Tanrı, hardasan? - Qönçəgül Kamalqızı

Tanrı, hardasan? - Qönçəgül Kamalqızı
14 fevral 2025
# 13:30

Kulis.az Qönçəgül Kamalqızının “Tanrı, hardasan? “ yazısını təqdim edir.

Nə yalan danışım. Həyatım boyu çox asi oldum sənə. Mərmilərin səsindən qorxanda. Evimdən, məktəbimdən zorla ayrılanda.

Anam-atam çarəsiz qalanda. Təmiz dağ havasından uzaq düşüb yataqxananın kiçik otaqlarında nəfəsimiz daralanda.

Hər dəfə də ürəyimdən bir sual keçdi. Hardasan? Uşaqlığımı doyunca yaşamayanda. Müharibə ömrümüzü ələk-vələk edəndə. Hər şey yarımçıq qalanda səni çağırmışam.

Xəbərin oldumu, atamın saçları ağarmadı, əlinə əsa almadı, qocalmadı. Xiffətdən ölən çinar adamı dar bir məzara sığdırdılar. Anamın saçları yataqxananın 10-12 addımlıq darısqal otaqlarında var-gəl etməkdən ağardı. Əvvəl Vətənsiz, sonra da atamsız.

Bir gün üzü gülmədi, günü gün olmadı. O da ürəyində dünya boyda həsrət apardı. Ölənə qədər özünə, Laçına, atama, bir də qardaşına layla dedi. Eşitmədinmi səsini?

Axı anam layla deyəndə göydə quşlar qanad saxlayardı. Bacımın uzun, qara saçları xəstəlikdən qısalan gün ömrü də qısaldı. Görən indi anam onun saçlarını darayıb hörə bilirmi?
Hər dəfə yataqxanın pilləkənlərini enib-düşəndə özümü qınadım, danladım, ağladım. Səni axtardım. Bir ümid, bir işıq istədim.

Yataqxanalarda toylar da, yaslar da qəribə olur, qərib olur bütün duyğular. Kimsəsizləşir, çarəsizləşir, acizləşir hər kəs. Orda divarlar da üşüyür, qəlblər də, ruhlar da. Orda bayramlar da nisgilli keçir.

Hər il “Gün o gün olsun doğma yurd-yuvamızda qeyd edək” arzusu ilə yaşadıq, hüsran çökdü qəlbimizə. O gün gəldi, buludlar dağıldı, duman çəkildi, Vətənə yol göründü, yuxular çin oldu. Amma gedənlərim geri qayıtmadı. Qovuşmaq müşkülə döndü çoxları üçün.

Bir-bir torpaq oldu, daşa döndü əzizlərim.

Nə evimiz qaldı, nə də evimizin bağçasında qocalıb ömrünü başa vura biləcək adamlar.

Köçkünlüyün yükünü hələ də ürəyimdə, çiyinlərimdə daşıyıram. Müharibələrdən birinin də qurbanı mənəm axı.
Özümdən də küsürəm, səndən də.
Səsimi eşitmədiyin üçün.

Şah damarımdan mənə daha yaxın idin. Məni, bizi, hamımızı sevirdin. Hər gün ürəyimi didib dağıdan suallarla yaşayıram indi. Niyə müharibələr var? Niyə həsrət var, ayrılıqlar var? Niyə hər il yüz minlərlə insan savaş qurbanı olur? Körpələr ölür?

Oğulların tabutu bayrağa bükülür. Analar oğulsuz, uşaqlar atasız qalır. Neçə-neçə insan evindən-eşiyindən didərgin düşür, dərin sulara qərq olur. Keçmişi məhv olur, gələcəyi sual altındadır.

İllərdir səni axtara-axtara ürəyimdəki uçuruma düşmüşəm.

Səni çağırdığım yerdən sənin məni gördüyün yer arasındakı məsafə nə qədərdir?
Bir göz yaşı, bir səcdə, bir dua, bir ah, bir nalə, bir qarğış, bir alqış qədərmi?
Tanrı, hardasan?

# 4627 dəfə oxunub

Oxşar xəbərlər

Nəşriyyat işçilərinin 77 faizi süni intellektə qarşıdır - Kitab dünyasında narahatlıq artır

Nəşriyyat işçilərinin 77 faizi süni intellektə qarşıdır - Kitab dünyasında narahatlıq artır

13:28 11 noyabr 2026
Vyetnam müharibəsində iştirak edən tanınmış dublyajçı vəfat etdi

Vyetnam müharibəsində iştirak edən tanınmış dublyajçı vəfat etdi

12:27 11 noyabr 2026
Əfsanəvi musiqiçi milyarderlər sırasına daxil oldu

Əfsanəvi musiqiçi milyarderlər sırasına daxil oldu

12:00 11 noyabr 2026
Döşəmənin altından danışan qarışqayeyənlər çıxır - Haruki Murakamidən yeni roman

Döşəmənin altından danışan qarışqayeyənlər çıxır - Haruki Murakamidən yeni roman

11:40 11 noyabr 2026
İngiltərə Oksforddakı tarixi insan qalıqlarını Naqa xalqına qaytardı

İngiltərə Oksforddakı tarixi insan qalıqlarını Naqa xalqına qaytardı

11:20 11 noyabr 2026
1200 səhifəlik roman böyük mükafat qazandı - Müəllif əsər üzərində 20 il işləyib

1200 səhifəlik roman böyük mükafat qazandı - Müəllif əsər üzərində 20 il işləyib

11:00 11 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər