"Sənin üçün çox darıxıram..." - Cəmilə Əbülfət Kərim

"Sənin üçün çox darıxıram..." - Cəmilə Əbülfət Kərim
10 dekabr 2024
# 16:15

Kulis.az Cəmilə Əbülfət Kərimin yazısını təqdim edir.

Ata!

İndi bu müraciətimə "qızım" deyə cavab verməni o qədər istəyirəm ki... O qədər yorulmuşam ki, atam. Heç nə məni bu qədər yormamışdı. Bu həyat sənin gedişinlə çox yordu məni. İndi bütün ruhum ağrıyır ata! Cismim ağrıyır! Ürəyimdə bir nöqtə elə ağrıyır ki! Orda sən oldun hər zaman. Nə zaman səni düşünsəm, ürəyimin o hissəsində bir sərinlik, bir rahatlıq hiss edirdim.

İndi ürəyimin həmin hissəsi çox ağrıyır. Özümə izah edə bilmirəm gedişini. Zəngini, yazmağını gözləyirəm hələ də. Qayğı dolu səsinə, səninlə dərdləşməyə o qədər ehtiyacım var ki... Sənə danışacaq bir xeyli sözüm, bir kəlmənlə yaxşılaşacaq yaralarım var. Hərdən sənin əsəbi vaxtların da ağlıma gəlir. Nəyəsə əsəbləşib çatsan da qaşlarını, yenə də mərhəmət, qayğı yağırdı gözlərindən. Həmin o baxışlar etdiyimiz cüzi xətalarımıza görə utandırar, səhvimizi başa salardı. Bir də sual dolu baxışların vardı. Yaxşı olduğumuza əmin olmaq üçün sual dolu baxışlarını üzümüzdən çəkməzdin.

Bu həyatda Allahdan sonra çox şəxslərin ümid yeriydin. Övladlarının, qardaşın övladlarının, nəvələrinin və sonradan tanıdığın bir çox şəxslərin. Başqalarını bilmirəm, amma bizə sənin adın belə yetərdi. Sən xəstəxanaya düşəndən səninçün dualar etdik. Bilirsən nə sözlər verdik, nə hazırlıqlar görürdük gəlişinə. Nənəm pensiyasını sənin gəlişin münasibətilə ziyafət üçün saxlayırdı.

Mən qırmızı əlbisəmi geyinib elə qatılacaydım həmin ziyafətə. Sanki hiss etmişdin olacaqları və bilirdin ki, anam səndən sonra özünə uzun müddət yeni nələrsə almayacaq. Anama demişdin ki sabah get, özünə təzə paltar al. Anam peşmanlayırdı, vaxt edib gedib almırdı deyə. Amma o da söz verdi. Dedi gəlsin evimizə, mən də təzə əlbisə geyib elə əyləşəcəm o süfrə başında.

Elmar da peşmanlamışdı, ata, deyirdi, gəlsin, toy edəcəm. Deyəcəm ki, mənə xəstəxana demişdin “ Elmar bu da son”.

Deyəcəm ki, belə son ola bilməz hələ yaşanacaq günlər var. Amma sən o qədər güclü idin ki, bu sözü asanlıqla deməzdin. Sən demə, doğurdan da son imiş. Çox tez qayğılarına qarışdığın bu həyatda missiyanı bununla sonlandırırsanmış. O qədər bağlıydım ki, sənə hələ uşaqlıda bir dəfə siqaretinə əsəbləşib belə bir məktub yazmışdım. “Ata bu sözləri sənə deyə bilmirəm ona görə sənə məktub yazdım. Nə olar, bu qədər siqaret çəkmə. Bil ki, sənə bir şey olsa mən də öləcəm”.

Uşaqlıqdan səni itirmək qorxusu heç vaxt ürəyimdən, beynimdən çıxmırdı. İndi sənə deyiləcək sözlərim olanda yenə sənə məktublar yazıram. Bu yazdığım da indi sənə məktubdur. Uşaq vaxtı bir nağıl danışmışdın. Balaca bir qız başqa şəhərdə çalışan atası üçün nə zaman darıxsa, ona məktub yazardı. Sonda bu cümlə qeyd edərdi:

“ Ata ürəyim sənin həmişə aldığın o şəkərlərdən istəyir”.

Və atası nə zaman bu cümləni oxusa, başa düşərdi ki əslində ürəyi həmin şəkərləri deyil, atasını istəyir, atası üçün çox darıxıb. Belə olan halda qızını görməyə gələrmiş. Bax, indi mən də məktubun sonunda bu yaşımadək həmişə mənə aldığın fiqurlu peçenyelərdən istədiyimi yazıram. Nə demək istədiyimi başa düşürsən sən, atam. Demək istəyirəm ki, sənin üçün çox darıxıram….

# 2158 dəfə oxunub

Oxşar xəbərlər

Xankəndidəki Mədəniyyət Mərkəzində səhnə fəaliyyəti üçün şərait yaradıldı

Xankəndidəki Mədəniyyət Mərkəzində səhnə fəaliyyəti üçün şərait yaradıldı

16:20 29 may 2026
Məşhur rəssam vəfat etdi

Məşhur rəssam vəfat etdi

14:07 29 may 2026
Asəf Hacıyev “Şöhrət” ordeni ilə təltif edildi - Sərəncam

Asəf Hacıyev “Şöhrət” ordeni ilə təltif edildi - Sərəncam

13:02 29 may 2026
APA TV-nin 13 yaşı tamam olur

APA TV-nin 13 yaşı tamam olur

10:17 29 may 2026
Türkiyəli aktyor:  "Teatrın alternativi yoxdur, ola da bilməz..." - Müsahibə

Türkiyəli aktyor: "Teatrın alternativi yoxdur, ola da bilməz..." - Müsahibə

10:00 29 may 2026
Kralı cəzalandırdı, "Minuet"lə tanındı, Mussolini məzarını kilsəyə köçürtdü... - Onu niyə "Haydnın arvadı" adlandırmışdılar?

Kralı cəzalandırdı, "Minuet"lə tanındı, Mussolini məzarını kilsəyə köçürtdü... - Onu niyə "Haydnın arvadı" adlandırmışdılar?

16:00 28 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər