Sənsizlik rəngdə imiş dünya - Hafiz Hacxalılın yeni şeirləri

Sənsizlik rəngdə imiş dünya - Hafiz Hacxalılın yeni şeirləri
11 mart 2025
# 17:49

Kulis.az Hafiz Hacxalılın yeni şeirlərini təqdim edir.

Hələ ki, qarşıda şaxta var, qar var,
Hələ qışdan sonra gələcək bahar.
Mənə deyin görüm, ay “insaflılar”,
Payızda kim əkib yaz güllərini?

Bir çiçək şəkili çəkin torpağa,
Ən gözəl libası tikin torpağa,
Ürəyi buzları əkin torpağa.
Payızda kim əkib yaz güllərini?

Çayları qurutduq, dağları yıxdıq.
Gülləni ceyranın gözünə sıxdıq.
Aldadıb, aldanıb ağ günə çıxdıq?
Payızda kim əkib yaz güllərini?

Yaşıl bulaqların saralıb gözü,
Sarılıq bürüyüb dağları, düzü.
Qızınmaq istəyir günəşin özü,
Payızda kim əkib yaz güllərini?

O insan deyil ki, dura, yıxıla.
Bir oddan min dənə ürək yaxılar.
Təbiət aldansa dünya dağılar.
Payızda kim əkib yaz güllərini?

***
Uçurumdur bu sevginin bir adı,
Yıxılarsan, əgər yoxsa qanadın.
Nə olsun ki, daş sındırır inadın,
Dəmir deyil, ətdəndir ki, ürəyin.

***

Quşlar salavat çəkər,
Göyün yağış üzünə,
Birdən ildırım çaxar.
Kimsə döyər dizinə.

Yenə də günah etdin.
Həvvanın ucbatından.
Kimsə atar özünü,
Göyün yeddi qatından.

Sonra yerə tökülər,
Cənnətin göz yaşları.
Sonra kimsə qovalar
Göy üzündən quşları.



Qar

Üzünü ağardır qara torpağın,
Nə könül üşüdür, nə əl üşüdür.
Göydən yerə yağan hikmətə baxın,
Onu tanrı duyur, Allah eşidir.

***
Gileyini göy üzündən gizləyib.
Duasını xoş dilində oxudu.
Sinəsində şırımlandı yaralar,
Vəl dilində, xış dilində oxudu.
Yazdan, yaydan keçib üzü payıza,
Qar dilində, qış dilində oxudu.
Əyilmədi ehtiyacın önündə,
Qaya olub daş dilində oxudu.
Can verəndə bizə sarı boylanıb.
Yazıq anam...kaş...dilində...

***
Sənsizlik rəngdə imiş dünya,
İki hecalıq adın ən gözəl musiqi kimi səslənirsə dilimdə.
Demək unudulmamısan.
Qatar relsləri kimi qovuşmarıq.
Taleyimizin əsridir, əsəridir alnımızdakı qırışlar,
Necə də oxşarıq.


***
Bu nə gözəl sevdadır,
Əzabı şeir olur.
Ağrısı heca-heca,
Misra-misra doğulur.

***
Yedi ömrümüzü, yedi tıxaclar,
Qayğılar, fikirlər və ehtiyaclar.


***
Bir yaş da qocaldım, xəbərin olsun.
Adı ömür imiş itən günlərin.
Üzümə vurmayıb qocalığımı,
Ağaran saçımı örtən günlərim.

Özünə yer tapdı bəxtin küncündə,
Getdi dönməz oldu durna köçündə.
Bu qədər sevincin, qəmin içində.
Ay batan günlərim, itən günlərim.


Uzaqdan bir salam göndərin mənə,
O körpə Hafizi göstərin mənə.
Sizə necə gəlim, yön verin mənə,
A mənim əlçatmaz Vətən günlərim.

***
Ad tapmıram yoxluğuna,
Yenə adın təsəllidir.
Sənsiz qalıb, sənsiz, Ana,
Dualarım tək əllidir.

***
Ömür elə keçir, vaxt elə ötür,
Bir də görürsən ki, gün ələ gəlmir.

***
Ağrı göyərərmiş, çiçək açarmış,
Kədər duman kimi çökə bilərmiş.
Lap boyundan uzun, özündən ağır,
İnsan hər bir dərdi çəkə bilərmiş.

***

O zamankı rəfdən düşdü,
Kitab daha dəbdən düşdü...

***
Çıxmayıbdır yadımdan,
Ah, o qızın saçları.
Özündən vəfalıdır,
Vəfasızın saçları.

# 353 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #