Bahalı mülklər, yaralı küçük, Bibliyadan çıxmış qadın - Qırmızı Qəsəbədən reportaj

Altı günbəz sinaqoqu

Altı günbəz sinaqoqu

4 may 2022
# 09:00

Kulis.az Mehdi Dostəlizadənin Qırmızı Qəsəbədən yazdığı reportajı təqdim edir.

Uşaqlıqda bir məsəl eşitmişdim, ya da hardansa oxumuşdum, dəqiq yadımda deyil. Bir gün İsa Məsih həvariləri ilə yol gedir, bu vaxt qarşılarına bir it cəsədi çıxır. Camaat itin üfunətli iyindən, xəstəlik mənbəyi olduğundan gileylənməyə başlayır. İsa Məsih də deyir ki, baxın görün itin nə gözəl dişləri var.

Qubada hotelin qarşısında qabağıma bir küçük çıxdı. Yaralı, pis gündə olan bu küçüyə baxanda həmin məsəl yadıma düşdü. Küçük mənimlə oynamaq istəyirdi, amma mən ona toxunmurdum, xəstəlik keçər deyə narahat idim.

Yəqin İsa Məsihin yəhudi olduğundan hamınızın xəbəri var. Elə mən də həmin itlə vidalaşandan sonra “Qafqazın Yerusəlimi”nə, Qırmızı Qəsəbəyə üz tutdum.

Bu qəsəbənin əhalisinin 99%-i dağ yəhudilərindən ibarətdir. Yəhudilərlə 3-4 il əvvəl, Bibliya oxumağa başlayanda tanış olmuşam. Onların adət-ənənələri, mədəniyyətləri məni çox cəlb etmişdi. Elə indi də ən sevdiyim musiqilərin arasında yəhudi mahnıları var. Sözün açığı, onlarla nə qədər maraqlansam da, heç bir yəhudi ilə birbaşa ünsiyyətdə olmamışdım.

Tez-tez “28 may” metrostansiyası tərəfdə yəhudilərlə rastlaşırdım, amma cəsarətimi toplayıb onlarla danışa bilmirdim. Bunun yəhudilərlə əlaqəsi yoxdur, mən utancağam.

Bir neçə ay əvvəl Yasamal qəbiristanlığından reportaj hazırlayanda da təxminən buna oxşar hisslər keçirmişdim. Orda müsəlman və xristian qəbiristanlıqlarını ayıran yol var idi. Qudyalçay da eynilə Qırmızı Qəsəbəni Qubadan ayırırdı.

Körpünü keçib Qırmızı Qəsəbəyə girdik. Küçələr bomboş idi, heç kim gözə dəymirdi. Qəsəbəyə girən kimi ab-hava məni tutdu, “bundan sonra burda yaşayacam!” dedim. Qeybdən baş redaktorumuzun səsi gəldi: “İki gündən sonra işdəsən”.

Sizcə, kasıblıqla zənginliyin arasında nə qədər məsafə var? Mənim üçün bu sualın konkret cavabı yoxdur. Bu məsafə bir göz qırpımı da ola bilər, sonsuz bir zaman çevrəsi də. Qırmızı Qəsəbədə möhtəşəm malikanələrlə sadə, yoxsul evlərin məsafəsi elə də çox deyildi. Yolun solundakı şahanə tikililərlə sağ tərəfdəki boynubükük evlərin arasında cəmi 6-7 metr var idi.

Bakının kəndlərində acgözlüklə tikilmiş villalardan xoşum gəlmir, əsasən, çox səliqəsiz tikilirlər, qətiyyən estetik deyillər. Amma Qırmızı Qəsəbənin mülkləri məndə xoş təəssürat oyatdı. Yəqin ki, yəhudilərin tarixi izlərini bu mülklərdə görmək mümkün olurdu deyə, belə düşünürdüm. Qoca xalqın binası da qocaman olmalıdır, ona baxanda ağsaqqallığı, müdrikliyi hiss etməlisən.

AZIZ5084.JPG

Yavaş-yavaş gedib Dağ Yəhudilərinin muzeyinə çatdıq. Muzeydə tədbir, ya da imtahan olduğuna görə (muzeyin işçisinin nə dediyini tam olaraq başa düşmədim) eksponatların hamısını yaxından müşahidə etmək imkanım olmadı. Diqqətimi çəkən muzeyin günbəzinin içəridən görünüşü oldu. Günbəzin altında ibrani əlifbası ilə sözlər yazılmışdı.

Bu qısa muzey təcrübəsindən sonra sinaqoq axtarışına çıxdım. Dar küçələri, dolanbac yolları aşa-aşa axır ki, özümü Giləki sinaqoqunun önündə tapdım. Məbədin fasadında Gilel ben Xaimin adı həkk olunub. O, Giləki sinaqoqunun memarıdır. Məbədin 12 pəncərəsi var – bu, Yaqub peyğəmbərin 12 oğluna, həm də 12 İsrail qəbiləsinə işarədir.

Sinaqoqun içinə daxil olanda ayaqqabılarımı çıxardım. Yadıma Tövratdan bir ayə düşdü: “Ayaqlarından çarıqlarını çıxart, çünki durduğun yer müqəddəs torpaqdır”. İçəri keçib buranı digər dinlərin ibadət yerləri ilə müqayisə etməyə başladım. Sanki, xristianlıq da, islam da bu dindən bəhrələnmiş, hərəsi bir yerini qoparmışdı. Sinaqoqda düzülən oturacaqlar mənə kilsəni, yerə sərilmiş xalçalar isə məscidi xatırladırdı.

Oturacaqda əyləşib Tövratı vərəqlədim. İçində yazılan heç nəyi başa düşmədiyim (ivrit dilində idi) kitaba toxunduqca, tarixin toz basmış sandıqlarını açdığımı düşündürdüm. Bu kitab nələr yaratmayıb ki? Üç böyük din, rəngarəng mədəniyyət, hətta müharibələr, qardaş qırğınları, taxt-tac savaşları – hamısı bu kitabda yatırdı.

Bir 1 kişi, oturuyor ve iç mekan görseli olabilir

Həm öz çəkisi, həm də mənəvi yükü yetərincə ağır olan kitabı qoyub sinaqoqu gəzdim. Mavi rəngli, başında tac olan bir “taxt” diqqətimi çəkdi. Özümü saxlaya bilmədim, gedib üstündə oturdum. Bu vaxt sinaqoqun xidmətçisi gəlib dedi ki:

– Orda uşaqları sünnət edirik.

Qıpqırmızı oldum. Tezbazar ayaqqabımı geyinib sinaqoqdan çıxdım. Bir az getmişdim ki, bir qadının küçəni yuduğunu gördüm. Yenə də lənətə gəlmiş yadıma Bibliyadan bir hissə düşdü.

“Samariyalı bir qadın quyudan su çəkməyə gəldi. İsa ona “mənə su ver, içim” dedi. Çünki şagirdləri yemək almaq üçün şəhərə getmişdi. Samariyalı qadın ona dedi: “Sən bir yəhudisən, mənsə samariyalı bir qadın. Sən necə məndən su istəyə bilərsən?” Çünki yəhudilər samariyalılarla ünsiyyət etmir. İsa ona cavab verdi: “Əgər sən Allahın bəxşişini və “mənə su ver, içim” deyənin kim olduğunu bilsəydin, özün ondan su istəyərdin, o da sənə həyat suyu verərdi”. (Yuhanna 4:1-45)

Yaxınlaşıb su içmək üçün icazə aldım. O da çox nəzakətlə mənə icazə verdi. Heç samariyalı qadın kimi davranmadı. Artıq hesablamışdım ki, o mənə su verməz, mən də qayıdıb deyərəm: sən bilsəydin səndən su istəyən kimdir, özün ondan su istəyərdin! Amma belə olmadı. Qadının heç vecinə deyildim. Suyu elə rahatlıqla uzatdı ki, şlanqı da üstündə hədiyyə verəcəyini düşündüm.

Multikulturalizmin sayəsində susuzluğumu yatırandan sonra Qırmızı Qəsəbənin sakit, tənha küçələrini gəzdim. Bura başqa ölkəyə oxşayırdı, bütün rayonlardan, kəndlərdən fərqli idi. Qırmızı Qəsəbəyə kim “Qafqazın Yerusəlimi” deyibsə, çox dəqiq adamdır. Qudyalçaya çatıb körpünü keçəndə hotelin qarşısında rastlaşdığım küçüyü gördüm. Deyəsən mənim arxamca gəlmişdi, amma mən körpüyə çatanda orda dayanmış, Qırmızı Qəsəbəyə girməmişdi.

Küçüyün qabağında oturdum, niyə körpüdən sonra gəlmədiyini soruşdum. Qeybdən baş redaktorumuzun səsi gəldi: “İtlər danışa bilmir”.

# 2977 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur bəstəkar vəfat etdi

Məşhur bəstəkar vəfat etdi

10:58 25 noyabr 2024
"Bülbülün qonaqları" rubrikasında Fikrət Əmirov yad edildi

"Bülbülün qonaqları" rubrikasında Fikrət Əmirov yad edildi

10:34 25 noyabr 2024
Hacı Xanməmmədova həsr olunmuş konsert keçirildi

Hacı Xanməmmədova həsr olunmuş konsert keçirildi

09:38 25 noyabr 2024
Diddi həbsdən çıxmaq üçün bu vədləri verib

Diddi həbsdən çıxmaq üçün bu vədləri verib

09:34 25 noyabr 2024
Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

17:00 23 noyabr 2024
Bütün qazancını buna xərcləyir

Bütün qazancını buna xərcləyir

14:39 23 noyabr 2024
# # #