ONA “Qobustan” jurnalının baş redaktoru, yazıçı Vaqif Əlixanlı ilə müsahibəni təqdim edir.
- Vaqif müəllim, bir neçə ay əvvəl 75 yaşınız tamam oldu. Bu yaşda adamlar daha həssas olurlar deyə soruşuram: keçirilən tədbirlər ürəyinizcə oldumu?
- Açıq-aydın deyim ki, mənə verilən qiymət həddindən artıq oldu. Tədbirlər nəinki ürəyimcə idi, bəlkə də həddini aşdı. Nə bilim, bəlkə də mənim incəsənətin hər sahəsində müəyyən xidmətlərim olub deyə, məsələn, teatrda, televiziya sənətində, radioda, rəssamlıqda fəaliyyətim olub deyə, bu qiyməti aldım. Keçirilən yubiley tədbirlərindən çox-çox razıyam.
- Sadaladığınız kimi, müxtəlif sahələrdə çalışmısınız; teatrda, radioda, televiziyada. Tərcüməçiliklə məşğul olmusunuz, əsərlər yazmısınız, dublyaj redaksiyasının rəhbəri olmusunuz. Yəqin ki, bunların içində bir sahə sizə daha doğmadır...
- Ümumiyyətlə götürəndə, incəsənətin hər bir sahəsi, qələmin hər cürə yozumu mənim üçün əzizdir. Amma ilk yaradıcılığa Azərbaycan radiosundan başlamışam deyə oradakı fəaliyyətim daha əzizdir. Bundan sonra üç il kinostudiyada işləsəm də, təəssüf ki, təsdiq etməyiblər.
- Niyə təsdiq etməyiblər?
- Məni ora kinostudiyanın direktoru Cəmil Əlibəyov aparmışdı. Üç il sonra mənə dedi ki, Vaqif, səni şöbə rəisi kimi təsdiq etməyəcəklər. Soruşdum ki, niyə? Dedi ki, sən çox böyük nəsildənsən, ona görə təsdiq etməyəcəklər. Soruşdum, hansı nəsildənəm ki? Sonralar öyrəndim, mən Fətəli xanın nəslindənəm. O nəsildən olduğuma görə işə götürməyiblər.
- Onda Fətəli xanın nəticəsi sayılırsınız.
- Yox, nəticəsi deyiləm. Kötükcə... bəlkə də itikcəsiyəm (gülür).
- Böyük bir nəslin nümayəndəsi olduğunuzu eşidəndə özünüzdə nəsə bir mənəvi dəyişiklik hiss elədiniz?
- Yox, elə bir dəyişiklik olmadı.
- Vaqif müəllim, ən çox harada işləmək sizə maraqlı idi, hara üçün darıxırsınız?
- İşlədiyim yerlərin hamısı mənə maraqlı olub, amma mənim üçün radio daha əzizdir. Ən gözəl yaradıcılıq şəraiti isə mənim üçün “Qobustan” jurnalında yaradılıb. Rəssam Səhhət Veysovdan bəhs edən ilk yazım da “Qobustan” jurnalından çıxıb. Bura da mənim üçün çox əzizdir. Ən çox darıxdığım yer isə radiodur. Yoldaşım Şəfəq Əlixanlı hazırda radioda Ədəbi dram redaksiyasının baş redaktorudur. Hər gün onun dalınca radioya gedəndə, elə bilirəm, öz kəndimə girirəm. Orda Nailə xanım Muradxanlı vardı. Mənə radioda analıq edib. Rəhmətlik Rauf İsmayılov vardı. Çox böyük insanlar idilər. Təəssüf ki, indi o cür, böyük ürək sahibi olan insanlar yoxdur. Elə bil ürəklər daralıb, qələmlərsə kütləşib. Radiojurnalistika da əhəmiyyətini itirib. Qabaqlar radio çox dəbdə idi.
- Radioya qulaq asanlar azalıb...
- Bəli, azalıb. Bəlkə də bu söhbətimizin mövzusu deyil, amma deyim ki, radionun öz sadiq dinləyiciləri hələ də qalır. Mən şəxsən radio ilə tərbiyə olunmuş nəslin nümayəndəsiyəm. O vaxt kənddə televiziya yox idi, hamı radioya qulaq asırdı.
- İndi də internet var...
- Mən internetdən istifadə eləmirəm. Onu, ümumiyyətlə, qəbul eləmirəm.
- Onun üçün masanızda kompüter yoxdur?
- Hə.
- Bəs jurnalın işlərini necə görürsünüz?
- Kompüterçi qızın kompüteri var, jurnalın işlərini o görür.
- Niyə interneti sevmirsiniz?
- Mən kitabdan, vərəqdən üz döndərə bilmirəm. Qabaqlar yazı makinasında yazırdım. Təəssüf ki, kompüterə heç cür əlim yatmır.
- Vaqif müəllim, jurnalınız nə qədər satılır?
- “Qobustan”ın öz oxucuları, həvəskarları var. Əsasən abunələrlə işləyirik. Rayonlardan şikayətlər gəlir ki, jurnal göndərilmir.
- “Qobustan” jurnalı nə qədər tirajla çıxır?
- 300 tiraj.
- Sizcə, az deyil?
- Azdır, ya çoxdur. Amma yenə deyirəm ki, bizim jurnala tələbat var.
- Yazıçılar Birliyinin “Azərbaycan”, “Ədəbiyyat qəzeti”, “Ulduz” kimi mətbu orqanları az da olsa, qonorar verirlər, amma siz heç onu da vermirsiniz...
- Çünki bizim imkanımız onlardan qat-qat aşağıdır. Bizim xərclərin əksəriyyəti çapa gedir.
- Jurnalın fəaliyyətini genişləndirmək istəmirsiniz, deyirsiz elə bu templə də getsin?
- Axı jurnalı genişləndirmək də xərc tələb edir. KİVDF bizə vəsait ayırır, onunla jurnalı çıxarırıq.
- Bu yaxınlarda bir sıra qəzetlərə maliyyə yardımlarının dayandırılması müzakirə olundu. Sizə də yardım dayandırılsa, nə edəcəksiniz?
- Doğrusu, inanmıram. Çünki “Qobustan”ının əlli yaşı var. Azərbaycanda yeganə sənət jurnalıdır.
- Mən də elə onu demək istəyirəm ki, 50 yaşı var deyə, rentabelli olmasa belə, subsidiyalar hesabına işləməyə davam etməsi doğrudur?
- Hələlik sərfəlidir. Bir məclisdə filan qədər pul xərcləyən oğlanlar var ki, jurnalın çıxarılmasına yardım edə bilərlər. Amma etmirlər. Nə bilim, çox bədbinləşmişəm.
- Deyəsən, Azərbaycan ədəbiyyatı haqqında da bədbin fikirdəsiniz. Bir müsahibənizdə də demişdiniz ki, Azərbaycan ədəbiyyatı çox zəifdir...
- Zəifdir. Mən yeni əsərləri əsasən “Azərbaycan” jurnalından oxuyuram. “Azərbaycan” jurnalında çap olunmayan ədəbi əsərləri həvəslə qəbul edə bilmirəm. Jurnalda çıxanları oxuyuram, pyesləri oxuyuram. Hər sahədə maraqlı yazılar var. Amma bir-iki abzas oxuyursan, görürsən ki, dəbdə olan dünya ədəbiyyatının tör-töküntüsüdür. Orijinallıq yoxdur. Bizdə poeziyanın kökləri çox qədimlərə gedir. Nəsr ki, yenidir, hiss edirsən, kifayət qədər təcrübəmiz yoxdur, ona görə də nəsr əsərləri ikinci dərəcəli təsiri bağışlayır. Elə bil özlərini kiməsə oxşatmaq istəyirlər. Üstəgəl, dil məsələsi. Elə bil bunlar Fransanın “Qallimar” nəşriyyatı üçün yazırlar. Əvvəlcə gərək dil mükəmməl olsun.
- Yaşlı nəslin nümayəndələrinin son illər yazdıqları necədir? Anarın “Göz muncuğu”, Elçinin “Baş” romanı çıxıb...
- Oxuyuram. Sözsüz ki, maraqlıdır. Anarın “Ağ liman” əsəri var, böyük əsərdir. Bilirsiniz, Anar kimi şəxsiyyətlər çətin tapılacaq.
- Bəs Elçin?
- Elçin də. Öz yükü, təhkiyəsi olan yazıçıdır.
- O zaman, sizcə, niyə Azərbaycan ədəbiyyatı dünyaya çıxmır, tanınmır?
- Tanınır, niyə tanınmır? Bunlar bütün dillərə tərcümə olunurlar. Bilirsiniz necədir, xalq da gərək özünü təsdiq edə. Biz öyrəşmişik ki, yolumuz Moskvadan keçsin. Amma çalışmalıyıq ki, əsərlərimiz birbaşa tərcümə olunsun. Daha ruscaya çevrilib, ordan da başqa dilə çevrilməməlidir.
