"Atam məni bağrına basmışdı, Xocalıda isə..." - Eminquey Akif

Eminquey Akif

Eminquey Akif

26 fevral 2025
# 15:00

Kulis.az Eminquey Akifin yeni yazısını təqdim edir.

Çox qəribədir ki, hər il Xocalı, 20 yanvar günləri gələndə sevinirəm.

İyirmi il əvvəl, qışın buzlu, qarlı bir günü atamı məktəbin həyətində tapmamışdım. Qırmızı "nol on bir"i vardı, məni dərsdən götürməyə gecikməzdi. Bütün uşaqlar getmişdi. Gah məktəbin qapısında gözləyirdim, gah da həyətdə gəzirdim. Atam gəlmək bilmirdi ki bilmirdi. Məktəbin həyətindən uzaqlaşdım, həyətin girişində gözləməyə başladım. Haradansa iki-üç avara peyda oldu. Onlar əvvəlcə məndən bir az aralıda dayandılar. Məktəbdə, bəlkə də, elə dünyada da ən rahat ələ salınacaq adam idim. Gözlərim çəp idi, eynək taxırdım. Hiss edirdim ki, hərlənib-fırlanıb bunlar mənə sataşacaqlar, daha doğrusu, gözlərimə. Düşündüyüm kimi də oldu.

- Açqarik, kimi gözləyirsən?

Əllərim buzladı, qarnım sancdı qorxudan. Bunlara öz dillərində cavab versəm, məni təkləyib döyəcəklər. Susdum.

- Hara baxırsan, ə? – dedi içlərindən biri, əliylə baxışımı tutmağa çalışdı. Gözlərim çəp idi axı. O birilər gülüşməyə başladı.

Bircə kəlmə də deməyib qaçmağa başladım. Məktəbin tinini burulub dayandım, nəfəsimi dərdim. Qəfil ağlıma gəldi ki, bir az qabaqda köşk var, o köşkə yaxınlaşım, xahiş eləyim, lap pulunu verim, atama zəng vurum.

- Ata, bir dayının telefonundan yığıram sənə. Hardasan axı? Mən tək qalmışam e.

- Yol buzdu, gəlirəm, Emiş, gəlirəm.

Ətrafa baxa-baxa qayıtdım məktəbin girişinə, mənə sataşan uşaqlar orada yox idi. Titrəyirdim, burnum qızarmışdı, əllərim göynəyirdi.

Mən öyrəşmişdim dərs bitən kimi qapıda atamın maşının şüşəsindən əliylə məni çağırmağına. Həmin gün atam məni bağrına basıb başımı tumarlamışdı. Titrəyən əllərim də, qızaran burnum da özünə gəlmişdi. Elə ordan birbaşa mənə telefon almağa getmişdik.

Bu hadisəni tez-tez xatırlayıram, həm ona görə ki, ilk telefonum həmin gün alınmışdı, həm də bu səbəbdən ki, bu hadisə mənə sonralar bir şeyi başa saldı. Yaşadığım balaca bir həyəcan, qorxu, təklik Xocalı boyda olmasa da, Xocalının mahiyyətini kiminsə dediklərindən yox, öz gördüklərimdən başa düşmüşəm.

Xocalıda pusquya düşən o insanların nə bir köşkə cumub kimdənsə kömək istəməyə şansları oldu, nə də özlərini qorumağa bir silahları. Öldürüldülər, qaçıb gizlənənlər donub öldülər. Uşaqlar, qadınlar, kişilər. Atam məni bağrına basmışdı, Xocalıda isə anasının bağrında güllələnən uşaqlar oldu.

Hə, çox qəribədir ki, hər il Xocalı, 20 yanvar günləri gələndə sevinirəm. Ona görə ki, bu günlərdə televiziyamız tarixi materiallar yayımlayır. Hər ilin bu günü o materiallara acgözlüklə baxıram. İnternetdə bu faciə ilə bağlı videolar, məqalələr axtarıram. Çingiz Mustafayevin “üzünü çək, üzünü” dediyi kadrlara baxıb heç vaxt ağlamamışam. Elə o kadrdakı adamlar kimi donub qalmışam. Qışda qar yağanda, yer buz bağlayanda nədənsə həmişə o kadrlar bircə dəfə də olsa gəlib gözlərimin önünə. Əllərimin göynərtisində Xocalını hiss eləmişəm. Amma heç vaxt Xocalı faciəsinə kədərlənməmişəm, ağlamamışam.

Uşaqlığımızın bayramları yadıma düşür. Hamımızı birləşdirən bir yer var idi – babamızın evi. Hamı işini-gücünü atıb o evdə birləşərdi. Elə ki babamız, nənəmiz dünyalarını dəyişdi, o ev qaldı bomboş. O birlik də, o ocaq da yoxa çıxdı. Xocalı, 20 yanvar günləri insanların birləşməsi, ziyarətə getməsi mənə həmin babamgilin evinə getdiyimiz günləri xatırladır. Əslində, hə, necə ki baba-nənələrimiz bizim həm də kökümüzdür, bu faciələr də bizim kökümüzdür. Biz hər il öz kökümüzü ziyarətə gedirik. Və açığı, matəm də olsa, mən ildə iki dəfə birləşdiyimiz, bütöv olduğumuz bu günlər gələndə çox sevinirəm. Məhz bu gün hamımızın içində daşıdığı kök iki yerdə birləşə bilir – “Şəhidlər Xiyabanı”nda və “Ana harayı” abidəsində.


# 3864 dəfə oxunub

Oxşar xəbərlər

Həbsxanadan rejissorluğa:  “Adolescence” ulduzu həyatı əsasında film çəkdi

Həbsxanadan rejissorluğa: “Adolescence” ulduzu həyatı əsasında film çəkdi

18:00 26 oktyabr 2026
“Zaman səyyahının arvadı”  romanının müəllifinin yeni əsəri çap olundu

“Zaman səyyahının arvadı” romanının müəllifinin yeni əsəri çap olundu

17:30 26 oktyabr 2026
75 min dollarlıq  mükafatın qalibi açıqlandı

75 min dollarlıq mükafatın qalibi açıqlandı

17:00 26 oktyabr 2026
BTS-in lideri muzeyi fəth etdi - Sərgiyə 66 mindən çox bilet satıldı

BTS-in lideri muzeyi fəth etdi - Sərgiyə 66 mindən çox bilet satıldı

16:30 26 oktyabr 2026
Kris Braun hakim qarşısında - Müğənnini üç ilədək həbs cəzası gözləyir

Kris Braun hakim qarşısında - Müğənnini üç ilədək həbs cəzası gözləyir

16:00 26 oktyabr 2026
Mayk Tayson  Türkiyə serialında çəkiləcək

Mayk Tayson Türkiyə serialında çəkiləcək

14:30 26 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər