Kulis.az "Bazar oxusu" layihəsində Yaponiyanın tanınmış və mübahisəli qadın şairlərindən biri Akiko Yosanonun (1878- 1942) məşhur "Lütfən, ölmə!" şeirini təqdim edir.
(Lüşunda (Port Artur) mühasirədə olan qoşunların tərkibində vuruşan kiçik qardaşıma ağı)
Ah, mənim kiçik qardaşım, sənin üçün ağlayıram,
Lütfən, ölmə!
Sən axı sonbeşiyimiz olaraq doğuldun,
Ata-anamız səni hamıdan çox sevdi.
Amma yenə də əlinə bir bıçaq tutdurub,
Sənə insan öldürməyi öyrətdilər.
"Birini öldür və sən də öl" deyə,
Səni iyirmi dörd yaşına kimi belə böyütdülər.
İndi o qürurlu, qədim ocağımız,
Doğma Sakai şəhərinin tacir evi,
Adımızı yaşatmalı olan sən ikən,
Lürfən, ölmə!
Lüşun qalası yerlə-yeksan olsa belə,
Yaxud xilas edilsə belə, nə fərqi var?
Bilirsən axı, bu müharibə qanunları
Tacir evimizin ailə nizamnaməsinə hökm edə bilməz...
Lütfən, ölmə!
O Göylərin Şahzadəsi, İmperator özü axı
Öz uca varlığı ilə ordunu döyüşə aparmır.
İnsanlara qan tökməyi əmr etmək,
Və vəhşi bir heyvan kimi gəbərib getmək,
Bizə isə ölümün bir insanlıq şərəfi olduğunu söyləmək...
Əgər Həzrətlərinin qəlbində zərrəcə mərhəmət varsa,
Bunu həqiqətən necə düşünə bilər?
Ah, döyüş meydanındakı kiçik qardaşım,
Aman, sən ölməməlisən!
Atamdan sonra tənha qalan anam gəncliyini itirib,
Ömrünün payız çağlarını yaşayır indi.
Ev-eşiyini qoruyacaq bir oğuldan məhrum qalan
Anamın naləsini izləmək qəlbimi parçalayır...
Və Həzrətlərinin salamat, əmin-amanlıqda olduğunu eşitsə də,
Anamızın saçları qüssədən ağarır günü-gündən.
Norenin kölgəsinə sığınıb hönkürür,
Sənin o incə, gənc həyat yoldaşın.
Yoxsa unutdun onu? Yoxsa düşünürsənmi?
Onun o saf, gənc qız duyğularını düşün...
Cəmi on ay əvvəl qovuşmuşdunuz, sonra isə ayrılıq...
Və onun səndən başqa kimsəsi yoxdur dünyada.
Ah, bir daha yalvarıram sənə,
Lütfən, ölmə!..
Türkcədən hərfi tərcümə : Sevinc Mürvətqızı
Qeydlər:
* Sakai: Yaponiyada qədim ticarət şəhəri.
* Lüşun: Port Artur limanının yaponca adı (Rusiya-Yaponiya müharibəsinin getdiyi yer).
* Ailə nizamnaməsi: Tacir ailələrinin nəsildən-nəslə ötürülən daxili mənəvi qanunları.
* Noren: Yapon evlərinin və dükanlarının girişinə asılan ənənəvi parça pərdə.