Bu gün tanınmış hind yazıçı Arundati Royun doğum günüdür.
Kulis.az onun Biker mükafatına layiq görülmüş məşhur "Kiçik şeylərin Tanrısı" əsərindən sitatları təqdim edir.
...Böyük hekayələrin sirri ondadır ki, onların heç bir sirri yoxdur. Böyük hekayələr artıq eşitdiyin və yenidən eşitmək istədiyin hekayələrdir. İstənilən yerdən daxil olub içində rahatlıqla yaşaya biləcəyin hekayələr. Onlar səni həyəcanlı məqamlarla və hiyləgər sonluqlarla aldatmırlar. Gözlənilməzliklərlə təəccübləndirmirlər. Yaşadığın ev qədər tanışdırlar. Ya da sevgilinin dərisinin qoxusu qədər. Necə bitəcəklərini bilirsən, yenə də bilmirmiş kimi dinləyirsən. Necə ki, bir gün öləcəyini bilsən də, heç ölməyəcəkmiş kimi yaşayırsan. Böyük hekayələrdə kimin sağ qalacağını, kimin öləcəyini, kimin sevgini tapacağını, kimin tapmayacağını bilirsən. Və yenə də bir daha bilmək istəyirsən. Onların sirri də, sehri də elə bundadır.
*
Əgər yuxuda xoşbəxtsənsə, bu sayılırmı?

Saçlarına çiçəklər taxmış, gözlərində sehrli sirlər gəzdirirdi. Heç kimlə danışmırdı. Saatlarla çay sahilində vaxt keçirirdi. Siqaret çəkir və gecəyarısı üzməyə gedirdi...
*
Ailələrin dərdi də elə bu idi. Məkrli həkimlər kimi, haranın ağrıdığını dəqiq bilirdilər...
*
Dəyişiklik bir şeydir, qəbul etmək isə tamam başqa bir şey.
*
Bədəninin yalnız onun toxunduğu yerlərdə mövcud olması. Qalan hissəsi isə tüstü idi.
*
Amma deyiləsi nə vardı ki? Yalnız göz yaşlarının olduğu. Yalnız səssizlik və boşluğun üst-üstə yığılmış qaşıqlar kimi bir-birinə tam uyğun gəldiyi. Yalnız gözəl bir boğazın çuxurlarında fınxırtı səsinin eşidildiyi. Yalnız sərt, bal rəngli bir çiyində diş izlərindən ibarət yarımçevrənin qaldığı. Yalnız hər şey bitdikdən sonra belə bir-birlərini bərk-bərk qucaqladıqları. Yalnız o gecə paylaşdıqları şeyin xoşbəxtlik yox, dəhşətli bir kədər olduğu. Yalnız bir daha sevgi qanunlarını pozduqları. Kimin sevilməli olduğunu, necə və nə qədər sevilməli olduğunu müəyyən edən o qanunları...

O, qorxusunu qüsursuz bir qızılgülə çevirib bükdü. Ovucunun içində ona uzatdı. Qız gülü ondan alıb saçına taxdı.
*
Elə bir müharibə var ki, bizi fatehlərimizə pərəstiş etməyə və özümüzə nifrət etməyə məcbur edir.
*
Axı bir hekayəni parçalamaq nə qədər asandır. Bir fikir zəncirini qırmaq. Çini qab kimi ehtiyatla gəzdirilən bir xəyal parçasını məhv etmək. Velutanın etdiyi kimi, onu olduğu kimi buraxmaq, onunla birlikdə yol getmək isə qat-qat çətin işdir.
*
Ammu deyirdi ki, insanlar vərdiş məxluqlarıdır və insanın alışa biləcəyi şeylərin növü heyrətamizdir. İnsanları incidəndə nə baş verdiyini bilirsənmi? - Ammu dedi. - İnsanları incidəndə, onlar səni daha az sevməyə başlayırlar. Ehtiyatsız sözlərin elədiyi budur - insanların səni bir az daha az sevməsinə səbəb olurlar.
*
Əgər ona toxunsaydı, onunla danışa bilməzdi, əgər onu sevsəydi, çıxıb gedə bilməzdi, əgər danışsaydı, dinləyə bilməzdi, əgər döyüşsəydi, qalib gələ bilməzdi...
*
Bir gündə hər şey dəyişə bilər.
*
Bəzi şeylər öz cəzaları ilə birlikdə gəlir.
Maraqlıdır ki, bəzən ölümün xatirəsi oğurlanmış həyatın xatirəsindən qat-qat uzun yaşayır.
*
Heç nəyin elə də əhəmiyyəti yox idi. Heç nə elə də vacib deyildi. Və əhəmiyyəti azaldıqca, daha da əhəmiyyətsiz olurdu. Heç vaxt kifayət qədər vacib olmurdu. Çünki daha pis şeylər baş vermişdi. Onun gəldiyi, müharibə dəhşəti ilə sülh vahiməsi arasında əbədi olaraq tarazlıqda qalan o ölkədə daha pis şeylər baş verməyə davam edirdi.
*
Yazıçılar elə təsəvvür edirlər ki, hekayələri dünyadan onlar seçib toplayırlar. Mən inanmağa başlayıram ki, onları belə düşünməyə vadar edən şöhrətpərəstlikdir. Əslində isə hər şey tərsinədir. Hekayələr yazıçıları dünyadan seçib toplayır. Hekayələr özlərini bizə açır. İctimai təhkiyə, şəxsi təhkiyə - onlar bizi müstəmləkəyə çevirirlər. Bizi səfərbər edirlər. Danışılmaqda israr edirlər. Bədii və qeyri-bədii ədəbiyyat sadəcə hekayə danışmağın müxtəlif texnikalarıdır. Tam başa düşmədiyim səbəblərdən bədii əsərlər içimdən rəqs edərək çıxır, qeyri-bədii yazılar isə hər səhər oyandığım ağrılı, sınmış dünya tərəfindən içimdən qoparılıb çıxarılır.

Beləcə, Kiçik Tanrı boş bir qəhqəhə çəkdi və şən halda atılıb-düşərək uzaqlaşdı. Şortik geyinmiş varlı bir oğlan uşağı kimi. Fit çaldı, daşları təpiklədi. Onun kövrək sevincinin mənbəyi bədbəxtliyinin nisbi kiçikliyi idi. O, insanların gözlərinə dırmaşdı və əsəbiləşdirici bir ifadəyə çevrildi.
*
Elə şeylər var ki, onları edə bilməzsən - məsələn, özünün bir hissəsinə məktub yazmaq kimi. Ayaqlarına, ya saçlarına. Ya da ürəyinə...
*
Dəlilik bahalı bir restorandakı həvəsli ofisiant kimi lap əl altında dolaşırdı...
*
Radioda sevdiyi mahnılara qulaq asanda içində nə isə tərpənirdi. Dərisinin altına ilıq bir sızıltı yayılır və o, bir cadugər kimi bu dünyadan çıxıb gedirdi.
*
Qoxular da musiqi kimi xatirələri saxlayır. O, dərindən nəfəs aldı və onu gələcək nəsillər üçün şüşəyə doldurub saxladı.
*
İnsanlar həmişə ən çox özlərini eyniləşdirdikləri şeyləri sevirdilər.
*
Onu izlədikcə gözəlliyinin mahiyyətini anladı. Zəhmətinin onu necə formalaşdırdığını. Yonduğu taxtaların onu necə yoğurduğunu. Rəndələdiyi hər taxta, vurduğu hər mismar, düzəltdiyi hər əşya onu qəlibə salmışdı. Üzərində öz möhürünü qoymuşdu. Ona gücünü, elastik zərifliyini vermişdi.
*
Rəqsi biologiya qurmuşdu. Vaxtını isə dəhşət təyin edirdi. Bədənlərinin bir-birinə cavab verdiyi ritmi diktə edirdi. Sanki hər həzz titrəyişinin əvəzini bərabər ölçüdə ağrı ilə ödəyəcəklərini əvvəlcədən bilirdilər. Sanki nə qədər uzağa gedəcəklərinin, nə qədər uzağa aparılacaqları ilə ölçüləcəyini bilirdilər.
*
Onlar baş verənlərlə yaşamağın yollarını axtararaq böyüyəcəkdilər.
*
Düz əzələli və bal rəngli. Gözlərində dəniz sirləri. Qulağında gümüş bir yağış damlası.
Krematoriumun polad qapısı yuxarı qalxdı və əbədi alovun boğuq uğultusu qırmızı bir nəriltiyə çevrildi. İsti, ac bir vəhşi heyvan kimi onların üzərinə atıldı. Sonra Rahelin Ammusu ona yem edildi. Saçları, dərisi, təbəssümü, səsi...
*
Biz yenicə kəşf olunmuş hansısa lənətə gəlmiş, Allahın unutduğu bir qəbilə kimi davranmalıyıq?
Bu qədər kövrək, bu qədər dözülməz dərəcədə zərif bir şeyin sağ qalması, var olmasına icazə verilməsi bir möcüzə idi.
*
Unudula bilən şeylər var və unudula bilməyən şeylər - tozlu rəflərdə məşum, yan-yana baxan gözləri olan müqəvva quşlar kimi oturan şeylər...
*
Gəlin, birini sağ buraxaq ki, tənha qalsın.
*
Kənarlar, Sərhədlər, Hüdudlar, Uçurumlar və Limitlər onların ayrı-ayrı üfüqlərində bir dəstə trol kimi peyda olublar. Bulanlısonluqda keşik çəkən uzun kölgəli qısaboy məxluqlar. Gözlərinin altında zərif ayparalar toplanıb və onlar Ammu öləndə neçə yaşda idisə, o yaşdadırlar.
*
Və bir daha yalnız Kiçik Şeylər deyildi. Böyük Şeylər isə içəridə, deyilməmiş halda gizlənib qaldı.
Onlar yalnız cinayətlərinə uyğun cəzalar istəyirdilər. İçində quraşdırılmış yataq otaqları olan şkaflara bənzəyən cəzalar yox. Bütün ömrünü rəflərinin labirintində dolaşaraq keçirdiyin cəzalar yox...
*
Nə sual, nə də cavab söhbətə nəzakətli bir girişdən başqa bir məna daşımırdı.
*
Rahel düşündü ki, təvazökarlıqla sürünmək gözəl sözdür. Dünyada heç bir qayğısı olmadan yavaş-yavaş irəliləmək...
Rus dilindən tərcümə etdi: Aydan Ağayeva