14-cü Bakı Beynəlxalq Qısa Filmlər Festivalı başlayır

14-cü Bakı Beynəlxalq Qısa Filmlər Festivalı başlayır
7 noyabr 2023
# 11:27

Noyabrın 10-da saat 19:00-da Nizami Kino Mərkəzində 14-cü Bakı Beynəlxalq Qısa Filmlər Festivalının açılış mərasimi keçiriləcək.


Kulis.az xəbər verir ki, Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festivalın rəsmi tərəfdaşı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Kino Agentliyidir.
Mərasimdə Mədəniyyət Nazirliyinin rəsmiləri, xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri, festivalın beynəlxalq tərkibli münsiflər heyətinin üzvləri, həmçinin ölkəmizin mədəniyyət və incəsənət xadimləri iştirak edəcək.

Qeyd edək ki, bu il festivala 78 ölkədən 704 film göndərilib. Kino mütəxəssislərindən ibarət Seçim Komissiyası bu filmlər arasından Beynəlxalq, “Asiya istedadları” və Yerli müsabiqədə yarışan ekran əsərlərini müəyyənləşdiriblər.

Beləki, Beynəlxalq müsabiqədə 32 ölkəni təmsil edən 42 film, “Asiya istedadları”nda 17 film, Yerli müsabiqədə isə 26 film festivalın əsas mükafatı olan “Qızıl Nar” uğrunda mübarizəyə qoşulur.
Bu il beynəlxalq müsabiqənin filmlərini “Qızıl Pəri” mükafatçısı, filmləri Rotterdam, “Kinoşok”, Karlovı-Varı kimi nüfuzlu kinofestivallarda nümayiş olunub, mükafatlar qazanan Yavər Rzayev, Kann mükafatçısı, Moskva, Tokio
festivallarının baş mükafatçısı, rejissor Rza Mirkərimi, Berlinali mükafatçısı, Moskva, Avrasiya, Varşava Film Festivallarının baş mükafatçısı, rejissor, prodüser Fərhad Şərifov, tanınmış ssenarist, ssenari üzrə məsləhətçi Rulof Yan Minnebu qiymətləndirəcək.

“Asiya istedadları”nın münsiflər heyətində Baykonur Beynəlxalq Film Festivalının proqram direktoru, kinotənqidçi Ercan Cumabəyov, müasir Azərbaycan nəsrinin tanınmış siması, yazıçı, ssenarist Şərif Ağayar, bir sıra beynəlxalq kinofestivalların
qalibi, rejissor, ssenarist Ramin Fərzaneh yer alır.
Yerli müsabiqədə yarışan filmləri rejissor, ssenarist, teatr, kino və televiziyada öz dəsti- xətti ilə fərqlənməyi bacaran əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, Azərbaycan Jurnalistlər Birliyinin rəhbəri, “Ayna”-“Zerkalo” qəzetlərinin təsisçisi və baş redaktoru olmuş Elçin Şıxlı, müasir Azərbaycan kinosunun ən məhsuldar təsvir rejissorlarından olan Nadir Mehdiyev qiymətləndirəcək.
Mobil telefonla çəkilən filmlərdən ibarət “Cinemobil” müsabiqəsində isə 3 film
yarışacaq.

Festivalın müsabiqədənkənar maraqlı bölmələri də var.
Beləki, “British Council”la əməkdaşlığın nəticəsi olaraq festival çərçivəsində İngiltərə Kino və Televiziya Sənətləri Akademiyası tərəfindən verilən dünyanın ən məşhur mükafatı- BAFTA namizədlərinin xüsusi nümayişi olacaq.
“Dili bizim”də dünyanın müxtəlif ölkələrində yaşayan həmyerlilərimizin Azərbaycan dilində çəkdikləri filmlər göstəriləcək.
“Panorama”da isə gələcəyinə böyük ümidlər bəslənən müəlliflərin filmləri təqdim olunacaq.
Festivalda yer alan yerli və xarici qısa filmlər 6 gün müddətində saat 11: 00-dan Nizami Kino Mərkəzində nümayiş olunacaq.

Azərbaycan kinosunun 125 illiyinə həsr olunan “Retrospektiv”də müxtəlif dövrlərə aid beş qısa film - Zaur Məhərrəmovun “ Bakı eyvanları”, Nicat Feyzullayevin “Yaşa, qızıl balıq”, Həsən Seyidbəylinin “Cazibə qüvvəsi”, Arif Məhərrəmovun “Münəccimin şagirdi”, Rüfət Əsədovun “Vahimə” ekran əsərləri göstəriləcək. Həmçinin festivalın açılış günü “Azərbaycan kinematoqrafiyasında xidmətlərinə
görə” bir neçə kino xadimi “Qızıl Nar” mükafatı ilə təltif ediləcək. Festival müddətində həmçinin noyabrın 12-də saat 14:00 - da tanınmış kinorejissor Rza Mirkəriminin “Şərq rejissorunun özəlliyi” mövzusunda master -klası, noyabrın
14-də saat 16:00 -da qrafik dizayner Rəsul Həsənin “Kinoda süni intellect texnologiyasının tətbiqi” adlı müharizəsi baş tutacaq.
Festival qaliblərin mükafatlandırılma mərasimi noyabrın 15-də saat 19:00-da Nizami Kino Mərkəzində keçiriləcək.
Kann, Venesiya, Berlin Film Festivallarında, “OSKAR”da mükafat və uğur qazanmış filmləri ölkəmizə gətirən Bakı Beynəlxalq Qısa Filmlər Festivalı ölkəmizdə kinematoqrafın təməllərindən hesab olunan qısa filmlərə marağın artırılmasını, gənc kinematoqrafçıların həvəsləndirilməsi və onlara dəstəyi özündə əks etdirir.

Festivalın dəstəkçiləri sırasında Nizami Kino Mərkəzi, “Azərbaycanfilm” kinostudiyası, Dövlət Film Fondu, “British Counsil”, Azərbaycan Prodüserlər Gildiyası, Yunus Əmrə İnstitutu yer alır. Trend İnformasiya Agentliyi, Teleqraf Media Holdinq, Mədəniyyət qəzeti, Mədəniyyət jurnalı, Kinoyazar saytı, “KinoBiz” platforması festivalın media
tərəfdaşıdır.
Hörmətlə, Bakı Beynəlxalq Qısa Filmlər Festivalının Təşkilat Komitəsi
(+994 05) 979 89 88
(+994 55) 221-20-41
www.filmfestival.az[email protected]

# 1041 dəfə oxunub

Müəllifin son yazıları

# # #