Yığmanın qələbəsinə imkan verməyən nədir? - Aytən Sakitqızı

Yığmanın qələbəsinə imkan verməyən nədir? - Aytən Sakitqızı
18 sentyabr 2024
# 15:53

Kulis.az Aytən Sakitqızının yeni yazısını təqdim edir.

Futbol üzrə Azərbaycan yığması UEFA Millətlər Liqasında iki oyun keçirib və heç bir matçda qələbə bir yana, bir xal da qazanmayıb. Yaxşı ki, Bakıda İsveçin 3 qoluna heç olmasa, bir topla cavab verə bilmişik. Komanda, daha doğrusu, Ramil Şeydayev penaltidən fərqlənmək fürsətini də qaçırıb. Futbola aid “vurmayana vurarlar” deyimi də ən çox bizim yığmanın başına gəlir. Tarixə nəzər salanda da bunu faktlarla təsdiqləmək olar.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası 1992-ci ildə yaranıb. Baş məşqçi postuna 1955-ci ildə "San Siro" stadionunda İtaliyanın "Milan" komandasının qapısına bir oyunda 4 qol vuraraq rekorda imza atan Ələkbər Məmmədov gətirilmişdi. İlk oyunda Gürcüstana 6:3 hesabı ilə uduzmuşduq. Sonra milliyə Ağasəlim Mircavadov gətirildi və komandamız “Oser faciəsi”ni yaşadı, yəni Fransaya 10:0 hesabı ilə məğlub olduq. Millimizin Kazbek Tuayev, Əhməd Ələsgərov, Əsgər Abdullayev, Karlos Alberto Torres, Şahin Diniyev, Goko Hacıyevski, Nazim Süleymanov, Berti Foqts, Mahmud Qurbanov, Robert Prosineçki, Qurban Qurbanov, Nikola Yurçeviç, Canni De Byazi kimi məşqçiləri olub. Ən tanınmış futbol mütəxəssisinin də acınacaqlı məğlubiyyətləri qeydə alınıb. Azərbaycan seçmə mərhələləri heç vaxt adlaya bilməyib. Əslində, bütün mövqelərə aid yaxşı oyunçular da olub. Sadəcə, futbol komanda oyunudur, yəni Zaur Tağızadə təkbaşına 11 nəfər rəqiblə mübarizə apara bilməzdi. Sistemləşdirilmiş oyun, taktiki sxemlər isə baş məşqçilərin öhdəliyidir. Adlı-sanlı baş məşqçilərin bəhanəsi istedadlı futbolçu çatışmazlığı olub. Bunun əsas səbəbi isə uşaq futbolunun inkişaf etdirilməməsi idi. Baş məşqçilərin “heyətə qatmağa oyunçu tapmırıq” bəraətləri 2001-dən 2009-can absurd idi. Çünki həmin illərdə Azərbaycan çempionatında minimum 12, maksimum 18 klub olub. Stadionlarda fanat ordusu da yaranmağa başlayırdı. Çünki yaşıl meydançalarda sağlam rəqabət mövcud idi. Müxtəlif klublarda forma geyinən Samir Musayev, Zaur Ramazanov, Xəqani Məmmədov kimi bombardirlər populyarlaşırdı. 16 klub olan çempionatda yığmaya da futbolçu tapmaq asanlaşırdı. Oyunçular əsas heyətə düşmək üçün səhvsiz oyun göstərməyə çalışırdılar. O vaxt boş qapıya, yaxud penaltidən fərqlənə bilməyən oyunçunun “nə olsune, guya mənim yerimə kimi gətirəcəklər” rahatlığı olmayıb. Azərbaycan futbolunda köhnə qəlibdən çıxmaq istəyənlər ortaya yeni format gətirirlər. Amma ən çox formata ehtiyacı olan elə bu yeni formatdır. 10 klubla futbol liqası olar? Bakı birinciliyidir, yoxsa televiziyalar arasında çempionat?

Qəliz və cılız çempionatı olan Azərbaycan yığmasını Kriştiano Ronaldo görmüş, Avropa kubokunu qaldırmış Fernandu Santuş gücləndirə biləcəkmi? Bu suallara cavabı zaman göstərəcək. Elə “qohum-əqraba transfer”lərinin də nə vaxt aradan qaldırılacağı da cavabsız suallardandır. Faktiki problem isə gənc futbolçuların özünü göstərmək üçün əsas liqada yetərincə şans qazanmamasıdır.

Ümumiyyətlə, maraqlıdır ki, müstəqillik dövründən bu yana xərclənən milyonların qarşılığında Azərbaycan futbolu niyə hələ də inkişaf etmir? Niyə futbolçularımız Avropanın top klublarında çıxış etmir, hansısa ölkənin ortabab klubuna gedəndə belə orda möhkəmlənə bilməyib üzüsulu ölkəyə qayıdır. Millimiz beynəlxalq oyunlarda qonşularımızdan təəssüf ki, pis mənada fərqlənir və normal nəticələr əldə edə bilmir

Dövlət tərəfindən futbolun inkişafına bu qədər vəsait sərf olunsa da, niyəsə irəliləmək əvəzinə inamlı şəkildə geriyə gedirik.

“Boz bina”da vəziyyət niyə dəyişmir? Dəyişən, deyəsən, ancaq maliyyə hesabatlarındakı artımdır. Büdcədən ayrılan pulları belə səriştəsiz xərcləyənlər kimlərdir?

Bəlkə də səbəbi Premyer Liqadakı klubların sayında axtarmaq olar, Birinci Divizion klublarının həvəskar komanda səviyyəsinə salınmasında və Premyer Liqaya buraxılmamasında, Region klublarının dağılmasında, Azərbaycan çempionatının Bakı çempionatına çevirilməsində, uşaq futbolunun və aşağı yaş qruplarının çempionatlarının "yola verilməsi"ndə axtarmaq olar.

Bu qədər sadalamaqla bitirə bilmədiyimiz problemlər varsa, hansı gündə olmalı idi ki Azərbaycan futbolu?...

Axı normalda futbol onu monopoliyaya çevirənlərin altındakı milyonluq maşın deyil ki, istədikləri kimi idarə etsinlər.

Ağzını da açan kimi dərhal kimsə şilləni çəkir ki, bəs Qarabağın uğurları?

Axı təkcə Qarabağın qələbəsi kifayət etmir və hər şey Qarabağ demək deyil!. Adam bəzən fikirləşir ki, bəlkə də Allah elə üzümüzə baxıb Ermənistanla hansısa tsiklda rəqib ola bilmirik. Onda halətimiz, güzəranımız necə olardı, fikirləşmək istəmirəm. Axı futbol meydanı döyüş meydanı deyil, orda təpik yumruq, tank, tüfəng söhbətləri keçmir. Adamı elə biabır edərlər ki, 10 il özünə gələ bilməzsən...

Nə deyək, futbolumuzu bu günə salanlara, buna səbəbkar, vasitəçi olanlara Allah azca vicdan versin. Heç olmasa, Paris 2024 Yay Paralimpiya oyunlarında tərinin son damlasına qədər döyüşüb himnimizi düşmənlərimizə məcbur dinlətdirən qəhrəman idmançılarımıza baxsınlar. Vicdan deyilən o məhfum azca cız etsə, bəsimizdir.

Əlqərəz, bizdən keçdi, ən azından ümid edək uşaqlarımız nə vaxtsa millimizin beynəlxalq səviyyəli uğuruna sevinər, məcburiyyətdən Türkiyəyə, İtaliyaya, Fransaya azarkeşlik etməz. Çiyninə şanlı üçrəngli bayrağımızı asıb, ətrafdakılara baxıb, "mənim ölkəmin komandası oynayır" sözünü fəxrlə deyər....

# 488 dəfə oxunub

Oxşar xəbərlər

“Survivor” iştirakçısı vəfat etdi

“Survivor” iştirakçısı vəfat etdi

23:49 15 oktyabr 2024
“Xurşidbanu Natəvan” yenidən Milli Dram Teatrının səhnəsində

“Xurşidbanu Natəvan” yenidən Milli Dram Teatrının səhnəsində

17:11 15 oktyabr 2024
Dinəndə dilim yandı - Qənbər Ağayev

Dinəndə dilim yandı - Qənbər Ağayev

15:12 15 oktyabr 2024
Aygün Kazımovanın mahnısı məni ayıltdı - Həmid Herisçi

Aygün Kazımovanın mahnısı məni ayıltdı - Həmid Herisçi

14:20 15 oktyabr 2024
Sevdiyinə həsrət qalan, xəstəxanada ürəyi partlayan Hüseyn Seyidzadə

Sevdiyinə həsrət qalan, xəstəxanada ürəyi partlayan Hüseyn Seyidzadə

14:11 15 oktyabr 2024
Ağasəlim Abdullayev:  "O faciə barədə çox sual verirlər, danışmaq istəmirəm" - Müsahibə

Ağasəlim Abdullayev: "O faciə barədə çox sual verirlər, danışmaq istəmirəm" - Müsahibə

13:15 15 oktyabr 2024
#
#
# # #