“nə dumandan nə yağışdan
nə küləkdən gəlmədi səs
ölüm ayağında xəstə kimi
sayıqlamışam əbəs”
Bu kədərli misralar hansı şairindi sizcə? Yaddaşınızı qurdalayıb özünüzü çox da çətinə salmayın. Bu misraların müəllifini tapmaq çətin olar sizə. Baxmayaraq ki, təxəllüsü əsl şair təxəllüsüdür... Baxmayaraq ki, iki şeir kitabının müəllifidir... Baxmayaraq ki, hazırda avtobioqrafik roman yazır... Bununla belə özünü daha çox rəssam hesab edir.
40 yaşlı vücudunda həm şair ömrünü yaşayır, həm də rəssam. Dünyaya həm sözlərin çiynindən boylanır, həm rənglərin gözü ilə baxır. O gördüklərini həm sözlə çəkir, həm də rənglərlə...
O şair .... Yalquzaq, rəssam Fərhad .... dır.
Kulis.Az rəssam Fərhad Yalquzaqla müsahibəni təqdim edir.
“Rəssamlıqda məqsədim başqadır”
- Fərhad bəy, sizi daha çox rəssam kimi tanıyırıq. Amma sizin ədəbiyyatla məşğul olduğunuz da məlumdur. Siz özünüzü ilk növbədə rəssam, yoxsa yazar kimi görürsüz?
- Əlbəttə rəssam kimi. Mənim istəyim, arzum həmişə rənglərlə bağlı olub. Öz duyğularımı, fikirlərimi həmişə rənglərlə ifadə eləmişəm. Həm də axı rənglərin də öz dili var. Rəngləri düzgün işlətdikdə hər hansı bir təəssüratı verə bilir. Məsələn, qırmızı rəngi sadəcə ağ kətanın üzərinə vuranda ola bilsin ki, effektiv görünməsin, amma onu tünd yaşıl rəngli kətanın üstündən vuranda daha effektli görünür. Və hansısa bir ideyanı, ya bir faciəni daha dolğun təcəssüm etdirə bilir. Yazıçılıq məsələsinə qaldıqda əvvəllər mən Xarici Dillər Universitetində oxuyanda şeirlər yazırdım, ingiliscədən Şekspirin şeirlərini tərcümə edirdim. Bilmirəm bu nə dərəcədə ədəbiyyata aiddir, amma mən uzun müddət, hardasa 10 il gündəlik tutmuşam.
- Nə yazırdınız gündəliyə?
- Gündəlik təəssüratları, baş verən hadisələri, onların analizini, hər gün yazdığım şeirləri, sevgi münasibətlərini. İnsanlarda tələbə vaxta sevmək istəyi olur axı. Mən də birinci kursda oxuyanda bir qıza aşiq olmuşdum. Bundan sonra başladım şeir yazmağa. Çünki insanın içində emosiya yaranır, bunu nəyləsə büruzə verməyə çalışırsan .
- Nə əcəb o emosiyaları rəssam kimi büruzə vermirdiniz?
- Rəssam kimi hər emosiyanı vermək olmur. Əslində yazı ilə çatdırmaq daha rahatdır. Rəsmlə çox dolğun bir ideyanı, fikri vermək çox qəliz məsələdi. Əsasən də mənim işlədiyim avanqard üslubda sən əhval-ruhiyyəni verə bilərsən, amma düşündüklərini verə bilməzsən. Amma nəsr başqa şeydi. Mənim bir rəssam dostum var, Adil Yusif, o deyir: “Mən həmişə sənə həsəd aparıram. Sən rəssamlıqda eləyə bilmədiklərini yazıyla verə bilirsən. O sənin içində quruyub qalmır, daşa dönmür, yazırsan-yazırsan çıxır”.
- Rəssam istədiyini əsərdə verə bilməyəndə buna dəfələrlə cəhd edir. Bu yaradıcılıq mücadilələri, uğursuzluqlar onu daha da peşəkarlaşdırır. Amma siz rəssamlıqdakı uğursuzluğunuzu, rəssamlıqda verə bilmədiyinizi növbəti cəhdlər etmədən ədəbiyyatda verirsizsə bu kamil rəssam olmağınıza maneə yaratmazmı? Bunun tərsini ədəbiyyat üçün də deyə bilərik.
- Əslində məndə belə qarışıq fikirlər olmayıb. Rəssamlıqda mənim qarşıma qoyduğum məqsəd tamam başqadır. Ola bilsin ki, mən rəssamlıqda hal-hazırda yaşadığım ovqatımı verirəm. Yazıda isə artıq içimdə gedən təzadlı fikirləri yazıram. Bir də zövq məsələsi var. Rənglərdən zövq alan insan, yazı yazan zaman eyni zövqü ala bilmir. Bir uğurlu cümlə mənim üçün rəssamlıqda kətanın üstünə vurduğum uğurlu bir rəng kimidir. Mən bəzən bu zövqləri tutuşdurmağa çalışmışam, açığı uğursuz anlar rəssamlıqda daha çox olur. Hansısa bir əsərə başlamamışdan qabaq onun eskizini-məsələn, bir gitara eskizini çəkmişəm. Amma kətana köçürərkən bu gitara ovqatımdan asılı olaraq şamdana, dolçaya və ya ütüyə çevrilib. İşləyə-işləyə gitara formasını itirib başqa predmetə çevrilib. Görürsən ki, istədiyin şeyi verə bilmədin, amma işləyə-işləyə başqa şey çıxartdın. Rəssamlıqda ovqatı dəyişmək olur. Mən bilmirəm, bu, yaradıcı uğursuzluqdur, ya yox, amma məncə sən hər hansı bir anı verə bilməyib onu bir başqa ana çevirə bilirsənsə deməli uğurdu.
“Elə bilirdim ki, avanqard rəssamlıq şarlatanlıqdı”
- Kədərli olanda şeir yazmaq daha uyğundu, yoxsa rəsm çəkmək?
- Kədərli olanda rənglər adamı itələyir, molbertin qabağında dura bilmirsən. Sevincli anlarda da elə olur, əlimə fırça götürə bilmirəm. Mən ovqat adamıyam. Ovqatıma düşəndə işləyirəm. Məsələn, bir dəfə Zuğulbada qumsalda qəribə formalı əncir ağacı görmüşdüm. Deməli, yerdən qalxırdı, əyilirdi, sonra yenidən qalxırdı. O əncir ağacı məni uzun müddət narahat elədi, yuxuma girdi, ağlım, fikrim onda idi. Mən onda rəssamlığı bitirmişdim, mühafizəçi işləyirdim. Gecə növbəsindən çıxıb elektriçkaya mindim, onun bir neçə rakursdan eskizini çəkdim. Sonra o əsəri çəkib “Çağların tanığı” adlı bir iş elədim. Düz bir ay o əsər üzərində işlədim. Və sonra dostlarımla onun prezentasiyasını elədim. Yəni deməyim odur ki, obyekt nə isə rəssamdan istəməlidi. Bu qarşılıqlı enerji olmalıdı.
- Sizin yaradıcılığınız əsasən abstraksionizm üzərində qurulub, avanqard əsərlər yaradırsız. Bildiyim qədəri ilə ilkin işləriniz daha realistikdir. Bax bu meyl haradan yarandı?
- Avanqard rəssamlıq çox qəlizdir. Mən özüm rəssamlığa təzə başlayanda heç bir şey başa düşmürdüm. Mən tələbə olanda Kamal Əhmədin sərgisi açılmışdı. Sərgidə onun işlərinə baxdım. Məndə belə bir fikir yarandı ki, avanqard rəssamlıq şarlatanlıqdı, farmazonludu, rəssamlıq deyil. Dedim ki, balaca uşağın da əlinə fırça versən bunları çəkər.
Müəyyən bir zaman keçəndən sonra daha çox rəssamlığın içinə girdim. Yavaş-yavaş gördüm ki, bunlar elə belə şeylər deyil. Yəni Pikasso 13-14 yaşında klassik əsərlər çəkirdi. Necə oldu ki, birdən-birə kubizmə keçdi? Deməli, bunda bir hikmət varmış. Və istədim bir mücərrəd əsər çəkim. Çəkdim, gördüm yox e, bu elə belə şey deyil. Düzdü elə rəssamlar var ki, onlar şarlatandı, ağıllarına nə gəldi çəkirlər.
Seyrçi kətanın qarşısında durub ondan nəsə əxz edirsə, bu artıq əsl rəssamlıqdı. Mümkündür ki, balaca uşağın da rəsmi olsun. Böyük rəssamlar da deyirlər ki, əsl rəssamlar elə uşaqlardır. Pikasso da deyirdi ki, kaş bu biliyimlə uşaq yaşda olub çəkərdim.
Hə, ilk mücərrəd əsəri çəkdim, gördüm ki, çox çətindi. Bunun üçün xüsusi baza, hazırlıq olmalıdı. Onda şamanizmi öyrənməyə başladım, onların həyat tərzi, mifologiyaları haqqında saysız kitablar oxudum. Düz üç il ancaq şamanları çəkdim. Bax, bu vaxt məndə mücərrədliyə meyl yarandı. Bundan sonra müasir rəssamlıqla maraqlandım. Axı nəyə görə Moleviç, Kandinski yarandı, nəyə görə supermatizm, “Qara kvadrat” yarandı? Axı baxırsan, görürsən ki, adi kvadratdı, bunu hamı çəkə bilər. Amma arxasında dayanan ideyanı bilmirsən axı.
“Kartofsatan hara, rəssamlıq hara”
- Təxəllüsünüz də şamanizmlə bağlıdır?
- Yox, təxəllüsümün şamanlıqla əlaqəsi yoxdu. Mənim on il ərzində təxəllüsüm Sərtqaya olub. Yalquzaq məndə yaşam tərzindən irəli gəldi, daima tənhalığa çəkilməyi, tək qalmağı xoşlayan idim.
- Azərbaycan seyrçisi abstrakt əsərlər görmək istəyirmi? Şəxsi müşahidələrim əsasında deyə bilərəm ki, bir azərbaycanlı realist əsərdən aldığı zövqü abstrakt əsərdən ala bilmir.
- Birincisi mən bizim seyrçilərin bu şeylərə hazır olduğunu görmürəm. Bizim seyrçilərin zövqü çox bəsitdi. Nəyə görə sərgi salonlarına ancaq rəssamlar, yaxud musiqiçilər və ya yazıçı-jurnalistlər gedirlər? Nəyə görə bazarda kartofsatan sərgiyə getməsin?
- Kartofsatan ora getməlidirmi?
- Niyə də yox?
- Onu həyat tərzi, gündəlik güzəranı buna imkan vermir axı.
- Əgər o, kartof satmaqdan zövq alırsa, onun zövqü bura qədərdir. Əgər onun qolundan tutub sərgiyə aparsan, atdığı kartofun səviyyəsində qalacaq. Ancaq məsələ burasındadır ki, çox zaman özünü ziyalı sayan adam da sərgidə çox bəsit sual verir. Bax, bu mənim “Meşədən keçən yol” (əsəri göstərir) əsərimdir. Görkəmindən ziyalı birinə oxşayan adam baxır deyir ki, burda yol, meşə hanı? Sən niyə ağacları və yolu çəkməmisən?
“Yaradıcı insan başqalarının zövqünü düşünürsə...”
- Onda belə çıxır ki, rəssamlıq da krossvord kimidir. Əsər çəkilir, adı yazılır, tamaşaçı da əsərin adı və özündən yola çıxaraq bu bağları tapmağa çalışır. Nə olacaqsa tamaşaçının içində olacaq, ona əlavə izah verilməyəcək.
- Zövqlü seyrçi heç vaxt əsərin adını oxumur. O əsərə baxır. Əgər zövq verirsə, sonra yaxınlaşıb ada baxır. Müasir rəssamlıqda əsərlərə ad qoyulmur, sadəcə nömrələnir. Zövqlü seyrçi başını belə şeylərlə yormur.
- Əsərlərinizin alıcısı çoxdur?
- Mən təzə rəssamlığa başlayanda Səttar Bəhlulzadə, Van Qoqun təsiri altında onlar kimi “mazok-mazok” işlər edirdim. Nəyə görəsə o əsərlərin çoxunu aldılar. Hələ satdığım o əsərlərin puluna ev də almışdım. O zamanlar 23-24 yaşım var idi. Amma məhz satıldığına görə məhz o cür davam etmək istəmədim. Müəyyən müddət sonra öz yolunu yaratmaq istəyirsən. Əsərə özünü qoymaq istəyirsən, sənin özün isə hamı üçün maraqlı deyil.
- Bəs nə əcəb sintez etmək fikrinə düşmədiniz? Həm əsərlərdə populyarlıq qorunsun, həm də siz öz istədiyinizi verə biləsiniz.
