Ədəbiyyat qəzeti “Mən necə yazıçı oldum” layihəsində Saday Budaqlı ilə söhbəti təqdim edir.
- Necə yazıçı oldunuz?
- İçimdəki ağrıların, keçirdiyim hisslərin adını bilmək istədim.
- Sizin üçün yazmaq nədir? Niyə yazırsız?
- Gerçək həyatımdan fərqli olaraq, yazı mənim öz aləmimdir, ora başqalarının əli çatmır. Həyatda eləyə bilmədiklərimi, deyə bilmədiklərimi mən orda eləyə bilirəm. Orda “Tanrı” mənəm, istəyəndə öldürürəm, istəyəndə yaşadıram, duyğularımın, hisslərimin başını buraxıram. Ona görə bu aləmdə yaşamaq mənə daha xoşdur.
- İçinizdə gizli də olsa məşhur olmaq, dünyada tanınmaq hissi varmı, yoxsa yazmaq içinizdəki ağrını boşaltmaqdır?
- İddiasız yazıçı əlinə qələm almaz.
- Markes deyir külək olmasaydı dünyada çox şey dəyişərdi, amma ədəbiyyat olmasaydı heç nə. Sizcə ədəbiyyat olmasaydı dünyada nəsə dəyişərdi, yoxsa Markeslə şəriksiz?
- Musiqi kimi, rəssamlıq kimi, ədəbiyyat da mənəvi aləmimizi zənginləşdirir, gözəlləşdirir. Onlarsız dünya çox kasıb olardı.
- Yazmaq üçün nə lazımdır: müşahidə, mütaliə, yoxsa ancaq yazmaq.
- Sadaladıqlarınızdan başqa, bir də Allah vergisi.
- Yazıçı vərdişiniz, ritualınız varmı ki, onun eləməmiş yaza bilmirsiz?
- Yazı hansısa bir duyğudan, ağrıdan, təəssüratdan yaranır. Əsas onu ifadə eləmək üçün forma tapmaq lazımdı. Formanı tapdınızsa, işə başlamaq olar.
- Uilyam Folkner yazıçılığı məğlubiyyət hesab edirdi? Bəs sizcə yazıçılıq məğlub olmaq deməkdirmi? Hər yeni əsərdən sonra hansı hissləri keçirirsiz?
- Yazıçı götürə bilmədiyi yükün altına girməlidi. Folkner bunu nəzərdə tutub. Çünki o ağır yükü qaldırmaq hər dəfə adama müyəssər olmur. Ancaq qaldıra biləndə “kiçik şedevrlər” yaranır.
- Mario Varqas Lyosa özünün Nobel nitqində deyir: “Yazıçılıq asan məsələ deyil. Bir də görürsən təsəvvür etdiyin əhvalat kağıza köçürüləndə istədiyin alınmır, sözlər ürəyini isitmir. Onları təzədən necə cana gətirəsən? Xoşbəxtlikdən, ustadlar, müəllimlər, nümunə götürüləsi insanlar yanındadı. Flober mənə istedadın intizam və dözüm olduğunu öyrədib. Folkner formanın (üslub və struktur) süjeti zənginləşdirmək qabiliyyətində olduğunu öyrədib. Martorel, Servantes, Dikkens, Balzak, Tolstoy, Konrad, Tomas Mann romanda vüsət və genişliyin üslub və süjet xətlərinin dəqiq işlənməsindən heç də az əhəmiyyətli olmadığını öyrədib. Sartr sözün iş olduğunu, roman, pyes, ya hekayənin müəyyən məqamlarda və müvafiq şəraitdə tarixin gedişatını dəyişmək iqtidarında olduğunu öyrədib. Kamyu və Oruell əxlaqı olmayan ədəbiyyatın insani olmadığını, Malro isə qəhrəmanlıq və eposun "Odissey" və "İliada"nın arqonavtlarının dövründəki kimi mümkün olduğunu öyrədib.” Sizin üçün belə ustadlar varmı və kimlərdir?
- Bəyəndiyim, məni tərpədən əsəri həmişə saf-çürük eləməyə, bu sözün, bu təsvirin, bu duyğunun niyə məndə əks-səda verdiyini, mənim də hisslərimi oyatdığını tapmağa çalışıram. Ona görə əsəri söz-söz, cümlə-cümlə söküb yığıram ki, görüm, bu effekti almaq müəllif hansı yerlərdən keçib gəlib, filan şeyi necə, nə cür edib. Bu dediklərim dostlarımın da əsərlərinə aiddi, sevdiyim dünya şöhrətli yazıçıların da.
- Siz özünüzü hansı cəbhədə hesab edirsiz: Dostoyevskiçi, yoxsa Tolstoyçu?
- Hər ikisi də dünya ədəbiyyatına təsir etmiş dahi yazıçıdı. Onları qarşılaşdırmadan hər ikisini də sevmək olar. Ancaq Tolstoyun mənim ürəyimdə bir ayrı yeri var. Yaşamağım üçün onun dünyasında özüm üçün hər şey tapa bilərəm.
- Hansı bədii əsərdə yaşamaq istərdiniz?
- “Hərb və Sülh”də.
- Əsərlərinizi hansı “izm”ə aid edirsiz?
- “İzm”lər mənlik deyil. O, tənqidçilərin işidi.
- Hazırkı gənclərin çoxu yaradıcılığa demək olar ki, romanla başlayır. Amma nisbətən yaşlı nəsil bunu onlara irad tutur; əvvəl hekayə, sonra roman. Siz də bu fikirdəsizmi? Axı dünyada nə qədər yazıçı adı çəkmək olar ki, yaradıcılığa romanla başlayıb uğur da qazanıblar.
- Gənc nəslə bir iradım var, o da sözə məsuliyyətlə yanaşmamalarıdı. Materialı əsas götürüb, sözü necə gəldi işlətmək onlara uğur gətirməz. Ədəbiyyat söz sənətidi – bunu nahaq deməyiblər.
- İndi hamı kiçik həcmli romanlar yazır. Nə düşünürsüz dövrün tələbidirmi, yoxsa hələ də “Hərb və sülh”, “Sakit Don”, lap elə Murakaminin romanları qalınlığında romanlar yazılmalıdır?
- İnternet, sosial şəbəkələr dünyamızı kiçildib, tanımadan, eləmədən hamı bir-birilə ünsiyyət qurur, ürəyini açır, sözünü deyir. Dünyada indi, az qala, şeir oxunmur. Məncə, böyük romanların vaxtı keçib.
- Sizcə yazıçının köşə yazarlığı, tərcüməçilik kimi kənar işlərlə məşğul olması onun yaradıcılığına kömək edir?
- Yazıçı istəsə də, istəməsə də dolanmaq xatirinə bu işlərlə məşğul olmalıdır...