Kulis.az Vüsal Bağırlının "Nikolay Qoqolun mistik ölümü…" yazısını təqdim edir.
Bir neçə il bundan əvvəl rejissor Yeqor Baranovun dahi yazıçının həyatından bəhs edən “Qoqol. Başlanğıc” filminin təqdimatı keçirildi. Filmdə yazıçının əsərlərinin süjet xətti və bioqrafiyası mistik çalarlarla birləşdirilmişdi. Süjet boyu Dikanka (“Dikanka yaxınlığında xutor axşamları”) sakinləri, su pərisi, kazaklar, mujiklər, sirli varlıqlar və digər personajlar öz yaradıcıları, gənc yazıçı Nikolay Qoqolla üzbəüz qalırlar. Bizim təsəvvürümüzdə həmişə qəribə bığları və saç düzümü ilə asossasiya olunan dahi yazıçı filmdə dostu xəfiyyə Quro ilə kənd qızlarının seriya qətllərini araşdırır və bu məqsədlə əyalətə gəlir...
Lakin burada dayanaq. Hər şeyi danışıb, filmə olan tamaşaçı marağını itirməyək.
Söhbətimiz filmin süjeti haqqında deyil. Biz dünya ədəbiyyatının klassiki Nikolay Vasilyeviç Qoqolun əzab-əziyyətləri, xəstəliyi və ölüm sirri haqqında danışacağıq.
Britaniyada kral Artur milli qəhrəman hesab olunur. Xalq təsəvvürlərinə görə, o, ölməyib və vətəni xilas etmək üçün dirilmə, geridönmə və qayıtma saatını gözləyir. Rusların bu rəvayətə uyğun qəhrəmanı isə Nikolay Qoqoldur.
Qoqol haqqında istənilən söhbət sürüşərək onun son günlərinin müzakirəsinə gəlib çıxır. Gözümüzün qarşısına yazıçının dini mistika ilə insan əzabını bir-birinə qarışdırmış faciəvi taleyi gəlir.
Bəs yazıçı necə və hansı şəraitdə dünyasını dəyişdi?
1852-ci ilin 21 fevralında (4 mart) böyük rus yazıçısı Nikolay Qoqol vəfat etdi. O, bir neçə həftənin içində solaraq 42 yaşında dünyadan köçdü. Bu müəmalı ölümdən düz 169 il ötür, amma onun sirri hələ tam olaraq açılmayıb.
Letargiya yuxusu
Qoqolun dəhşətli ölümü və ya letargiya yuxusunda olarkən diri-diri basdırılması haqqında şayiələr o qədər maraq doğurur ki, o zamanlarda da elə indinin özündə də bəziləri bunun fakt, yaxud yalan olduğunu fərq edə bilmir. Əslinə bu şayiələrin yaranmasında Qoqolun özünün də günahı var. Çünki, o xəstə olarkən tez-tez bayılır və bədəni qıc olurdu. Yazıçı diri-diri basdırılacağından ehtiyat edirmiş.
Rus yazıçısı Sergey Aksakov xatırlayır: “Qoqol soyuqdan şikayətlənir, daim üşüyürdü. O, uzun çəkmə, qalın yun corablar geyirdi.
Qızınmaq üçün otaqda qaçır, ayaqlarını sobanın üstünə qoyurdu. Şübhəsiz ki, bu onun hansısa ciddi xəstəlikdən əziyyət çəkdiyini göstərirdi”.
Başqa bir tanışı isə bunları yazırdı: “İşə bir bax, o, ayaq üstdə yazır, oturaraq yatır. Uzanmaq istəmir. Qorxur ki, onu ölü zənn edib basdırarlar”.
O, “Vəsiyyətnamə”sində yazırdı: “Yaddaşım, sağlam düşüncəm və ağlım başımdaykən öz axırıncı istəyimi bəyan edirəm. Məni yalnız cansız bədənimdə çürümə əlamətləri hiss edildikdən sonra dəfn edərsiniz. Biləsiniz ki, xəstəliyimin şiddətləndiyi dönəmlərdə bəzən tam hərəkətsiz oluram, nəbzim və ürək döyüntülərim hiss edilməyəcək dərəcədə yavaşıyır”.
Məlumdur ki, yazıçının ölümündən 79 il keçdikdən sonra onun qəbri Danilov monastırından Novodeviçye qəbiristanlığına köçürülüb. Deyilənə görə, mərhumun bədəni tabutda ölü üçün normal olmayan vəziyyətdə yana çevirilibmiş. Tabutun daxili divarları isə kəsik-kəsik və cızılmış vəziyyətdə olub.
Bu şayiələr bir çoxlarında əminlik yaradırdı ki, Nikolay Vasilyeviç torpaq altında zülmət içərisində əzablı və dəhşətli ölümə düçar olub. Bu faktı müasir tarixçilər təkzib edir. Müəyyən məxfilik tədbirlərinin nəzərə alındığı eksqumasiya (ölümün səbəblərini müəyyən etmək və ya dəfn yerini dəyişməkdən ötrü nəşin qəbirdən çıxarılması) zamanı Qoqolun qəbri ətrafında təxminən iyimiyə qədər adam toplaşıbmış.
Bu barədə Perm akademiyasının dosenti, tarixçi Mixail Davıdov yazır: “...yazıçı V.Q. Lidin də eksqumasiya mərasiminə iştirak edib. Məhz o, təsdiq edir ki, yaxşı vəziyyətdə qalmış palıd tabutun içərisi cızıq-cızıq imiş, skelet isə qeyri-təbii vəziyyətdə sanki büzüşmüş vəziyyətdə olub. Lidinin bu sözlərindən sonra Rusiyada yazıçının guya sağ olarkən basdırılması haqqında həmin dəhşətli əfsanəyə inam daha da güclənməyə başladı”.
Əslində Qoqol həyatının son aylarını ağır ruhi sarsıntı, dözülməz iztirablar içərisində keçirib. O, yaxın tanışı Yekatrina Xomyakovanın gənc yaşında vəfat etməsindən sarsılmışdı. Bu dövrlərdə yazıçı yaradıcı fəaliyyəti dayandıraraq, vaxtının çoxunu dua edir, pəhriz tutmaqla keçirir. Sonra ölüm qorxusu ona o dərəcədə hakim kəsilir ki, hər kəsə, qeybdən ona tezliklə öləcəyini xəbər verən səslər eşitdiyini deyir.
Xəstəliyinin şiddətləndiyi, ağlının başdan çıxdığı və sayıqladığı dönəmlərdə Qoqol geri qaytarılması mümkün olmayan səhv edir. O, “Ölü canlar” əsərinin ikinci cildini yandırır. Belə hesab olunur ki, romanı məhv etməsini ona yaxın tanışı olan din xadimi Matvey Konstantinovski məsləhət görüb. Bu keşiş Nikolay Vasilyeviçin həyatının son dövrlərində ona böyük təsir edə bilirmiş. Din xadiminin bu cür təsir və təzyiqlərindən onun ruhi və fiziki durumu daha da pisləşir. Qoqol zəifləyir və az yatır, demək olar ki, heç nə yemir.
Onun şəxsi həkimi Tarasenkov bildirirdi ki, yazıçı ömrünün son günlərində olduqca zəifləyib və qocalıbmış. Həkim öz qeydlərində yazırdı: “Qoqolun nəbzi zəif, dili təmiz və qurudur, hərdən burnundan qan gəlir, əlləri qıc olur. Sidiyi tünd və qatıdır”.
Artıq fevralın 10-da Qoqol o qədər gücdən düşür ki, evdən çıxa bilmir. Fevralın iyirmisində halı qəflətən pisləşir və ətrafdakıları tanımır. Həkimlərdən ibarət konsilium qərara qəlir ki, onu qidanı azaltmaqla və zəli ilə qan almaq metodu ilə “məcburi müalicə”yə cəlb etsinlər. Həkimlərin bu həlledici səhvindən sonra Qoqol 21 fevral səhər saat 8-də vəfat edir.
Tarasenkovun yuxarıdakı qeydlərinə və konsiliumun qərarlarına müasir həkimlərin rəyi tam ziddiyyət təşkil edir:
“Əslində, qatı tünd sidik, daimi susuzluq, burun qanaması, qıcolma-xroniki civə zəhərlənməsinin simptomlarıdır. Civə isə Qoqolun mədə xəstəliyindən xilas olması üçün həkimlərin ona verdiyi Kalomel preparatının tərkibində olub. Kalomelin əsas xüsusiyyəti ondan ibarətdir ki, əgər o bağırsaq vasitəsilə sorulub orqanizmdən xaric edilərsə tam zərərsiz olur. Amma xəstə pəhriz saxladığına görə mədəsi boş olduğundan civə orqanizmdə yığılaraq kəskin zəhərlənmə verib. Bir tərəfdən də ruhi sarsıntıların, əsəb gərginliyinin zəiflətdiyi bədən ölümü daha da sürətləndirib".
Ona hamı hörmət edirdi. Hətta ölümündən sonra belə. Yazıçının tanışı, rəssam Fyodr İordan yazırdı: “ O, başına dəfnə yarpağından çələng qoyulmuş vəziyyətdə uzanmışdı. Tabutun ağzını bağlayanda çələng götürüldü və yarpaqlarının satışından xeyli pul əldə edildi. Hər kəs özünə ondan dəyərli xatirə saxlamaq istəyirdi”.
İnsan kütləsi Moskvanın Nikitski küçəsini tam bağlamışdı. Bu zaman, izdiham axını görünməmiş həddə çatır. Məmurlar və polislər gərginlik içindədir. Üsyan? İnqilab? Yox, sadəcə Qoqolun dəfn mərasimi keçirilir.