Xuramanın özünü atdığı qaya - İlqar Rəsuldan Şuşa yazısı

Xuramanın özünü atdığı qaya - İlqar Rəsuldan Şuşa yazısı
8 noyabr 2023
# 12:40

Kulis.az İlqar Rəsulun "Qırmızı göyqurşağı" yazısını təqdim edir.

Bir vaxt piyada, qaçaraq qalxdığımız dolama yolları indi maşınla qalxanda nəfəsim kəsilir. Həyat məni bu qədər dəyişibmiş. İndi fərqinə varıram, ürəyimdən möhlət istəyirəm...

Cıdır düzündəyəm. Bir az olar düşmüşük otuz il əvvəl minib bu şəhərdən ayrıldığımız maşından. Torpağa ayağımı ilk dəfə basanda hamıdan ayrılıb bir kənarda kövrəldim. Yaxşı ki, görən olmadı. Guya kimsə görsəydi nə olasıydı ki? Bəlkə təsəlli də verərdilər, ürəyim toxtayardı. Toxtamırdı amma. Az qalırdı yerindən çıxsın. Hər döyüntüsündə bütün bədənimi silkələyirdi. Mən cəhənnəm, şəhəri aşırıb yerə salacaq, qayanın başından - düşünüb daha da təlaşlanırdım. Bu tərəfdən də hər yanımdan mənə baxan Şuşanın tənəsi: Kimsən, niyə gəlmisən?!
-Səni görməyə!
- Nə üzlə gəlmisən?
- Bilmirəm.
- Özünə ar bilmədən gəlib qarşımda dura bilirsən amma, otuz ildən sonra.
- Hə, elədir, utanmıram. Sən elə sevimlisən ki, görüşünə gəlmək üçün hər cür arsızlığa getmək olar...

Fikrimdə qollarımı yana açıb Cıdır düzünün küləyinin içində Cıdır düzünün otlarının üstü ilə ayaqyalın qaçmağa başladım. Qardaşım İlham da yanımda. Lap uşaqlıqdakı kimi. Nə qədər bərk qaçırsansa, o qədər hay-küylə keçir külək yanından. Qulaqlarına nələrsə bağıra-bağıra buraxır səni külək içində yarıb açdığın dəhlizin bu başından o başına.

Bir at var uzaqda. At deyil əslində. Dağda ata bənzər görüntüdür. Nəhəng at şəkli, deyəlim. Dağ boyda at. Nə vaxtsa nənəmiz onu bizə göstərib demişdi ki, peyğımbər əleyhisalamın atının şəklidir. Demişdi, peyğəmbər atı ilə o dağda uzanıb dincəlib. Qalxıb gedəndə atın şəkli qayada qalıb. Diqqətlə baxsanız, görərsiniz. Doğrudan ata oxşayır dağdakı görüntü. Uşaq ağlınla da bilirsən ki, ha qaçsan, çatmayacaqsan o ata. Amma yenə qaçırsan.

Bir də qarşıda bir uçurum ağzını geniş açıb həvəslə gözləyir səni ona sarı qaçan görüb. Bilirsən orada uçurum var. Tanıyırsan o uçurumu. Adı da var hələ: Xuraman özünü atan qaya.

Amma yenə qaçırsan. Qaçırsan, qaçırsan, qaçırsan. Uçurum da səni uşaq görüb, yıxılmayasan deyə geriyə gedir, səndən uzaqlaşır, uzaqlaşır, uşaqlaşır sənin kimi. Bir daşın yanından ötəndə üç cavan qız göy otların üstünə sərdikləri süfrənin həndəvərindən “bəsdir qaçıb tərlədiniz, gəlin çay için” deyib haraylayırlar. Sənsə üzü “Xuraman qayası”na sarı qaçırsan küləyin içində.

Biz Xuramanı o uçurumu tanıyandan sonra bilmişdik. Molla Pənah Vaqifin arvadıymış. Vaqifi uçurumdan əvvəl bilirdik. Məqbərəsi Cıdır düzünə gedən yolun üstündədir. Demək olar ki, hər gün yanından keçib Cıdır düzünə gedir və hava qaralana yaxın yenə yanından keçib geri qayıdırdıq. Əvvəl məqbərə yox idi. Sadəcə qəbir idi. Bir vaxtlar anamız ehtiramla göstərib demişdi, Vaqifin qəbridir. Sonralar oradan keçəndə biz uşaqlar bir-birimizə barmaqla nişan verib “Vaqifin qəbridir” deyirdik. Xalalarımız görən kimi deyirdilər, “barmağını dişlə, sonra da ucunu ayağının altına qoy”. Deyirdilər, çünki qəbrə əl uzatmaq olmaz. Nə bilim, deyirdilər, biz də edirdik. Əvvəl yüngülcə dişləyir, sonra da əyilib ayağımızın altına qoyurduq barmağımızın ucunu. Qardaşımla mən yəni. Nə barmaqlar dişləyib ayaqlamışıq o daşlı cığırda uşaq vaxtı. Sonra ta barmaq dişləməyə ehtiyac qalmadı. Bir yay gəldik ki, məzarın üstündə uca məqbərə tikilib. Ona əl uzatmaq olardı. Həm də barmaq dişləmədən. Biz də ta elə şeylərə inanacaq ağılda deyildik. Bütün bunları xatırlayanda məqbərədə idim. Şuşa işğaldan azad ediləndən sonra məqbərənin də sevincdən çiçəyi çırtlayıb. Yenilənib. Rəngi açılıb, üzü gülür.

Məqbərədən ayrılıb Cıdır düzündən aşağı, şəhərə düşən indi ennənib yola çevrilmiş daş cığırla bir az tək yeridim. Qohumlarımızın olmayan evini axtarırdım. Elə qəşəng ev idi. Hidayət doktorun evi. Şuşanın içində özü də ayrıca bir Şuşa ev. Həyətdəki azmış kimi, evin içində, döşəmədəki balaca qapağın altında da su quyusu var idi. İçində də göz yaşı kimi duru su. Dolu vedrəni kəndirlə çək, tök samovara, qaynat çay elə, iç. Söküb aparıblar o evi də. Məndən əvvəl Şuşada olan qohumlardan eşitmişdim. Bəlkə həyəti tanıyaram deyə axtarırdı eynəyin altında hamıdan xəlvət yaşarmış gözlərim. Olmadı, tapa bilmədim evi, dar macal idi çünki. Bacım Yeganə ilə görüntülü telefon danışığım da o dar macalda uşaqlığımın şəhərinin daş döşənmış dar küçələrində axtardığımı tapmağa kömək eləmədi. Uzun danışsaq, tapardım yəqin ki. Amma az danışdıq. Vaxt yox idi çünki. Uzaqdan çağırırdı məni bizi Şuşaya aparanlar. O təklikdə vaxtım ancaq uzaqdən əlimi özümün və indi İsveçrədə yaşayan qardaşım İlhamın əvəzindən Vaqifin məqbərəsinə uzadıb, sonra da ikimizin yerinə barmağımı yüngülcə dişləyib ayağımın altına qoymağa çatdı.

Əslində, indi mənə görə uşaqlığım Vaqifdən də, Xuramandan da, o uçurumdan da müqəddəsdir. Çünki sadaladıqlarımın hamısı o uşaqlığın içindədir. Bircə Cıdır düzündən başqa. Çünki ən gözəl uşaqlığım onun içində, kəklikotu qoxuyan çəmənində, torpaqdan boylanan qayalıqlarının arasında, qulaqları oxşayan küləyinin ağuşunda qalıb. Bütün bunlar da Şuşanın yayında...

Yenə yoldayıq. Canım Məmləkətin bir müqəddəs şəhərindən o birinə gedirik. Şuşadan Laçına. Laçın qollarını açıb bütün mərdliyi, qüdrəti ilə bizi qarşılamağa hazırlaşır.

İyirmiyə qədər yazıçını, şairi içində gizlədim dolamalarda şütüyərək Laçına doğru aparan maşın yavaş-yavaş Şuşadan uzaqlaşır. “Görəsən Şuşa doğrudan tanımadı məni?” - düşünürkən arxadan kübar bir səs eşidirəm. Şuşadır, pıçıldısını Cıdır düzünün küləyində arxamca yollayıb əfəndicəsinə deyir ki, Laçını öp qayıt, axı sən həm də məndə böyümüsən.

Anasını indicə dəfn etdiyi qəbiristanlıqdan ayrılarkən həsrətlə geri boylanan oğlan uşağısayaq pəncərədən arxaya boylanıb Şuşaya baxıram. Yadıma yol düşür. Bakıdan Şuşaya doğru gələn yolboyu bir ara Niyaməddin Musayev oxumuşdu maşında: Eşqinlə odlanıb hey yanan könlüm…

İçimə yağış yağır. Bir az əvvəl - otuz ildən sonra ayaq qoyduğun Cıdır düzündəki fikir yenə ağlından keçir: Nə yaxşı ki, gözümdə eynək var. Belə dərdin ən gözəl təsəllisi rəngli eynəyin arxasında yağan yağış və özündən sonraya gözlərdə qoyduğu qıpqırmızı göyqurşağıdır...

4-5 noyabr 2023

Yazı müəllifin feysbuk səhifəsindən götürülüb.

​​​​

# 691 dəfə oxunub

Oxşar xəbərlər

Üzeyir bəyin evində iki bəstəkarın 100 illiyi qeyd olunub

Üzeyir bəyin evində iki bəstəkarın 100 illiyi qeyd olunub

11:16 23 fevral 2024
Qətərdə “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi

Qətərdə “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi

10:38 23 fevral 2024
Müşfiq Abbasovun oxucularla görüşü keçirilib

Müşfiq Abbasovun oxucularla görüşü keçirilib

10:32 23 fevral 2024
Vısotskinin mahnı və şeirlərindən ibarət konsert təşkil edilib

Vısotskinin mahnı və şeirlərindən ibarət konsert təşkil edilib

10:24 23 fevral 2024
Süleyman Ələsgərovun 100 illiyi qeyd olunacaq - SƏRƏNCAM

Süleyman Ələsgərovun 100 illiyi qeyd olunacaq - SƏRƏNCAM

09:00 23 fevral 2024
"Joker" filminin aktyorlarının qazancı açıqlandı

"Joker" filminin aktyorlarının qazancı açıqlandı

19:00 22 fevral 2024
# # #