#

Türkiyənin tanınmış aktrisası Bakıda Musiqili Teatrın səhnəsində

Türkiyənin tanınmış aktrisası Bakıda Musiqili Teatrın səhnəsində
7 oktyabr 2024
# 11:10

Türkiyənin tanınmış kino və teatr aktrisası Sumru Yavrucuk Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində “Şirli Valentayn” adlı monotamaşa ilə çıxış edib.

Kulis.az xəbər verir ki, ikipərdəli monotamaşa gündəlik həyata marağını itirmiş Şirli Valentaynın hekayəsindən bəhs edir. O, özünü yenidən kəşf edir və həyat yolunda özünəinam qazanır.

Şirli Valentayn 40 yaşında uşaqlarını böyüdən və oxutduran, övladları ata evini tərk etdikdən sonra əri ilə tək qalan qadındır. Dayə işləyən Şirli bütün vaxtını ev işlərinə sərf edir. Ərinin laqeydliyi və həyatın monotonluğu fonunda özünü bədbəxt hiss edən Şirli günlərin birində ən yaxın rəfiqəsindən səyahət təklifi alır və uzun illər əri ilə eyni yerdə istirahət edən bu qadın gündəlik yeknəsəq həyat qayğılarına ara vermək qərarına gəlir. O, bütün çətinliklərə baxmayaraq, səyahətə çıxır və bu səfər zamanı fərqli, daha dolğun bir həyatın mümkün olduğunu başa düşməyə başlayır.

Tamaşanın quruluşçu rejissoru çoxsaylı teatr mükafatları laureatı Sumru Yavrucukun özüdür. Monotamaşada bütün rolları da aktrisa özü oynayır.

Aktrisa media nümayəndələri ilə söhbətində Bakı haqqında təəssüratlarını bölüşüb, həmçinin tamaşanın Azərbaycan teatrının səhnəsində göstərilməsi ilə bağlı təəssüratlarını paylaşıb: “Bir qədər gec olsa da, bu, mənim Bakıya ilk səfərimdir. Kaş ki, daha tez gələydim. Xoşbəxt bir təsadüf nəticəsində Hüseyn Cavadzadə mənim tamaşama gəldi və o qədər təsirləndi ki, Azərbaycan tamaşaçısının da mütləq bu tamaşaya baxmalı olduğunu bildirdi. Onun dəstəyi sayəsində monotamaşanı Bakıda göstərə bildik və bu fürsətə görə inanılmaz dərəcədə şadam. Azərbaycanın çox zəngin incəsənət sənət tarixi var, ölkə dünyaya həqiqətən də çoxlu istedadlı artistlər bəxş edib. Mən bu sənətçilərdən birinə aşiq olmuşam. O, Rəşid Behbudovdur. Onun səsi inanılmazdır və mənim üçün böyük ilham mənbəyi olub. Rəşid Behbudovun “Arşın mal alan” operettasında ifasını xüsusilə bəyənirəm”.

Sumru Yavrucuk “Yabançı kürəkən” teleserialındakı rolu sayəsində şöhrət qazanıb. Aktrisa, həmçinin “Fatmagülün günahı nədir?”, “Mənim gözəl həyatım”, “Evlilik haqqında” və s. kimi seriallarda unudulmaz obrazlar yaradıb.

# 84 dəfə oxunub

Müəllifin son yazıları

# # #