XVI əsrə aid nadir əlyazma incəsənət və kitab kolleksiyaçılarını bir yerə toplayacaq.
Kulis.az xəbər verir ki, “Möcüzələr kitabı” adlı əsər dekabrın 10-da Londonda "Christie's" hərracında satışa çıxarılacaq.
Təxminən 500 il əvvəl hazırlanmış əlyazmada 167 rəngli təsvir var. Rəssamlar bu şəkillərdə təbiət hadisələrini, göydə görünən qeyri-adi mənzərələri, fəlakətləri və dini təsəvvürlərdəki apokaliptik hadisələri əks etdiriblər.
Əlyazmanın səhifələrində eyni vaxtda bir neçə günəşin görünməsi, Romada qan yağışının yağması və Niderlandda nəhəng dolu dənələrinin düşməsi kimi hadisələrin təsvirləri yer alır. Müasir oxucu üçün fantastik görünən bu rəsmlər orta əsrlərdə insanların naməlum təbiət hadisələrini necə izah etdiyini göstərir. Əsərin 700 min–1 milyon funt sterlinq arasında qiymətə satılacağı gözlənilir.
Hərracdan əvvəl dövlət və ictimai mədəniyyət qurumlarına əlyazmanı almaq üçün üstün imkan veriləcəyi də bildirilir.