"O pak bağrına bassın məni, desin layla..." - Günün şeiri

"O pak bağrına bassın məni, desin layla..." - Günün şeiri
20 mart 2026
# 12:30

Bu gün tanınmış dramaturq, şair, nasir, teatrşünas, kinoşünas, tərcüməçi, kinossenarist, jurnalist, aktyor, rejissor Cəfər Cabbarlının doğum günüdür.

Kulis.az "Günün şeiri" layihəsində onun "Ana" şeirini təqdim edir.

Əgər bütün bəşəriyyət ədüvvi-canım ola,
Ürək süqut eləməz aldığı mətanətdən.
Ricavü xəvfə məkan vermərəm gər alimlər
Min il də vəz edələr dəhşətü-qiyamətdən.

Pələnglər tuta dövrüm, çəkinmərəm əsla,
Və ya ki, vəd edələr dövləti-cahanı mənə
Ki, bir kəsə baş əyib içzimi bəyan eləyim,
Əyilmərəm nə ki yer, versələr səmanı mənə.

Yanımda gər dura cəllad əlində şəmşiri,
Ölüm gücilə mənə hökm edə olum təslim,
Əyilmərəm yenə haşa! Ölüm nədir ki, onun
Gücilə xalqa həqiranə eyləyim təzim?

Cahanda yox elə bir qüvvə baş əyim ona mən,
Fəqət nə güclü, zəif bir vücud var, yahu,
Ki, hazıram yıxılıb xaki-payinə hər gün,
Öpüm ayağını əcz ilə. Kimdir o? Nədir o?

Ana! Ana!.. O adın qarşısında bir qul tək
Həmişə səcdədə olmaq mənə fəxarətdir,
Onun əliylə bəla bəhrinə yuvarlansam,
Yenə xəyal edərəm bəzmi-istirahətdir.

Əs, ey külək, bağır, ey bəhri-biaman, ləpələn!
Atıl cahana sən, ey ildırım, alış, parla!
Gurulda, taqi-səmavi, gurulda, çatla, dağıl!
Sön, ey günəş, yağışın yağdır, ey bulud, ağla!

Bunlar mənə əsər eylərmi ? Mütləqa yox! Yox!- Yox!!!
Fəqət Ana! O müqəddəs adın qabağında-
O pak bağrına bassın məni, desin layla,
Təbəssüm oynadaraq titrəyən dodağında.

Bütün vücudum əsər, ruhum eyləyər pərvaz,
Uçar səmalara o, aləmi-xəyalətdə.
Yatar, ölər bədənim, nitqdən düşər bir söz:
-Ana… Ana… Sənə mən rahibəm itaətdə!..

# 863 dəfə oxunub

Oxşar xəbərlər

Sağ ol, Ana dilim - Sabir Rüstəmxanlı

Sağ ol, Ana dilim - Sabir Rüstəmxanlı

13:35 17 iyun 2026
Bu dünya nərdivandı - Nəriman Həsənzadə

Bu dünya nərdivandı - Nəriman Həsənzadə

10:50 17 iyun 2026
Göz yaşıyla gül bitirən şair mənəm - Hüseyn Kürdoğlu

Göz yaşıyla gül bitirən şair mənəm - Hüseyn Kürdoğlu

10:43 15 iyun 2026
"Hamıdan çox ürəyimə ərk etmişəm..." - Hidayət Orucovun şeirləri

"Hamıdan çox ürəyimə ərk etmişəm..." - Hidayət Orucovun şeirləri

15:30 14 iyun 2026
"Xoşbəxt limanlarda tapıram səni..." - Salvatore Kvazimodonun  şeirləri

"Xoşbəxt limanlarda tapıram səni..." - Salvatore Kvazimodonun şeirləri

12:30 14 iyun 2026
"Göylərin üzünün suyu tökülür..." - Gülbacı Nağdaliyevanın yeni şeirləri

"Göylərin üzünün suyu tökülür..." - Gülbacı Nağdaliyevanın yeni şeirləri

10:50 10 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər