Toyundan qaçan bəy, içkidən zəhərlənən yazıçımız, Quran oxuyan müğənnilər – Dərviş toyundan reportaj

Toyundan qaçan bəy, içkidən zəhərlənən yazıçımız, Quran oxuyan müğənnilər – Dərviş toyundan reportaj
6 iyul 2022
# 09:00

İlk dəfə “dərviş toyunda” oldum. Mən içkisiz, bir qədər “ağır” toylarda iştirak etmişdim, amma beləsini birinci dəfə idi görürdüm.

Dostumuz, şair Ələsgər Əhmədin toyu “dərviş toyu” oldu.

Birincisi, niyə belə bir məclisə (daha toy deməyəcəm) “dərviş toyu” deyirlər, anlamıram. Dərvişlik hara, toy hara, hələ bu qədər yeyib-içmək hara? Dərviş dedikləri nimdaş paltarda, ac, dəli kimi fırlanan vəziyyətdə olmalı deyilmi? Ələsgər bahalı kostyum geyinmişdi, süfrədə də hər cür nemət var idi. Di gəl, nemətlərin şahı yox idi...

Ələsgərin atasının dindar olduğunu bilirdim, məclisdə spirtli içki verilməyəcəyini də. Daha belə də yox da. Fikirləşirdim ki, ofisiantlardan birinə “hörmət” edərik, gedib rusların müqəddəs içkilərindən bir-iki butulka alıb gətirər. Di gəl ki, ofisiantlar da dindar çıxdı.

Məclisə girəndə bir nəfər də xanım görmədim. Zalın başında Ələsgər yox, dörd nəfər hafiz (dindar, dərviş, müğənni, nə bilim, məclisi aparan) oturmuşdu. Şairimizi ölkəmizdəki kimi ən dibə bir yerə soxmuşdular.

İyirmiyə yaxın qələm adamı ağzına düşes alıb dayanmışdı. Ki Ələsgər gəlib bir açıqlama versin görək, niyə bizi bura çağırıb. Elə bunu fikirləşirdim ki, gördüm Nihat Pir çantasından 90 faizlik spirti çıxarıb bakala süzür. Dedim, a kişi, zəhərlənəcəksən. Qayıtdı ki, toya gəlib içməməkdən yaxşıdı. Bakalı başına çəkməyi ilə çölə qaçmağı bir oldu.

Qonşu masada oturan gənc şair, gənc nasir, gənc montajçı, gənc redaktor Səddam Laçın və yoldaşları daha yaxşı üsul tapmışdılar. Onlar dezinfeksiya üçün ayrılmış spirtdən ovuclarına töküb “əxilərin gözündən iraq” janrda içirdilər.

Bir mən hazırlıqsız gəlmişdim.

Aclığa tab gətirə bilməyib əlimi “paytaxt” salatına uzadırdım ki, dərvişlər Quran oxumağa başladılar. Toyda Quran oxumağa, bəli. Tez çönüb baxdım ki, Ələsgər hələ salamatdı, ya yox? Ofisiant sakitcə yaxınlaşıb üzr istədi:

– Müəllim, Quran oxunur, bitsin yeyərsiniz.

Quran oxunub qurtardı. Sonra Məhəmməd peyğəmbər üçün nəğmələr oxundu, sonra İmam Əli üçün. Beləcə Əhli-beytin bütün müqəddəs adları yad edildi. Bir də onda ayıldım ki, Həzrəti Abbasın adı çəkiləndə tüklərim biz-biz durur.

Zalın o biri başından Cəlil Cavanşir Nihat Piri bir zülmlə içəri soxa bildi. Cəlil Cavanşir dərviş toyunda, təsəvvür edirsiniz? Vallah, mən bu yaşımda bunu da gördümsə, sağ olsun Ələsgər.

Rokçular kimi qulağı sırğalı, qolları döyməli, ayaqları krasofkalı Cəlil abimiz oturan kimi qulağıma pıçıldadı ki, bura yaxın yerlərdə rəhmətlik Məhəbbətin kafesi var, gedib orda pivələyərik.

– Məhəbbət kimdi, abi?

– Məhəbbət Kazımov da.

– O niyə Xırdalanda kafe açıb?

– Harda açsın, Laçında? Gedərik ora. Kabinet saxlatdırmışam.

Dərvişlər yanıqlı səslə Quran surələrini, hədisləri, dini mahnıları oxuduqca masadakı gülüş səsləri də azalırdı. Hamı öz vicdanı ilə baş-başa idi. Birdən qonaqlardan biri ayağa durub qışqırdı:

– Daha bəsdir! Mən bir də Topaz oynasam, qoy əlim yansın!

– A kişi, otur görək. Camaatın məclisini dilxor eləmə, otur.

– Gör, “Real” neyniyir?

– Uduzur. Borc tap nəmər yazıl, biabır olacaqsan.

Tövbə edən və onun yanında iblis kimi görünən adam başını ovuclarına alıb zar-zar ağladılar.

Nicat Həşimzadə əlindəki təsbehi fırlaya-fırlaya bir-bir hamımızla görüşüb çıxdı.

– Abi, hara gedirsən?

– Bu yaxınlarda Məhəbbətin kafesi var, ora.

– Məhəbbət Kazımovun?

– Yox e, mənim sinif yoldaşım olub. Məkan atacam, gələrsən.

Yavaş-yavaş adamlar masalardan qalxırdı. Ələsgər də onların dalınca yüz ilin həsrəti ilə (ya da nəmərin məbləğinə olan maraqla) boynunu büküb baxırdı. Orada deyə bilmədim burada deyirəm:

“Bu qədər yazıçı-şair tayfasını niyə “dərviş toyuna” çağırırsan? Yığ bizi Məhəbbətin kafesinə də. Onsuz da hamı ora getdi”.

Dərvişlər növbəti dəfə mərsiyəfason bir şey oxumaq istəyəndə Cəlil Cavanşir əlini bıçağa atdı. Gənc şair və reper El Roman masanın o başından bu başına tullanıb bıçağı şairin əlindən aldı.

– Neynirsən, abi? Camaatın toyunda qan-qaraçılıq eləmə. Neynək, bu da belə toydu da...

Cəlil Cavanşir təkrar bıçağı götürüb meyvəni soymağa başladı.

– Nə intihar, a kişi?! Bu Nihatı özünə gətirmək lazımdı, iki daşın arasında necə içdi burda?

Nihat Pir də özünə gələndən sonra Ələsgər Əhmədə səbr, eee, xoşbəxtlik diləyib toydan, nç, məclisdən çıxdıq. Taksi çağırıb düz Məhəbbətin kafesinə üz qoyduq.

Bax toy orada başladı. Ümid Abbas Nihani gitarada Ahmet Kayadan başladı, Manaf Ağayevdə qurtardı. Hə, cəmi iki mahnı oxudu. Sonra işi çıxdı getdi. Qaldıq biz-bizə. Bir az söhbət, bir az qeybət, bir az gülüş, bir az göz yaşı.

Kafedən çıxırdıq ki, Ələsgər Əhməd zəng elədi:

– Uşaqlar, atama deməyin, toydan qaçmışam, gəlirəm Məhəbbətin kafesinə.

– Nə qaçmaq, ala?

Adboy verdi. Beş-on dəqiqə keçmişdi ki, bəyimiz də gəldi. Əvvəlcə axşam düşdü, sonra da bizim ürəyimiz. Başladıq yeyib-içməyə. Nihat hələ də tez-tez kabinetdən çölə çıxırdı.

Evə qayıdanda sadəcə bir şey fikirləşirdim. Görəsən, Ələsgər bizlə içib evə gedəndə oğluna “dərviş toyu” edən atasına necə dözürdü?

# 4519 dəfə oxunub

Oxşar xəbərlər

“Casus uşaqlar”ın aktyoru zorakılıqda ittiham olunur

“Casus uşaqlar”ın aktyoru zorakılıqda ittiham olunur

18:49 25 noyabr 2024
Şaxtalı Sibirə əbədi istilik gətirən azərbaycanlı - Surqutdan REPORTAJ

Şaxtalı Sibirə əbədi istilik gətirən azərbaycanlı - Surqutdan REPORTAJ

17:35 25 noyabr 2024
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu

Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu

16:13 25 noyabr 2024
Bəstəkar və xalq mahnılarının yeni caz üslubunda təqdimatı olub

Bəstəkar və xalq mahnılarının yeni caz üslubunda təqdimatı olub

15:55 25 noyabr 2024
İndi yaxşı adam olmaq axmaqlıqdır... - Samir Mirzə

İndi yaxşı adam olmaq axmaqlıqdır... - Samir Mirzə

15:22 25 noyabr 2024
Boşanmaların səbəbi evlilikdir! - Övladlarını bədbəxt edən valideynlər

Boşanmaların səbəbi evlilikdir! - Övladlarını bədbəxt edən valideynlər

15:00 25 noyabr 2024
# # #