Hər qarışında şəhid ruhu... - Fazil Əsəd

Hər qarışında şəhid ruhu... - Fazil Əsəd
13 may 2025
# 10:10

Kulis.az Azərbaycan Yazıçılar Birliyinin Beyləqan bölməsinin sədri, şair Fazil Əsədin yeni şeirlərini təqdim edir.


Təbiət lövhələri

Mərd qayalar, sərt qayalar,
Başınızı buludlar tumarlayar,
Ayağınızı çaylar yuyar.
Qəlbinizi qəlbim duyar,
Xanım qayalar, canım qayalar.

Yollar, dolanbac yollar,
Qıvrıla-qıvrıla dağlara uzanar.
Ağacların kölgəsində dincələr,
Bəzən də gecələr üşüyər,
Gündüzıər günəş altda qızınar.

...mənimlə oynayır gizlənpaç yollar,
Qollarını mənə aç, yollar!..
Meşələr, əsrarəngiz meşələr,
Başınız buludlara dəyir,
Ayağınız yollara iz salır.
Kölgəniz sərinlik ələyir,
Qollarınız arxamızca əl yelləyir,
Yolçulara " yaxşı yol" söyləyir.

Şəlalələr, möhtəşəm şəlalələr,
Zirvələrin gümüşü saçları.
Daranır, hörüklənir,
Atılır dağların çiyninə hörük kimi.
Tökülür dağların topuğuna
Təbiətin bu ecazkar tilsimi...

Çaylar, gümüşü çaylar,
Dağların gülüşü çaylar.
...zirvələrin göz yaşları!
Dağların dərdi çoxuymuş,
Bu yerlərin leysan yağışları
Səbəbindən təbiət toxuymuş...

Aranın əkiz qardaşı dağlar!
Dost olanın sirdaşı dağlar!



Qarabağ

Qarabağ!
Yağıdan azad olunmuş torpaq!
Hər qarışında şəhid ruhu,
Şəhid nəfəsi var!
Otuz ilin acılarını yaşamış
O sökülmüş ev,
O qırılmış tale,
O dağıdılmış qalalar,
O uçulmuş divar...
Nələri yaşadır özündə, ilahi?!..
Bir kədərlə,
Bir ağrıyla qol-boyun olmuş
Sevinc var üzündə, ilahi!
İndi burada hər şey azad nəfəs alır:
Adamlar da,
Addımlar da,
Ağaclar da,
Uçurulmuş evlər də...
Hər daşın, qayan
"44" gündən yadigar!..
Hər qarışında ər nəfəsi var!..
...yağıdan azad olmuş torpaq!
Axır ki, torpaq olmaqdan çıxıb
Güllü-çiçəkli Vətən oldun!
Hər qarışında gül-çiçək bitən oldun!
Qarabağ! Qarabağ! Qarabağ!


Güllə yağışı

Səma aydın, günəş parlaq,
Dünya əmin-aman - sülh içində.
Rahat nəfəs alırdı
Sülhün simvolu olan göyərçin də.

Qara buludlar
Cənginə keçirdi səmanı,
Bir kimsənin olmadı amanı.

Qara buludlar!..
Qara buludlar!..
Yağış başladı -
Tut ucundan çıx göyə.
Yağış başladı - güllə yağışı...

İpək Qarıların alxışı kömək olmadı,
Nəpək qarıların qarğışı,
İnsanların güllə yağışı
Dünyanın bağrını param-parça etdi.
Güllə yağışı! ..
Güllə yağışı!..


Bildiyim

Gecələr uzanır qışından yekə,
Dünyanın kəsəyi daşından yekə.
..naşılar danışır başından yekə,
Dilotu yeyibmiş balıq bildiyim.

Daxildə canavar, üzdə quzuymuş,
Eləcə şitiymiş, sanma duzuymuş.
Başdan ayağacan Sibir buzuymuş,
İstisini duyub ilıq bildiyim.

Yarıda qırılan sənlikmi oldu?
Ayaq altda qalan mənlikmi oldu?..
Məchula çevrildi, tənlikmi oldu,
Toplayıb-çıxdığım, qalıq bildiyim?

Dərd-qəmi yükləmə, çəkməz bu dəvə,
Amma dizi bərkdir çökməz bu dəvə...
...atom bombasıymış, başlığı nüvə,
Eh, mehribançılıq, qılıq bildiyim.


Aparır

Payız gəlib artıq, güllər saralıb,
Zaman vərəqlənib, illər saralıb.
Uca zirvələrin başın qar alıb,
Zamandı əlimdən tutub aparır.

İşığa möhtacam bir damcı olsun,
Hər yan işıqlansın, nur damcı olsun.
Tikanlı sözlərin qoy qamçı olsun,
Gümandı əlimdən tutub aparır.

Saxladım, açmadım sirri heç kəsə,
Çox yerdə rast gəldim yaxşıya, pisə.
Zirvələrdə düşdüm dumana, sisə,
Dumandı əlimdən tutub aparır.

Ulduzu sayrışan gecəyəm indi,
Sinəm meydandı bir küçəyəm indi.
İlahi, bilmirəm, necəyəm indi,
İmandı əlimdən tutub aparır.

Arzunun sonuna, ya qismət, çatam,
Açılan sabaha sevinc də qatam.
Zamanın kəhəri yorğadı, atam !
Amandı əlimdən tutub aparır.


Yalvarım indi

Bir müzəffər fateh olum,
Sən kəpənək, mən şeh olum.
Saçlarını tumarlayan,
Dili nəğməli meh olum, -
Küləyə yalvarım indi...

Heç nəyə yoxdu tamahım,
Səcdədə olduğum şahım!
Ahın dağlara demişdin,-
Dağlara düşmədi ahım,-
Naləyə yalvarım indi...

Mən gedirəm, sən qaçırsan,
Həsrətə qucaq açırsan.
Mənim küçəmdə zülmətdi,-
Yollara işıq saçırsan,-
Şöləyə yalvarım indi...

Sevgimiz şah, biz nökərik,
Demə ki, " cütlənmiş zərik".
Biz kədərə yol yoldaşı,
Kədər dərdimizə şərik,-
Taleyə yalvarım indi...


Simam

Özgə malın yeyən çoxdu,
Ağa qara deyən çoxdu.
Haqsıza baş əyən çoxdu,
Ta səbrim tükəndi tamam.

Yetişmişəm indi, kaldım,
Kal olanda şirin baldım.
Nələr istədim, nə aldım?!..
Yarımçıq arzuyam, kamam.

Körpə fikrim tərs yeridi,
Başdan ayağa sirr idim.
...əridi, cismim əridi ,
Gecələr əriyən şamam.

Dünyanın bətninə düşdüm,
Yaşamaq cəhdinə düşdüm.
Çox yerdə çətinə düşdüm,
Dəyişmədi əsla simam!

****

Mən o sükutu unuda bilmədim
Addım-addım yaxınlaşdım sənsizliyə,
Not-not öyrəşdim səssizliyə.
Sükutun musiqisi yaman olur,
Məcnun-Məcnun boylandım arxanca.
Hər şeyi unutduran zaman olur,
Mən o sükutu unuda bilmədim.

Qarış-qarış gəzdim Yer üzünü,
Pillə-pillə qalxdım səmanın köksünə.
Tapa bilmədim sevdamın izini,
Baxsam da ulduzların rəqsinə.
Ulduz-ulduz topladım oyunçaqlarını,
Mən o körpə sevgimi ovuda bilmədim.

Vərəq-vərəq təzələndi yaddaşım,
Kərəm-Kərəm odlandım, alışdım, yandım.
Sapanda qoyulub atılmadı daşım,
Ağacı kökündən çıxararam sandım.
Bulaq-bulaq süzüldü göz yaşım,
Mən o nəm çəkən qəlbimi quruda bilmədim.

Çöxıb getdin, tənhalıq qaldı mənimlə,
İndi ürəyim hər dərdə dözür daha,
İndi ürəyim hər fərmana qol çəkir.
İndi baş-başa vermişəm qəmimlə,
Sadəcə...sadəcə.. gözlərim yol çəkir.
Bu yol necə qırıldı yarıda, bilmədim...


Görər

Yaxşılıq etməyi düşünən kəslər,
Sabahı düşünər, sabaha səslər...
Surətdə yaxşılar, məxrəcdə pislər,
Yaxşını yaxşılar, pisi pis görər.

Şəhid ruhlarında "vətən ahları" ,
Qəlblərdə göyərib bitən "ahları" ...
Zirvəyə yüksələr şəhid ruhları,
Zirvəni ilk öncə düman, sis görər.

Adamın içində gizlənən sirdi,
Hər sirrin özü də gövhərdi, dürdü.
Adamın içinə əmanət dərdi,
Adamın içindən gələn səs görər.

Nağıllar qurtarsa, acıdır hər şey,
Buludun fonunda qapqaradır göy...
İstəsən başına, üz-gözünə döy,
Pislik etmə, etsən, bil, hər kəs görər.


Tanrıdan xahişim var

Yağış yağır; ucundan tutub çıxacam göyə,
Buludların üstünə, ulduzların altına.
Deməsin qoy heç kimsə nədənsə qorxub deyə,
Gedib sakin olub göyün yeddinci qatına.

Külək əsir; bürünüb küləyin nəfəsinə
Minib qarğı atıma gedəcəyəm bu "yurddan" ...
Əlvida deyəcəyəm dünyanın qəfəsinə,
Qorxuram müharibə adlı ulayan qurddan...

Qar yağır; bu dünyanın eybəcərliklərini
Gizlədir örtüyündə, hər tərəf olur dümağ!
...Ta bir tərəfə qoyub bu söylədiklərimi,
Tanrıdan xahişim var: öyrətmə bizi qorxaq!..


Ömür bir mətndir

Dərindən düşünsən: Ömür bir mətndir,
Tanrı diqtə edir, özün yazırsan.
Nə bilim, bəlkə də, dünya bir bətndir,
Ömür sürə-sürə qəbir qazırsan.

Nə bilim, bəlkə də, dünya bir bətndir,
Yaşayıb, yaşayıb, sona gəlirsəm.
Yaşamaq bu dünya-bətndə çətindir,
Ömrü başa vurub, ya doğulursan
Yenidən, ya sonda elə ölürsən.

Bilirəm, eləcə ömür bir mətndir,
Giriş, əsas hissə, nəticə olur.
Düşünən beynindir, yazan əlindir,
Elə yazarsan ki, hər tərəf abad,
Ya da nə yol olur, nə küçə olur.

Kələfə yığıram il və ayımı,
İndi qaya çapıb, torpaq qazıram.
Gör necə yaşadım ömür payımı,
İndi hər addımla bir mətn yazıram.


Daş səbri

Yolumdakı qara daşın
Daş səbri varıymış, tanrı.
Yamanca qarışıb başım,
Qəlbimdə Leyli-Məcnunun
Cüt qəbri varıymış, tanrı.

Kəsilib nəfəsim gündən,
Eləcə daşa dönürəm.
Eh, məni çıxarır dindən,
Günahımı yumaq üçün
Bahardan qışa dönürəm.

Nə vaxtsa sevdiyim qızın,
Yadıma düşür gözləri.
Bilirsən, hansı qansızın
Lazerdən iti olubdu,
Ömrümü deşir gözləri.

Ya mənə heykəl qoyulub,
Ya çox dərinə gedirəm.
Kimsə günahsız soyulub,
Hardasa bir yer boşalıb,
Kimin yerinə gedirəm?!

Yolumdakı qara daşın
Daş səbri varıymış, tanrı.
Qəlbimdən süzülən yaşın
Xoş səbri varıymış, tanrı!..

# 202 dəfə oxunub

Müəllifin son yazıları

# # #