- Deyirsiniz, yaxşı yazan yazıçılarımız var, sadəcə, problem tərcümədədir?
- Əlbəttə.
- O zaman tərcümə sahəsi ilə bağlı sual verim. Siz özünüz də Steynbeki, Aytmatovu dilimizə tərcümə etmisiniz. Hazırda tərcümə sahəsində vəziyyət nə yerdədir? Tərcümənin hansı problemləri var?
- Sovet dövründəki tərcümələr dil sarıdan daha mükəmməl idilər. İndikilər, məsələn, Platonovu tərcümə edirlər. Platonovun dilini heç ruslar özləri başa düşə bilmirlər, onun özünəməxsus üslubu var.
- Platonovun tərcümə olunan əsərlərinə baxmısınız? Bir neçəsini Nəriman Əbdülrəhmanlı çevirib...
- Baxmışam. Platonov səviyyəsində deyil.
- Yenilərdən yaxşı tərcüməçilər kimlərdir?
- Yenilərdən görmürəm. Bəlkə də indi yadıma düşmür. Doğma dili bilənlər rusca yaxşı bilmir, rus dilini bilənlər isə bizim dili bilmirlər.
- Siz “Space” kanalında dublyaj redaksiyasının rəhbəri olmusunuz. Niyə filmlərimiz yaxşı dublyaj olunmur?
- Dublyajın dərdini gərək sazla deyəsən. (gülür)
- Nə ilə deyirsiniz, deyin... (gülüşmə)
- Hələlik təhkiyə yolu ilə deyək. Bilirsiniz, kimi dindirirsən, dildən danışır. Dil hörmətini indiki zamanda ancaq dublyaj vasitəsilə qazana bilər. Heç olmasa, rusların dublyaj filmlərinə baxaq, onlardan nümunə götürək. Dublyaj sizə asan gəlməsin. Tərcümədə elə sözlər seçmək lazımdır ki, orijinalda səslənən sözə uyğun gəlsin, yəni aktyor ingiliscə “m” səsini deyəndə sən Azərbaycanca onu “m” ilə gələn sözlə verməlisən. Buna artiklulyasiya deyirlər. Dublyajın bu çətinlikləri də var.
- Bizim dublyaj filmlərində ən çox hansı səhvlər var?
- Çox səhv var.
- Heç biri qane eləmir?
- Çox təəssüf ki, yox.
- Yenə də pyes yazırsınız?
- Bəli, yazıram.
- Yazdığınız pyesləri teatrlara vermirsiniz?
- Lənkəran Teatrına bir pyes vermişəm, qəbul olunub. Quruluş sarıdan, demək olar ki, xərc tələb etməyən pyesdir. Mən çox pyes oxuyuram. Səhnə dramaturgiyasının Avropa, Amerika yolu var. İngilis, Amerika dramaturgiyasında hadisələr asta-asta açılır. Bizdə isə hadisələrə tez keçirlər və bu tərəfindən baxanda pyesin o biri tərəfi görünür.
- Əsəriniz axırıncı dəfə nə vaxt səhnəyə qoyulub?
- “Əcəl vaxtı” adlı pyesim üç-dörd il bundan qabaq Gənc Tamaşaçılar Teatrında qoyulub.
- Nə əcəb “Azdrama”ya əsər verməmisiniz?
- Ora da əsər vermişəm. Pyesim hələ ordadır. Özü də mən pyes yazanda elə yazıram ki, səhnə xərcləri çox olmasın, rahat səhnələşdirə bilsinlər, hətta adi paltarda da oynaya bilsinlər.
- Vaqif müəllim, nə vaxta kimi “Qobustan”da işləməyi düşünürsünüz?
- Nə bilim? Birdən sabah...
- O mənada demirəm. Anar desə ki, AYB rəhbərliyindən istefa verirəm, siz də “Qobustan”dan gedəcəksiniz?
- Mən qalacağam, amma məni saxlayacaqlarmı? Söhbət ondan gedir.
- Sizcə, Anardan başqa adam buranı idarə edə bilməz?
- Mən şəxsən inanmıram. Anar Yazıçılar İttifaqının ən yüksək zirvəsi idi. Mən neçə ildir “Qobustan”dayam. Anar bir dəfə deməyib ki, bu yazını ver, bu yazını vermə. Mən bütün səmimiyyətimlə deyirəm. O dəfə Anara kitab bağışlayıb üstünə yazmışdım: “Böyük Anara”. Başqa heç nə yazmamışdım. Anar həqiqətən böyükdür. Onun qədrini sonra biləcəyik.