Yadplanetlilər namaz qılardılarmı?ARAŞDIRMA

<b>Yadplanetlilər namaz qılardılarmı?</b> – <span style="color:red;">ARAŞDIRMA
23 noyabr 2017
# 15:06

Başqa planetlərdə həyat olması fikri dini düşüncə ilə üst-üstə düşməyə bilər. Bununla belə, dinlərin bir çoxu yad planetlilərin mövcud olması ehtimalını inkar etmir.

NASA (Milli Aeronavtika və Kosmos İdarəsi), Nyu-Cersidə yerləşən Ruhanilər Sorğu Mərkəzinə "astrobiologiyanın ictimai təsirini" araşdırmaq üçün 2014-cü ildə 1.1 milyon dollar vəsait ayırıb.

Görəsən bir gün yad planetlilər aşkar olunsa insanlıq buna necə reaksiya verməlidir? Bu, elmin cavab verə bilmədiyi suallaırn yaranmasına yol aça bilər. Məsələn, "Həyat nədir?" deyə soruşduqda, elmi, yoxsa teoloji sual vermiş oluruq? Həyatın başlaması və gələcəyi ilə bağlı suallar çox qarışıqdır və nizamlı, kompleks şəklində cavablandırılmalıdır. Buraya yad planetlilərin aşkarlanması ilə bağlı cavablarımız da daxildir.

Yad planetlilərin aşkarlanması boş təxəyyül deyil: bir çox alimlər dünyadan kənarda həyatın mövcudluğu ilə bağlı cümlələri “əgər” ilə deyil, “nə zaman”la başlayırlar. Bu əminliyin səbəbləri çoxdur, lakin ən əsası Günəş sistemimizdən kənarda yerləşən planetləri sürətlə aşkarlamalarıdır. 2000-ci ildə astronavtlar bu cür "xarici planetlərdən" 50-i haqqında məlumatlı idilər. 2013-cü ilə qədər onlar, təxminən, 850 planet aşkarlayıblar. Vanderbilt Universitetinin astronomiya üzrə dosenti, “Dinlər və dünyadan kənardakı həyat” (Religions and Extraterrestrial Life) adlı kitabın müəllifi David Veintrauba əsasən deyə bilərik ki, bu rəqəm 2045-ci ilədək bir milyona çata bilər.

Aşkar olunan planetlərdən bəziləri "həyat üçün yararlı" əraziyə malikdirlər. Həqiqət budur ki, kosmosa daldıqca, bizim planetimizin həyat üçün yararlı yeganə planet olmadığından əmin olursan.

Bir neçə istisna ilə “dünyadan kənar intellekt axtarışı” haqqında müzakirələr, adətən çətin elmlərin əsasında dayanır. dünyadan kənar intellekt axtarışının nəticələrini aşkarlamaq üçün biologiya və fizikanın gücündən əlavə fəlsəfəyə, hətta teologiyaya ehtiyac var.

Karl Saqanın “Kosmik Sual” (The Cosmic Question - hazırda çapı dayandırlıb) adlı kitabında göstərdiyi kimi, "kosmik kəşfiyyatlar birbaşa dini və fəlsəfi suallar doğurur". Biz, inanclarımızın yeni varlıqlara qarşı nə dərəcədə tolerant ola biləcəyini və ya imanımızı tamamilə dəyişmək iqtidarında olduğunu düşünməliyik.

Yad planetlilərin aşkarlanması, hansı məsələlərə yol açacaq? Ümumiyyətlə gəlin ondan başlayaq ki, biz kainatda təkikmi, yoxsa bizdən başqaları da var? Paul Daviesin “Biz təkikmi?” (Are We Alone?) adlı kitabında izah etdiyi kimi, dünyadan kənar intellekt axtarışının üç prinsipi var.

Bunlardan birincisi, təbiətin təkcinsliliyidir: Yerdə görünən fiziki proseslər kainatın başqa yerlərində də mövcud ola bilər. Yəni, həyat yaradan eyni proseslər, onu hər yerdə yarada bilər.

İkinci prinsip çoxluqdur: yəni burada, mümkün olan hər şeyin reallaşacağı təsdiq olunur.

Əgər həyatın yaranması üçün heç bir əngəl yoxdursa, həyat yaranacaq.

Üçüncü olan sıravilik prinsipi Yerin statusu və ya kainatdakı mövqeyi ilə bağlı xüsusi heç bir şey iddia etmir.

Bu, İbrahimi dinlər üçün ən böyük problemi yarada bilər. Çünki, prinsip iddia edir ki, bəşəriyyət Allah tərəfindən məqsədli şəkildə yaradılıb və digər varlıqlara nisbətən daha üstün mövqeyə sahibdir.

Bizim müasir elm dünyamız, sıraviliyimizi qavrama əsasında yaranıb. “Dinlər və dünyadan kənardakı həyat” kitabında David Veintraub yazır: "1543-cü ildə Kopernik, Yerin Günəş ətrafında orbit üzrə hərəkət etdiyini aşkarladıqdan sonrakı intellektual inqilab... Aristoteldən qalma geosentrik kainat qalıqları tarixin zibil qabına atdı. Kopernik inqilabı, sonralar təsdiq edildiyi kimi, alimlər üçün bünövrə oldu. Davies də planetimizin "tipik qalaktikada tipik ulduz ətrafındakı tipik planet" olduğunu iddia edir. Saqan isə bunu daha təəccüblü formada izah edir: "Biz, bəşəriyyətdən daha üstün qalaktikaların mövcud olduğu kainatın hansısa bir unudulmuş küncündə yerləşən, monoton bir ulduzun önəmsiz bir planetində yaşadığımızı aşkarlamışıq."

Bəs öz varlığının Allahın şah əsəri olması fikrinə sahib inanclı insan, bununla necə barışa bilər? İnsanlar, öz planetlərinin milyardlarla planetin bir hissəsi olduğunu və heç də Allahın göz bəbəyi olmamaqları ilə necə barışa bilərlər

Zəkalı yadplanetlilərin tapılması, insanın özünü qavramasında Kopernik effektinə bənzər bir hadisəyə səbəb olacaq. Bu tapıntı, inanclıların özlərini əhəmiyyətsiz hiss etməsi və nəticədə şübhəyə düşmələrinə gətirib çıxaracaqmı?

Digər tərəfdən Allahla bağlı iddialar heç vaxt dünya mərkəzli olmayıb. Həm yəhudi, həm də xristianların müqəddəs saydıqları Zəburda, Allahın bütün ulduzlara ad verdiyi deyilir. Talmudda yazılır ki, Allah gecələrini 18 min dünya boyunca uçmaqla keçirir. İslam da iddia edir ki, "cənnətlər və yerdə olan hər şey" Allahındır. Bütün müqəddəs yazılar birmənalı olaraq insanın, eyni anda bir neçə şeyi bacaran Allah üçün xüsusi olduğunu vurğulayır.

Bundan başqa, biz "xüsusi" sözünü təkrarsız, nadir və ya təcrid edilmiş fenomen kimi qiymətləndirməməliyik. Kainatın başqa bir yerindəki həyatın aşkar olunması, Allahın Yerdəki həyata sevgisini azaltmayacaq, valideynlərin övlada sevgisini bacı və ya qardaşın olması azaltmır.

Bəs səmavi kitablar, yad həyatın mümkünlüyünü qeyd edirlərmi? Katolik kahin və teoloq Thomas O'Meara yazır ki, dində ən sadə şey insan təbiətində olan, lakin əlçatmaz bir şeylə əlaqədir.

Yəhudilər, xristianlar və müsəlmanlar üçün bu, hər nə qədər xüsusi tarixi hadisələrlə bağlı olsa da, yazılı vəhylərdən ibarətdir.

Ən yaxşı teologiyalar, bu məhdudiyyətləri tanıyır. Bəziləri isə yox. Və həmin inanclılar üçün yad planetlərdə həyatın olması bir az təhlükə kimi görünə bilər.

Xristianlıqda Allahın birinci əsrdə Nazaretdən olan İsa qismində yerə endiyi inamı mövcuddur. Xristianlığa əsasən, qurtuluş yalnız İsanın ölümü və dirilməsi nəticəsində baş verə bilər. Allaha gedən bütün yollar, ondan keçir. Bəs, İsanın hekayəsindən xəbərsiz kainatdakı digər sivilizasiyalar üçün bunun bir anlamı varmı?

Tomas Peynə görə dünyaların sonsuz çoxluğuna inanmaq inamın xristianlıq formasını gülünc şəkildə alt-üst edir. Hər ikisini eyni anda qəbul etmək mümkün deyil, hər ikisinə inanan şəxs, onlar haqqında da çox az biliyə malikdir.

Əgər xristianlığın xilası yalnız Allahın inkarnasiyası baş verən dünyalarda mümkündürsə, bu o deməkdir ki, Allah - İsa həyatını kosmosdakı dünyaları gəzib, çarmıxa çəkilib və yenidən dirilmə ilə keçirir. Bu, Peynə tamamilə absurd görünür və xristianlığı inkar edirdi.

Lakin, problemə baxmağın başqa yolu da mövcuddur ki, bu, Peynin ağlına gəlməyib: bəlkə Allahın Yer üzündəki təcəssümü, Kainatdakı bütün yaradılışlar üçün "keçərlidir". Daha başqa bir mümkünat da var. Qurtuluşun yalnız Yerə məxsus olduğu yanaşması. Teologiya bizdən, kainatdakı digər zəkalı varlıqların da günaha batması fikrini tələb etmir.

Bəlkə də insanlar özünəməxsus formada pisdirlər. Və ya, dini dildə desək, bəlkə də Yer, Adəm ilə Həvvanın evi olacaq qədər bədbəxtdir.

Bizim ulduz bacı-qardaşlarımızın mənən asılılığı və mənəvi qurtuluşa ehtiyacı olduğunu kim bilə bilər ki? Bəlkə də onlar bizim inkişafımızın bu mərhələsində, daha mükəmməl mənəvi varlıq olmanın yolunu tapıblar.

Davies-in qeyd etdiyi kimi, mənəvi düşüncə heyvandan həm şüur, həm də "hərəkətlərinin nəticələrini qavrayacaq zəka səviyyəsi" tələb edir. Yer üzündə bu düşüncəinin bir neçə milyon yaşı var.

Əgər kainatın digər yerlərində həyat mövcuddursa, çox güman ki, onun təkamülü bizimki ilə eyni mərhələdə deyil.

Kainatın mövcudluğunun nə qədər böyük bir yaşa sahib olduğunu nəzərə alsaq, ən azından bir neçə həyatın daha qədim və beləliklə də, bizimkindən daha təkmil olması ağlabatandır.

"Özümüzü kainatın mənəvi baxımdan ən az inkişaf etmiş varlıqları hesab etməməliyik," Davies deyir.

Əgər Davies haqlıdırsa, demək, ulduz bacı-qardaşlarına Allah haqqında danışmaq insanların payına düşməyəcək. Tanrının Kainatdakı bütün intellektual varlıqlara həqiqətləri eyni cür çatdırmasını təsəvvür etməyə ehtiyac yoxdur. Digər sivilizasiyalar Allahı özlərinə uyğun fərqli yollarla qavraya bilərlər.

Bəs dinlər arasındakı fərqlər necə? Bu kəşf dinlərin kimliyinə necə təsir göstərəcək? Kimliyin müəyyənləşdirilməsi dünyaları qruplara bölmək iqtidarındadır: biz və onlar. Amma, məsələ dindirsə, ayırım kosmik ölçüdə baş tutur və Allah bizim tərəfimizdə olur. Bu həmişə mədəniyyətlər arası dəyişkənliyin çətinliyi olub və danışıqların mövzusu kimi qiymətləndirilsə də, sərhədləri itməyib.

Yəqin ki, bu, xristianlığın bəzi gündəlik ayinlərin daha az olduğu növlərinə nisbətən, Yəhudilik və İslam üçün daha çətindir. İslama inananlar, ilboyu müxtəlif ayinləri yerinə yetirməlidirlər. Xristianlıqdan fərqli olaraq, İslam məkana çox bağlı dindir. Gün ərzində beş dəfə üzü Məkkəyə doğru namaz qılınır. Oruc tutulmalı və Məkkəni ziyarət etməlidirlər. İudaizmin də eynilə özünəməxsus orucları və Müqəddəs Torpağa ziyarətləri mövcuddur. Müasir iudaizm, faciəli sürgün və diaspora tarixini nəzərə alsaq, İslam qədər məkandan asılı deyil.

Bəs, yadplanetlinin Yerdəki dinlərdən birinin nümayəndəsi olması üçün nə lazım olacaq? O, nəyi etməli olacaq? Gündə beş dəfə namaz qılmaq? Yəqin ki, onun planeti bizimki istiqamətdə dövrə vurmur və günlər daha qısadır - o zaman Yerdəki müsəlmanlar qədər namaz qılmalıdırmı? Vəftiz olunmalıdırmı? Sukkot üçün çadır qurmalıdırmı? Yadplanetlilərin bizimlə oxşar fiziki quruluşa malik olmadığına inansaq da, onların fiziki bədənlərinin olmasına şübhə yoxdur. Bəlkə də şübhə olmalıdır. Bu, onların dini qəbul etmə variantlarını məhdudlaşdırarmı?

Bu qeyri-ciddi ekzoteologiya kimi görünə bilər, lakin, önəmli olan budur ki, bizim dinlərimizin hamısı Yer mərkəzlidir. Əgər din, insanın ilahiliyə reaksiyasıdırsa - bu bizə ilahi tərəfindən aşılanıb və öyrədilibsə belə - cavabların, ərsəyə gəldiyi məzmundan asılı olaraq, fərqli olacağı da aydındır. Əgər Qərbi xristianlar, ilahiliyə öz üsulları ilə cavab verən yadplanetlilərin dini təcrübələrinə hörmət etməyi öyrənsələr, bəlkə o zaman, eyni prinsipləri Yerdəki müsəlmanlarla sülh içində yaşamaq üçün tətbiq edə bilərlər. Və əksinə.

Əgər səhərimizi zəkalı yadplanetlilərlə əlaqə qurmaq xəbəri ilə açsaq, dinin reaksiyası necə olacaq?

Bəziləri bizim dindən kənarlaşaraq son məqsədə doğru yön alacağımızı düşünür. Peters tərəfindən aparılan bir təqdirəlayiq tədqiqat göstərib ki, yadplanetlilərin aşkara çıxmasının dünyəvi dinlər üçün çətinlik yaradacağına, dindar olmayan insanlar dindar insanlardan iki dəfə daha çox inanırlar (69% 34% nisbətində, müvafiq olaraq).

Lakin, dinin yadplanetlilərin gəlişi ilə ayaqda qala bilməyəcək qədər zəif olduğunu fikirləşmək də yanlışdır. Peters-in vurğuladığı kimi, bu iddia, "indiyədək baş verən adaptasiya dərəcəsini" şübhə altına almış olar.

Bir neçə diqqət çəkən istisnalardan - kreasionizm, zorakı fundamentalizm, eynicinslilərin nikahı - başqa din, qarşısına çıxan müxtəlif paradiqmalara adaptasiya olmağı bacarıb.

Əlbəttə ki, dinin yenidən-ixtira və adaptasiya xüsusiyyətləri, onun insanlarla bəsit səviyyədə bağlı olduğunu göstərən bir faktdır.

Dinin müəyyən aspektlərini, onları atmamaq şərti ilə yenidən gözdən keçirməyə dəyər.

Mənbə: http://www.bbc.com/azeri (ixtisarla)

# 1891 dəfə oxunub

Müəllifin son yazıları

# # #