"Haçan dəfn elədiniz ayaq səslərimizi?" - Fərid Hüseynin yeni şeirləri

"Haçan dəfn elədiniz ayaq səslərimizi?" - Fərid Hüseynin yeni şeirləri
10 oktyabr 2025
# 16:02

Bu gün şair Fərid Hüseynin doğum günüdür.

Kulis.az bu münasibətlə müəllifi təbrik edir və yeni şeirlərini təqdim edir.

SONSUZLUQ


Ürəyini sıyıran dərdləri,
səni yoran yerləri yaxşı tanıyıram.
Həyat nə qəribədir,
Mənim köhnə düşmənlərim
sənin təzə dostların kimi qayıdır ömrümə.

Yor özünü,
bacardıqca yor dünya dərdləriylə,
sonda taqətsizliyimizdə dincələcəyik onsuz da.
Bir-birindən aralanmış iki dağıq,
səadət uçurum yeridir aramızda.


QAYIDIŞ

“Əvvəlcə mən öləcəm" demişdi şair, –
sözünü tutdu.
Təki hamı onun kimi olsun.
O, sözünün üstündə durdu ki,
dünyanın yalanı bizə qalsın.

İlhamsız günlərində
xırda hesablar aparardı,
adsız nömrələr yazardı –
şeir dəftərlərini
beləcə yaralayardı...

Dünyanın başına qayıtmaq üçün
"Şahnamə"nin sonunu oxuyardı...
Gözəl sözləri kəşf etdiyi skamyada, masada
ya eynəyini,
ya da şapkasını unudardı...

Cavankən
sözlər hər fəsildə
yuva qurardılar könlündə...
Yaşa dolduqcasa
səbri çatmırdı kəlmələri gözləməyə.

Gözünün işığı azaldıqca
yaşılı uzaqdan qara kimi görməyə başladı...
Sözlərini bizə,
ömrünü arzularına bağışladı.


TƏQVİMDƏN ARALI GÜNLƏR


Mən bir şairəm –
kəndirbaz sözlərim
yıxılır şeir dəftərimin cızıqlarından,
yerə çırpılan hər sözümdən başlayır
təzə misralarım.

Heç soruşmuram sizdən ki,
bir yığın ölüdən necə topladınız
bir yerə bədənimizi?
Qalxıb-düşdüyümüz
taxta pilləkənlərin cırıltısında
haçan dəfn elədiniz ayaq səslərimizi?

Təbiəti sevirik,
çünki bircə onun qoynunda
həqiqi canlıların əhatəsində oluruq.
Ətrafımızda nəfəs alan şeylər çoxaldıqca
ürəyimizin boynundakı kəndir boşalır.

Yaşa dolduqca haqlı çıxarır bizi zaman,
haqlı olduqca daha çox qocalırıq, heyhat.
ölümün təsbehini çevirə-çevirə
vaxtımızı öldürür həyat.

# 385 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər