Sultan Səlim Şah İsmayıla niyə nifrət edirdi?

Sultan Səlim Şah İsmayıla niyə nifrət edirdi?
8 oktyabr 2012
# 18:18

Yazının birinci hissəsi

918-ci il səfər ayının 7-də (24 aprel 1512-ci ildə) atası II Bayəzidi devirən Sultan Səlimin (1512-1520) taxt-taca yiyələnməsi ilə Osmanlı-Səfəvi münasibətlərində yeni mərhələ başladı. Sultan Səlim atasının Səfəvilərə qarşı siyasətini büsbütün dəyişdi və müharibə yolunu tutdu. İlk olaraq hakimiyyətə iddiaçı olan qardaşlarını aradan götürməyə çalışan Səlim bu məsələdə də Şah İsmayılla toqquşmalı oldu. Belə ki, Amasiya valisi olan şahzadə Sultan Əhməd qardaşı Sultan Səlimə qarşı mübarizədə Səfəvi şahından kömək istəmiş, bu məqsədlə oğlu Muradı onun yanına göndərmişdi. Sultan IV Murad zamanında (1609-1640) rəis-ül-küttab - Divan dəftərxanasının rəisi vəzifəsində çalışmış Osmanlı tarixçisi Qoca Hüseyn “Bədayə-ül-vəqayə” əsərində yazır ki, Səfəvilərə sığınan Murad şiəliyi qəbul etmiş, “başına qırmızı tac geyib ayini-islamı tərk” etmiş, bundan sonra onun başına iyirmi min nəfər cəm olmuşdu. Sultan II Bayəzidin vəfatını və özünün taxta çıxdığını İsmayıla bildirmək üçün məktub göndərən Sultan Səlim ondan Muradı tələb etmiş, lakin rədd cavabı almış, bu tələbi çatdıran elçilər isə öldürülmüşdü.

Tezliklə hakimiyyətə iddialı olan qardaşlarını zərərsizləşdirən Sultan Səlim Səfəvilərlə haqq-hesab çürütməyi qərara aldı. Olduqca qəddar, qaniçən və qisasçı bir şəxs olan Səlim (bu xüsusiyyətlərinə görə o, Yavuz ləqəbi almışdı) Şah İsmayılın Osmanlı dövləti daxilindəki hakimiyyət uğrunda mübarizə zamanı şahzadə Sultan Əhmədi dəstəkləməsini, eləcə də ona taxt-taca yiyələnməsi münasibətilə təbrik göndərməməyini qəbul edə bilmirdi. Lakin bu dövrdə Səfəvi-Osmanlı münasibətlərinin gərginləşməsinin səbəbini yalnız Şah İsmayılla Sultan Səlimin bir-birinə mənfi münasibəti kontekstindən qiymətləndirmək böyük yanlışlıq olardı. Bir-birinə qarşı mübarizədə dini ideologiyadan istifadə etsələr də, Osmanlı-Səfəvi münasibətlərinin gərginləşməsini şərtləndirən beynəlxalq amillər də mövcud idi. Bütün bunlar isə dövrünün iki qüdrətli türk imperatorluğu arasında müharibəni qaçılmaz etdi.

920-ci il məhərrəm ayının 23-də (20 mart 1514-cü ildə) Ədirnədən çıxan Sultan I Səlim Səfəvilərə qarşı yürüşə başladı. Manisada olan oğlu Sultan Süleymana Ədirnənin mühafizəsini tapşıran Sultan Səlim Yavuz səfər ayının 24-də (aprelin 20-də) Üsküdara çataraq Maltəpə deyilən yerdə dayandı. Orada Şah İsmayıl tərəfindən “şahi-alişanın tədbirlərindən agah olmaq üçün” göndərilən casus ələ keçirildi. Qoca Hüseynin bildirdiyinə görə, Osmanlı sultanı fars dilində məktub yazdırıb, onu əsir tutulan casusla Səfəvi şahına göndərdi.

Sultan Səlimin Şah İsmayıla ilk məktubu “Qurani-Kərim”in “Ali-İmran” surəsinin 85-ci ayəsi ilə başlayır: “Hər şeyi bilən Allah buyurur ki, Allah qatında din, heç şübhəsiz, İslamdır. Kim İslamdan qeyri bir din ardınca gedərsə, o din heç vaxt ondan qəbul olunmaz. Axirətdə isə o şəxs zərərə uğrayanlardan olar”. Daha sonra məktubda özünü “kafirləri və müşrikləri qətlə yetirən, dinin düşmənlərini məhv edən, fironların burnunu əzən, xaqanların başını üzən, qazilər və mücahidlər sultanı, Firudin əzəmətli, İsgəndər qüdrətli, Keyxosrov ədalətli Sultan Səlim xan ibn Sultan Bayəzid xan ibn Sultan Məhəmməd xan ibn Sultan Murad xan” adlandıran Osmanlı sultanı Səfəvi şahına “Əcəm hökmdarı, böyük sərkərdə, güclü sərdar, zəmanənin Zöhhakı, döyüş meydanının Darabı, dövrün Əfrasiyabı Əmir İsmayıl” deyə müraciət edir. Daha sonra özünün qızılbaşlara qarşı yürüşünə yenə “Quran”dan sitatlar gətirməklə uzun-uzadı dini-ideoloji don geyindirməyə çalışan Sultan Səlim Yavuz Şah İsmayılı ağır ifadələrlə təhqir edir, onu “Şərq ölkələrinin hökmranlığını zorla ələ keçirməkdə, fərmana tabe olanların alçaq cərgəsindən fərman verənlərin möhtəşəm mərtəbəsinə yüksəlməkdə, zülm və əziyyət qapılarını müsəlmanların üzünə açıb zındıqlıqla dinsizliyi bir-birinə qarışdırmaqda, fitnə və fəsadı yaymağı özünə şüar və məqsəd edib zülm bayraqlarını ucaltmaqda” ittiham edir. Məktubunun sonunda Osmanlı sultanı Səfəvi şahına iki yol təklif edir: “Bütün hallarda Allah-təalanı yanında bilib bəd işlərindən, nasəvab əməllərindən və çirkin xasiyyətlərindən peşman olsan, ürəkdən tövbə və istiğfar edib bağışlanmağını diləsən, bir zamanlar bizim qalibiyyətli ordumuzun atlarının tapdağı olan və bizə itaət halqasını boynuna keçirmiş guşə və nahiyələri sevimli Osmanlı məmləkətinə birləşdirib bizim əzəmətli bəndələrimizə təhvil versən, xoşbəxt olacaqsan. Bizdən yaxşılıq, mehribanlıq, mərhəmət və xoş münasibət görəcək, başqalarından ayrı tutulmayacaqsan. Yox, əgər o qəbahət işlərini və rüsvayçı əməllərini davam etdirsən, zorla ələ keçirdiyin məmləkət, inşallah, müzəffər ordumun düşərgəsinə çevriləcək”.

Məktubdan göründüyü kimi, Sultan Səlim iki dövlət arasındakı ixtilafın döyüşsüz də həll oluna biləcəyinə işarə edərək, Şah İsmayılı döyüşdən çəkindirməyə cəhd etmişdi. Çünki həmin döyüşün məsuliyyətini dərk etdiyindən, ola bilsin ki, özünün qələbə çalacağına tam arxayın deyildi. Ş.Fərzəlibəylinin fikrincə, Osmanlı sultanının Səfəvi şahına “Əmir İsmayıl” deyə müraciət etməsinin səbəbi taxta çıxdıqdan sonra ikincinin onu təbrik etməməyi və yaxın bir qonşu kimi siyasi əlaqə yaratmaq cəhdində bulunmamağı ilə bağlı idi.

“Bədayə-ül-vəqayə”də verilən məlumata görə, cəmadi-ül-əvvəl ayının 25-də (iyulun 17-də) Yassıçəmənə çatan Sultan Səlim Şah İsmayıldan “xoşagəlməz məktub” aldı. Məktub təhqiramiz ifadələrlə dolu olduğundan, Osmanlı sultanı qəzəblənərək elçinin qətlinə fərman verdi və Səfəvi şahına ikinci məktubunu göndərdi. Lakin bu məlumat həqiqətəuyğun deyil. Ş.Fərzəlibəylinin bildirdiyinə görə, Azərbaycana hücum ərəfəsində Sultan Səlim Yavuz Şah İsmayıla üç məktub yazmış, Səfəvi şahı yalnız üçüncü məktubdan sonra ona cavab vermişdi. Cavab məktubunda yer alan “məlumunuz olsun ki, son zamanlar göndərdiyiniz üç məktub yetişdi” ifadəsi də bu fikri təsdiqləyir və beləliklə, məlum olur ki, Sultan Səlimin ilk məktubundan sonra Şah İsmayılın ona cavab yazması barədə “Bədayə-ül-vəqayə”də və “Tac-üt-təvarix”də yer alan məlumatlar həqiqəti özündə əks etdirmir.

Burada bir haşiyə çıxaraq qeyd edək ki, tarix elminə Sultan Səlimin Çaldıran döyüşü ərəfəsində Şah İsmayıla göndərdiyi dörd məktub məlumdur. Yuxarıda qeyd olunduğu kimi, Şah İsmayıl yalnız üçüncü məktubdan sonra ona cavab yazmışdır. Osmanlı sultanının dördüncü məktubu faktiki olaraq müharibənin qaçılmazlığını elan etmək məqsədilə göndərilmişdi. Apardığımız müqayisələr nəticəsində aydınlaşdırdıq ki, nədənsə nə Qoca Hüseyn, nə də Xoca Sadəddin Əfəndi Sultan Səlimin Şah İsmayıla göndərdiyi ikinci məktubdan, ümumiyyətlə, bəhs etməyib, nəticədə üçüncü və dördüncü məktublar onların əsərlərində müvafiq olaraq ikinci və üçüncü məktublar kimi təqdim olunub. Maraqlıdır ki, Sultan Səlimin barəsində söz açılmayan ikinci məktubu digərlərinə nisbətən Quran ayələri ilə daha çox zəngindir. Bu ayələr vasitəsilə qızılbaşlara qarşı yürüşünə bir daha dini-ideoloji don geyindirməyə çalışan Osmanlı sultanı məktubunun sonunda Səfəvi şahına şiəlikdən əl çəkməyi və sünniliyi qəbul etməyi təklif edirdi.

Qoca Hüseynin ikinci namə kimi təqdim etdiyi məktuba gəlincə, bildirək ki, Sultan Səlim Yavuzun bu məktubu “İsmayıl Bahadır, Allah səni islah etsin!” sözləriylə başlayır. Daha sonra Şah İsmayıl Səfəvini növbəti dəfə İslama zidd əməllərdə günahlandıran sultan ona məktub göndərərək yürüşü barədə xəbərdar etməsini belə əsaslandırır: “Məqsədim odur ki, bir neçə ay və gün öncədən sən də bilib tədarükün görəsən, “qəfil yaxalandım, əlimin altında olan əsgəri cəm etməyə vaxtım çatmadı” deyə bəhanə etməyəsən”.

Səfəvi şahını qorxaqlıqda ittiham edən Osmanlı sultanı bəzi ifadələrlə heysiyyətinə toxunaraq onu müharibəni tez başlamağa təhrik edir: “Bu vəchlə halını gizlədirsən ki, varlığın və yoxluğun bərabərdir. Bəlalara sipər kimi köks gərmək qılınc davası edənlərin daim peşəsidir. Sərvərlik sevdasında olanların qılınc və nizə yarasından qorxmamağı gərəkdir. Pərdə arxasında gizlənənlərə ərlik adı xəta, ölümdən qorxan kimsələrə ata minmək və qılınc bağlamaq yaraşmayandır”. Qırx min Osmanlı əsgərini Sivasla Qeysəriyyə arasında yerləşdirməsini Şah İsmayılın qorxusunu aradan qaldırmaq üçün etdiyini yazan Sultan Səlim bununla onun boynuna minnət də qoyur: “Düşmənə qarşı başıpozuqluq etmək və meydan dairəsini genişləndirmək bu cür olur. Bundan artıq olmaz. Əgər zatında qeyrət və cəsarətdən azacıq əsər varsa, gəlib qalib əsgərimlə üzləşməlisən. Əzəldə müqəddər olan hər nə isə, baş verər”.

Sultan Səlim Yavuzun Şah İsmayılı müharibəyə cəlb etmək məqsədilə israr nümayiş etdirməsi, bu niyyətini gerçəkləşdirmək üçün bir-birinin ardınca məktublar göndərərək onu alçaldıcı ifadələrlə təhqir etməsi heç də səbəbsiz deyildi. Qoca Hüseynin yazdığına görə, qızılbaşların döyüşü ləngitməsi “Rum əyanları” arasında narazılığa səbəb olmuş, onlar bu məsələdə yeniçəriləri də özlərinə həmfikir etmişdilər: “Biz buraya döyüşməyə gəldik, lakin İran viranələrində əylənmək qeyri-mümkündür”.

Bu arada Sultan Səlim Şah İsmayıldan üç məktubuna bir cavab aldı. Çox maraqlıdır ki, nə Qoca Hüseyn, nə də Xoca Sadəddin bu məktubun məzmunu barədə ətraflı məlumat vermirlər. Yalnız qeyd edirlər ki, “qızılbaşdan könül yaralayıcı bir namə ilə elçi gəlib bir hoqqa məcun (tiryək - C.C.) gətirdi”. Bizim fikrimizcə, Şah İsmayılın məktubu barədə Osmanlı mənbələrində söz açılmamağı, hətta bu məktubdan bircə cümlənin belə sitat gətirilməməyi tamamilə başqa səbəblə bağlıdır. Belə ki, Sultanın təhqiramiz məktublarının müqabilində Şah İsmayıl ona olduqca qısa, lakin müdrik və nəsihətamiz məktub göndərmişdi. Məktubunun ilk cümləsində Sultan Səlimi “İslamın pənahı olan hökmdar, dövlət, səltənət, dünya və din uğrunda mübarizə aparan Sultan Səlim şah” adlandıran İsmayıl onun “düşmənçilikdən xəbər verən” naməsinin səbəbini bilmədiyini qeyd edir.

Əlaüddövlə Zülqədər oğluna qarşı yürüşü zamanı “Rum ölkəsi”ndən keçdiyini xatırladan Şah İsmayıl o vaxt Osmanlılarla Səfəvilər arasında hər hansı ziddiyyət yaranmadığını bildirərək, Sultan Səlimin hərəkətlərindən incimədiyini yazır: “Niyə də inciməliyəm ki? Sultanların bir-biri ilə düşmənçiliyi çoxdankı adətdir”. Gənc olmasına rəğmən, bununla öz müdrikliyini bir daha ortaya qoyan Səfəvi şahı rəqibini kobud sözlərdən çəkinməyə çağırır, təhqiramiz məktubları “sərxoş və tiryəkə alışmış münşilərin” göndərdiyini yazmaqla Sultan Səlim haqqında yüksək fikirdə olduğunu göstərir: “Ona görə xüsusi keyfiyyətli tiryəklə doldurulmuş mücrünün üzərinə öz möhürümü vurub yaxın adamlarımızın başçısı Şahqulu ağa ilə göndərirəm”. Səlimə elçini incitməməyi məsləhət görən Şah İsmayıl məktubu yazan vaxt İsfahan ətrafında ov etməklə məşğul olduğunu və döyüş hazırlıqlarına başladığını qeyd edir: “Kim Əli nəsli ilə döyüşübsə, özü məhv olub. Əgər məsələ müharibə ilə bitəcəksə, bunu təxirə salıb uzatmayın. Amma aqibətini düşünün!”

Sultan Səlimin bu məktuba cavabı özünü çox gözlətmədi. O, Şahsuvar oğlu Əli bəy, Mihal oğlu Məhəmməd bəy, Bali Voyevoda və Ağqoyunlu şahzadəsi Fərəhşad bəyin başçılığı ilə kəşfiyyata göndərdiyi dəstələrin əsir aldığı qızılbaşlardan iki nəfəri azad etdi və “hoqqe-ye məcunu gətirən məqtul şəxsin gətirdiyi naməyə… cavabını onlarla göndərdi”. Üstəlik, onlara boyunbağı, çadra və baş örtüyü verib “gizli guşədə olan biqeyrət libası budur” söylədi.

Səlimin bu davranışı heç də səbəbsiz deyildi. O, hələ Trabzon valisi olarkən qızılbaşların nəzarətində olan torpaqlara hücum etməsinə cavab olaraq Diyarbəkir valisi Məhəmməd xan Ustaclu Şah İsmayıldan xəbərsiz Osmanlı sarayına qadın paltarları göndərərək, Səlimin ünvanına təhqir və hədələr yağdırmışdı. Olduqca kinli və qisasçı bir şəxs olan bu Osmanlı sultanı, göründüyü kimi, həmin hadisəni unutmamışdı.

Sultan Səlim Yavuz Şah İsmayıla cavabında onun məktubunun gəlib çatdığını bildirir və bu faktı böyük cəsarət kimi qiymətləndirirdi: “İndi cəsarətini artıracaq bir məktub göndərildi ki, gəlməkdə tələskənlik edəsiz, biz dəxi intizardan xilas oluruz”. Daha sonra təhqirlərini daha da şiddətləndirən sultan bildirir ki, hər bir hökmdar üçün nəzarəti altında olan məmləkət qanuni arvadı kimidir və o, bu torpaqları öz namusu kimi qorumalıdır: “Amma neçə gündür mənim qalib əsgərlərim məmləkətinə daxil olub kamranlıq edərlər, hənuz səndən nə nam, nə nişan, nə də vücudundan bir əsər görünür”. Şah İsmayılı dəfələrlə qorxaqlıqda ittiham edən Osmanlı sultanı məktubunu bu sözlərlə bitirir: “Əgər bundan sonra da qorxaqlıq və cəsarətsizlik guşəsinin küncünə qapanmış olsan, ərlik sənə haramdır. Dəbilqə yerinə yaylıq, zireh yerinə çadra geyib sərdarlıq və şahlıq sevdasından əl çəkəsən”. Bu, Çaldıran savaşı ərəfəsində Osmanlı sultanı I Səlimlə Səfəvi şahı I İsmayıl arasında sonuncu məktublaşma oldu. 920-ci il rəcəb ayının 2-də (23 avqust 1514-cü ildə) Çaldıran düzündə baş verən qanlı döyüş Osmanlı ordusunun qələbəsi, Səfəvilərin məğlubiyyəti ilə nəticələndi.

920-ci il rəcəb ayının 16-da (6 sentyabr 1514-cü ildə) Sultan Səlim Yavuz Təbrizə daxil oldu. Lakin doqquz gündən sonra Osmanlı ordusu Təbrizi tərk etdi. Bundan sonra Şah İsmayıl Səfəvilər dövlətinin paytaxtına qayıtdı. “Bədayə-ül-vəqayə”də verilən məlumata görə, qızılbaşların rəhbəri sülh təklifi ilə Osmanlı sultanına elçi heyəti göndərdi. Elçilər hədiyyələrlə yanaşı, Şah İsmayılın məktubunu da Sultan Səlimə apardılar. Lakin Osmanlı sultanı Səfəvi şahının xərac ödəmək şərti ilə sülh bağlanılması təklifini nəinki qəbul etmədi, üstəlik, göndərdiyi elçiləri də həbs etdirdi.

