Üzüm satan oğlanın bilik günü

Üzüm satan oğlanın bilik günü
15 sentyabr 2015
# 14:12

Balabəydi adı.

Ta Kürsəngidən gəlib.

Salyandan.

Üzüm satmağa.

Nənəsi ilə.

Bir də qonşu oğlan var yanlarında.

Balabəydən iki yaş böyük ola, ya olmaya.

Qabaqlarında iri boyaq vedrələri.

Boş vedrələr.

İçi-içə qoyulub.

Altı dənə.

Hamımızın evində var o vedrələrdən.

İridi, çox iri.

Bəzilərimiz içində su saxlayır.

Bəzilərimiz zibil qabı edir o vedrələri.

Onlarsa üzüm gətiriblər satmağa o vedrələrdə.

Ta Kürsəngidən.

Altı vedrədə.

Hərəsinə iki vedrə.

Birin qaldırsam belim batar.

Onlarsa bu vedrələri ta Kürsəngidən gətiriblər.

Avtobusla.

Sonra metro ilə.

Nə qədər də piyada gəziblər.

Vosmoyda satıblar.

İndi isə işlərindən məmnun, üzlərində yorğunluq evlərinə qayıdırlar.

Yeni dərs ilinin ilk günündə məktəbdən gələn, məktəbə gedən geyimli-keçimli həmyaşıdlarına baxır qatarda oturub arabirbir utancaq-utancaq başını yuxarı qaldıran Balabəy.

Bu gün altıncı sinfə getməli idi.

Getmədi.

Yaşıdları onlara alınan təzə məktəb formalarını geyib, təzə çantalarını, təzə qələm-dəftərlərini götürüb məktəbə gedərkən üzüm vedrələrini götürüb Bakıya gəldi.

Çanta yerinə.

Deyir, sabah gedəcəm məktəbə.

Bu gün olmadı, sabah olacaq.

İnanıram, ümid edirəm.

Uşaqları ehtiyac üzündən məktəb əvəzinə bazarlara gedən bir ölkənin vətəndaşı olmamaq üçün ümid edirəm.

P.S. Biliyə ən çox ehtiyacı olan, oğlan, bilik günün mübarək!

# 1306 dəfə oxunub

Müəllifin son yazıları

# # #