- Yox, elə olmur. Əgər rəssam, yaradıcı insan bir az da olsun başqalarının zövqünü düşünürsə, o artıq bitir.
- Amma postmodernizm tamam başqa şeylər deyir.
- Postmodernizm belədir də, insanları bir az haldan-hala, qaldan-qala salır. Amma mən dediyim şey başqadır. İnsanların məhz nəyəsə pul verdiklərinə görə onların istədiyi kimi çəkmək mümkün deyil. Bir misal deyim. Hələ təzə vaxtlarımda “Qurcana çayı” adlı tablo çəkmişdim. Onu bir xarici qadın aldı. Ondan sonra bu əsəri təkrar çəkmək istədim, amma nə elədimsə eyni əsər alınmadı. Rəssamlıqda eyni ovqatı hər əsərdə vermək olmur. Və qayıdıram o söhbətin əvvəlinə.
Demək olar ki, 1997-ci ildən 2004-2005-ci ilə qədər yeni işlərimi heç kim almadı. Sonra yavaş-yavaş öz üslubumu püxtələşdirdikdə qalereyalar mənimlə maraqlanmağa başladılar. İldə 3-4 əsər satmağa başladım. Daha sonra isə simpoziumlara dəvət etməyə başladılar. Mən impressionist, puantilist texnikası ilə davam eləsəydim, məni heç kim simpoziuma dəvət etməyəcəkdi.
“Oxucumu çılpaq çəkəcəm”
- Əsərləriniz neçəyə satılır?
- Ən baha əsərimi 2500 manata satmışam.
- Olubmu kimsə əsərinizi bəyənsin, almaq istəsin, ancaq imkanı olmasın?
- Bəli, Mən “BP”də işləyəndə bir xanım əməkdaşımız vardı. Əsərimi görüb bəyəndi. Qiymətini soruşdu, 800 manat dedim. Dedi ki, bu qiymətə əsəri almağa imkanı yoxdu, halbuki 1500 manat maaş alırdı. Sonra məndən icazə alıb rəsmin fotosunu çəkdi, onu çıxartdırıb çərçivəyə saldırdı və otağından asdı. Demək olar elə əsər boyda idi.
- Yaxşı çıxış yolu tapıb. Müəllifin zəhmətinə hörmətsizlik deyil?
- İcazəsini almışdı. Mən ona pis baxmadım. Hətta mənim xoşuma da gəldi. Əsəri almağa imkanı çatmır, bununla belə əsərin otağında olmasını istəyir.
- Portret çəkirsiniz?
- Yox. Əvvəllər avtoportretlər çəkirdim. Bəzi planlarım var. Noyabr ayından başlayaraq nü (çılpaq insan təsvirləri-red.) əsərlər çəkmək istəyirəm.
- Əvvəllər çəkmisizmi?
- Bəli çəkmişəm. Əvvəl çəkdiklərim başqa cür idi, bunlar daha çox fraqmental olacaq. Bir az da erotizm olacaq. Bəzi kanonları qırmaq istəyirəm. Temperamentli işlər olacaq.
- Model tapmısız?
- Bir nəfərlə danışmışam. Oxucumdur. Məmnuniyyətlə razılaşıb. Sadəcə xahiş etdi ki, sifətini oxşatmayım. Əslində heç mən də üzünü oxşatmaq istəmirəm. Ola bilsin üz əvəzinə sadəcə rəng vuraram, ya da göstərmərəm və ya kətandan çıxararam.
- Heç sevdiyiniz qadını çılpaq çəkmək istəmisinizmi?
- Yox. Praktikada var. Rubens demək olar ki, bütün əsərlərində öz qadınını çəkib. Salvador Dali arvadı Qalanı çılpaq çəkib.
- Bizim rəssamlar çəkməz?
- Yəqin ki, çəkməz. Çünki mentalitet məsələsi var. Bir çox rəssamlar arvadını və ya sevdiyi qadını çəkib. Nəsə məndə elə bir şey olmayıb. Açığı bu dəqiqə elə bir sevdiyim qadın da yoxdur ki, çılpaq vəziyyətdə çəkim. Bu haqda bir az başqa cür fikirləşirəm.
- Cəmiyyətdəki tabular bir qırağa, rəssamlarımız heç incəsənətdəki tabuları da qıra bilmirlər. Avropa rəssamları üçün bu çox adidir.
- Avropa rəssamlığı bizdən 100-150 il irəli gedib. Avropa rəssamlığında hazırda bizim üçün olduqca vəhşi kimi görünən tendensiyalar baş verir. Avropada bir rəssam nəcisini konservləşdirib üstünə də yazıb: “Bu mənim nəcisimdi, filan vaxtı, filan saatda eləmişəm, filan rəngdədi”. Sonra da sərgiyə qoyub satırdı. Bunu Azərbaycanda kim eləsə hoydu-hoyduya qoyarlar.
“Nəcis rəssamlıq kimi”
- Gəlin elə müasir rəssamlıqdan; instalyasiyalar, konseptual işlər, pop-art haqqında danışaq. Sırsıraya dönmüş nəcis, rəssamın dalını göstərməsi... Bunlar rəssamlıqdırmı?
- İnstalyasiyalara çox böyük enerji və pul xərclənir. Ay Veyvey adlı çinli bir rəssam böyük bir sahəni götürüb ora günəbaxan tumu səpmişdi, deyirdi bu mənim əsərimdi. Bu cərəyan artıq dünyada çox populyar olub. Bəlkə bayağı səslənər, amma zövq məsələsidir. Mən bunların çoxunu bəyənmirəm. Mən özüm heç bir zaman instalyasiya eləmirəm və buna da hazırlaşmıram.
Digər bir tərəfdən, bu rəssamlıqdırmı? Bəlkə buna rəssamlıq yox, dizaynerlik demək olar. Ancaq birmənalı olaraq bu yaradıcılıqdı. Artıq rəssamlıqda mümkün nə varsa edilib. Kətan üzərinə bütün rənglər çəkilib. Odur ki, rəssamlıq gəlib bu səviyyəyə çatıb-instalyasiyalara. Amma bunlar qalıcı bir şey deyil.
- Hansı rənglərlə işləməyi xoşlayırsınız?
- Qırmızı, yaşıl, göy, sarı və qara rənglərdən istifadə edirəm. Ovqatıma uyğun gələn rənglər bunlardı. Amma bəzən elə olur ki, bu rənglərlə əsəri başlayıram, sonra başqa rənglərə keçirəm.
Mən təkcə rənglərlə işləmirəm, parçadan, kağızdan, müxtəlif maddələrdən də istifadə edirəm. Bəzən əsəri akrillə başlayıb, yağlı boya il bitirirəm.
- Daha çox hansı rəssamların əsərləri xoşunuza gəlir?
- Rəngləri ən çox xoşuma gələn rəssam meksikalı Rufino Tamayodu. Onun əsərlərindən çox böyük zövq alıram. Əlbəttə, Van Qoqun əsərlərini onun gücünə, ekspressiyasına görə sevirəm. Onun əsərlərində dəhşətli çılğınlıq var. Ona postimpressionist deyirlər, amma mən ona daha çox ekspressionist deyərdim.
Bir də Pol Sezanın əsərləri xoşuma gəlir. O çox zəhmətkeş rəssam olub, bir əsərin üzərində 100, 150 seans işləyirmiş. Bu mənə çatmır. Bu üzdən onun bir çox əsərləri yarımçıq qalıb.
- Rəssamlar İttifaqının üzvüsünüz, dəstək görürsüz?
- Yox. Rəssamlar İttifaqı elə Yazıçılar Birliyi kimi şeydi. Mən AYO üzvüyəm. Dəvət etdilər, mən də məmnuniyyətlə qəbul etdim. Mənim əsərlərimi daha çox Mədəniyyət Nazirliyi alır. İldə iki dəfə, bir Novruz bayramında, bir də dekabrda əsərlərimi alırlar.
- Sonrakı taleləri necə olur, sərgilərə aparırlar?
- Doğrusu heç maraqlanmamışam. Bu qədər binalar tikilir, nazirliyin özünün muzeyləri var, yəqin onlar arasında paylayırlar. Mən alınan əsərlərimi sonra heç yerdə görməmişəm.
- Ümumiyyətlə rəssamı satdığı əsərin sonrakı taleyi maraqlandırırmı?
- Şəxsən məni yox. Mən birinci satdığım əsərin arxasınca ağlamışdım. “Qurcana çayı” əsəri üçün o vaxt mənə 400 dollar pul verdilər. Əsəri satdım, gəldim emalatxanaya, yerini boş gördüm, oturub ağladım. Sonradan başqa əsərlərimi satdıqca buna öyrəşdim.