlandırır, bədii və estetik baxımdan sənətə heç nə vermədiyini düşünürlər. Digərləri isə postmodernizmin müasir dünyanın güzgüsü, həyat tərzinin bir modeli olduğunu vurğulayırlar. Bütün bunlara baxmayaraq postmodernizm mühüm sənət hadisəsinə çevrildi. İnsanları dünyaya, həyata, mədəni dəyərlərə yeni prizmadan baxmağa istiqamətləndirdi. Ona görə, ədəbiyyatda və incəsənətin əksər növlərində postmodernizmin izləri hələ də müşahidə olunmaqdadır.