"Görsünlər, ağlamaq necə olurmuş..." - Hafiz Hacxalılın yeni şeirləri

"Görsünlər, ağlamaq necə olurmuş..." - Hafiz Hacxalılın yeni şeirləri
18 oktyabr 2024
# 12:30

Kulis.az Hafiz Hacxalılın (Təmirov) yeni şeirlərini təqdim edir.


Ya mənim, ya da ki, sənin duanı,
Çatdırıb Allaha göylər, biləsən,
İllərdir həsrətik bir-birimizə,
Ürəyim o vaxtdan göynər, biləsən.

Gedərəm, nə qorxum ölüm cığırsa,
Bir ucu sonunda sənə çıxırsa,
Adını deyirəm kimi çağırsam,
Bir gəlib gör məni, gör, nə biləsən.

Dönübdür anasız körpəyə Hafiz,
Gah saza bənd olur, gah neyə Hafiz.
Üzünü, gözünü görməyə Hafiz,
Əlləşir yer ilə, göylə, biləsən.

***

Düzülər cərgə-cərgə qaragözlü oğullar,
“Vətən, qorxma!” nidası yeri-göyü dindirər.
Göyərər şəhid ömrü yaşıl bir ağac olar,
Kök atıb qucağında torpağı sevindirər.

Gözə ölüm görünməz, qorxuram dilə gəlməz,
Qara bağrı Qarabağ olanların yanında.
Düşmənlərin canına salar vəlvələ gəlməz,
Haqq uğruna döyüşər şəhadət meydanında.

Qanı tökülən yeri öpər, mələkələr öpər.
İlahi, o məqama çatan necə xoşbəxtdir.
Qoynunda yer verdiyin torpaq sevirsə əgər,
Ana qucağı kimi yatan necə xoşbəxtdir.

Dünyanın yaddaşından silinəcək çox adlar,
Əbədi yaşamağa inam azdır, ümid az.
Ey bu torpaq uğrunda şəhid olan övladlar,
Sizi kim unutsa da, bilin, Vətən unutmaz.

***

Ay bulud, yerimiz dəyişik düşüb.
Gəl sənin yerində olum da, nolar.
Görsünlər, ağlamaq necə olurmuş,
Boşalım da nolar, dolum da nolar.

Bir ürəyi yuxa, bir qəlbi göynək,
Gəlməz bu dünyaya, gəlməz mənim tək.
Əlimi uzadım çək, yuxarı çək,
Qoy gəlim qoynunda qalım da, nolar.

Hafiz, kimim var ki, dərman arayam,
Ürəyi bütöv yox, para-parayam.
Çiçəyə tamarzı ac bir arıyam,
Pətəyim də sən ol, balım da, nolar.

***

Hər şəhid deyiləndə yada Vətən düşməsə,
O yaddaşı yerindən qoparıb atmaq gərək.
Adını himnimiz tək oxuyub birnəfəsə,
Şəhidi bayraq kimi göyə ucaltmaq gərək.

***

Görsən, bəlkə, məni tanıyammazsan,
Görən həmin adam bumu, deyərsən.
Saçıma yarpağı tökülmüş ağac,
Gözümə dənizlər qumu deyərsən.

Çoxdan arzuları məzara gömmüş,
Diriykən ölümü yüz dəfə görmüş.
Nə günə qalıbdır anası ölmüş,
Yuvası dağılmış qumru deyərsən.

Bir ürək qızdıran, bir könül verən.
Yoxdu doğmaları olubdur pərən.
Daşın da üstünə düşsə göyərən,
Ağrının çiyidi, tumu deyərsən.

***

Ömrümün bir tərəfi uçurumdur, gözəl qız,
Daha kirpiklərimlə od götürə bilmirəm.
Sənin baxışındakı nə yorumdur, gözəl qız.
Cavab yaza bilmirəm, cavab verə bilmirəm.

Taleyin ətəyindən ikimiz də yapışıb,
Sən üzü gündoğana, mən günəş batan yerə.
Ürəyim illərdir ki, arzularla çarpışıb,
Çata bilməyib hələ baxışın çatan yerə.

Nağılamı inanım nağıl yazan vaxtımda,
Göydə qalıb almalar, bir də çətin düşələr.
Sən o gözəlliyinin durubsan şah taxtında,
Mənimsə ürəyimdə solubdur bənövşələr.

Daha qaldıra bilmir ağır yükü gözlərim,
İllah ki, dünya boyda alıcı baxış ola.
Zalım qızı bu yaşda söyləyir ki, gözlərim,
Qəflətən cavanlaşam, taledən naxış ola.

***

Xatirələr dərd olar,
Ürəyindən asılar.
Özün də heç bilmədən,
Qəm dəftərin yazılar.

Qəribsəyər ürəyin,
Boynu bükük qu kimi.
Səhralar udar səni,
Göydən düşən su kimi.

Alnındakı qırışın,
Adı ömür yolumu?
Hər düzdə bir yanlışın,
Həyatın sağolumu?

Eh, kimin əl işidi,
Bəxt dediyin oyuncaq.
Sevinc qismət deyilsə,
Yaşa dərdi doyunca.

***

Məni yaşatmaqla öldürmə, nolar,
Bilirəm bezdiyin adamam sənin.
Görəndə zindeyi-zəhləsi gedən,
Canını üzdüyüm adamam sənin.

Ürəyin soyusun gəl bir sillə çək,
Qorxma, yeri qalmaz, ötüb gedəcək.
Bəlkə də, yuxunda bir qarışqa tək,
Hər gecə əzdiyin adamam sənin.

Dayan gözlərimin su tərəfində,
Sevgin qu misalı, qu tərifində.
İtirib dünyanın o tərəfində,
Bu üzdə gəzdiyin adamam sənin.


# 1382 dəfə oxunub

Oxşar xəbərlər

Tanınmış yazıçı Elçin Hüseynbəylinin kitabı İranda nəşr olunub

Tanınmış yazıçı Elçin Hüseynbəylinin kitabı İranda nəşr olunub

11:00 11 dekabr 2024
Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Çölümdə yoxluğunun buz nəfəsli gerçəyi var... - Əvəz Qurbanlı

Çölümdə yoxluğunun buz nəfəsli gerçəyi var... - Əvəz Qurbanlı

19:00 9 dekabr 2024
Səndən yaman küsmüşəm - Günün şeiri

Səndən yaman küsmüşəm - Günün şeiri

13:46 5 dekabr 2024
Fırtınalı bir gecədən - Rayner Mariya Rilkenin şeirləri

Fırtınalı bir gecədən - Rayner Mariya Rilkenin şeirləri

19:35 4 dekabr 2024
Oğlumla atam arasında... - Cavid Fərzəlinin yeni şeirləri

Oğlumla atam arasında... - Cavid Fərzəlinin yeni şeirləri

17:10 3 dekabr 2024
# # #