Xoca Sadəddindən fərqli olaraq, Qoca Hüseyn öz əsərinə Şah İsmayılın Sultan Səlimə həmin elçilər vasitəsilə göndərdiyi məktubu da daxil edib. Türk dilində yazılmış bu məktub onu göstərir ki, bəhs olunan dövrdə Azərbaycan türkcəsi diplomatik yazışma dili kimi işlənirdi. Maraqlıdır ki, Çaldıran savaşındakı məğlubiyyətə baxmayaraq, sözügedən məktubdan İsmayılın qürurunu itirmədiyi və Səlim qarşısında özünü aşağılamadığı açıqca görünür: “Əgərçe mənim kinimə bel bağladınız, lakin mənim ixlasdan qeyri ayinim yoxdur və bu vurhavurda mənim günahım yox idi. Əgər olmuş isə, mərhum Sultan Bayəzid xan dövranında kimsə məndən sadiqlikdən qeyri nəsnə görməmişdir. Onun mülkünə tamah salmadım, Əcəm mülkü ilə qənaət eylədim. Ədəb təriqinə riayət edib xilaf bayrağını qaldırmadım”. Daha sonra Sultan Səlimə sülh təklif edən Şah İsmayıl onu bir daha Əcəm vilayətinə hücum etməməyə çağırır, Osmanlı xəzinəsinə xərac verməyə razı olduğunu bildirirdi: “Əgər dilərsəniz, xərac verəlim. Mənim məzhəbimə tənə edənlər qismindəsiniz. Ol kimsənə ki, mənə allahsız münasibət göstərər, ona Allah sözü ilə cavab verərəm. Mənim köküm beyti-peyğəmbəri və dinim paklıqda zəri-cəfəridir”.

Qoca Hüseyn yazır ki, Sultan Səlim Şah İsmayılın türkcə olan məktubuna fars dilində cavab göndərdi. Osmanlı sultanı məktubunda Səfəvi şahını dinə qarşı çıxmaqda suçlayaraq “qırmızı papağı başınızdan endirəsiz” deyə qızılbaşlıqdan imtina şərtini irəli sürürdü. Sultan Səlim daha sonra yazırdı: “Bayanduriyyə sultanlığı zamanında (Ağqoyunlular dövründə - C.C.) dörd böyük (Rəşidi xəlifələr Əbu Bəkr, Ömər, Osman və Əli - C.C.) nə tərzlə və nə əda ilə zikr olunurdusa, olduğu kimi ol üslub üzrə yad etdirəsiz. Ol köprü ki, Araz çayı üzrə olub Çoban köprüsü deməklə tanınır, iki məmləkətin sərhədi olursa, sizinlə iki bəradər kimi olalım”.

Hüseyn Şah İsmayılın bu təklifə nə cavab verdiyi və ümumiyyətlə, iki hökmdar arasında sonrakı yazışmalar barədə demək olar ki, heç bir məlumat vermir. Lakin tarixşünaslıqdan bəllidir ki, Şah İsmayıl Sultan Səlim Yavuza sonradan daha bir məktub yazmışdı. Kəmaləddin Heydər bəy və Bayram ağa adlı elçilər vasitəsilə göndərilən məktubda Səfəvi şahı Osmanlı sultanından daha öncə göndərdiyi elçilərin geri qaytarılmasını tələb etmişdi. Bu məktubda da Şah İsmayıl qürurunu gözləməyə çalışmış, məğlubiyyətini yaxşı hazırlıq işləri aparmamağı və “tale qisməti” ilə əlaqələndirmişdi: “O vaxtlarda mən öz əsgərlərimi ətraf yerlərdən çağırmadım, bir neçə mülazimim və Diyarbəkir ətrafından gələn adamlarımla sizin qarşınıza çıxdım”. Səlimi sülhə dəvət edən İsmayıl onu yola gətirmək üçün “dindar sultanlar arasında başlanan müxalifət din və imanın zəifləməsinə, küfr və üsyan əhlininsə cürət və cəsarətinə səbəb olur” yazmış, sultan sarayına göndərilən elçilərin məqsədlərinin yalnız “əlbirliyin əsasının qoyulması, aradakı düşmənçilik və biganəliyin götürülməyi” olduğunu vurğulamışdı.

Şah İsmayıl Xətai və Sultan Səlim Yavuzun yazışmaları barədə mənbəşünaslıqda verilən son məlumat 1517-ci ilə aiddir. Belə ki, Sultan Səlim Yavuzun Osmanlı dövlətinin ərazisini genişləndirmək üçün etdiyi sonuncu yürüş həmin ilin əvvəlində Misirin fəthi ilə nəticələndi. Osmanlı sultanı bu münasibətlə qonşu ölkələrin hökmdarlarına fəthnamə göndərərək, bu barədə onları məlumatlandırdı. Mənbələr Şah İsmayıla fəthnamə göndərilib-göndərilməməyi barədə məlumat verməmişlər. Lakin Şah İsmayıl Misirin fəthi münasibətilə hələ Qahirədə olan Sultan Səlimin hüzuruna təbrik məktubu və hədiyyələrlə elçi göndərmişdi. Maraqlıdır ki, Sultan Səlim Şah İsmayılın bu addımını nəinki cavablandırmamışdı, hətta “ol naməyə iltifat etməyib” məktubu gətirən elçini “dar-üs-səltənəyə (paytaxta – C.C.) göndərdi ki, orda həbs eyləyələr”. Bu fakt Sultan Səlimin Şah İsmayıla nə dərəcədə nifrət etdiyini bariz şəkildə göstərməklə yanaşı, Azərbaycan Səfəvilər dövlətinin banisinin öz qüdrətli qonşusu ilə sülh münasibətləri yaratmaqda maraqlı olduğunu sübut edir.


İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT:

1. Мустафаев Ш.М. Восточная Анатолия: от Ак-коюнлу к Османской империи. Москва: Востлит, 1994, 224 c.

2. Efendiyev O. Sultan II. Bayezid ve Şah İsmail / “XIII. Türk Tarih Kongresine Sunulan Bildiriler”. Ankara: Türk Tarih Kurumu Basımevi, 2002, s. 89-95.

3. Эфендиев О.А. Образование Азербайджанского государство Сефевидов в начале XVI века. Баку: Издательство АН Азерб. ССР, 1961, 208 с.

4. Vilayəti Ə. Şah İsmayıl Səfəvi dövründə İranın xarici əlaqələr tarixi. Tehran: Əl-Huda, 1998, 421 s.

5. Travels of the Venetians in Persia: A Narrative of Italian Travels in Persia in the 15-th and 16-th Centuries. Translated and Edited by C.Grey. London: Hakluyt Society, vol. 49, 1873, p.
6. Хюсейн. Бедаи ул-векаи (Удивительные события). (Издание текста, введение и общая редакция А.С.Тверитиновой). Москва: Издательство Восточной Литературы, 1961.75 s.

7. Sümer F. Safevi devletinin kuruluşu ve gelişmesinde Anadolu türklerinin rolü (Şah İsmail ile halefleri ve Anadolu türkleri). Ankara: Türk Tarih Kurumu Basımevi, 1992, 265 s.

8. Kırzıoğlu F. Osmanlıların Kafkas ellerini fethi (1453-1590). Ankara: Türk Tarih Kurumu Basımevi, 1993, 551 s.

9. Fərzəlibəyli Ş.F. Azərbaycan və Osmanlı imperiyası (XV-XVI əsrlər). Bakı: Azərnəşr, 1995, 200 s.

10. Hoca Sadettin Efendi. Tac-üt-tevarih. Hazırlayan: İ.Parmaksızoğlu. c. 4. İstanbul: 1992, 407 s.

11. Solakzadə Mehmed. Tarix: Azərbaycan tarixinə dair iqtibaslar (türk dilindən tərcümə edəni Z.M.Bünyadov). Bakı: Elm, 1992, 84 s.

12. Махмудов Я.М. Взаимоотношения государств Ак-коюнлу и Сефевидов с западно-европейскими странами (вторая половина XV - начало XVII). Баку: Издательство Бакинского Университета, 1991, 264 c.

Cavid CABBAROĞLU

[email protected]

# 13222 dəfə oxunub

Müəllifin son yazıları

# # #