Bu gün tanınmış türk yazıçı Yaşar Kamalın doğum günüdür.
Kulis.az bu münasibətlə ədibin həyatı və yaradıcılığı ilə bağlı maraqlı faktları təqdim edir.
Yaşar Kamal 6 oktyabr 1923-cü ildə dünyaya gəlib (rəsmi sənədlərdə 1926-cı il kimi göstərilir).
Onun ailəsi Birinci Dünya müharibəsi zamanı Rusiyanın işğalına görə Van gölünə yaxın Ernis (indiki Ünseli) kəndindən Osmaniyənin Kadirli rayonuna bağlı Hemite kəndinə köç etmişdi.
Anası Nigar xanım, atası isə kənd təsərrüfatı ilə məşğul olan Sadıq əfəndi idi. Kamalın uşaqlığı faciəli hadisələrlə dolu olub: atası onun gözləri önündə məsciddə öldürülüb.
Bundan əlavə, o, uşaq yaşlarında baş verən bədbəxt hadisə nəticəsində sağ gözünü itirib.
Əsl adı Kamal Sadık Göğceli olan yazıçı ibtidai təhsilini Kadirli Cümhuriyyət Məktəbində alıb. Orta məktəb illərində ədəbiyyata marağı yaranmağa başlayıb.
O dövrdə xalq ədəbiyyatı, dastanlar və xalq nağılları onun diqqətini cəlb edirdi.
1940-cı illərdə yazdığı ilk şeirləri “Çığ” dərgisində çap olunub. Daha sonra onun əsərləri “Ülke”, “Millet”, “Kovan” və “Beşpınar” kimi jurnallarda da dərc edilib.
Lakin ailə və maddi çətinliklər səbəbindən təhsilini orta məktəbdə dayandırmalı olub.
Bundan sonra o, müxtəlif peşələrdə çalışıb: ırğat (muzdla işləyən kəndli işçi) katibliyi, ırğatbaşılıq, müəllim müavini, kitabxanaçı, traktorçu, çəltik tarlalarında nəzarətçi, hətta ərizəçi kimi işlər görüb.
1940-cı illərin əvvəlində Kamal dövrün tanınmış solçu ziyalıları Pərtöv Naili Boratav, Abidin Dino və Arif Dino ilə tanış olur. Onların təsiri ilə siyasi mövzularda düşünməyə başlayır.
17 yaşında ikən siyasi səbəblərlə həbs olunur.
Əsgərlikdən sonra 1946-cı ildə İstanbula gedərək fransızlara məxsus qaz şirkətində qaz yoxlayıcısı işləməyə başlayır.
1948-ci ildə yenidən Kadirliyə qayıdır, bir müddət çəltik tarlalarında nəzarətçi, daha sonra isə ərizəçi kimi fəaliyyət göstərir.
1950-ci ildə o, o, yenidən həbs edilir.
1951-ci ildə azadlığa çıxan Yaşar Kamal İstanbulda qalmaq qərarına gəlir və “Cumhuriyet” qəzetində müxbir kimi işə başlayır.
Onun yazdığı “Dünyanın ən böyük təsərrüfatında yeddi gün” adlı reportaj böyük maraq doğurur və Türkiyə Jurnalistlər Cəmiyyətinin “Xüsusi mükafatı”na layiq görülür.
Yaşar Kamal 1963-cü ilə qədər “Cumhuriyet” qəzetində çalışaraq, həm reportaj, həm də publisistik yazılarla oxucuların rəğbətini qazanır.
1963-cü ildən etibarən isə bütün diqqətini roman yaradıcılığına yönəldir.
1950-ci illərdən sonra onun ədəbi yaradıcılığı ciddi şəkildə dəyərləndirilməyə başlanır. Hekayələri oxucular tərəfindən sevilir.
Ən məşhur əsəri “İnce Memed” romanı 1955-ci ildə çap olunaraq böyük rezonans doğurur və “Varlık roman armağanı” mükafatını qazanır.
Bu roman təkcə Türkiyədə deyil, dünyada da tanınaraq Yaşar Kamalı beynəlxalq səviyyədə məşhurlaşdırır.
Onun əsərləri ədalətsizlik, kəndlilərin əzabı, ağalıq, kasıblığın gətirdiyi faciələr və insan azadlığı ilə bağlı dərin sosial mesajlar daşıyır.
Kamal 1967-ci ildə həftəlik siyasi jurnal “Ant” dərgisini təsis edib. Bu jurnalın əlavələrindən birinə görə 18 aylıq həbs cəzası alsa da, qərar sonradan Ali Məhkəmə tərəfindən ləğv edilib.
1973-cü ildə Türkiyə Yazıçılar Birliyinin yaradılmasında iştirak edib və 1974–1975-ci illərdə onun ilk sədri olub.
Daha sonra 1988-ci ildə qurulan PEN Türkiyə Mərkəzinin də ilk prezidenti seçilib.
Yaşar Kamalın əsərləri 39 dilə tərcümə olunub və o, dəfələrlə ədəbiyyat üzrə Nobel mükafatına namizəd göstərilib.
Dövrün tədqiqatçıları Yaşar Kamalın siyasi mövqeyi, əsərlərinin məzmunu və dövlətlə əlaqələri kimi məsələlərin Nobel komitəsinin qərarına təsir etdiyinə görə onun mükafatı ala bilmədiyini düşünür.
Bəzi dairələr onun “dövlət adamı” olduğu barədə əsassız şikayətlər səbəbindən mükafatı ala bilmədiyini iddia edirlər. Yazıçı bir müsahibəsində “Ölənədək namizəd olacağam” deyərək bu mövzuda fikrini qətiyyətini ifadə etmişdi.
Yaşar Kamalın əsərlərində əsas mövzular Çukurova bölgəsinin həyatı, torpaq mübarizələri, qan davaları, kasıblıq, kənd insanının faciələri və təbiətin gücü ilə insan ruhunun qarşıdurmasıdır.
1970-ci illərdən sonra yazdığı romanlarda şəhər həyatı və urbanizasiya problemləri də ön plana çıxır.
O, həmçinin xalq nağılları və mifoloji motivlərdən ustalıqla istifadə edərək türk ədəbiyyatında realist və poetik dil formalaşdırıb.
1995-ci ildə Almaniyanın “Der Spiegel” dərgisində çap olunan bir yazısına görə İstanbul Dövlət Təhlükəsizlik Məhkəməsində mühakimə olunsa da, bəraət qazanıb.
Eyni ildə “Index on Censorship” jurnalındakı yazısına görə 1 il 8 ay həbs cəzası alsa da, cəza şərti olaraq təxirə salınıb.
Yaşar Kamal 1952-ci ildə ispan əsilli Tilda xanımla evlənib. Onların Raşid Gökçeli adlı bir oğlu olub. Tilda Kamal 2001-ci ildə vəfat edib.
Yazıçı 1 avqust 2002-ci ildə Ayşe Semiha Baban ilə ailə qurub.
O roman, hekayə, esse, uşaq ədəbiyyatı, həm də tərcümə nümunələrindən ibarət zəngin irs qoyub.
Yaşar Kamal yalnız yazıçı deyil, həm də Türkiyə ədəbiyyatının vicdan səsi idi.
O, xalqın dilində yazaraq kənd insanının dərdini, təbiətin poetikasını dünya ədəbiyyatına daşıyan böyük bir sənətkardır.