Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində sənətşünaslıq doktoru, professor, Əməkdar incəsənət xadimi Tariyel Məmmədovun “Azərbaycan musiqi alətlərinin tacı tar” kitabının təqdimat mərasimi keçirilib.
Kulis.az APA-ya istinadən xəbər verir ki, ədəbi-musiqili gecəni giriş nitqi ilə açan muzeyin direktoru, akademik Rafael Hüseynov qeyd edib ki, Azərbaycan insanına daim ən yaxın, ən doğma olmuş tarın qisməti elə xalqımızın taleyinə bənzəyir: “Tarixin müxtəlif dönəmlərində xalqın həyatından hansı fərəhlər və acılar keçibsə, xalq ruhunun ifadəçisi olan tarın yalnız səsində, musiqisində deyil, elə vücudunda, varlığında da həmin sarsıntılar və sevinclər nə şəkildəsə əksini tapıb. Son min ildən artıq müddətdə tara maraq və sevgi heç vaxt soyumayıb, hansısa dönəmdə unudulub müəyyən vaxtdan sonra qayıtmaq kimi enib-qalxmalar tardan yan keçib. Tar musiqi səltənətimizdə fasiləsiz hakimiyyət taxtında qərar tutub”.
Mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov, Bakı Musiqi Akademiyasının rektoru Xalq artisti Fərhad Bədəlbəyli, bəstəkar Cavanşir Quliyev, sənətşünas Əməkdar incəsənət xadimi Tariyel Məmmədov və digərləri “Azərbaycan musiqi alətlərinin tacı tar” kitabı haqqında ürək sözlərini deyiblər.
Qeyd edək ki, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası, “Musiqi Dünyası” Azərbaycan beynəlxalq elmi musiqi jurnalı və “Azərbaycan Nəşriyyatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin əməkdaşlığı nəticəsində ərsəyə gələn kitab dahi bəstəkar, çoxşaxəli yaradıcılığı ilə Azərbaycan mədəniyyəti tarixində silinməz iz qoymuş Üzeyir Hacıbəylinin 140 illik yubileyinə ithaf olunub.
Azərbaycan və ingilis dillərində nəşr olunmuş kitabda milli musiqi irsimizin incilərindən olan tar haqqında geniş məlumat öz əksini tapıb. Burada tarın tarixi, sənətkarların tardüzəltmə ənənələri, tar və muğamın harmoniyası, alətin quruluşu və bəstəkarlıq yaradıcılığındakı rolu işıqlandırılır.
Həmçinin oxucular Mirzə Sadıq Əsəd oğlunun (Sadıqcan) tar islahatı, tarın müasir musiqi təhsili sistemində tədrisi və bu sahədə aparılan elmi tədqiqatlar haqqında məlumat əldə edə bilərlər. Kitab XIX–XX əsrlərdə Azərbaycanın görkəmli tar ifaçılarının yaradıcılığından da bəhs edir.
Xatırladaq ki,kitabda yer alan QR-kod vasitəsilə oxucular görkəmli tar ifaçılarımızın arxiv yazıları toplusuna keçid edərək onların nadir ifalarını dinləmək imkanı əldə edəcəklər. Bu zəngin toplunun hazırlanması üçün ilk dəfə kolleksiya şəklində illərin yaddaşında qalmış köhnə arxiv materiallarının bərpası, işlənməsi və rəqəmsallaşdırılması istiqamətində geniş və peşəkar fəaliyyət həyata keçirilib.