Ovcundakı qabardan zəng səsi gəlirdi...

Ovcundakı qabardan zəng səsi gəlirdi...
4 avqust 2015
# 11:37

Kulis yazar Təranə Vahidin “Ovcundakı güzgü” essesini təqdim edir.

Ovcundakı qabara güzəranının güzgüsü kimi baxırdı. Qabarlar böyüyəndə, düyünlənəndə, dərinləşəndə güzəranı bir balaca babatlaşırdı, qabarlar soluxanda, həyatı da soluxurdu.

Hərdən ovcundakı güzgüdən özünə suallar verirdi: Ey, dəmbələngöz, bəsdi qaçdın, bəsdi yüyürdün, bəsdi cəhd etdin. Onsuz da çıxış yolun yoxdu. Sənin qazancın ovcundakı qabardı. Qabar olmasa, nə olacaq?

Bu sualdan sonra qorxa-qorxa ovcundakı güzgüyə boylanırdı. Güzgü ona ümidli heç nə vəd etmirdi.

Bircə gecələr qabarlı əllərini başının altına qoyanda, qabarlar ürək kimi döyünüb ona nəğmə oxuyanda yuxulayırdı. Yarıyuxulu vicdanını yoxlayırdı. Əmin olanda ki, vicdanına toz qonmayıb, başını atıb daş kimi yatırdı.

Gecə mələklər qabarlı əllərinə sığal çəkirdi, ovcunda güzgü gəzdirən adam dünyanın ən şirin yuxusunu görürdü.

Səhərlərsə, ovcundakı qabar zəngli saat kimi fit çalıb onu yuxudan oyadırdı, ovcundakı güzgüdə yeni gün başlayırdı...

# 1633 dəfə oxunub

Müəllifin son yazıları

# # #