Kulis.az Rəna Nevzatın yeni yazısını təqdim edir.
Əvvəlcə deyilən sözə baxaq, söyüşlərə sonra keçərik. Xalq artisti Nurəddin Mehdixanlı belə deyib:
“Mənim Kərbəlam məhz Xocalıdır. Çünki orada yüzlərlə insan azərbaycanlı olduqları üçün qətlə yetirilib, bir çoxunu da şaxtada, meşədə don vurub”.
Sonra da əlavə edib ki, Xocalının bir azərbaycanlı üçün Kərbəla olduğunu anlamayan adam Kərbəlaya münasibətdə də saxtakar və riyakardır.
Bax, bütün söhbət bundan ibarətdir. İndi özünüz deyin, burada Kərbəlanı təhqir edən hansı söz var? İmam Hüseynə hörmətsizlik hardadır? İnanc sahiblərinə dil uzatma harada görünür? Heç yerdə. Burada sadəcə bir sənətçi öz ağrısının nə qədər böyük olduğunu başa salmaq istəyir və bunun üçün millətin yaddaşındakı ən ağır, ən müqəddəs matəmi misal çəkir.
Bu, yeni bir şey deyil axı. Mən özüm ta uşaqlıqdan “Kərbəla boyda dərdi var” cümləsini dəfələrlə eşitmişəm. Füzulidən bəri bu söz ədəbiyyatımızda, şeirimizdə, məclisimizdə dərdin ən uca ölçüsü kimi işlənir. Müqayisə ucaltmaq üçündür, alçaltmaq üçün yox. Kim bir ağrını Kərbəla ilə yanaşı qoyursa, deməli, onu dünyada ölçüb-biçə biləcəyi ən ağır tərəzi ilə ölçür. Bunu anlamaq üçün nə ilahiyyatçı olmaq lazımdır, nə də filoloq. Azacıq insaf, bir az da ürək kifayətdir.
İndi gələk Xocalıya. 1992-ci ilin fevralında, o soyuq gecədə şəhər yerlə-yeksan edildi, evindən çıxıb qaçmağa çalışan insanlar dağ yollarında, meşələrdə güllələndi, soyuqdan donub qaldı. Arasında qadınlar, uşaqlar, yaşlılar vardı. Bu insanlar nə üçün öldürüldü? Çünki azərbaycanlı idilər. Nurəddin Mehdixanlı da elə bunu deyir. Üstündən otuz ildən çox keçib, amma bu yara hələ də bağlanmayıb, çünki hər ailənin bir itkisi, hər evin bir susqun küncü var.
Belə bir dərdi Kərbəla ilə eyni sırada xatırlayan adamı hədəf göstərmək nə deməkdir? Cavab ortadadır, bu, dərdə yox, dərdi dilə gətirənə hücumdur. Və hücum da necə hücumdur. Sosial şəbəkələrdə sənətçini söyürlər, təhqir edirlər, ona ən ağır sözləri yaraşdırırlar. Maraqlıdır ki, bu qədər “qeyrət” Xocalının adı çəkiləndə yox, məhz Kərbəla sözü qarışanda birdən-birə üzə çıxır.
Üstəlik, bu söyüşlərin arxasında hamı eyni adam deyil. Bir hissəsi İrandan maliyyələşən dairələrin, bir hissəsi isə onların təbliğat maşınının təsiri altında olanların imzasını daşıyır, bəziləri də sadəcə başqasının yazdığı ssenarini təkrarlayır. Söhbət heç də İran xalqından, ya da hansısa konkret bir etiqad sahibindən getmir. Söhbət dini hissləri siyasi alətə çevirən mexanizmdən gedir. Bu mexanizm insanın ən həssas yerinə toxunur, ona “sənin müqəddəsin təhqir olunub” deyir, sonra da həmin adamı kiməsə qarşı silah kimi işlədir.
Bizim cəmiyyətdə şiə də, sünni də, özünü dindar saymayan da illərdir bir çörək kəsib, bir yasda göz yaşı tökür. Bu doğmalığı pozan hər şey təhlükəlidir. Dini radikalizmin ən təhlükəli tərəfi də elə budur, o, inancı sevgi və mərhəmət qaynağı olmaqdan çıxarıb dəyənəyə çevirir. İnsan bir anda özünü Allahın şərəfinin keşikçisi sayır, sonra da bu “vəzifəsi”nə görə hər cür söyüşü özünə halal bilir.
Halbuki Kərbəla hadisəsinin özü bunun əksini öyrədir. Kərbəla zülmə qarşı dayanmağın, haqsızlığa boyun əyməməyin, məzlumun yanında durmağın simvoludur. Məzlumun dərdini Kərbəla ilə bir tutan adamı tapdalamaq həmin dərsi tamam unutmaq deməkdir. Hüseynin yolu ilə getdiyini deyən adam Xocalı qurbanlarını xatırlayana söyüş yağdırırsa, deməli, o, Kərbəlanın mahiyyətini yox, yalnız qabığını tanıyır.
Mənə deyə bilərlər ki, sənətçinin “saxtakar və riyakar” sözləri sərtdir. Razıyam, sərtdir. Amma sərt demək təhqir demək deyil, üstəlik, bu cümlə də bir insanın ağrısından doğub. Sərt sözə ağlabatan cavab vermək olar, söyüş isə cavab sayılmır. Bir də şəxsi fikir məsələsi var. Mehdixanlı nə rəsmi bəyanat verib, nə də kiməsə fikir diktə edir, sadəcə özünün düşüncəsini bildirib. Bu, onun haqqıdır. Bəyənməyə bilərsiniz, müqayisənin sizə ağır gəldiyini deyə bilərsiniz, mübahisə də edə bilərsiniz, bunun heç bir eybi yoxdur. Mədəni cəmiyyətin fərqi də elə burdadır, fikrə fikirlə cavab verilir. Sözə söyüşlə cavab verənin əlində isə, bilin ki, arqument qalmayıb.
Özü də kimi söyürlər? Neçə nəsil aktyorluğu ilə böyümüş, səhnədə ömrünü keçirmiş, bu il yubileyini qeyd edən yaşlı bir sənətçini. Bu, nə inancı qorumaqdır, nə də Kərbəlaya sadiqlik. Bu, sadəcə tərbiyəsizlikdir və üstünə dindar rəngi çəkilibsə, daha da təhlükəlidir.
Təsəvvür edin, Xocalıda doğmasını itirmiş bir ana ekran qarşısında oturub bu söyüşləri oxuyur. Onun ağrısını dilə gətirən adam təhqir olunur, o isə yenə susur, çünki dərdin qarşısında söz tapmaq həmişə çətindir. Deməli, bu söyüşlər təkcə sənətçiyə yox, həmin ananın yarasına da dəyir.
Üstəlik, müqəddəs nə üçün müqəddəsdir? Ona hörmətlə yanaşdığımız üçün. Hörmət isə qışqırıqla, söyüşlə, kimisə kürsüdən endirməklə qorunmur, hörmət sakit, ləyaqətli, sözünün ağırlığını bilən duruşla qorunur. Bunu Kərbəlanın özü də öyrədir, orada ən böyük güc səsin ucalığında yox, haqqa bağlılıqda idi.
Xocalı bizim ortaq yaddaşımızdır. Hər kəs onu öz dilində, öz ölçüsündə, öz sözləri ilə xatırlaya bilər. Kimsə bunun üçün Kərbəlanı misal çəkirsə, bu, Kərbəlanın əzəmətini azaltmır, əksinə, Xocalının nə qədər ağır olduğunu göstərir.
Təhqir edənlər isə Nurəddin Mehdixanlını yox, özlərini ifşa edirlər, nə qədər dərin təsirdə olduqlarını, nə qədər başqasının ssenarisi ilə yaşadıqlarını və dərdi başa düşmək qabiliyyətini nə vaxtsa itirdiklərini...
Biz isə bu mənzərəyə baxıb susmamalıyıq, çünki bu gün bir sənətçini söyənə “fikir fərqliliyi” deyib keçsək, sabah eyni dil hər kəsə uzanacaq.