Kulis.az Mirmehdi Ağaoğlunun "Avtobusda pivə içən qız, dostuna xəyanət edən tələbə, yaxud Prusta meydan oxuyan Azərbaycan yazıçısı kimdir?" yazısını təqdim edir.
Orxan Həsəninin imzası ilk hekayələrindən məni özünə çəkib. Onun hələ “Metro terminalının sevgisi” hekayəsini oxuyub çox bəyənmişdim. Həsəninin ilk qələm təcrübələrindən dilə bu qədər hakim olma bacarığı, təhkiyəni tələsmədən, aramla irəlilətmək səriştəsi, orijinal metafora tapmaq qabiliyyəti məni cəlb etmişdi. Bəri başdan deyirəm: Orxan Həsəni böyük yazıçı potensialına malikdir. Öz üzərində işləsə - belə görürəm ki, işləyir də - bir-birindən dəyərli əsərlər ortaya qoyacaq. Təbii ki, bu yolda onu çətin sınaqlar, çox vaxt isə Uilyam Folkner demiş, məğlubiyyət gözləyir.
Həsəninin debüt romanı “Və dalğalandı yaddaş tarlası”sını hələ ötən il, kitab çap olunandan bir neçə ay sonra oxuyub bitirmişdim. Təəssüf ki, həmin vaxt kitab haqqında təəssüratlarımı “isti-isti” yazmaq imkanım olmadı. Üstündən bu qədər zaman keçəndən sonra da əsəri dərindən təhlil etmək bir qədər çətinlik yaradacaq, gərək yenidən oxuyasan. Onun üçün də yazı boyu kitab haqqında hafizəmdə qalan təəssürata güvənəcəyəm.
İlk növbədə onu deyim ki, Həsəni çox yaxşı təqlidçidir. O oxuduğu bütün böyük yazarların əsərlərini təqlid etməyə çalışır. Təqlid hekayələrində, eləcə də ilk romanında hiss olunur. Gənc yaşda bir qələm adamı üçün təqlidçilik lazımlı məziyyətdir. Dünya ədəbiyyatına da diqqət yetirsək, görərik ki, əksər qələm adamları yazıçılığa təqlidlə başlayıb, sonradan öz yollarını tapıblar. Peru yazıçısı Mario Varqas Llosa “Şəhər və itlər” romanını Folknerdən, Orhan Pamuk “Cevdet bəy və oğulları”nı Tomas Mannın “Buddenbroklar" romanından təsirlənərək yazıb. Nümunələrdən də göründüyü kimi qələm adamının öz yolunu tapana qədər böyük yazıçıların izi ilə getməsi nümunəsi ədəbiyyatda kifayət qədərdir. Bu baxımdan Orxan Həsəninin təqlidçiliyə yol verməsi qəbul olunandır. Müxtəlif tərzləri, üslubları dişinə vura-vura Orxan əvvəl-axır öz yolunu tapacaq və bu yoldan irəliləyəcək.
Romanı oxuyanda onun təqlid etdiyi – təsirləndiyi yazıçıların izləri aydın görünür. Adından, mövzusundan tutmuş üslubuna qədər “Və dalğalandı yaddaş tarlası” bir sıra yazarların - Marsel Prust, Uilyam Folkner, Ernest Heminquey, Orhan Pamukun əsərlərini xatırladır. Ümumiyyətlə, bu 270 səhifəlik romanda tez-tez müxtəlif üslub və formaların savaşı qabağımıza çıxır, bəziləri yerindədir, bəziləri isə artıqlıq yaradır. Əlbəttə bunlar hamısı gənc romançının axtarış təşnəsindən doğur, başa düşüləndir, güman ki, zamanla Orxanın bu üslub yanğısı çəkiləcək.
“Və dalğalandı yaddaş tarlası” adından da göründüyü kimi, yaddaş üzərində qurulub. Ədəbiyyatda “yaddaş” mövzusu dedikdə ilk növbədə ağla gələn dünyanın ən astagəl yazıçısı fransız Marsel Prust və onun “İtirilmiş zamanın axtarışında” adlı çoxcildli romanıdır. Yaddaş mövzusunu ədəbiyyatda ondan yaxşı işləyən ikinci müəllif tanımıram. Orxanın da məlum romanda yaddaş mövzusunu seçməsi və qələmini bunun kimi müəyyən yaş və yazıçılıq təcrübəsi tələb edən mövzuda sınaması təqdirəlayiqdir. Bu cəsarətinə böyük bir alqış düşür.
Mənə elə gəlir ki, Prustu yaddaş haqqında belə uzun-uzadı yazmağa vadar edən, xatirələrin dərinliyinə qədər enib onları mikroskopik səviyyədə incələmək yanğısı yaşadığı aristokrat həyat tərzindən gəlir. Üstəlik, uşaq vaxtından xəstəhal olması onu həyatı asta templə yaşamağa sövq edib, bu aristokratik qayğısızlığın verdiyi tənbəllik həyatın hər addımında dayanıb ləngiməyə imkan yaradıb: yediyi peçenyenin dadını, evlərinə hər gün gələn qonşunun hər dəfəki əhvalını, xalasının söhbətlərini, kənd kilsəsinin xarici görünüşünü dəqiqliyinə qədər yadda saxlayıb. Nəticədə insan yaddaşını araşdıran müdhiş romanlar silsiləsi ortaya çıxıb.
Yəni deməyim odur ki, mövzu özü formanın ortaya çıxmasına zəmin yaradır. Prust ona görə uzun cümlələrdən, ağır təsvirlərdən, ləng, aramlı təhkiyədən istifadə edir ki, yazdığı mövzu bunu tələb edir. Üstəlik, aristokrat həyatına səciyyəvi zəngin həyat təcrübəsinə malikdir.
İndi isə gəlin “Və dalğalandı yaddaş tarlası” romanına baxaq: Aniyə, Nigar, Çəmən, Rufanə, Cavid, Rüfət, Xəyal, Elvin səkkiz tələbə yoldaşıdır. Bu tələbə yoldaşları 2017-ci ilin bir yay günündə Körpükəndə tətilə gedirlər. Orada bir gecə qalandan və qızlı-oğlanlı “möhkəm” yeyib-içəndən sonra Xan sarayının həyətindəki naməlum ölümə görə, bəxtsizlikdən polis bölməsinə cəlb edilirlər, Bakıdan gələn jurnalistlə çənə-boğaza verdikləri üçün orada danlanıb paytaxta geri göndərilirlər. Həmən səfər sırasında başqa hadisələr də baş verir. Məsələn, Elvin dostunun sevdiyi Aniyə ilə yatır, Rüfət içib sərxoş olur...
İkinci hissədə isə hadisələr 2019-cu ildə bu tələbələrin məzuniyyət mərasimi ərəfəsində cərəyan edir. İki il sonra tələbə yoldaşları sanki həyatlarında vacib bir şey baş verməyibmiş kimi yığışanda dönə-dönə o birgünlük tətili xatırlayırlar, sonra da gecənin bir yarısı qalxıb həmən vaxt qaldıqları hotelin resepşn xidmətində çalışan Ömər adlı şəxsə zəng vururlar. Müəllif bu məqamda sanki qəhrəmanların iki illik zaman intervalında həyatlarında baş verən hər şeyi kənara tullayır və onları yalnız bu tətil söhbəti ətrafında fırladır. Halbuki, baxırsan, həmən tətildə əlahiddə hadisə də baş verməyib. İki il sonra hansısa hotelin respşn işçisinə topluca zəng vurmaq istəyi... Hansı ehtiyacdan? Ritorik sualdır.
Bilmirəm, Azərbaycanda nə dərəcədə mümkündür, amma mən inanmıram, bizdə dörd qız dörd oğlana qoşulub rayonların birinə istirahətə getsin. Üstəlik, qızlardan biri – Rufanə – avtobusa oturar-oturmaz özünü illərin əyyaşı kimi apararaq pivə butulkasını çıxarıb içməyə başlasın, siqaret barədə daha demirəm. Elə bil, Amerika hippiləridir. Bu birgünlük səfər onunla yadda qalır ki, Aniyə hamıdan gizlin Elvinlə yatır və üstündən iki il keçəndən sonra Rüfət bu hadisədən xəbər tutur.
Dostum inciməsin, əvvəla onu deyim ki, romanın hadisəsi uydurma görünür. Bəlkə də, gerçək həyatda baş verib, lakin əsərdə inandırıcı gəlmir. Məndən olsa, bir povestlik, bir az da sıxsan, hekayəlik mövzudur. Orxan isə bunu uzadıb-uzadıb romana çevirib və deyim ki, həcm baxımından bu işi bacarıb da. Məndən olsa, qızlı-oğlanlı səkkiz tələbənin tətil macəralarından və onların hələ çiy həyat təcrübələrindən yazmaqdansa, sadə bir mövzuya müraciət edərdim. Orxan yaddaş mövzusunu seçməklə gənc yaşında çox ağır bir yükün altına girib, elə bil, boksa getdiyi bir aydır, rinqə çıxıb Mayk Taysonla döyüşmək istəyib, təzə sürücülük vəsiqəsi alıb, Formula-1 pilotluğu arzulayır. Dostumuz Seymur Baycanın sözü olmasın, ədəbiyyatda, elə hər sahədə öz gücünü düzgün qiymətləndirmək vacibdir, öz gücünü düzgün qiymətləndirəndə hansı döyüşə girəcəyini görə bilirsən, necə deyərlər, sonradan o yükün altında əzilmirsən. Əzizim Orxan isə hələ bu növcavan vaxtında ilk qələm təcrübəsində birdən-birə yaddaş tədqiqi kimi ağır bir mövzuya girişib, inciməsin, deyim ki, missiyasını tamamlaya bilməyib.
Ortaya belə sual çıxa bilər ki, niyə Orxanda Prusvarilik alınmayıb? Prustun romanı özü detalçılığı və uzunçuluğu ilə ona görə diqqət cəlb edir, yormur ki, aristokratların həyatlarından bəhs edir, onların qeyri-adi macəralarını danışır. Ona görə də oxucu maraqla oxuyur, bezmir, hər detal ona dəyərli görünür. Zənnimcə “İtirilmiş zamanın izində” yoxsulların həyatından bəhs etsəydi, çox yorucu, yeknəsək və bezdirici olardı.
Orxanın romanında isə hələ dimdiklərinin sarısı getməmiş qəhrəmanlar hər dəfə yaddaşlarının dərinliklərinə enməyə çalışdıqda əliboş qayıdırlar, çünki yaddaş okeanının dərinliyindən gətirməyə sədəfləri yoxdur, hələ bəhri-mərifət qəvvası deyillər. Digər sözlə, həyatda təcrübə qazanmayıblar, qısa yaşamlarında xüsusi hadisə baş verməyib.
Bəs “Və dalğalandı yaddaş tarlası” romanını dəyərli edən nədir? Ortada ciddi hadisə olmaya-olmaya Orxanın 270 səhifəlik roman yaza bilmək bacarığı. Kitabı hansı səhifədən açırsan-aç, bir dənə boş cümlə görməyəcəksən. Hamısının necə istedadla yazıldığının şahidi olacaqsan. Maraqlısı budur ki, personajların başlarına gələn hadisələr özlüyündə əhəmiyyətli olmasa da, Orxan özünün bişmiş təhkiyəsi ilə ona bəzəkli don biçir, hər cümləni məharətlə qurur. Beləliklə, müəllifin qabiliyyəti əsərin canından qoparaq ayrıca dəyər qazanır: roman yox, cümlələr, təhkiyə meydan oxuyur. Bu özü Orxanın gələcək uğurlarından xəbər verir. Bu gücünə, bacarığına görə inanıram ki, Orxan Azərbaycan ədəbiyyatı üçün dəyərli əsərlər ortaya qoyacaq. “Və dalğalandı yaddaş tarlası” da bu potensiala nümunədir.