"Netfliks"in dünyaşöhrətli "Stranger Things" serialında Conatan Bayers rolu ilə tanınan aktyor Çarli Hiton məşhur qanqster dramı "Peaky Blinders"ın davamında rol alacaq.
Kulis.az xəbər verir ki, gənc aktyor ekran işində Tommi Şelbinin oğlunu canlandıracaq.
Çarli Hiton serialda Tomas Şelbinin müharibədən sonra Birmingemə, evinə qayıdan kiçik oğlu Çarlz obrazında çıxış edəcək. Onun böyük qardaşı Dyuk rolunu isə məşhur aktyor Ceymi Bell canlandıracaq.
Altı seriyadan ibarət olacaq yeni serial Şelbi ailəsinin növbəti nəslinin həyatından bəhs edəcək. Ekran işindəki hadisələr İkinci Dünya müharibəsinin bitməsindən on il sonrakı dövrü əhatə edəcək. Süjetə görə, müharibənin dəhşətlərini yaşamış Çarlz atasının və ailəsinin mənsub olduğu kriminal dünya ilə bütün əlaqələrini kəsməyə çalışır.
Serialın dəqiq yayım tarixi hələlik elan edilməyib. Bununla belə, layihənin güclü aktyor heyəti artıq bəllidir. Ceymi Bell və Çarli Hitonla yanaşı, ekran işində Cessika Braun-Findli, Laşana Linç və Lüsi Karçevski kimi tanınmış simalar da yer alacaqlar.
Xatırladaq ki, bu ilin mart ayının sonunda "Netfliks" platformasında Birmingem qanqsterləri və onların əfsanəvi lideri Tomas Şelbinin hekayəsinə tamamilə yekun vuran tammetrajlı "Peaky Blinders: The Immortal Man" filmi təqdim olunmuşdu. Yeni mini-serial isə bu böyük tarixin ardını fərqli bir nöqtədən işıqlandıracaq.