Bu faciə fəlakətin anonsudur - Fəxri Uğurlu yazır...

Bu faciə fəlakətin anonsudur - Fəxri Uğurlu yazır...
18 may 2023
# 09:00

Kulis.az Fəxri Uğurlunun "Paralel xətlərin kəsişməsində" adlı yeni yazısını təqdim edir.

“Bütün xoşbəxt ailələr bir-birinə bənzəyir, bədbəxt ailələrinsə hərəsi bir cür bədbəxt olur”.

Elə ilk cümlədəncə paralelizm, kontrast, qarşıqoyma. Xoşbəxt ailə, bədbəxt ailə. Tolstoy haqq yolunun, həqiqətin, Allahın birliyinə inanırdı. Xoşbəxtlik də Tanrı kimi bir olur, bir cür olur, bədbəxtliyinsə növləri, çeşidləri sonsuzdur. Doğru olanın bir yolu var, qalan bütün yollar yalana, fəlakətə, cəhənnəmə sürükləyir.

“Anna Karenina” romanının ideya-məzmunu da, kompozisiyası da başdan-ayağa bu təzad, bu paralellik üzərində qurulub. Əsərin iki başlıca süjet xətti eynən dəmir yollarının bir cüt polad relsi kimi bir-birinə sürtüşmədən paralel uzanıb gedir, hərçənd bu xətlərin kəsişdiyi, bir şəbəkəyə qoşulduğu düyün nöqtələri də var.

Tolstoy “Anna Karenina”nı özünün ilk romanı sayırdı, görünür, janr etibarilə daha çox dastan, epopeya olduğundan “Hərb və sülh”ü bu cərgəyə qatmırdı. Əvvəlcə Lev Nikolayeviç təqribən “Madam Bovari” kimi, təxminən elə o həcmdə birxətli əsər, yəni, Annanın qəziyyəsini yazmağı düşünürdü, sonradan yazıçının planı dəyişdi, romana bir roman da əlavə olundu, əsərin həm həcmi, həm də ideyası genişləndi. Floberdən fərqli olaraq, Tolstoyun qatarı bir rels üstündə şütüyə bilməzdi, çünki o, özü də sələfi kimi birqat yox, ikiqat dünyada, iki cahanda yaşayırdı, ondan ötrü ölüm heç də həyatın sonu deyildi - onun şərə, əcələ, yoxluğa alternativi vardı.

“Anna Karenina” quruluşuna, üslubuna görə dünyanın ən mükəmməl, oxunmasına görə ən populyar romanlarından sayılır. Dostoyevski ədəbi məclislərdə bu roman haqqında vəcdlə danışır, müəllifi “incəsənətin Allahı” adlandırırdı. Tolstoy deyirdi ki, “Hərb və sülh”də xalq ideyasını, “Anna Karenina”da isə ailə ideyasını rəhbər götürüb. Əlbəttə, bunlar yetərincə geniş, yayğın anlayışlardır - yazıçı hər iki halda fəlsəfi roman yazıb, sadəcə, birində öz ideyasını ümumxalq həyatının, o birində ailə həyatının fonunda sınaqdan keçirib. İdeya yeni olmasa da, Tolstoy ona dövrünə yaraşan yeni don biçib, yeni nəfəs verib.

Əsərdə bədii simmetriya, paralelizm qanunlarına əvvəldən sona qədər riayət olunur. İki başlıca süjet xəttindən biri Anna-Vronski, o biri Levin-Kiti xəttidir. Göründüyü kimi, birinci cütlükdə qadının, ikinci cütlükdə kişinin adı öndə çəkilir. Romanın sərlövhəsinə baxmayaraq bu kitabda sözün ənənəvi mənasında baş qəhrəman yoxdur (“Hərb və sülh”də də təxminən belədir), şərti olaraq Anna ilə Levini aparıcı personajlar kimi təqdim eləyə bilərik, ancaq Vronski ilə Kiti də əhəmiyyətinə görə onlardan geri qalan deyil. Bu iki cütlüyü ortaq məxrəcə gətirən Oblonskilər ailəsidir - Anna Kitinin bacısının, Kiti isə Annanın qardaşının baldızıdır. Kareninanın qardaşı Stiva Oblonski həm Konstantin Levinin, həm də Aleksey Vronskinin dostudur. Başlanğıcda məlum olur ki, Vronski Kiti Şerbatskaya ilə evlənməyə namizəddir, hələ rəsmiləşməsə də, artıq çoxları perspektivli gənc zabiti qızın adaxlısı sayır. Amma Vronski evlənmək təklifində bulunmağa hələ tələsmir, əslində, onun bu yöndə ciddi bir niyyəti də yoxdur.

Bu biri yandan Levin də kənddən Moskvaya belə bir niyyətlə, təkliflə gəlib. Tərs kimi onun gəlişi çox namünasib vaxta düşüb - dostu, gələcək bacanağı Oblonskinin evində hər şey baş-ayaq çevrilib, Stivanın ailəsi dağılmaq üzrədir. Annanın Peterburqdan Moskvaya gəlməkdə məqsədi də qardaşının çoxuşaqlı ailəsini qorumaqdır. Bunu bacarırsa da, gəlişiylə Anna öz ailəsinin dağılmağının bünövrəsini qoyur. Levin isə, tərsinə, mənfi cavab alır, ancaq bu cavab onun gələcək nikahının təməl daşı olur: Vronski Annaya vurulur, bundan sonra Kitinin ayrı variantı qalmır.

Anna Peterburqdan Vronskinin anasıyla bir vaqonda gəlir, anasını qarşılamağa çıxmış Alekseylə onlar ilk dəfə dəmiryol vağzalında qarşılaşırlar. Elə ilk görüşdən, ilk baxışdanca fələyin amansız çarxı işə salınır. Həmin gün bəd hadisəylə yadda qalır - böyük bir külfətin başçısı olan vağzal qarovulçusu qatarın təkəri altında əzilib ölür. Annaya bu hadisə çox pis təsir göstərir, qadın bunu nəhs əlamət kimi yozur. Romanın sonlarında görürük ki, bu faciə Annanın başına gələsi fəlakətin anonsudur.

Anna Kareninanın qardaşı Stiva Oblonski həyatsevər, yeyib-içən, deyib-gülən adamdır, bir sözlə, hedonistdir. Ərinin fransız qulluqçuyla əlaqəsindən xəbər tutandan sonra beş uşaq anası (tezliklə biri də olacaq) arvadının boşanmaq istəməsi onu narahat eləsə də, Dollidən dönə-dönə bağışlanmaq diləsə də, Stiva əməlindən bilmərrə peşman deyil, şorgözlüyə görə vicdan əzabı çəkmək hissi ona yaddır. Hər iki potensial bacanağıyla xoş münasibət saxlasa da, Kitinin onlardan hansına ərə gedəcəyi Stivanı elə də maraqlandırmır. Ancaq qayınanası-qayınatası çoxdan iki cəbhəyə bölünüb - ana qızının Vronskiyə, ata Levinə getməsinin tərəfdarıdır. İkitirəlik ailəyə çat salıb, hərçənd sonda ananın sözü üstün gəlir. Kiti özü də Vronskiyə hayıl-mayıldır, yalnız balda adaxlısının Annayla necə oynadığını görəndən sonra qızın heyranlığına bulud çökür.

Adından göründüyü kimi, Levin avtobioqrafik obrazdır, bir az da “Hərb və sülh”dəki Pyer Bezuxova qohumluğu çatır. O, eynən müəllifin özütək anasını, Vronski isə atasını güclə xatırlayır. Levindən ötrü anasının xatirəsi müqəddəsdir, o, gələcək ömür yoldaşının da anasına bənzər olmasını, isti ailə ocağı qalamasını arzulayır. Vronskinin oğluyla arası sərin olan anası isə gəncliyində çoxlu eşq macərası yaşamış, oğlunun məhəbbətinə də kübar əyləncə kimi baxan tamam alayı tipdir. Varlı aristokrat Vronski cəmiyyətdə ən perspektivli gənclərdən sayılır, kənddə yaşayan mülkədar Levin haqqında isə ümumən fikri budur ki, artıq otuz iki yaşını adlamış bu adam özünə heç bir karyera qura bilməyib, yəni, fərsizin biridir.

Vronskidən əli üzüləndən sonra dərin sarsıntı keçirən Kitini valideynləri depressiyadan çıxarmaq üçün xaricə aparırlar. Burada o, bir rəfiqəsinə qoşulub xəstələrə, əlillərə yardım göstərir, köməyə möhtac olanların qayğısını çəkir. Ancaq handan-hana başa düşür ki, bu fədakarlıq onun içindən gəlmir, çəkdiyi qayğıların, göstərdiyi mərhəmətin arxasında sevgi durmur, anlayır ki, onun fədakarlığı sünidir, qondarmadır. Levindən ikinci dəfə təklif alanda Kiti həmin təklifi tərəddüdsüz qəbul eləyir, bundan sonra sevgidən doğan gerçək fədakarlığın, səmimi qayğıkeşliyin nə olduğunu duymağa başlayır. Tolstoy bizə hər duyğunun, hər əməlin əslini saxtasıyla müqayisədə göstərir. Bu paralellik, bu simmetriya romanın ideyasını anlamaq üçün oxucuya yön verir.

Toy tədarükünə böyük həvəslə girişən Levin imanında hələ tərəddüdlü olsa da, müqəddəs sayılan dini nikah prosesinin bütün xırdalıqlarına əsl mömin sədaqətiylə riayət eləyir. Tolstoy bu prosesin detallarını incəliyinə qədər göstərir, kəbinin əhəmiyyətini, sakrallığını oxucunun gözündə böyütməyə çalışır. Bütün bunlar Levinin dinə, Allaha inamını cilalayan, onun imanını kamilləşdirən müqəddəs ayinlər kimi təsvir olunur. Kitabın sonunda o bizdən ruhunu dünyanın ruhuna qatmış mömin Tanrı bəndəsi kimi ayrılır.

Annanın qanuni əri Aleksey Aleksandroviç Karenin də dindar adamdır, həm Allah, həm cəmiyyət, həm də ailə qarşısında borcuna, öhdəliyinə müqəddəs vəzifə kimi baxır. Arvadı onu nifrətlə “hökumət maşını” adlandırsa da, Karenin dövlətin dayağı olan yüksək çinli məmurlardan biridir, cəmiyyətdə böyük hörməti var. Anna özündən az qala iyirmi yaş böyük olan bu zəngin adama səkkiz il əvvəl bibisinin araçılığıyla ərə gedib.

Karenin intizamlı dövlət xadimi, nümunəvi ailə başçısıdır. Əlbəttə, o, eşq əhli, sevgi bahadırı deyil, gözəl-göyçək arvadına dediyi ölçülü-biçili xoş sözləri də ərlik borcundan irəli gələn öhdəlik kimi dilə gətirir, bununla belə qəti əmindir ki, onların kəbini göydə kəsilib. Annanın yasaq eşqdən məst olduğunu görən Karenin onu ayıltmağa çalışsa da, artıq iş-işdən keçib, arvadı onun indiyəcən görmədiyi nöqsanlarını sezməyə, ona nifrət eləməyə başlayıb: deməyəsən o, yemək yeyəndə ağzını marçıldadırmış, qulaqları da şəlpə kimi sallanırmış. Tolstoy Annanın ehtirasdan bərq vuran bənizini zülmətdə alov saçan qorxunc yanğına bənzədir, yazır ki, Anna qaranlıqda gözlərindən qopan qığılcımları elə həmin gözləriylə görürdü. Vronskinin atdan yıxıldığı cıdır səhnəsindən sonra ərinə xəyanətini boynuna alan Anna ona nifrət bəslədiyini açıq izhar eləyir, bununla da Kareninin ictimai xarizmasına ağır zərbə vurur, onun üstündə əsdiyi nüfuzunu ölümcül yaralayır.

İkinci doğuşunu ağır keçirən Anna yatağında ölümlə əlləşəndə hər iki Aleksey (yəqin deməyə ehtiyac yoxdur ki, Tolstoy bu personajlardan birinə başqa ad da tapa bilərdi) onun başının üstünü kəsdirir. Dərd onları birləşdirir, hər ikisi hüzn içində Annanın sayıqlamalarını dinləyir, qadının əzab-əziyyətlə can verməsini aciz-aciz seyr eləyir. Anna ərindən bağışlanma diləyir, onun müqəddəs insan olduğunu söyləyir. Mərhəmət hissi Kareninə güc gəlir, Vronskiyə boşanmaqdan vaz keçdiyini, sona qədər ailəsinin yanında olacağını bildirir.

Anna yuxusunda görür ki, iki əri var, onlar üçlükdə mehriban yaşayırlar. Bu epizod dünya ədəbiyyatının ən maraqlı, həm də ən müəmmalı səhnələrindən biridir, Tolstoyun bununla nəyə işarə vurduğunu anlamaq çətindir. Görünür, Anna bu kişilərdən birinə cismi, o birinə ruhuyla bağlıdır. Təsadüfi deyil ki, o, sevmədiyi Karenindən doğduğu oğlunu divanə kimi istəsə də, sevdiyi Vronskidən olan qızına biganə yanaşır.

Kareninin qərarından sonra Vronski özünə qəsd eləməyə cəhd göstərir, amma güllə onu ölümcül yaralamır. Hər ikisi sağalandan sonra aşiqlər bir-birinə qoşulub İtaliyaya gedirlər, Annanın ərinə mərhəməti yenə qəlbindən silinir. Karenin ona məhrəm dostluq münasibəti göstərən mövhumatçı sektant qadın Lidiya İvanovnanın təhrikiylə boşanmaqdan qaçınır, Annanı qeyri-müəyyən vəziyyətdən çıxarmağa tələsmir. Kareninin dindarlığıyla Levinin inancını tutuşduranda görürük ki, birinci Allaha, müqəddəsliyə sırf rasional mülahizələrlə, ağılla, məntiqlə, ikinci isə dərin inamla, intuisiyayla, qəlbən bağlıdır. Ona görə də din, inanc Levini xilas eləyə bilir, Karenini isə yox.

Ardı var...

# 1576 dəfə oxunub

Oxşar xəbərlər

Rihanna artıq sarışındır - Foto

Rihanna artıq sarışındır - Foto

18:30 18 aprel 2024
Teylor Svift fanatlarına qarşı dələduzluq etdi

Teylor Svift fanatlarına qarşı dələduzluq etdi

18:00 18 aprel 2024
Tarantino son filmini çəkməkdən qərarını dəyişdi

Tarantino son filmini çəkməkdən qərarını dəyişdi

17:30 18 aprel 2024
Elşən Qaraca “Cəsur ürək” sərgisini təqdim edir

Elşən Qaraca “Cəsur ürək” sərgisini təqdim edir

17:00 18 aprel 2024
Coli boşandıqdan sonra sərvət qazandı

Coli boşandıqdan sonra sərvət qazandı

16:40 18 aprel 2024
Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar icmal hazırlandı

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar icmal hazırlandı

16:00 18 aprel 2024
#
#
# # #