Mirmehdi Ağaoğlu yazır
Bir dəfə qohumlarımdan biri mənə belə demişdi: “İnsan arzuladığı kimi deyil, bacardığı kimi yaşayır.”
Yəqin ki, bu onun uydurduğu bir şey deyildi. Artıq 18 yaşıma gəldiyimi görüb mənə öyüd-nəsihət kimi dediyi bu fikir çox qədim, çox-çox qədim fikrə bənzəyirdi. Çünki olduqca sadə və dərin mətləbi anladan bu fikir onun ağlının məhsulu olmalı deyildi, altından Sokrat, Platon fəlsəfəsi çıxmalı idi. Ən azı mən belə düşünürdüm.
Sözüm bunda deyil...
O gün, bu gün o fikir qulağımda sırğa oldu. Elə o vaxtdan, ta 18 yaşımdan həyat qəribə bir oyuna çevrildi. Həyat özünün bəxş etdikləri ilə deyil, bəxş etmədikləri ilə, məhrumiyyətləri ilə maraqlı oldu həmişə.
Həyat mənə verdikləri ilə deyil, vermədikləri ilə, özüm tapdıqlarımla maraqlı oldu.
Evin lampası yandı, pulun da yoxdu almağa, bir gecə də şam işığında qal, qiyamət deyil ki.
Evdə yeməyə ət yoxdu, kartofu fal-fal doğra, az yağda qızart, sonra boşqabda adam formasında düzəldib ye.
Dəyişik köynəyin yoxdu, bir yayı da ötənilki rəngi soluxmuş köynəkdə keçir.
Evin yoxdu, kirayədə qal.
Maşının yoxdu, piyada gəz.
Televizorun yoxdu, divara bir düzbucaqlı çək. Dur qabağında, hoqqa çıxart. Balaca oğlunu güldür. Sonra onu heç kəsdə belə televizorun olmamağına inandır.
Uşaq top istəyir. Pulun da yox. Dərd etmə. Corabları içə-içə doldur, yığ-yumurla uşaqla top-top oyna.
Yetər ki, qəlbindəki iyimsərliyi, həyatsevərliyi, üzündəki gülüşü itirmə.
Həyatın acığına öz kəşflərindən zövq almağı bacar.
Həyatın gözlənilməzliklərini sev.
Özün yarat, özün qur, həyatın basqılarına, məhrumiyyətlərinə boyun əymə. Özün yaratdıqlarından zövq al. Onun hər amansızlığına tapıntılarınla cavab ver. Nə olursa olsun, həyatın məhrumiyyətləri qarşısında əyilmə.
Nə olsun bütün ömrü boyu maşın arzulayıb, amma avtobusa gəzdin, nə olsun ev arzulayıb kirayələrdə qaldın, nə olsun direktor olmaq istədin, amma ömrü boyu adi müəllim işlədin. Bunların fikrini çəkmə. Zatən olmayacaqsa olmayacaq.
Odur ki, əsəbiləşmə, üz-gözünü bürüşdürüb, qaşlarını çatıb gəzmə...
Bu şeiri (Murad Köhnəqəlanın şeiri) oxu, inan hamısı keçəcək. Məhrumiyyətlər içində boğulanda, həyat səni divara dirəyəndə bu şeiri xatıla, bu şeiri pıçılda.
Ən azından... söz verirəm, dodağın qaçacaq, üzün güləcək.
Və mütləq ağlına bir fikir gələcək, mütləq!!!
DƏRDALGİN
(tabletkalarda)
Ey günəşli yurdun şərqli insanı!
Nə vurulmusan bu qəmlərə
nə əzizlərsən öz dərdini?
Dərd-bəladan həzz alırsan
manyakmısan?
Sənə verilən o işıq ömür
Uçub gedir bir ox kimi
Adam da bu qədər dərdbaz olarmı?
Köynəyin cırıqdı - cəhənnəmə ki...
Bir az da cırıq gəz.
Dişin yoxdu, pulun yoxdu
mırıq gəz.
Dabanı sürtülmüş, üstü sökülmüş
su buraxan o ayaqqabınla
bir təpik ilişdir dərdin dalına
getsin öz işinin-dərdinin dalınca.
Evin yoxdur - nə olsun ki
vağzallara nə gəlib
binaların damlarına nə gəlib?..
Belə şeydən dərd yonub, qəm düzəltmə
Pulun yoxdu - bir az da ac gəz.
Ac-yalavac gəzməkdən
xoşbəxt və gülməli
bir şey varmı dünyada...
Ac-acına
küləkli küçələrdə veyillənmək
boş sok qablarını
su qablarını
təpikləmək dərd çəkməkdən pisdirmi?
Tutalım evlənmisən,
evdə uşaqların var
pulun az, məvacibin yox
noolsun?
Qazıb-qazıb dərd çıxartma bundan,
Qoy bir az da az yesin arvadın
bir az da arıq olsun
bir az da kasıb geyinsin.
Oğlun keçənilki şalvarını geyinsin
bir az da gödək olsun.
Qızının keçənilki ayaqqabısının
sökülmüş yerlərini özün tik.
Sən sapı dişinlə dartdıqca
uşaqların gülüşəcək.
Necədir, gözəl deyilmi?
Təki arvadın sevsin səni...
Qonşu uşaqları bahalı geyər
özləri bilər.
Qonşu arvadları xəz geyər
qızıl taxar,
özləri bilər.
Onda var, səndə yoxdu,
noolsun ki?
Səndə var, onda yoxdu
noolsun ki?
Dərdə çevirmə
zəhrimara döndərmə bunu.
Qoy gülsünlər sənə,
gülüb-gülüb axır yorulacaqlar.
Ömür axır işıq kimi
Arvadın həmişə səndən narazıdırsa
dırsa, dirsə, dursa
fikirləşməyə dəyməz
ayrıl getsin, boşa getsin
uşaqları dərd eləmə
bura bax,
yenə dərdə taxılma
onları əvvəlkindən də
gözəl böyüdəcəksən...
Tutalım, bir işdi, düşdün türməyə
Nə olub
özünü tütün kimi büküb çəkirsən?
İri, ağır fikirlərin hambalına dönmüsən?
Künclərdə əyilib
üzünə əlavə qırış yonursan
Gözüm aydın,
noolsun haqsız tutulmusan?
Nə üçün qan qusmalısan?
Döyəcəklər - döz gülə-gülə
Söyəcəklər - döz gülə-gülə
Bıçaq soxmaq lazımdısa kiməsə
lazım deyil fikirləşmək
ordaca sox!
Güllələmək lazımdısa
güllələ yerindəcə!
Səni də güllələyib yorta bilərlər
Sən də ölməlisən, heç dərd eləmə!
Ömür axıb gedir işıq misalı
Axmaq kimayəgərlər kimi
hər şeyi dərdə-qəmə döndərmə.
Qəmli oxuyursan
muğamda zarıyırsan
bu cavan vaxtında nə qarıyırsan
o qədim qəzələ nə kərkinirsən?
Manyakmısan,
maymaqmısan?
Tüpürüm sənin o dərdli şeirinə
tüpürüm sənin dərdə aşiqliyinə
Həyata gəl!
Həyata gir!
Nə göllənibsən?
Nə iylənibsən?
Ömür axıb gedir işıq kimi
Dərdin-qəmin-vərəmin-bəlğəmin
götünə bir təpik!
İşıqlı dünyada onların
hörməti yoxdu bir qəpik.