Bu gün tanınmış şair Şahmar Əkbərzadənin anım günüdür. Kulis.az onun bir neçə şeriırini təqdim edir.
Qarabağsız Qarabağlı
Utanım yerinə ay bulud sənin,
Allahın altında ağ eyləyirsən...
Alışır ciyəri çölün, çəmənin,
Yağışı dənizə səpələyirsən...
Utanım yerinə sənin, ay dəniz,
Susuzlar qoynunda yetmir kamına...
Çayların başını kəsib tər-təmiz,
Dönmüsən suların qəbristanına...
Bu da ki, min illik Türk qəbristanı,
Analar kor oldu ağı deməkdən...
Utanım yerinə, Türk yatağanı,
Gözlərin doymadı Türkü yeməkdən...
Utanım yerinə Misri qilincım,
Tüfəng çıxan kimi qınına girdin...
Utanıb-qızarıb sənə güvəncim,
Sən öz qanımıza yerikləyirdin...
Utanım yerinə qoç Koroğlu, din!
Düşmənin kimiydi? – Həsən paşaydı..
"Leş bir yana, baş bir yana" -deyirdin,
Qalağa vurduğun qardaş başıydı...
Utanım yerinə Əmir Teymurum,
Əzdin Bəyazidi, qırdın Tatarı..
Sənin zəfərinlə sındı qürurum,
Yadlara qul oldu yurd balaları...
Şah babam Xətayi, ey Sultan Səlim,
“Çaldıran” deyəndə odlanıram mən..
Əsrlər keçsə də düzəlmir belim,
Sizin yerinizə utanıram mən...
Utanım yerinə ey insan oğlu,
Bir yandan əcəldən fəryad edirsən..
O biri yandan da zirehli, zağlı,
Ölüm silahları icad edirsən...
Bir utanc qurumu qurardım hökmən,
Egər olmasaydı məni qınayan..
Yerlərdən, göylərdən utanıram mən,
Utanım yerinə, ay utanmayan..!
Eşmə
Dağıldı tifağı şahənşahlığın,
Qaysaq tutacaqmı hicran dağları?
Sevincim sinəmi deşib çıxmamış
Arzumu gözümdə qoymayın barı.
Mənim Vətənimi ikiyə bölən
Sənədi çıxarın şah arxivindən!
O qanlı kağıza tütün bükərək
Bir eşmə düzəltmək istəyirəm məm!
Hardadır Türkmənçay müqaviləsi?
Gətirin, gətirin, bir eşmə eşim.
Çəkib tüstüsünü ciyərlərimə
Püfləyib hicranın gözünü deşim!
Bu boyda sevinci tək çəkmək olmaz,
Cənubu, Şimalı gərək haylayım.
O tutya eşmədən, tutya tüstüdən
Hərəyə bir udum nəzir paylayım!
Dağıldı tifağı şahənşahlığın,
Qaysaq tutacaqmı hicran dağları?
Sevincim sinəmi deşib çıxmamış
Arzumu gözümdə qoymayın barı…
1979.
Dağdağan
Sərhəd kənarında bitən dağdağan
Məndən məğrur idi, məndən qürurlu.
Çarpaz budağında iki sağsağan
Sevinə-sevinə yuva qururdu.
Xəbər daşıyırdı quşlar, xoş xəbər,
Hicran qovrulurdu bu hay-haraydan.
Çör-çöplər yuvada öpüşürdülər,
Biri o taydandı, biri bu taydan.
Sərhəd kənarında cavan yaşımda
Həsədim utanıb yerə girirdi.
İki quş dimdiyi ağac başında
Vətəni vətənə birləşdirirdi.
1982.
Qrimləyir
Dolanır boynuma doğmalıq mehi,
Hardasa bir dəli həsrət inləyir.
Sükutu ilahi bülbül cəh-cəhi,
Mənim varlığımı qəm qrimləyir.
Şəfəqlər zülmətin kəsir başını,
Bəyaz dan yerini qan qrimləyir.
Sübh yeli meşəni, şeh bənövşəni,
Məğrur zirvələri çən qrimləyir.
Şirin mürgülərdən ayrılır güllər,
Göylər yer üzünü nura bələyir.
Dənizdən sahilə çıxır gözəllər,
Mərmər sinələri gün qrimləyir.
Tökülür dənizə nazlar, qəmzələr
Bəxtəvər suları naz qrimləyir.
Leyli-Məcnunları sərin gölgələr,
Məcnun söyüdləri yaz qrimləyir.
Gündüzü-günəşli loğman havalar,
Gecəni Krımda Ay qrimləyir.
Yalları bulaqlar, yolları çinar,
Zümrüd vadiləri yay qrimləyir.
Hanı gözəllikdə Krıma tay yer?
Hanı əzizlikdə Krıma əvəz?
Hər şey bu yerlərdə qrim götürər,
Bircə faciələr qrim götürməz.
Dolanır boynuma ayrılıq mehi,
Hardasa bir dəli həsrət inləyir.
Kiminin bəxtini bülbül cəh-cəhi,
Kiminin bəxtini qəm qrimləyir.
1985
Yollar
Ayaqla torpağın öpüşməsindən
Doğulub böyüyür yollar həyatda.
Tapdana-tapdana min illər boyu,
Ömür qazanıbdır ayaqlar altda.
Gəlimli-gedimli yol nəsillərin,
ölməz abidəsi, əmanətdir.
Tapdanmaq - insanın şərəfsizliyi,
Tapdanmaq - yolların ləyaqətidir.
İnsan qədəminə tamarzı qalmaq,
Yolların bağrına çəkilən dağdır.
Dünyada ayaqlar altda yaşamaq,
Bircə yollar üçün alçalmamaqdır.
1968
Təzə nağara
Sitəm görəcəksən ulduzlar sanı,
Bir azdan başına od ələnəcək.
Dodaqlar öpəcək qara zurnanı,
Səninsə sifətin sillələnəcək.
Hələ təpər topla, dözüm yığ hələ,
Qanları coşdurub qaynatmalısan.
Üzünə çırpılan sillələr ilə
Toya gələnləri oynatmalısan.
Bir azdan üstünə düşəcək əllər,
Səni nağaraçı yesir edəcək.
Ağrından həzz alıb süzən gözəllər
Fəryadın üstündə yallı gedəcək.
Bu alın yazındı, nə küs, nə inci,
Çırtma çatlayacaq qaşında sənin.
Dərdə bax, hamının toyu, sevinci
Qapaza dönəcək başında sənin.
Alın yazısından qaçmayıb heç kim,
Sitəmə sinə gər, qəmə qələm çək!
Yediyin sillələr qorxma əzizim,
Şəninə əskiklik gətirməyəcək.
Qoşa şapalağa dözəcək dərin,
Nalən musiqiyə dönəcək hökmən,
Qəm yemə, nağara, döyülənlərin
Bütün yer üzündə xoşbəxti sənsən.
Bəxtəvər başına, sillələn nə qəm,
Sillələr ömrünə nur ələyəcək.
Dərd mənim dərdimdir, sabah bilmirəm
Kimlər taleyimi sillələyəcək!
Üşüdü
Sənsiz salamımı almadı dağlar,
Həmdəmim, həyanım olmadı dağlar,
Elə köks ötürdü gülgəz yaylaqlar
Yamaclar üşüdü, qaşlar üşüdü.
Məni sənsiz görüb süsən saraldı,
Nərgiz pörşələndi, lalə qaraldı,
Göyü bulud basdı, yeri qar aldı,
Dərələr ah çəkdi, döşlər üşüdü.
Məni sənsiz görüb ürpəşdi otlar
Əsdi titim-titim titrəşdi otlar,
Bəyaz yaylığını sıxdı buludlar,
Məni sənsiz görüb quşlar üşüdü.
Üzümə baxmadı gədiklər, gülüm,
Mələşdi talada əliklər, gülüm,
Elə oxudu ki, kəkliklər, gülüm,
Qayalar səksəndi, daşlar üşüdü.
Məni sənsiz görüb çağladı bulaq,
Könlümü min yerdən dağladı bulaq,
Körpə cüyür kimi ağladı bulaq,
Gözümün içində yaşlar üşüdü.
Əlvida
Çatdı halallaşmaq vaxtı, a yerlər.
Yamaclar əlvida, yollar əlvida!
Hər yarpaq mehriban bir ələ bənzər,
Mənə əl eyləyən əllər, əlvida!
Dərdimi heç kimə aça bilmədim,
Hicranın əlindən qaça biımədim,
Zülmün sədlərini keçə bilmədim,
Çəmənlər əlvida, çöllər əlvida!
Bir ocağın odu-közü olmadım,
Saza dönüb "Yanıq Kərəm çalmadım,
Toza dönüb qoynunuzda qalmadım,
Cığırlar əlvida, yollar əlvida.
Kükrəyə-kükrəyə qabarmadınız,
Həsrətin bəndini qoparmadınız,
Yuyub dərdlərimi aparmadınız,
Yağışlar əlvida, sellər əlvida!
Hələ bu dünyada qalmaq payım var,
Bəxtimin üzünə gülmək payım var,
Azadlıq yolunda ölmək payım var,
Obalar əlvida, ellər əlvida!