Bu gün “YUĞ” teatrında premyera olacaq

Bu gün “YUĞ” teatrında premyera olacaq
22 iyun 2019
# 13:52

Bu gün, saat 19-da “YUĞ" Dövlət Teatrında “Vəsvəsə” tamaşasının premyerası olacaq.

Məşhur Norveç yazıçısı Henrik İbsenin “Vahimə” əsəri əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru Gümrah Ömər, quruluşçu rəssamı Əməkdar rəssam Rəşid Şerif, geyim üzrə rəssamı Elnarə Bəkirovadır.

Tamaşada Əməkdar artist Elxan Abbasov (Keşiş Manders), aktyorlar Mətanət Abbaslı, Zümrüd Qasımova (Frü Alvinq), Amid Qasımov (Keşiş Manders), Vüqar Hacıyev, Oqtay Mehtiyev (Enqstrand), Elgün Həmidov (Osvald), Ləman Mərrih və Günel Səfərova (Regina) çıxış edir.

Skandinaviyalı dramaturqunun əsəri əsasında hazırlanan tamaşanın süjet xətti belədir. Ərinin xatirəsini əbədiləşdirmək üçün tikilən yetimlər evinin açılış mərasiminə, bu işdə ona yardımçı olan keşiş şəhərdən dəvət olunur. Açılış mərasiminin müzakirəsi zamanı qadın keşişə etiraf edir ki, onun əri ömrünü əyyaşlıq və pozğunluqla yaşayıb. Evlərindəki qulluqçu ilə münasibətdən bir qız dünyaya gətirib. Xanımın uşaqlıqdan uzaqda yaşayan oğlu isə bilmədən bacısı ilə evlənmək niyyətindədir. Mərhumə qulluqçu ilə pul müqabilində nigahda olan dülgər isə, qızı buradan uzaqlaşdırıb, açmaq istədiyi əxlaqsızlıq yuvasında işlətmək niyyətindədir. Sığortalanmamış yetimlər evinin gözlənilmədən yanmasının səbəbkarının keşiş olduğunu iddia edən dülgər, sirrin açılmaması müqabilində keşişi gələcək planlarının həyata keçirilməsinə dəsək olmağa məcbur edir. Qadının xəstə oğluna baxmaqdan imtina edən qız, xoş güzaran arzusu ilə dülgərin təklifinə razı olub, keşiş və dülgərə qoşularaq şəhərə yollanır. Hamı öz gələcək planlarının dalınca gedir. Hər şeyini itirmiş xanım vahimə, qorxu və ümidsizlik içində qalsa da, çirkaba bulaşmış saxta dəyərlərdən imtina edərək mənəvi azadlığına qovuşur.

“Mənəviyyatını itirən hər şeyini itirir!” – ideyasından çıxış edən rejissorun fikrincə, “Azadlığını itirən mənəvi əzabdan başqa heç nə qazanmır”.

Tamaşanın növbəti nümayişi iyun ayının 26-da baş tutacaq.

# 2052 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #