Kulis.az Anton Çexovun "İnsanın qısa anatomiyası" felyetonunu Aygün Əzizin tərcüməsində təqdim edir.
Bir seminaristdən imtahanda soruşublar: “İnsan nədir?” O cavab verib: “Heyvandır...” Və bir anlıq sükutdan sonra əlavə edib: “Ancaq şüurlusundan”. Maarifpərvər imtahangötürənlər cavabın yalnız ikinci hissəsi ilə razılaşıblar, birinci hissəyə isə bir qiymətini veriblər.
Anatomik baxımdan insan aşağıdakılardan ibarətdir:
Skelet – ya da feldşerlər və gimnaziya mürəbbiyələrinin dediyi kimi “şkilet ”. Ölümə bənzəyir. Mələfə ilə adamda ölüm qorxusu yaradır, mələfəsiz halda isə çox qorxunc olmur.
Baş hamıda var, intəhası hamıya lazım olmur. Bəzilərinin fikrincə, düşünmək üçün verilib, başqalarının fikrincə, sadəcə olaraq papaq qoymaq üçündür. İkinci fikir o qədər də təhlükəli deyil. Bəzən içində beyin olur. Bir dəfə qəfildən ölmüş birinin meyitinin yarılmasında iştirak edən bir sahə nəzarətçisi beyni görəndə həkimdən soruşub: “Bu nədir?” “Bununla düşünürlər” deyə həkim cavab verib. Sahə nəzarətçisi istehza ilə gülümsəyib.
Üz. Qəlbin aynasıdır, ancaq bunun vəkillərə aidiyyəti yoxdur. Xeyli sinonimi var: sifət, sima, fizionomiya (ruhanilər fizioqnomiya deyirlər), surət, sir-sifət, idbarsifət, bədheybət, üz-göz və sairə.
Alın. Yerinə yetirdiyi funksiyaları: mərhəmət və xeyir diləyəndə yerə sürtülmək, umduğunu almayanda isə divara çırpılmaq. Əksər hallarda misə qarşı həssasdır.
Gözlər başın polismeystrləridir . Hər şeyi nəzarətdə saxlayır və yaddaşlarına həkk edirlər. Kor – başçısısız qalmış şəhərə bənzəyir. Kədərli günlərdə ağlayırlar. Hazırkı qayğısız dövrdə isə yalnız kövrəklikdən qora sıxırlar.
Burun zökəm və iy bilmək üçündür. Siyasətə qarışmır, ancaq hamı onu siyasət aləti hesab edir. Hərdən tütün aksizinin artırılmasında iştirak edir, elə ona görə də onu faydalı orqanların sırasına aid etmək olar. Bəzən qızarır, ancaq azadfikirliliyinə görə yox. Hər halda, baxəbər adamlar belə güman edirlər.
Dil. Siserona görə onun tərifi budur: “Hostis hominum et amicus diaboli feminarumque ”. Çuğulluq kağız üzərində aparılmağa başlayandan bəri işsiz qalıb. Qadınlarla ilanlar üçünsə əla vaxtkeçirmə orqanıdır indi. Ən yaxşı dil – bişmiş dildir.
Ənsə. Ancaq kişilərə lazımdır, o da vergi borcu artanda. Gicişən əllər üçün çox cəlbedici orqandır.
Qulaqlar. Qapı yarıqlarını, açıq pəncərələri, hündür otları və nazik hasarları sevir.
Əllər. Felyeton yazır, skripkada çalır, tutur, alır, aparır, zindana salır, döyür... Kiçiklər üçün dolanışıq vasitəsidir, bir az yekələrdə isə sağı soldan ayırd etməyə yarayır.
Ürək vətənpərvərlik və bir çox başqa hisslərin yuva saldığı məskəndir. Qadınlarda karvansaraya bənzəyir: mədəciklər hərbçilərin, qulaqcıqlar mülki şəxslərin, zirvəsi isə ərin ixtiyarındadır. Zahiri əlamətinə görə qırmızı tuza oxşayır.
Bel. “Dəb dünyası” jurnalının oxucularının, canlı modellərin, dərzilərin və idealist praporşiklərin “Axilles dabanı ”dır. Gənc adaxlılar və korset satanlar üçün qadın vücudunun sevimli yeridir. Məhəbbətini izhar edəndə ikinci hücum nöqtəsi sayılır. Birincisi – öpüşdür.
Qarın. Bu, anadangəlmə yox, sonradan qazanılmış orqandır. Saray müşaviri rütbəsindən etibarən böyüməyə başlayır. Qarınsız dövlət müşaviri isə əsl dövlət müşaviri sayıla bilməz (Sizcə, bu, söz oyunudur? Ha-ha-ha!). Bu, saray müşavirindən aşağı rütbəlilərdə qarın, tacirlərdə gödən, tacir arvadlarında bətn adlanır.
Mikitkilər. Elm tərəfindən araşdırılmamış orqandır. Dalandarların sözlərinə əsasən, döşdən aşağıda, feldfebellərin fikrinə görə isə qarından yuxarıda yerləşir.
Ayaqlar təbiətin tozağacını düşündüyü yerdən çıxır . Ən çox poçtalyonlar, borclular, reportyorlar və çaparlar tərəfindən geniş istifadə olunur.
Dabanlar. Günahkar ərin, naqqal adamın və döyüş meydanından qaçan əsgərin ruhunun qərar tutduğu yerdir.
P.S. Felyeton 1883-cü ildə «Осколки» yumoristik jurnalının 34-cü nömrəsində “Dalaqsız adam” təxəllüsü ilə dərc olunmuşdur.
***
* Skelet sözünün savadsız tələffüz forması. Yazıçı ironiya edir.
* Polis məmuru nəzərdə tutulur.
* Satirik metafordur. Yazıçı mis deyəndə mis pula işarə edir. Dolayı yolla rüşvətə meyilliliyə eyham vurur.
* İnqilabaqədərki Rusiyada şəhər polisinin müdiri.
* Latıncadan tərcümə: İnsanlığın düşməni, şeytanla qadınların dostu.
* Yazıçı gizlicə qulaq asmağı nəzərdə tutur.
* Qumar kartı.
* Birinci zabit rütbəsidir.
* Zəif yeri nəzərdə tutulur.
* İnsan bədənində döş qəfəsinin aşağı hissəsində, qabırğaların altında, eləcə də qasıq və qasıqüstü nahiyəni bildirən köhnəlmiş və danışıq dilinə aid sözdür.
* Çar ordusunda rota komandirinin köməkçisi.
* Uşaqlara və ya böyüklərə cəza vermək məqsədilə tozağacı çubuqları ilə sağrılarına və ya arxa hissələrinə vururdular. Çexov burada ayaqların insanın oturaq yerindən (bu sözü açıq işlətməmək üçün evfemizmdən istifadə edib) çıxdığını deyir.