Arif Məlikova həsr edilmiş kitabın təqdimatı keçirilib

Arif Məlikova həsr edilmiş kitabın təqdimatı keçirilib
19 sentyabr 2023
# 17:54

Sentyabrın 19-da Mədəniyyət Nazirliyinin dəstəyilə Qara Qarayevin ev-muzeyində görkəmli bəstəkar, SSRİ və Azərbaycan Respublikasının Xalq artisti Arif Məlikovun anadan olmasının 90 illik yubileyinə həsr olunmuş sənətşünaslıq üzrə fəlsəfə doktoru Aytən Baxşıyeva – İbrahimovanın “Arif Məlikov: Tarix və müasirlik” kitabının təqdimat mərasimi keçirilib.

Kulis.az xəbər verir ki, tədbirdə Arif Məlikovun həmkarları, tələbələr, kitabın ərsəyə gəlməsində əməyi olan şəxslər, musiqişünaslar və ailə üzvləri iştirak ediblər.

Tədbirdə çıxış edən kitabın müəllifi Aytən Baxşiyeva-İbrahimova Qara Qarayev kimi dünyaşöhrətli Azərbaycan bəstəkarından dərs alan Arif Məlikovun musiqimizdə, incəsənətimizdə yeni bir səhifə açdığını bildirib.

Böyük bəstəkarın çoxsaylı sənət nümunələri ilə musiqi salnaməmizin daha da zənginləşməsində müstəsna xidmətlər göstərdiyini deyən kitabın müəllifi qeyd edib ki, Arif Məlikov zəngin təcrübəsi ilə istedadlı musiqiçilər nəslinin yetişdirilməsində müstəsna xidmətlər göstərib.

“Arif Məlikov: Tarix və müasirlik” kitabı” barədə məlumat verən müəllif diqqətə çatdırıb ki, kitabda görkəmli bəstəkar Arif Məlikovun həyat və yaradıcılığına həsr olunmuş məqalələr və onunla bağlı xatirələr yer alıb.

O vurğulayıb ki, kitabın sonuncu bölməsində Arif Məlikovun məzunlarının ürək sözləri və xatirələrinə yer verilib. Əlavəyə isə bəstəkarın əsərlərinin siyahısı daxildir. İstifadə olunmuş şəkillər bəstəkarın şəxsi arxivindən götürüldüyünü bildirən müəllif kitabın həm ixtisas-musiqiçi, həm də geniş oxucu kütləsinə ünvanlandığını diqqətə çatdırıb.

Tədbirdə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova və Qara Qarayevin ev-muzeyinin müdiri Züleyxa Qarayeva-Bağırova çıxış ediblər.

Qeyd edilib ki, bəstəkarın yaradıcılığı dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilib və o, Azərbaycanın ən yüksək mükafatlarına layiq görülüb. Həmçinin Arif Məlikovun müasir musiqi mədəniyyətində ən parlaq şəxsiyyətlərdən biri olduğu xüsusilə vurğulanıb.

Tədbirdə digər çıxış edənlər Arif Məlikovun musiqisinə həm Ulu Öndər Heydər Əliyevin, həm də Prezident İlham Əliyevin çox böyük rəğbətlə yanaşdığını vurğulayıblar. Belə ki, dövlətimizin başçısının 2013-cü il 13 sentyabr tarixli Sərəncamı ilə Arif Məlikovun Azərbaycan mədəniyyətinin inkişafındakı müstəsna xidmətlərinə görə “Heydər Əliyev” ordeni ilə təltif edilməsi buna bir örnək olduğu diqqətə çatdırılıb.

Tədbir Arif Məlikovun əsərlərindən ibarət konsert proqramı ilə davam edib, eyni zamanda, videoyazılar, sənədli kadrlar nümayiş olunub.

# 732 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #